«Qeyri-neft sektorunun inkişafı tam
şəkildə ərzaq təhlükəsizliyini
təmin etmək üçün
bizə imkan yaradacaqdır»
Nazirlər Kabinetinin iclasında dövlət
başçısı tərəfindən
qarşıya qoyulan bu məqsəd əməli
tədbirlərlə reallaşır
Aqrar sahənin qeyri-neft sektorunda xüsusi çəkisi var. Ölkə əhalisinin 48 faizdən çoxunun əmək fəaliyyəti və yaşayışı bu sektorla bağlıdır. Təsadüfi deyil ki, aqrar sektorun inkişafı dövlətin diqqət və qayğı göstərdiyi mühüm sahələrdən biridir. Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin icrasına həsr olunmuş iclasında da aqrar sektorun bugünkü vəziyyəti və qarşıda duran vəzifələr geniş müzakirə edildi.
Qeyd olundu ki, yarım ildə kənd təsərrüfatında məhsul istehsalı təxminən 5 faiz artıb. Bu da dövlətin verdiyi dəstəyin nəticəsində mümkün olub. Hazırda ayrılan güzəştli kreditlərin hesabına ölkə ərazisində 13 quşçuluq fabriki, 2 heyvandarlıq kompleksi, 12 soyuducu və taxıl anbarı, 8 istixana kompleksi, 3 ət emalı, 2 konserv, 7 çörək zavodu tikilir. Bu müəssisələrin hamısı iri obyektlərdir. Eyni zamanda, regiondakı sahibkarlar aldıqları güzəştli kreditlər hesabına kiçik və orta həcmli fermer təsərrüfatlarını inkişaf etdirirlər. Təkcə ötən il Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 2419 sahibkarlıq subyektinə 218 milyon manat güzəştli kredit verilib. Həmin kreditlərin 83 faizini regionlarda fəaliyyət göstərən sahibkarlar, o cümlədən fermerlər alıblar. Bu faktın özü dövlətin aqrar sektorun inkişafına verdiyi önəmin əyani sübutudur.
Prezident İlham Əliyev ölkədə aqrar sektorun inkişafına həmişə xüsusi diqqət göstərib və bu sektorun maddi-texniki bazasının gücləndirilməsi üçün lazım olan qərar və qanunlar imzalayıb. Həyata keçirilən belə tədbirlər sayəsində 2003-2013-cü illərdə ölkəmizin kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən birbaşa dəstək, o cümlədən yanacaq və motor yağlarına, buğda və çəltik səpininə, mineral gübrələrə, toxum və tinglərə görə 587 milyon 170 min manat subsidiya ayrılıb. Bundan əlavə, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə kənd təsərrüfatı texnikalarının, texnoloji avadanlıqların, mineral gübrələrin, damazlıq heyvanların alınması və ASC-nin maddi-texniki bazasının gücləndirilməsinə ayrılan 427 milyon 100 min manat vəsait, güzəştli kreditlər və digər dövlət dəstəyi sayəsində ötən il kənd təsərrüfatı üzrə ümumi məhsul istehsalının dəyəri 4 milyard 844 milyon 600 min manat təşkil edib.
Havaların əlverişsiz keçməsinə baxmayaraq, cari ildə də aqrar sektorda məhsul istehsalı artıb. İlin birinci yarısında kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 2 milyard 122 milyon 995 min manatdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz çoxdur. Bitkiçilik sahəsində 4,5, heyvandarlıqda 5,1 faiz artım qeydə alınıb. Ümumilikdə isə cari il aqrar sektorda ümumi məhsul artımının təxminən 6-7 faiz olacağı gözlənilir.
Aqrar sektorda məhsul istehsalını artırmaq üçün yeni əkin sahələrinin dövriyyəyə daxil edilməsi vacibdir. Həmin əkin sahələrində məhsulun kəmiyyət və keyfiyyətinin artırılması üçün meliorasiya tədbirlərinin görülməsinin böyük əhəmiyyəti var. Artıq şimal bölgəsində Taxtakörpü su anbarı istismara verilmək üzrədir. Layihənin həyata keçirilməsi məhsuldarlığın artmasına səbəb olacaq. Nazirlər Kabinetinin iclasında vurğulandı ki, bu, müstəqillik dövründə qeyri-neft sektorunda həyata keçirilən ən iri layihədir. Taxtakörpü su anbarı həm əhalinin, həm də kənd təsərrüfatının suya olan tələbatının ödənilməsinə imkan verəcək. Obyekt istifadəyə verildikdən sonra minlərlə hektar torpağın suvarılmaqla əkin dövriyyəsinə daxil edilməsi də mümkün olacaq. İlin sonuna kimi bu nəhəng obyektin istismara verilməsi nəzərdə tutulub.
Gələn il istifadəyə veriləcək Şəmkirçay su anbarı da qərb bölgəsində minlərlə hektar yeni əkin sahələrinin istifadə edilməsinə şərait yaradacaq. Bu iki layihənin həyata keçirilməsi istər bitkiçilikdə, istərsə də heyvandarlıqda məhsul istehsalının artımına böyük təkan verəcək. İstehsalın artmasından söz düşmüşkən xatırladaq ki, son illər 5 min hektar torpaq artıq dövriyyəyə buraxılıb və orada məhsuldarlıq hər hektardan 54 sentnerdir. Bu, orta məhsuldarlıqdan 2 dəfə çoxdur.
Ərzaq təhlükəsizliyinə dünyada bütün ölkələr xüsusi diqqət yetirir. Bu qlobal problemin həllinə Azərbaycan dövləti də həssas yanaşır. Prezident İlham Əliyev hökumətin son iclasında bu məsələyə toxunaraq demişdir: "Mən ərzaq təhlükəsizliyi ilə bağlı fikirlərimi dəfələrlə bildirmişəm. Sahibkarlarla görüşdə də bu mövzu daim qaldırılmışdır. Mən hesab edirəm ki, biz son illər ərzində bu istiqamətdə çox önəmli addımlar atmışıq və bəzi pozisiyalar üzrə artıq özümüzü 100 faiz təmin səviyyəsinə yaxınlaşırıq. Bəzi pozisiyalar üzrə əvvəlki dövrlərdə biz özümüzü 100 faiz təmin məsələlərini həll etdik. Sahibkarlığın inkişafı dövlət siyasəti, bütün bu işlərin koordinasiyası, infrastruktur layihələrin icrası və əlbəttə ki, qeyri-neft sektorunun inkişafı tam şəkildə ərzaq təhlükəsizliyini təmin etmək üçün bizə imkan yaradacaqdır".
Son dövrlər aqrar sektorda iri heyvandarlıq kompleksləri yaradılır və yüksək məhsuldarlığa nail olunur. Artıq iri taxılçılıq təsərrüfatlarının yaradılması istiqamətində də tədbirlər görülür. Nazirlər Kabinetinin iclasında qeyd edildi ki, ölkənin taxıla olan tələbatını tam ödəmək üçün 40-50 iri fermer təsərrüfatlarının yaradılması vacibdir. Artıq ilk olaraq yaradılan belə təsərrüfatlar məhsulun maya dəyərinin aşağı salınması və məhsuldarlığın yüksək olması ilə fərqlənir. Belə təsərrüfatlar əldə etdikləri maliyyə vəsaitləri ilə özünün kənd təsərrüfatı texnikasına tələbatını ödəyə və istehsal etdiyi məhsulu emal edərək son məhsula keçirə bilir. Ona görə də dövlət kiçik və orta sahibkarlığı inkişaf etdirməklə bərabər, iri taxılçılıq təsərrüfatlarının yaradılmasına da maraqlıdır.
Dövlət aqrar
sektorun ölkənin sosial-iqtisadi
həyatında oynadığı mühüm
rolu bildiyi üçün bu sahənin
inkişafını həmişə diqqət mərkəzində
saxlayır və lazım olan anda qarşıya çıxan problemi həll etmək üçün
operativ qərarlar qəbul edir.
Buna misal olaraq Prezidentin
cari ilin 4 iyul tarixli sərəncamını
misal çəkmək
olar. Məhsul yığımı zamanı yaranmış texnika çatışmazlığı
ilə əlaqədar
dövlət başçısı
qərar qəbul edərək Prezidentin Ehtiyat Fondundan "Aqrolizinq" Açıq
Səhmdar Cəmiyyətinə
taxılbiçən kombaynların
alınmasına 15 milyon
manat vəsait ayırıb. Həmin vəsaitlə
Finlandiyadan "Sampo"
markalı 150 taxılyığan
kombaynın alınacağı
gözlənilir. Dövlət başçısı Nazirlər
Kabinetinin iclasındakı
çıxışında qeyd etdi ki,
lazım olarsa, kənd təsərrüfatı
texnikasının alınması
üçün əlavə
vəsait də ayrılacaq.
Azərbaycanda aqrar sektorun qısa zamanda böhran vəziyyətindən
çıxaraq məhsul
istehsalında yüksək
artıma nail olunmasının
arxasında da məhz dövlət başçısının göstərdiyi
bu qayğı, həyata keçirdiyi əməli tədbirlər
dayanır.
Rüstəm
KAMAL,
Azərbaycan.-2013.- 25 iyul.- S.5.