Azərbaycan ilə Fransa
arasında ikitərəfli əlaqələrin bütün sahələrdə
yüksək səviyyədə
inkişafından məmnunluq ifadə edilmişdir
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Parisdə fransalı həmkarı Loran Fabius ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə nazirlər ölkələrimiz arasında ikitərəfli əlaqələrin bütün sahələrdə yüksək səviyyədə inkişafından məmnunluqlarını ifadə etmişlər.
İqtisadi əlaqələrə toxunan Loran Fabius ölkəsinin bir sıra iri şirkətlərinin Azərbaycanda yalnız neft sahəsində deyil, eləcə də qeyri-neft sektorunda uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırmış və bu əməkdaşlığın daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdir.
Fransalı
nazir Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın iki ölkə
arasında mədəniyyət sahəsində əlaqələrin
inkişafına verdiyi töhfəni xüsusi qeyd etmişdir. O,
Bakıda fransız liseyinin
yaradılmasına göstərilən dəstəyə
görə Azərbaycan tərəfinə minnətdarlığını
bildirmişdir.
Görüşdə regional təhlükəsizlik məsələləri müzakirə edilmişdir.
Elmar Məmmədyarov fransalı həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesi barədə məlumat vermişdir. Qeyd etmişdir ki, münaqişənin həlli bütövlükdə regionda sülhün və sabitliyin bərqərar olması üçün zəruridir.
Enerji təhlükəsizliyi məsələlərinin də müzakirə olunduğu görüşdə Elmar Məmmədyarov həmkarına regionda cari və perspektiv enerji layihələri barədə məlumat vermişdir.
Görüşdə
həmçinin Cənubi Qafqaz regionunda və Avropada təhlükəsizlik,
Azərbaycan-Avropa İttifaqı münasibətləri, beynəlxalq
terrorizmə qarşı mübarizə və
qarşılıqlı maraq doğuran digər məsələlərlə
bağlı fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.-2013.- 25 iyul.- S.3.