Şabran rayonunun sosial-iqtisadi inkişafının

sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" Şabran rayonunda da uğurla həyata keçirilir. Dövlət proqramının icrası nəticəsində əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində bir sıra mühüm işlər görülmüş, şəhərin su təchizatı sistemikanalizasiya şəbəkəsi qurulmuş, Mərkəzi rayon xəstəxanası üçün müasir  tələblərə cavab verən yeni bina tikilmiş, rayon Mədəniyyət evi əsaslı təmir edilmiş, Uşaq Yaradıcılıq Mərkəzi yaradılmış, yeni yollar çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmişdir.

Şabran şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1.  Şabran  rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Şabran Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada  təmin etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 iyul 2013-cü il

Azərbaycan.-2013.- 26 iyul.- S.1.