Belqradda Azərbaycan həqiqətlərinə həsr olunmuş «Dağlıq

 Qarabağ münaqişəsi uşaqların gözü ilə» rəsm sərgisi açılmışdır

 

Serbiyanın paytaxtı Belqrad şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında  Gənclər Fondunun maliyyə yardımı, Azərbaycan-Rumıniya Ticarət Palatasının təşkilati dəstəyi və "Gənclərin İqtisadi, Sosial və Mənəvi İnkişafına Yardım" İctimai Birliyinin (İB) təşkilatçılığı ilə Azərbaycan uşaqlarının əsərlərindən ibarət rəsm sərgisi açılmışdır.

İB-dən AzərTAc-a bildirmişlər ki, "Dağlıq Qarabağ münaqişəsi uşaqların gözü ilə" mövzusunu əhatə edən sərginin açılış mərasimində Azərbaycan Respublikasının Serbiyadakı səfirliyinin iqtisadisiyasi məsələlər üzrə müşaviri Anar Əcəmov çıxış edərək mədəni tədbirin əhəmiyyətini vurğulamışdır. O, iki ölkə arasında mövcud mehriban dostluq münasibətlərini, Serbiya parlamenti tərəfindən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair qətnamə layihəsinin qəbul edilməsini xüsusi qeyd etmişdir. Diplomat rəsmi Bakı və Belqradın bütün müstəvilərdə bir-birlərinin mövqeyini qəti şəkildə dəstəklədiklərini diqqətə çatdırmış, iki ölkə arasında əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri haqqında məlumat vermişdir.      

Mərasimdə çıxış edən Azərbaycan-Rumıniya Ticarət Palatasının sədri Şahin Nəbiyev respublikamızda fəaliyyət göstərən gənclər təşkilatlarının ölkəmizdən kənarda dövlətçiliyimizin inkişafına yönəlik müxtəlif tədbirlər təşkil etmələrini yüksək qiymətləndirmişdir. Ş.Nəbiyev demişdir ki, bütün bu uğurlar Prezident İlham Əliyevin gənclərə və gənclər təşkilatlarına göstərdiyi qayğı və etimadın nəticəsidir. Eyni zamanda, Azərbaycan Gənclər Fondunun belə layihələri dəstəkləməsi təqdirəlayiq hal kimi dəyərləndirilmişdir. Ş.Nəbiyev rəhbərlik etdiyi təşkilatın yalnız ticarət əlaqələrinə deyil, müxtəlif sosial layihələrə bundan sonra da dəstək verəcəyini bildirmişdir.

Tədbirdə Serbiya Parlamentin konstitusiyahüquq məsələləri komitəsinin sədri Vladimir Tviya və digər deputatlar, İndoneziyanın, Malayziyanın Serbiyadakı səfirləri, Serbiya Respublikası Prezidenti Administrasiyasının, Mədəniyyət, Mətbuat və İnformasiya Cəmiyyəti Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Serbiyadakı səfirliyinin, Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin, Serbiya-Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Sənaye və Ticarət Palatasının əməkdaşları, dost ölkənin elm və mədəniyyət nümayəndələri, tələbələr, KİV və yerli QHT-lərin təmsilçiləri iştirak etmişlər.

Üç gün davam edəcək sərgidə məcburi köçkün uşaqlarla yanaşı, Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin, Nizami adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin, Şirvan Şəhər Təhsil Şöbəsinin, Respublika İncəsənət Gimnaziyası Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin və Bakı Şəhər Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin şagirdlərinin rəsm əsərləri də nümayiş olunur.

 

 

AzərTAc

Azərbaycan.-2013.- 25 iyul.- S.4.