TAP marşrutunun seçilməsi iqtisadi, texnikistrateji meyarlara əsaslanır

 

Avropa Azərbaycan qazının yolunu gözləyir. Oradakı istehlakçılara Xəzərin Azərbaycan sektorunda, sahildən 70 kilometr aralıda yerləşən "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində 2018-ci ildə hasilatına başlanması gözlənilən qaz olacaq.

"Şahdəniz" yatağının birinci mərhələsi çərçivəsində 2006-cı ildən qaz alınır. Həmin ilin sonundan Azərbaycana və Gürcüstana, növbəti ilin iyul ayından isə Türkiyəyə də mavi yanacaq verilir. Azərbaycanın və Gürcüstanın ərazisində qazı Cənubi Qafqaz Boru Kəməri daşıyır. Gürcüstan-Türkiyə sərhədində kəmərə 280 kilometrlik daha bir xətt qoşulur ki, o da qazı Ərzurumadək çatdırır. Beləliklə, başlanğıcını Səngəçaldan götürən bu qaz ixracı xətti bütövlükdə Bakı-Tbilisi-Ərzurum kəməri adlanır.

"Şahdəniz-2" işə düşəndən sonra hasilat xeyli artacaq. Əgər birinci mərhələ çərçivəsində ən sabit hasilat dövründə ildə 9 milyard kubmetr qazın alınması nəzərdə tutulursa, növbəti mərhələdə bu rəqəm daha 16 milyard kubmetr artacaq. Başqa sözlə, ikinci mərhələnin qazı özündən əvvəlki mərhələyə nisbətən az qala 2 dəfə çox olacaq.

Təbii ki, qazın istehlakçıları da çoxalacaqixrac yolları şaxələnəcək. Azərbaycan qazı Türkiyədən keçərək Avropanın müxtəlif ölkələrinə çatdırılacaq. Əlbəttə, bunun üçün böyük miqyaslı işlərin görülməsi, yanacağın nəqli üçün yeni boru kəmərlərinin inşası tələb olunur.

Əvvəla onu qeyd edək ki, "Şahdəniz-2"nin qazını hasil etmək üçün dənizdə 2 hasilat platforması quraşdırılacaq və onlar bir-birinə körpü vasitəsilə birləşdiriləcək. Suyun 550 metrədək dərinliyində ümumi uzunluğu 500 kilometr olan xətlər çəkiləcək. Həmin sualtı xətlərlə nəql olunan qazı qəbul etmək üçün Səngəçal terminalında müvafiq genişləndirmə işləri aparılacaq. Cənubi Qafqaz Boru Kəmərinin nəql gücühasil olunan qazın həcminə uyğun olaraq xeyli genişləndiriləcək.

Qazı Avropaya aparacaq yolların davamı isə Türkiyənin ərazisi ilə uzanan TANAP - Trans Anadolu Qaz Boru Kəməri olacaq. Hələ keçən ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında TANAP üzrə hökumətlərarası müqavilə imzaladılar. Bu sənədin imzalanması "Şahdəniz" qazının qardaş ölkənin ərazisindən Avropaya nəqli yolunda atılmış mühüm addım idi. Başqa sözlə, TANAP "Cənub qaz dəhlizi"nin reallaşmasında vacib amillərdən birinə çevrildi.

Məlum olduğu kimi, "Şahdəniz-2"dən hasil olunacaq qazın ildə 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya satılacaq. Bu yaxınlarda qazın TANAP-dan sonrakı marşrutu da müəyyənləşdi. Yəni Azərbaycan qazını Avropaya nəql edən kəmər seçildi. Bu, Trans Adriatik Boru Kəməri - TAP-dır.

Azərbaycan qazını ixrac etmək təkcə TAP-ın arzusu deyildi. Bu məqsəd uğrunda ilk mərhələdə dörd böyük kəməri təmsil edən şirkət çalışırdı. Bunlar SEEP (Cənub-Şərq Avropa Kəməri), İTGİ (İnterkonnet Türkiyə, Yunanıstan, İtaliya) Poseydon, "Nabukko" və TAP idi. İxrac marşrutunun seçilməsi qərarı bu kəmərləri təmsil edən şirkətlərin təkliflərinin kommersiya, texnikistrateji meyarları əsasında aparılırdı. SEEP və İTGİ şanslarını itirdikdən sonra, meydanda "Nabukko" və TAP qaldı. Nəhayət, bu ilin iyun ayında "Şahdəniz" konsorsiumu TAP-ı seçdi.

Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev bu barədə demişdir: "Keçən rübdə enerji siyasətimizlə bağlı çox ciddi hadisələr, deyə bilərəm ki, tarixi hadisələr baş vermişdir. "Cənub qaz dəhlizi"nin marşrutu seçildi. Bu, tarixi halisədir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri qədər bizim üçün önəmlidir. Bildiyimiz kimi, dünyanın diqqəti Azərbaycana yönəldilmişdir. Azərbaycanda verilən qərarlar əminəm ki, bölgənin gələcək enerji xəritəsinə ciddi dəyişikliklər edəcəkdir. "Cənub qaz dəhlizi"nin seçilməsi və bu məsələ ilə bağlı "Şahdəniz" konsorsiumunun vahid mövqeyi çox müsbət hal kimi qiymətləndirilməlidir. Bu layihə bizə imkan verəcək ki, öz qaz potensialımızı maksimum dərəcədə realizə edək".

İntensiv qiymətləndirmə prosesində kəmərlər arasında niyə məhz TAP-ı seçdik? Çünki seçim əvvəlcədən elan olunmuş meyarlardan istifadə edilməklə aparıldı. Alternativ ixrac marşrutları həmin amillərlə qiymətləndirildi. Bu meyarların əsasını 8 əsas şərt, yaxud amil təşkil edirdi. TAP-ı seçərkən, ilk növbədə, onun kommersiya səmərəliliyi nəzərə alındı. Digər şərtlər layihənin icrasının mümkünlüyü, eləcə də maliyyə baxımından icra olunmasının mümkünlüyü, texniki layihələndirmə imkanları idi. Tənzimləmə və şəffaflıq, təhlükəsiz və səmərəli istismarın da hansı kəmərdə üstün olduğu vacib bir şərt kimi qəbul edildi. Seçim zamanı həmçinin TAP-ın genişləndirmə imkanlarının olduğu nəzərə alındı. Şərtlərə eləcə də ictimai maraqlarla bağlı amillər daxil idi.

"Şahdəniz" layihəsinin əməliyyatçısı BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell deyir ki, biz planlaşdırılan "Cənub dəhlizi"nin bir hissəsinə çevriləcək ən yaxşı seçimi etmək üçün Avropanın bir sıra boru kəməri layihələri üzərində sıx aparmışıq və onları qiymətləndirmişik. "Şahdəniz"in ixrac məsələləri üzrə danışıqlar qrupu illərlə zəhmətli apardıqdan və variantları diqqətlə nəzərdən keçirdikdən sonra konsorsium öz seçimini etdi.

TAP Azərbaycan qazını İtaliya və Cənub-Şərqi Avropa bazarlarına nəql edəcək. Əməliyyatçı şirkətin verdiyi məlumata görə, "Şahdəniz" konsorsiumu qaz satışları üzrə İtaliyada və Yunanıstanda bir sıra şirkətlərlə şərtlərini razılaşdırıb. Bundan əlavə, Bolqarıstanda satışı həyata keçirmək üçün danışıqlar aparılır. Konsorsium bu ölkəyə istiqamətlənən boru kəmərinin nəqletmə həcmindən istifadə payı almaqda maraqlı olduğunu bildirməyi planlaşdırır. O, həmçinin TAP və İon-Adriatik Boru Kəmərinin reallaşmasına dəstək olaraq bu il mayın 23-də Xorvatiya, Monteneqro, BosniyaHerseqovina, Albaniya tərəfindən imzalanmış, mayın 27-də Adriatikİon Şurası tərəfindən tanınmış hökumətlərarası Anlaşma Memorandumunu dəstəkləyir.

Xatırladaq ki, "Şahdəniz" layihəsində BP (Böyük Britaniya), "Statoyl" (Norveç), ARDNŞ (Azərbaycan), "Total" (Fransa), "LUKoyl" (Rusiya), NİCO (İran) və TPAO (Türkiyə) şirkətləri tərəfdaşlıq edirlər. Konsorsium üçün növbəti mühüm addım "Şahdəniz-2" layihəsinin tam işlənməsinə dair yekun investisiya qərarının verilməsi olacaq.

 

 

Flora SADIQLI,

Azərbaycan.-2013.- 25 iyul.- S.5.