Polad BÜLBÜLOĞLU: Səviyyəsi çox yüksək olan Qəbələ

 Beynəlxalq Musiqi Festivalı illər keçdikcə dünyada daha da məşhurlaşır

 

"Bilirsiniz ki, Azərbaycanda hər 2-3 ildən bir Vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqəsi keçirilir. Qəbələ V Beynəlxalq Musiqi Festival çərçivəsində ilk dəfə olaraq bu müsabiqələrin laureatlarının konserti təqdim ediləcəkdir. Mən xüsusi olaraq buna görə Qəbələyə gəlmişəm. Əgər dəvət etsələr, mən də orada bir-iki mahnımı oxuyaram".

 AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Qəbələdə jurnalistlərə müsahibəsində demişdir.

 Səfir Qəbələdə ənənəvi olaraq hər il belə yüksək səviyyəli beynəlxalq musiqi festivalının keçirilməsinə görə çox sevindiyini, festivalın proqramının ildən-ilə genişləndiyini və dünyada daha da məşhurlaşdığını bildirmişdir. P.Bülbüloğlu sözünə davam edərək demişdir: "Rusiyada bu festivalı yaxşı tanıyırlar. Bu il festivalın 5 illiyi tamam olur. Arzu edirəm ki, bu musiqi tədbirinin 50 illik yubileyi keçirilsin. Bu işdə əməyi olan bütün insanlara, xüsusən də Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Çox şadam ki, Mehriban xanım Əliyevanın himayəsi ilə keçirilən bu festivalda çox görkəmli ifaçılar iştirak edirlər. Bu festivalın əks-sədası bütün dünyada çox geniş yayılmışdır".

Səfir Polad Bülbüloğlu bu festivalın musiqi səviyyəsinin çox yüksək səviyyədə olduğunu qeyd edərək demişdir: "Festival keçirmək olar, amma onu belə yüksək səviyyədə təşkil etmək çətindir. Elə edilməlidir ki, festivalın musiqi səviyyəsi yüksək olsun, hər yerdə tanınsın və ona qiymət verilsin. Bilirəm ki, 5 il əvvəl bu festival ilk dəfə keçirilən vaxt konsertləri izləmək üçün gələn tamaşaçıların sayı az olurdu. Amma indi tamaşaçılar üçün yer tapılmır. Minlərlə insan konsertləri izləmək üçün Qəbələyə gəlir. Artıq insanların bu festival barədə geniş məlumatları və ən əsası isə buna maraqları vardır. Müxtəlif rayonlardan musiqi məktəblərini təmsil edən müəllim və şagirdlərin bu festivalı həvəslə izləməsi çox sevindirici haldır. Belə möhtəşəm musiqi tədbirləri onların inkişafı üçün bir təkandır.

Mən çox sevinirəm ki, belə mötəbər tədbir paytaxtda deyil, məhz bölgədə keçirilir. Gözəl hotellər, yollar, hava limanı və digər imkanlar festivalın yüksək səviyyədə keçirilməsinə şərait yaradan amillərdir. Bilirsiniz ki, bu günlərdə Qəbələ 2013-cü il üçün MDB-nin mədəniyyət paytaxtı elan edilmişdir. Təqdimat mərasiminə 10 ölkədən 130 qonaq gəlmişdi və onlar şəhərin gözəlliyi, burada keçirilən tədbirlərin möhtəşəmliyi ilə bağlı təəssüratlarını hələ də bizimlə bölüşürlər. Mən bir azərbaycanlı, səfir və keçmiş mədəniyyət naziri olaraq bu uğurlara çox sevinirəm".

 

Azərbaycan.-2013.- 25 iyul.- S.8.