Qubadlılılar yekdilliklə ümummilli lider Heydər Əliyev siyasi

 kursunun davam etdirilməsinə səs verəcəklər

 

Sumqayıtda yeni istifadəyə verilmiş Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında  Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının fəalları ilə görüş keçirilmişdir.

AzərTAc xəbər verir ki, əvvəlcə rayon rəhbərliyi və qonaqlar ümummilli lider Heydər Əliyevin icra hakimiyyətinin inzibatı binasının foyesindəki büstü önünə gül qoymuş, xatirəsini ehtiramla yad etmişlər.

Görüş YAP rayon təşkilatının sədri, rayon icra hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyevin bu ilin oktyabrında keçiriləcək prezident seçkiləri ilə əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələrə dair məruzəsi ilə başlanmışdır. Bildirilmişdir ki, hazırda rayonda seçicilərin sayı 23 min 776 nəfərdir. Seçicilər 27 məntəqədə səs verəcəklər. Məntəqələr Bakı, Sumqayıt, Xırdalan şəhərlərində yerləşir. Partiyanın  fəal üzvünün iştirakı ilə rayon üzrə seçici siyahıları dəqiqləşdirilərək YAP-ın məlumat bazasına yerləşdirilmişdir. Rayon təşkilatında seçki qərargahı yaradılmış, dairə seçki komissiyası və seçki məntəqələri üzrə məşvərətçi hüquqa malik üzvlərin, müşahidəçilərin siyahısı hazırlanmışdır.

Rayonda ictimai-siyasi vəziyyət sabitdir, - deyən natiq qeyd etmişdir ki, müxalifət partiyalarının əhali arasında sosial bazası yox dərəcəsindədir. Aparılan təhlillər göstərir ki, son vaxtlar mətbuatda və digər informasiya kanallarında adı hallanan "Milli şura" deyilən qurum rayon sakinləri arasında heç bir dəstək qazanmamışdır.

Məcburi köçkünlərin  üzləşdikləri sosial, kommunal və digər problemlər rayonun icra strukturları tərəfindən öyrənilir və aradan qaldırılır. Son on ildə dövlətin maliyyə  dəstəyi hesabına rayonda xeyli işlər görülmüşdür. Təhsilin maddi-texniki bazası, demək olar ki, yenidən qurulmuşdur. Bu müddətdə 10 yeni məktəb binası tikilmiş, 12 məktəb isə əsaslı təmir edilərək yenidən qurulmuşdur. Məktəblərin hamısı müasir avadanlıqla təmin edilmişdir. Sumqayıt şəhərində "28 May" mədəniyyət evi əsaslı təmir edilərək yenidən qurulmuşdur.

Əhaliyə tibbi xidmətin yaxşılaşdırılması məqsədilə Sumqayıt şəhərində Qubadlı Mərkəzi Rayon Xəstəxanasının poliklinikası tikilmiş  müasir avadanlıqla təchiz edilmişdir. Ümumilikdə  109 evdə təmir işləri aparılmışdır. Bundan əlavə, 140 ailə yeni mənzillə təmin edilmişdir. Sumqayıtda uzun müddət istifadəsiz qalan "Şəfa" sanatoriyasının yeməkxana binası əsaslı şəkildə yenidən qurulmuş, 500 nəfərlik mərasim evi lazımi avadanlıqla təchiz edilərək  məcburi köçkünlərin istifadəsinə verilmişdir. Bundan əlavə, sanatoriyada istifadəsiz qalan ikinci mərtəbə təmir edilərək 54 ailəyə yeni mənzillər verilmişdir.

Rayonda fəaliyyət göstərən idarə və müəssisələrin şəraitinin yaxşılaşdırılması məqsədilə də kompleks tədbirlər həyata keçirilmişdir. Rayon icra hakimiyyəti aparatı üçün alınmış bina əsaslı təmir edilərək yenidən qurulmuşdur. İcra hakimiyyətinin köhnə binasında da əsaslı təmir işlərinə başlanılmışdır. Həmin işlər yekunlaşandan sonra bina rayonun digər yerlərində fəaliyyət göstərən idarə və müəssisələrin ixtiyarına veriləcəkdir.

Məskunlaşma yerlərində elektrik, su, kanalizasiya, qaz və digər kommunal problemlərlə bağlı xeyli işlər görülmüşdür. Bütün bunlar əhali tərəfindən yüksək razılıq hissi ilə qarşılanır.

Hazırda YAP rayon təşkilatı öz sıralarında 3166 nəfər üzvü birləşdirir. Təşkilatda 85 ərazi ilk təşkilatının fəaliyyət göstərdiyini deyən sədr bu siyasi qurumun rayonun ictimai-siyasi, mədəni və sosial-iqtisadi həyatındakı fəal rolundan danışmışdır.

Tədbirdə YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovparlamentin deputatı İmamverdi İsmayılov çıxış edərək dövlət başçısı  İlham Əliyevin rəhbərliyi ilə respublikada əldə edilmiş böyük uğurlardan, həyata keçirilən genişmiqyaslı infrastruktursosial layihələrdən söz açmışlar. Vurğulanmışdır ki, Prezident İlham Əliyevin yürütdüyü siyasətin kökündə insanların rifahının, güzəranının daha da yaxşılaşdırılması, milli maraqların qorunması dayanır. Natiqlər ötən 10 ildə insanların həyat səviyyəsinin əsaslı şəkildə dəyişdiyini  rəqəmlərlə diqqətə çatdırmışlar. Aparılan görüşlər göstərir ki, xalqımız bu müsbət dəyişikliyin davamlı olmasını, Azərbaycanın parlaq gələcəyini dövlət başçısı İlham Əliyevin növbəti müddətə də Prezident seçilməsində görür.

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov  Prezident İlham Əliyevin respublikaya rəhbərlik etdiyi son 10 ildə Azərbaycanda möhtəşəm inkişaf dövrü yaşandığını demişdir. Bildirmişdir ki, bu illər ərzində iqtisadiyyatımız 3 dəfə artmışdır ki, bu, dünya praktikasında nadir hallarda təsadüf olunan artım tempidir. O, sosial-iqtisadi inkişaf sahəsində əldə edilən uğurlardan konkret misallara və rəqəmlərə istinad edərək danışmışdır. Ölkə rəhbəri tərəfindən  dövlətin müdafiə potensialının artırılması və perspektiv imkanlarını nəzərdə tutan irimiqyaslı layihələrin icrası istiqamətində ardıcıl və məqsədyönlü aparıldığı diqqətə çatdırılmışdır.

Natiq rayon əhalisinin dövlət başçısı tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həyata keçirilən siyasidiplomatik səyləri yüksək qiymətləndirdiyini, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Prezidentin prinsipial mövqeyinin xalq tərəfindən birmənalı şəkildə müdafiə edildiyini xüsusi olaraq vurğulamışdır.

Görüşdə rayon ictimaiyyətinin nümayəndələri və YAP rayon təşkilatının fəalları çıxış edərək Qubadlı rayonundan olan məcburi məskunlaşdıqları ərazilərdə gedən sosial-iqtisadi inkişafı, aparılan geniş tikinti-quruculuq işlərini və əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işləri dövlət başçısının diqqət və qayğısının bariz nümunəsi kimi dəyərləndirmişlər.

Çıxışlarda belə bir inam ifadə olunmuşdur ki, qubadlılar ümummilli Heydər Əliyev siyasi kursunun davam etdirilməsinə tərəfdardırlar və bu baxımdan öz seçimlərində heç bir tərəddüd etmədən qarşıdakı prezident seçkilərində Azərbaycanın davamlı inkişafının, tərəqqisinin, insanların rifahının qarantı olan dövlət başçısı İlham Əliyevə səs verəcəklər.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 25 iyul.- S.4.