«Qarabağ Seyid Ocaqları» İctimai Birliyi qarşıdakı prezident seçkilərində

 İlham Əliyevin namizədliyini dəstəkləyən müraciət qəbul etmişdir

 

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Ağcabədidə  Qarabağ bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imamaxundlar, eləcə də fəal dindar və ilahiyyatçılar üçün "Dövlət-din münasibətləri və maarifləndirmə işi" mövzusunda regional konfrans keçirilmişdir.

DQİDK-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədi daşıyan regional konfransın açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, millət vəkili Tahir Rzayev iştirak etmişlər.

Tədbirdə çıxış edən Səyyad Salahlı bu konfransın Azərbaycanın müxtəlif bölgələrində keçirilmiş analoji silsilə tədbirlərdən beşincisi olduğunu diqqətə çatdırmışdır. Ölkəmizdə bərqərar olan dövlət-din münasibətlərindən söhbət açan S.Salahlı bildirmişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli mənəvi dəyərlərinə qayıdışı sürətlənmişdir. Natiq bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini xatırlatmış və hazırda Prezident İlham Əliyevin milli mənəvi dəyərlərimizin, dinimizin inkişafı sahəsində həyata keçirdiyi işlərdən danışmışdır.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov belə bir gərəkli tədbirə görə Dövlət Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirmişqeyd etmişdir ki, ölkəmizdə milli mənəvi dəyərlərə verilən yüksək qiymət dövlətin bu sahəyə diqqət və qayğısının təzahürüdür.

Millət vəkili Tahir Rzayevöz növbəsində konfransın əhəmiyyətindən danışaraq vurğulamışdır ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin bu təşəbbüsü istər dindarlarla müvafiq dövlət qurumlarının canlı təmasları, istərsə də maarifçilik baxımından gərəkli və dəyərli bir addımdır.

Tədbirdə çıxış edən "Qarabağ Seyid Ocaqları" İctimai Birliyinin sədri Seyid Camal Əzimbəyli və digər din xadimləri ölkədə dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini bildirmiş, son vaxtlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişlər. Qeyd olunmuşdur ki, dini icmaların sosial layihələrə cəlb olunması, dindarlar arasında vətənpərvərlik hissinin gücləndirilməsi və tolerantlıq ənənələrinin təbliği sahəsində kompleks tədbirlər həyata keçirilməsi təqdirəlayiqdir. Bu tədbirlər sırasında "Qazi Qarabağ azanı" layihəsi, "Axundimamlar üçün xütbə vəsaiti" və Milli Tolerantlıq Mərkəzinin yaradılması xüsusi vurğulanmışdır. Eyni zamanda, bildirilmişdir ki, DQİDK-in dini icmalar üçün təlim kursları təşkil edilməsinə dair təşəbbüsü dindarlar tərəfindən dəstəklənir və bunun ciddi nəticələr verəcəyinə böyük ümid bəslənilir.

Din xadimləri razılıq hissi ilə qeyd etmişlər ki, milli mənəvi dəyərlərimizə, tarixi-dini abidələrimizə, dini icmaların və din xadimlərinin fəaliyyətinə göstərilən qayğının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdurbu müsbət tendensiya Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.

İftar süfrəsi ətrafında davam edən tədbirin sonunda Seyid Camal Əzimbəyli Qarabağın seyid ocaqları adından ölkə ictimaiyyətinə ünvanlanmış müraciəti oxumuşdur.

Qarşıdan gələn prezident seçkilərində Prezident İlham Əliyevin namizədliyinin birmənalı olaraq dəstəkləndiyi sənəddə deyilir: Ölkədəki mövcud vəziyyəti düzgün qiymətləndirən, eləcə də dövlətin din sahəsində apardığı siyasəti və gördüyü böyük quruculuq işlərini təqdir edən Qarabağ seyid ocaqları artıq öz seçimlərini edərək namizədlərini müəyyənləşdirmişlər. Bu namizəd Azərbaycanın gələcək inkişafının təminatçısı İlham Heydər oğlu Əliyevdir. Əminik ki, təkcə seyid ocaqları deyil, ölkəmizin hər bir vətəndaşı üzərinə düşən məsuliyyəti nəzərə alaraq, cənab Prezidenti dəstəkləməklə Azərbaycanımızın tərəqqisinə öz töhfəsini vermiş olacaqdır.

Müraciəti Qarabağın nüfuzlu seyid ocaqlarının nümayəndələri Seyid Yusif, Seyid Sabir, Seyid Bəhmən, Seyid Nadir, Seyid Əli, Seyid Əyyub, Seyid Mirabdulla və başqaları imzalamışlar.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 25 iyul.- S.3.