Azərbaycan Prezidenti İlham Əliyev
Kazanda keçirilən XXVII Ümumdünya Yay
Universiadasının qaliblərini,
mükafatçılarını, onların məşqçilərini
və respublikanın idman mütəxəssislərini qəbul
etmişdir
İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kazanda keçirilən XXVII Ümumdünya Yay Universiadasının qaliblərini, mükafatçılarını, onların məşqçilərini və respublikanın idman mütəxəssislərini qəbul etmişdir.
Prezident İlham ƏLİYEV çıxış edərək dedi:
- Əziz idmançılar! Hörmətli qonaqlar, idman mütəxəssisləri, məşqçilər!
Sizi salamlayıram və bu yaxınlarda Kazan şəhərində keçirilmiş universiadada əldə edilmiş böyük uğurlar münasibətilə təbrik edirəm.
Bu, doğrudan da böyük qələbədir. Dövlətimizin, xalqımızın növbəti böyük idman uğurudur. İdmançılarımız çox yüksək səviyyədə çıxış etmişlər, 16 medal qazanmışlar. Onlardan 4-ü qızıl,
5-i gümüş, 7-si isə bürünc medaldır. Dörd dəfə
milli himnimiz səslənmişdir, 16 dəfə dövlət
bayrağımız qaldırılmışdır. Azərbaycan bir daha bütün dünyaya sübut
etdi ki, idman dövlətidir və idman Azərbaycanda çox
uğurla inkişaf edir.
Onu da qeyd etməliyəm ki, idmançılarımız
komanda hesabında 15-ci yerə çata bilmişlər,
Avropada 9-cu, müsəlman ölkələri arasında isə
birinci yerdəyik. Bu da böyük uğurumuzdur. Bu
uğurun təməlində gərgin iş və
idmançıların peşəkarlığı
dayanır. Keçən il Londonda
keçirilmiş Olimpiya Oyunlarında
idmançılarımız çox yüksək və tarixi
nailiyyət göstərmişlər. İdman
Azərbaycanda o qədər sürətlə inkişaf edir
ki, burada ardıcıllıq da müşahidə olunur. Peşəkar idmançılar, gənclər, tələbə
idmançılar, uşaqlar, yeniyetmələr - idmana
böyük maraq vardır. Azərbaycan
bütün mötəbər beynəlxalq yarışlarda
böyük uğurlara imza atır. Londonda
10 medal qazanmışıq və bu da tarixi nailiyyət idi.
Universiadaya da böyük maraq var idi. Bu günlər
ərzində dünyanın marağı demək olar ki, oraya
istiqamətlənmişdi. Əlbəttə,
Azərbaycanın belə uğurları ölkəmizin
ümumi inkişafını göstərir.
Çünki sirr deyildir ki, ancaq güclü, qüdrətli
dövlətlərdə idman uğurla inkişaf edə və
idmanda böyük uğurlar ola bilər.
Azərbaycan o ölkələrdəndir ki, sürətlə
inkişaf edir.
O cümlədən idman sahəsində də əldə
edilmiş uğurlar artıq dünya ictimaiyyəti tərəfindən
qiymətləndirilir. Biz idmanın kütləviliyini,
hesab edirəm ki, böyük dərəcədə təmin
edə bilmişik. Düzdür, hələ
bu istiqamətdə görüləsi işlər çoxdur.
Ancaq bütövlükdə götürəndə,
son illərdə idmana artan maraq, idman bölmələrinə
müşahidə olunan axın, xüsusilə uşaqlar,
yeniyetmələr tərəfindən göstərilən
maraq onu deməyə əsas verir ki, biz kütləviliyi təmin
edə bilmişik. Bu yaxınlarda
Xaçmazda 38-ci regional Olimpiya İdman Mərkəzinin
açılışı da bunu göstərir. İndi 38 şəhərimizdə idmanla məşğul
olmaq üçün gözəl şərait vardır.
Bildiyiniz kimi, bu işlər davam etdirilir. Hər bir şəhərdə, hər bir rayon mərkəzində
gözəl imkanlar olacaqdır.
İdman hər bir cəmiyyətin ümumi
inkişafını göstərir. Bir daha demək istəyirəm
ki, idman arenalarında ən böyük uğurları
inkişaf etmiş ölkələr qazanır. Bu da təbiidir. Çünki bu
ölkələrdə idmana diqqət daha da yüksək səviyyədədir,
həm maddi-texniki baza möhkəmdir, həm investisiyalar
qoyulur. Baxmayaraq ki, Azərbaycan gənc
müstəqil dövlətdir, biz də öz
gücümüzü artırırıq və idmana olan
dövlət dəstəyi hesab edirəm ki, bu uğurların
əldə edilməsində öz rolunu oynamışdır.
Əlbəttə ki, məşqçilərin,
idman mütəxəssislərinin çox peşəkar fəaliyyəti
və idmançıların fədakarlığı bu
ümumi inkişafa öz töhfəsini vermişdir.
Azərbaycanda idman ümummilli məsələdir. İdman cəmiyyətimizin
ayrılmaz hissəsidir. Mən idmanla
bağlı olan bütün tədbirlərdə qeyd edirəm
ki, hər bir insan, xüsusilə hər bir gənc mütləq
idmanla məşğul olmalıdır. Lap
idmançı olmasa belə, idmanla məşğul olmaq
insana həm fiziki, həm mənəvi güc və əminlik
verir. İdman mədəniyyətdir.
Hesab edirəm ki, dövlət tərəfindən
aparılan siyasət bu istiqamətdə müsbət nəticələrə
gətirib çıxarmışdır. İdmançılara
dövlət tərəfindən göstərilən diqqət
də yüksək səviyyədədir. Mən
vaxtaşırı idmançılarla görüşürəm.
Onları uğurları münasibətilə təbrik
edirəm. Çox şadam ki, bu illər ərzində
bizim görüşlərimiz mütəmadi qaydada
keçirilir.
Əlbəttə, Milli Olimpiya Komitəsinin prezidenti kimi
bu, mənim vəzifə borcumdur. Ancaq, eyni zamanda, mən
idmançılarla görüşlər əsnasında
onların işləri ilə maraqlanıram. Eyni zamanda, gənc idmançıların
yetişdirilməsi üçün əlavə hansı tədbir
görülməlidir, bunu da biz daim diqqətdə
saxlayırıq. İdmanın uğurlu və
ardıcıl şəkildə inkişafı artıq təmin
edilibdir. Bizdə gənc nəsil
yetişir, tələbə idmançılar, uşaqlar.
İndi mən mütəmadi qaydada müxtəlif
bölgələrdə olarkən görürəm ki,
uşaqlar, balaca uşaqlar idmanla necə həvəslə məşğul
olurlar.
Həmçinin siz də gəncsiniz. Siz indi
böyük idmana demək olar ki, təzəcə qədəm
qoyursunuz. Sizin yaxşı, gözəl gələcəyiniz
vardır. Əminəm ki, siz 2016-cı ildə
keçiriləcək Olimpiya Oyunlarında da iştirak edəcəksiniz.
Orada da Azərbaycan bayrağını yüksəklərə
qaldıracaqsınız. Bir sözlə,
idmanın gələcəyi ilə bağlı nə məndə,
əminəm ki, nə sizdə, nə də Azərbaycan cəmiyyətində
heç bir şübhə yoxdur. Biz əminik
ki, idmançılar daim bizi sevindirəcəklər.
Onu da qeyd etməliyəm ki, cəmiyyətdə artıq
idmançıların uğurlarına bir vərdiş
yaranıbdır. Yəni, sanki bu, belə də
olmalıdır. Əvvəlki illərdə
hər bir qələbə böyük bir rezonansa səbəb
olurdu. Ancaq bu da təbiidir. Çünki qələbələrin sayı
artdıqca insanlar buna öyrəşir və elə gəlir
ki, bu qələbələri əldə etmək çox
asandır. Siz idmançılar və
idmanla məşğul olanlar yaxşı bilirsiniz ki,
bütün bu nailiyyətlər nə qədər
böyük zəhmət hesabına əldə edilir. İdmançılar nəyin bahasına öz
dövlətini ləyaqətlə təmsil edirlər, zədələnirlər,
xəsarət alırlar, yorulurlar. Bütün
bu işlər, necə deyərlər, diqqətdən bir qədər
kənarda qalır. Ancaq bunu hamı bilməlidir.
Çünki belə mötəbər
yarışlarda böyük qələbəni əldə etmək
üçün mütləq çox böyük fədakarlıq,
peşəkarlıq və Vətənə sevgi lazımdır.
Bizim gənclər vətənpərvərlik
ruhunda tərbiyə alırlar, Vətənə, xalqa
bağlıdırlar. Onların ən
böyük mükafatı xalqın sevgisi və qiymətidir.
Əminəm ki, sizin üçün də bu,
belədir.
Mən çox şadam ki, bu gün sizinlə
görüşürəm. Qeyd etmək istəyirəm
ki, Azərbaycan dövləti sizin uğurlarınızı
layiqincə qiymətləndirir. Bu gün səhər
imzaladığım sərəncam əsasında
idmançılara pul mükafatı veriləcəkdir. İlk dəfə universiadada əldə edilmiş
uğurlara görə yüksək səviyyəli pul
mükafatı veriləcəkdir. Bu gün
müvafiq sərəncam oxunacaqdır. İdmançılara
və onların məşqçilərinə dövlət tərəfindən
daim diqqət, qayğı vardır. İdmançıların
məişət problemləri də həll edilir. Hər ilin sonunda ənənəvi olaraq biz
idmançıları mənzillərlə
mükafatlandırırıq. İl ərzində
digər mükafatlar da verilir. Bu, təbiidir,
bu, lazımdır. Bu, dövlətin dəstəyidir,
qayğısıdır.
Ancaq bir daha demək istəyirəm, mən tam əminəm
ki, sizi qələbəyə aparan yollar sizin ürəyinizdən,
Vətənə olan sevgidən, bizim milli
bayrağımıza olan məhəbbətdən
keçibdir.
Mən sizi bir daha bu qələbə münasibətilə
təbrik edirəm. Azərbaycan xalqı adından sizə
minnətdarlığımı bildirirəm. Əminəm ki, siz gələcəkdə bizi hələ
çox sevindirəcəksiniz. Sağ olun.
***
Universiadanın
yunan-Roma güləşi üzrə qalibi Rəsul
ÇUNAYEV çıxış edərək dedi:
- Hörmətli
cənab Prezident!
Mən Rəsul Çunayev yunan-Roma güləşi
üzrə qızıl medal qazanmışam.
Hörmətli
cənab Prezident!
Hörmətli
idmançılar və qonaqlar!
Mən bu gün dərin və sonsuz sevinc içindəyəm. Öz kütləviliyinə
görə dünyada Olimpiya Oyunlarından sonra ikinci yerdə
dayanan mötəbər bir yarışın - Tələbələrin
XXVII Yay Universiadasının qalibi olmuşam. Bu, təkcə mənim qələbəm deyildir.
Möhtərəm
Prezident, bu böyük qələbə Sizin
qələbənizdir. Bu, dünyanın hər
bir ölkəsində yaşayan azərbaycanlıların qələbəsidir.
Mən sevinirəm ki, ölkəmizin
şan-şöhrətini, nüfuzunu dünyada
tanıtdım. Çətin mübarizələrdə
Sizin dəstəyiniz, xalqımızın dəstəyi mənə
kömək oldu. Bütün
idmançılar kimi, mən də bu köməyi, dövlətimizin
diqqət və qayğısını yarışlara
hazırlıq dövründə hiss etmişəm. Mən özümü bu mötəbər
yarışlara həm fiziki, həm də mənəvi cəhətdən
tam hazır hiss etmişəm. Elə bu
inamla da yarışlarda idmanın yunan-Roma güləşi
növündə mübarizə apararaq fəxri
kürsünün ən yüksək pilləsinə
qalxdım. Bu yarışlar mənim
böyük təcrübə toplamağımda mühüm
rol oynadı.
Milli komandamızın digər üzvləri də əzmlə
mübarizə apararaq mükafatçılar sırasına
düşdülər. Bu isə Azərbaycanın 162 ölkə
arasında 15-ci yerdə qərarlaşmasına səbəb
oldu.
Möhtərəm cənab Prezident, mən öz qələbəmə
görə Sizə minnətdarlığımı bildirirəm. Ölkəmizin bütün
idmançıları adından böyük ehtiramla bildirirəm
ki, qarşıdan gələn seçkilərdə biz öz
Prezidentimizi, idmançıların və gənclərin
Prezidenti
İlham Əliyevi dəstəkləyəcək, bundan
sonra da doğma Vətənimizin idman şərəfini beynəlxalq
miqyasda ləyaqətlə qoruyacaq, yeni nailiyyətlər əldə
edəcəyik.
Diqqətinizə görə təşəkkür edirəm.
***
Sərbəst
güləş üzrə məşqçi Yaqub
MƏMMƏDOV çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident!
Hörmətli
qonaqlar!
Əziz
idmançılar!
Öz miqyasına görə dünyada Olimpiya
Oyunlarından sonra ikinci böyük auditoriya toplayan Tələbələrin
XXVII Ümumdünya Yay Universiadası başa
çatmışdır. Bu yarışlar
ölkəmiz üçün çox əlamətdar
olmuşdur. Azərbaycanın nümayəndə heyəti
tələbə-gənclərin yarışına 81
idmançı ilə qatılmış, 10 idman növündə
mübarizə aparmış və 16 medalla 162 ölkə
arasında fəxri 15-ci yeri tutmuşdur. Bu isə
ötən illərlə müqayisədə rekord göstəricidir.
Möhtərəm
cənab Prezident, düşünürəm ki, bu qələbələr
əsası ümummilli lider Heydər Əliyev tərəfindən
möhkəm təməllər üzərində qurulan bədən
tərbiyəsi və idman siyasətinin Sizin
möhtəşəm fəaliyyətinizlə yeni məzmun və
keyfiyyətlə davam etdirilməsinin bəhrəsidir. Tam qətiyyətlə
deyə bilərəm ki, bütün idmançılar və
biz məşqçilər daim Sizin qayğınızla əhatə
olunmuşuq, həmişə Sizin diqqətinizi
hiss etmişik. Bu isə idman sahəsində
çalışan hər bir insan üçün çox
vacibdir. Məhz bu qayğı
idmançılarda daim ruh yüksəkliyi yaratmış,
onları əzmlə mübarizə aparmağa, qələbə
qazanmağa sövq etmişdir.
Mən bir məşqçi kimi idmanın güləş
növünü təmsil edirəm. Son illərdə Azərbaycan
idmanının beynəlxalq miqyasda mövqeyinin kifayət qədər
möhkəmlənməsi məni heyran edir.
Təbii ki, bu mötəbər yarışda da əldə
olunmuş qələbələr uğur
ardıcıllığının bir nümunəsidir.
Cənab
Prezident, eyni zamanda, bu qələbələr Azərbaycan idman
ailəsinin Sizə töhfəsidir. Azərbaycan
yığma komandasının bu mötəbər idman tədbirindəki
uğurlu çıxışı ölkəmizin
gücünü bütün dünyaya nümayiş
etdirmişdir.
Möhtərəm cənab Prezident, fürsətdən
istifadə edib göstərdiyiniz davamlı diqqət və
qayğıya görə Sizə dərin təşəkkürümü
ifadə edirəm, Sizə cansağlığı
arzulayıram və bildirmək istəyirəm ki, növbəti
prezident seçkilərində biz - bütün idman ictimaiyyəti
Sizinləyik.
Gələcəkdə də ölkəmizdə
bədən tərbiyəsi və idmanın inkişafı
yolunda var qüvvəmizlə çalışacağıq.
Diqqətinizə
görə çox sağ olun.
***
Prezident
İlham ƏLİYEV: Sağ olun. Doğrudan da,
bu, böyük qələbədir. Bir daha
qeyd etmək istəyirəm ki, bu, idman qələbəsidir,
eyni zamanda, Azərbaycan dövlətinin qələbəsidir.
Gənc müstəqil Azərbaycan dövləti
idman aləmində də öz sözünü deyir və
biz güclülər sırasındayıq.
Onu da qeyd etmək istəyirəm ki, son illər ərzində
Azərbaycanda keçirilmiş beynəlxalq yarışlar, o
cümlədən dünya çempionatları, Avropa
çempionatları əlbəttə ki, idmanın
inkişafına öz töhfəsini vermişdir. Çünki
Azərbaycan indi dünya idman aləmində də çox
böyük qiymətə layiq olan bir ölkədir. Azərbaycanda
mütəmadi qaydada beynəlxalq yarışlar keçirilir,
o cümlədən iki il bundan sonra birinci
Avropa Oyunları Azərbaycanda keçiriləcəkdir. Bu da bizim növbəti idman uğurumuzdur.
Çünki bildiyiniz kimi, bu günə qədər
Avropa Oyunları keçirilmirdi. Başqa qitələrdə
bu oyunlar keçirilib, uzun illərdir ki, keçirilir. Avropada isə belə təcrübə yox idi.
Belə oyunların keçirilməsi haqqında qəbul edilmiş qərar
özlüyündə böyük əhəmiyyətə
malikdir.
Xüsusilə nəzərə alsaq ki, birinci
oyunların keçirilməsi bizə etibar edilib. Bu əlbəttə
ki, ölkəmizin növbəti uğurudur. Bildiyiniz
kimi, indi hazırlıq işləri gedir, cəmi iki il vaxtımız vardır. Siz universiadada
uğurla çıxış etmisiniz, bilirsiniz ki, neçə
il ərzində universiadaya hazırlıq
işləri aparılmışdır. Yay
Olimpiya Oyunları üçün hazırlıq dövrü
təqribən 6-7 ildir. Bu ilin sonunda 2020-ci
ildə keçiriləcək Olimpiadanın yeri müəyyən
ediləcəkdir. Yəni, 6-7 il vaxt
olacaqdır.
Bizim isə cəmi iki il vaxtımız vardır. Ancaq buna baxmayaraq, mən əminəm ki, biz Avropa Oyunlarını ən yüksək səviyyədə keçirəcəyik. Yay Olimpiya Oyunlarının səviyyəsində keçirəcəyik. İndi bunu etmək üçün bizim imkanlarımız var və idman qurğuları, o cümlədən Bakıda möhtəşəm Olimpiya Stadionu, Su İdmanı Sarayı tikilir. Bizim mövcud idman qurğularımız təmir edilir.
Əlbəttə ki, Avropa Oyunlarının keçirilməsi təkcə idman infrastrukturunun yaradılması ilə məhdudlaşmır, nəqliyyat, təhlükəsizlik, təşkilati məsələlər. Bütün bu məsələlər böyük zəhmət və istedad tələb edir. Ancaq Azərbaycanın artıq beynəlxalq yarışların və beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəsi vardır. Mən heç şübhə etmirəm ki, vaxt azlığına baxmayaraq biz Avropa Oyunlarını yüksək səviyyədə keçirəcəyik. Əminəm ki, siz, bax bu gün burada əyləşən idmançılar bu oyunlarda fəal iştirak edəcəksiniz, xalqımızı bir daha sevindirəcəksiniz.
Onu da qeyd etmək istəyirəm ki, idmanın inkişafı ilə bağlı əlbəttə, müxtəlif meyarlar mövcuddur, idman infrastrukturu, idmanla məşğul olan insanların faiz baxımından miqdarı, ondan sonra digər amillər vardır. Ancaq bunların içində, hesab edirəm ki, idmançıların uğurları və medalların sayı ön plandadır. Biz ardıcıllıqla ildən-ilə medalların sayını artırmışıq. Əgər Olimpiya Oyunlarının tarixinə nəzər salsaq görərik ki, 1996-cı ildən 2012-ci ilə qədər ardıcıllıqla bütün Olimpiya Oyunlarında medalların sayı artmışdır və indi on medal əldə edilib. Bu da son hədd deyil, keçən Olimpiya Oyunlarında da medalların sayı çox olmalı idi. Sadəcə olaraq, hakimlərin bəzi hallarda ədalətsizliyi buna imkan vermədi.
Ancaq bizim idmançılar, hesab edirəm ki, gələcəkdə də bizi sevindirəcəkdir. Biz sizdən yeni qələbələr gözləyirik. Çox şadam ki, indi idmanımızda yeni simalar, yeni adlar üzə çıxır. Bu universiadada iştirak edən və uğur qazanan idmançıların əksəriyyəti gənc idmançılardır, Azərbaycan ictimaiyyətinə o qədər də tanış deyillər. Bu da çox müsbət haldır. Yəni, gənc nəsil yetişir və əminəm ki, idmançılarımızın uğurları bundan sonra da olacaqdır.
Bir daha o fikrimə qayıtmaq istəyirəm ki, 162 ölkə arasında dünya miqyasında keçirilmiş Olimpiya Oyunlarından sonra ikinci mötəbər yarışda 15-ci yerə layiq olmaq tarixi qələbədir. Ancaq güclü dövlətlər buna qadirdir və güclü dövlət güclü cəmiyyət deməkdir. İnsanlarımızın peşəkarlığı, istedadı və bir daha demək istəyirəm ki, Vətənə olan bağlılığı bax, bu uğurları şərtləndirmişdir. Bir daha sizi ürəkdən təbrik edirəm, sizə yeni uğurlar arzulayıram.
***
Sonra dövlət başçısı Kazanda qazanılan böyük qələbədə əməyi olan idmançılar, məşqçilər və idman mütəxəssisləri ilə görüşdü, onlara ən xoş arzularını çatdırdı.
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-2013.- 25 iyul.- S.1,2.