Azərbaycan Ordusu istənilən an torpaqlarımızı düşməndən azad etməyə qadirdir

 

Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşaninkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Azərbaycan Ordusu NATO standartlarına cavab verən səviyyədə formalaşaraq qarşıya qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək gücündədir.

1969-cu ildə ulu öndər Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyə gəlişi dövlətçiliyimiz tarixində yeni eranın başlanğıcı olmaqla yanaşı, bugünkü müstəqil Azərbaycan dövlətinin Ordusuna da öz əvəzsiz töhfəsini vermişdir. Sovet imperiyasının qadağalarına baxmayaraq, məhz ulu öndər Heydər Əliyevin sayəsində Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı və bununla da Azərbaycan oğulları hərbçi kimi yetişməyə başladılar. Silahlı Qüvvələrin Hərbi Akademiyasının, C.Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filalının, ehtiyat zabitlərinin hazırlığı kursunun, Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinin və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin yaradılması da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Bu gün artıq Azərbaycan xalqı öz ordusu ilə fəxr edə bilər. Çünki ordumuz regionun ən güclü ordularından birinə çevrilib. Ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi hissələrə, xüsusən də cəbhə xəttinə ardıcıl səfərlər etməsidir. Ön xətdə xidmət edən əsgər və zabitlərimizlə hər görüşündə onlara sonsuz mübarizə əzmi aşılayan Ali Baş Komandan bununla orduya diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir.

Ali Baş Komandanın qoyduğu ənənəyə sadiqlik göstərən Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev də tez-tez hərbi hissələrə səfər edir, əsgərlərimizin döyüş hazırlığı, ümumi əhval-ruhiyyəsi ilə tanış olur. Bu dəfə də onun təşəbbüsü sayəsində Hərbi Prokurorluğun yetkililəri "Azərbaycan Respublikası Əsgər Anaları Cəmiyyəti"nin nümayəndələri ilə birlikdə cəbhə bölgəsinə səfər etdilər. Orduya ictimai nəzarət çərçivəsində baş tutan səfərdə cəmiyyət sədri olaraq mənim də təmsil olunduğum nümayəndə heyəti Gəncə və Daşkəsəndə yerləşən "N" saylı hərbi hissələrin qərargahlarında olduq. Komanda və məntəqə bölgəsi ilə tanışlıqdan sonra hərbi hissənin vəziyyəti, döyüş tapşırıqları, yerləşdiyi mövqelər, müdafiə etdikləri ərazilər və əsgərlərin durumu haqqında müəyyən məlumatlar əldə etdik. Hava şəraitinin həddindən artıq isti olmasına baxmayaraq, nümayəndə heyətimiz hərbi hissə rəhbərliyinin müşayiəti ilə döyüş tapşırığı yerinə yetirən bölmələrə baş çəkdi.

Səfər iştirakçıları ilə birgə daha sonra Tərtər və Bərdədə yerləşən "N" saylı  hərbi hissələrə getdik. Yeni xidmətə çağırılan əsgərlərlə görüşüb onların yeməkxana, yataq otaqları, ərzaq anbarlarına baxış keçirdik. Hər yerdə hərbi qaydada nizam-intizam, səliqə-sahman, yay fəslinə, günəşli havaya uyğun təmiz geyimlər gördük.

Digər hərbi hissə isə Ermənistan ordusunun təmas xəttinin 400-500 metrliyində yerləşən mövqelərimizdə idi. Əsgərlərimizlə birlikdə düşmənlə üz-üzə yerləşən və xüsusi dəqiqliklə nəzarət altında saxlanılan mövqelərimizə qalxdıq. Ayıq-sayıqlıqla səngərdə, gözünü əks tərəfin mövqeyindən çəkməyən gənci görəndə onu qucaqlayıb öpməkdən özümü saxlaya bilmədim. Çox səmimi, bir az ciddi, bir az gülüşlə dolu söhbətlərimiz baş tutdu. Onlardan "qorxmursunuz ki?" - sualına qətiyyətlə "yox" cavabı aldıq.

Hər bölgəyə səfərimizdə xidmətdə fərqlənən əsgərlərə Hərbi Prokurorluğun və "Əsgər Anaları Cəmiyyəti" adından hədiyyələr təqdim olundu.

Hərbi hissələrdəki görüşlərimiz bir daha sübut etdi ki, Azərbaycan Ordusu istənilən vaxt Ermənistanın işğal etdiyi torpaqları azad etmək iqtidarındadır. Cəbhə bölgəsində xidmət edən əsgərlərimiz, zabitlərimiz, ölkə üçün ən böyük işin öhdəsindən gələn insanlardır. İctimaiyyət onları daim diqqət mərkəzində saxlamalıdır. Qeyd etmək lazımdır ki, orduya ictimai nəzarətin keçirilməsi müsbət hadisədir. Hərbi hissələrə intensiv səfərlər, orduda xoşagəlməz hadisələrin azalmasına və tamamilə aradan qaldırılmasına səbəb olur.

Son vaxtlar xarici qrantlar qazanmaq məqsədilə aktivləşən müxalifət təmsilçilərinin əsgər ölümləri barədə uydurduqlarını əsgərlərimiz birmənalı şəkildə pislədilər. Tək-tək belə halların əsl səbəbləri araşdırılmadan yayılır ki, bu da narazılığa səbəb olur. Bu xəbərləri hərbçilərimiz "sapı özümüzdən olan baltaların" Azərbaycan əsgərinə arxadan vurulan zərbəsi kimi dəyərləndirirlər.

İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95-ci ildönümünə  həsr olunmuş hərbi paradda Silahlı Qüvvələrimizin qoşun növlərinin, hərbi birləşmələrinin, xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyətinin, hərbi texnika və silah sistemləri, döyüş təyyarələri və vertolyotlarını seyr etdikcə hər bir azərbaycanlı qürur hissi keçirdi. Eyni zamanda, düşmənlərimiz də gördü ki, bizim qüdrətli ordumuz var.

 

 

 

Elmira BÜNİATZADƏ,

"Azərbaycan Respublikası Əsgər Anaları Cəmiyyəti"nin sədri

Azərbaycan.-2013.- 25 iyul.- S.3.