Şeyxülislam müqəddəs Ramazan
ayı münasibətilə iftar süfrəsi
açmışdır
Azərbaycan
Prezidenti İlham Əliyev iftar mərasimində iştirak
etmişdir
Xəbər verdiyimiz kimi, iyulun 24-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar mərasimi təşkil etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak etmişdir.
İftar
mərasimi Qurani-Kərimdən ayələrin və Ramazan
duasının oxunması ilə başladı.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür PAŞAZADƏ dedi:
- Bismillahir-rəhmanir-rəhim!
Möhtərəm cənab Prezident İlham Əliyev həzrətləri!
Hörmətli din xadimləri, səfirlər, əziz qonaqlar!
Müqəddəs Ramazan ayının mübarək günlərində sizləri İftar mərasimində salamlayır, dəvətimi qəbul etdiyinizə görə cənablarınıza Allahdan xoş arzularımı diləyirəm.
Müqəddəs Qurani-Kərimin nazil olduğu Ramazan ayının fəzilətləri böyükdür. Allah-Təalanın mərhəmət və lütfünün ən yüksək dərəcədə təzahür etdiyi bu məqamda müxtəlif din və millət mənsublarının müqəddəs İftar süfrəsi ətrafında toplaşması olduqca önəmlidir. Belə bir ayda din və dövlət xadimlərinin bir araya gəlməsi, xüsusilə Zati-alilərinin bu mübarək gecədə bizimlə birlikdə olması ölkəmizdəki tolerantlığın, dövlətimizin milli mənəvi dəyərlərə yüksək ehtiramının nümunəsidir.
Bu gözəl ənənənin bünövrəsini unudulmaz şəxsiyyət ulu öndər Heydər Əliyev həzrətləri qoymuşdur. Ulu öndərin möhkəm təməl üzərində qurduğu ölkəmiz bütün sahələrdə yeni uğurlar qazanmaqdadır. Bu irəliləyişi təmin edən o nurlu yolun davamçısı Prezident İlham Əliyev həzrətləridir.
Cənab Prezident! Sizin hər il bu müqəddəs ayda İftar mərasiminə təşrif buyurmağınız, müsəlman dövlətlərinin səfirləri ilə görüşməyiniz dünyada analoqu olmayan bir ənənədir.
Ötən bir il ərzində ölkəmizdə aparılan davamlı quruculuq işlərinin bütün sahələr kimi, mənəviyyat sahəsini də əhatə etməsi məni və dindarları çox sevindirir. İlin çoxsaylı əlamətdar hadisələri sırasında məscid və ziyarətgahların, kilsə və sinaqoqların dövlət başçısı və Heydər Əliyev Fondunun dəstəyi ilə təmir və bərpa işlərini sadalamaq istərdim.
Buna misal olaraq, Azərbaycanda ən qədim ibadətgah olan Şamaxı Cümə məscidinin tamamilə yenidən qurulmuş möhtəşəm binasının dindarların istifadəsinə verilməsini, Bakıda ən böyük məscid binasının təməlinin qoyulmasını, Qəbələdə, Sumqayıtda məscidlərin təntənəli açılışlarını, Gəncədə İmamzadə kompleksində bərpa işlərinin ən yüksək şəkildə davam etdirilməsini, Rus Pravoslav kilsəsinin Bakı Yeparxiyası üçün yeni inzibati binanın inşasını, Bakı sinaqoquna dini ehtiyaclar üçün əlavə ərazinin ayrılmasını, Azərbaycan müstəqillik qazandıqdan sonra buraya ilk dəfə müqəddəs Tövrat nüsxəsinin gətirilməsini və digər məqamları sadalamaq olar.
Zati-aliləri! Siz Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarının keçirilməsinin təşəbbüskarı olmaq iradəsini nümayiş etdirdiniz. Bu yaxınlarda Bakı artıq sayca ikinci Foruma ev sahibliyi etdi. Mən qürur duyuram ki, Siz təkcə ölkə deyil, dünya miqyasında mədəni, mənəvi dəyərlərə dəstək verir, dünyada müxtəlif mədəniyyətlərin dinc birgə yanaşı yaşaması ideyasını, multikulturalizmi fəal müdafiə edirsiniz.
Siz bəşəri dəyərlərlə bir araya sığmayan islamofobiya hallarına qarşı hər zaman kəskin etirazınızı bildirir, müqəddəs dinimizin adının terrorla yanaşı çəkilməsinə, Quranın yandırılması və bu kimi hallara qarşı qətiyyətli mövqe nümayiş etdirirsiniz.
Müsəlman ölkələrində tez-tez səfərdə olan şəxs kimi xüsusi vurğulamaq istərdim ki, gənc, müstəqil Azərbaycan dövlətinin liderinin İslam həmrəyliyi məsələlərinə bu qədər böyük önəm verməsi, müqəddəs dinimizin sülhsevər mahiyyətinin dünya miqyasında təbliği istiqamətində səyləri İslam dünyasında böyük əks-səda verir və ölkəmizin nüfuzunu daha da artırır. Təsadüfi deyildir ki, Zati-aliləri, Siz beynəlxalq miqyasda onilliyin dövlət başçısı olaraq dəyərləndirilirsiniz.
Ümumiyyətlə, Zati-alilərinizin təşəbbüsləri və hörmətli Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun layihələri sayəsində Azərbaycan mədəni-mənəvi və dini dəyərlərə ehtiram məkanına çevrilmişdir. Din xadimi olaraq, bütün görülən işlərə görə, Sizə, cənab Prezident və Fondun rəhbəri Mehriban xanıma minnətdarlığımı bildirmək istəyirəm.
Azərbaycanda keçirilən mötəbər tədbirlərin sayı və miqyası ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun artmasından qaynaqlanır və dünya birliyinin Azərbaycana verdiyi önəmin göstəricisidir.
Məsələn, bu yaxınlarda keçirdiyimiz MDB Müsəlmanları Məşvərət Şurasının Bakı konfransı zamanı Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoq işinə verdiyi töhfənin bütün dünya üçün nümunə sayıla biləcəyi bəyan edildi.
Zati-aliləri! Azərbaycan tarixən müxtəlif mədəniyyətlər arasında mədəni, mənəvi körpü olmuşdur. Bu gün də Sizin müəllifi olduğunuz "Bakı prosesi" sayəsində Azərbaycan Şərq və Qərb mədəniyyətini, mənəviyyatını bir araya gətirmək iqtidarını nümayiş etdirir.
Bəli, Azərbaycan inkişaf edir, ölkəmiz abadlaşır, nəinki paytaxt Bakı, bütün bölgələr də gözəlləşir, müasirləşir. İstər bu yaxınlarda ziyarət etdiyim Naxçıvanın 2018-ci ilin İslam mədəniyyəti paytaxtı, istərsə də Qəbələnin MDB-nin mədəniyyət paytaxtı seçilməsi aparılan böyük quruculuq işlərinin, dini-mənəvi irsə qayğının məntiqi nəticəsidir.
Hamımız bir vətəndaş kimi müstəqilliyimizin qorunması, torpaqlarımızın işğaldan azad olunması naminə dövlət başçısının ətrafında sıx birləşməli, milli vəhdətə nail olmalıyıq.
Zati-aliləri! Allahın lütfüdür ki, Azərbaycanda ulu öndər Heydər Əliyevdən başlayaraq dövlət rəhbəri ilə din rəhbəri arasında qarşılıqlı ehtiram və sonsuz etimad mühiti formalaşmışdır.
Ulu öndərlə münasibətlərimizdəki dostluq, qardaşlıq və səmimiyyət, nəticə etibarilə, müstəqillik dövrünə qədəm qoyduğumuz zamanlarda xalqımızın milli mənəvi dəyərlərinin dirçəldilməsinin bünövrəsini qoymuşdur.
Bizim ulu öndərlə səmimi münasibətlər zəminində açıq fikir mübadilələrimiz, məsləhətləşmələrimiz bir çox problemlərin həllinə vəsilə olmuşdur. Şükürlər olsun ki, dövlət və din münasibətlərinin yüksək səviyyəsinə dəlalət edən bu zəngin təcrübə bu gün Azərbaycanda Zati-alilərinizin iradəsi ilə davam edir.
Şəxsiyyətin bütövlüyündən irəli gələn və ulu öndərdə müşahidə etdiyim nəcib xüsusiyyətləri Zati-alilərinizdə görmək olduqca xoşdur. Səmimi münasibətlərimiz mənim üçün olduqca dəyərlidir və ümummilli mənafelərimizə xidmət edir. Bütün bunlara görə Sizə və ailənizə təşəkkür edirəm.
Möhtərəm cənab Prezident! Bu müqəddəs günlər ruhların şad olan günləridir. Bu yaxınlarda 90 illiklərini qeyd etdiyimiz ulu öndərimiz Heydər Əliyevə və onun ömür-gün yoldaşı Zərifə xanıma Allah-Təaladan rəhmət diləyirəm.
Əlbəttə, Xocalı qətliamının soyqırımı kimi tanınması yönündə uğurlar Azərbaycan dövlətinin beynəlxalq aləmdə böyük nailiyyəti olmaqla bərabər şəhidlərimizin ruhlarını şad edən məqamlardandır. Allah şəhidlərimizə rəhmət etsin! Bu əziz günlərdə Allahdan arzumuz budur ki, Qarabağ torpaqları Sizin rəhbərliyinizlə tezliklə azad olunsun, ölkəmizin ərazi bütövlüyü bərpa edilsin.
Möhtərəm cənab Prezident! Vədinizə sadiq qalaraq, bu əziz gündə bu məclisə təşrif buyurmağınız bizi sevindirir. Mən Zati-alilərinizə hər zaman layiq olduğunuz məqamda bərqərar olmağınızı Uca Allahdan diləyirəm. Gələn illərdə də bu məkanda iftar süfrələrində Sizinlə bir yerdə olmaq bizlərə nəsib olsun, inşallah. Bir daha Sizi və ailənizi qarşıdan gələn bayram münasibətilə təbrik edirəm.
Hamıya bir daha "Xoş gəlmisiniz" deyir, Allahdan məclis iştirakçılarına və xalqımıza xeyir-dualar diləyirəm! Amin!
Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!
* * *
Rus Pravoslav kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri ALEKSANDR xalqımıza ən xoş arzularını çatdıraraq dedi:
- Möhtərəm cənab Prezident.
Möhtərəm şeyx həzrətləri.
Hörmətli xanımlar və cənablar.
İcazə verin, bütün müsəlmanları mömin insanların həyatında xüsusi dövr olan Ramazan ayı münasibətilə təbrik edim.
Biz olduqca təlatümlü və qarışıq müasir həyatda yaşayırıq. Bu həyatda bizim dini mənsubiyyətimiz və dini vəzifələrimiz barədə düşünməyə həmişə imkan olmur. Xoşbəxtlikdən oruc tutmaq kimi elə bir vaxt gəlir və hər bir mömin insan anlamağa başlayır ki, o, zaman daxilində yaşasa da, əbədiyyətə məxsusdur.
Bu il Azərbaycan üçün əlamətdardır. Bu il Heydər Əliyev ili kimi qeyd olunur. Bir tərəfdən onun anadan olmasının 90 illiyi, digər tərəfdən vəfatının 10 illiyi tamam olur. Böyük insanlar həyatdan gedəndə təxminən iki il qeyri-ixtiyari olaraq onun həyatı yaşadığı və çalışdığı istiqamətdə davam edir. Biz artıq 10 ildir ki, Heydər Əliyevin ölkənin inkişafı istiqamətində yaratdığı mühitdə yaşayırıq. Biz ölkənin iqtisadiyyatının, siyasi həyatının, mədəniyyətinin necə sürətlə inkişaf etdiyini görürük.
Amma
mən din xadimi kimi iqtisadi, yaxud siyasi həyata qiymət verməli
deyiləm. Mən cəmiyyətin dini mənzərəsi
haqqında danışmalıyam. Din xalqın qəlbidir. Heydər Əliyev dərin imanlı insan kimi bunu
yaxşı başa düşürdü. Məhz onun
dövründə dini icmalar öz dini həyatının əsl
azadlığını və inkişafını əldə
etdilər. Ölkədə bu istiqamətdə xeyli iş
görüldü. Biz dini məbədlərin, dini məktəblərin
tikildiyini görürük. Bundan başqa, bir çox
dini bayramların ümummilli və dövləti xarakter
aldığını görürük. Eyni zamanda, müxtəlif
siyasi qüvvələrin dindən öz məqsədləri
naminə istifadə etməmələri üçün
bütün tədbirlər görülüb. Bütün
bunlara Heydər Əliyevin ölkəyə rəhbərliyi
dövründə nail olunub. Bundan əlavə, ölkədə
əsl tolerantlıq mühiti yaranıb. Müxtəlif milli və
dini baxışlara malik insanlar arasında
qarşılıqlı hörmət yaranıb. Mən Heydər
Əliyevin sözlərini təkrar etməkdən
usanmıram: "Çoxmillətlilik bizim sərvətimizdir".
Lakin biz on il ərzində dini sahədə də xeyli dəyişikliklərin baş verdiyini görürük. Mən demək istərdim ki, ölkədə nəinki yüksək tolerantlıq səviyyəsinə nail olunub, həm də dinlərarası həyatda tamamilə yeni münasibətlər yaranıb. Biz dinlərarası dialoq adlanan səviyyəyə yaxınlaşmışıq. Bu mərhələdə dini icmalar müxtəlif mədəni və ictimai layihələri birlikdə həyata keçirirlər. Bu da artıq bizim Azərbaycanda gerçəkliyə çevrilib.
Çox hörmətli, cənab Prezident! Mən səmimi qəlbdən Sizi Ramazan ayı münasibətilə təbrik edirəm. Həm də tam əminəm ki, Siz bu istiqamətdə fəaliyyətinizi davam etdirəcək, Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsi, Azərbaycan xalqının daha firavan həyatı üçün var qüvvənizi sərf edəcəksiniz. Sizə bu yolda tükənməz qüvvə və Tanrının köməyini arzulayıram!
* * *
Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix YEVDAYEV çıxış edərək dedi:
- Müqəddəs Ramazan ayı on bir ayın sultanı, xeyir-bərəkət ayıdır. Buna görə də Ramazan ayının orucunun öz xüsusi hikmətləri vardır. Müqəddəs Qurani-Kərimin orucluğa aid hədislərinin birində deyilir ki, "Adəm oğlunun hər bir əməli özü üçündür, ancaq orucdan qeyri. O, Allah üçündür, əvəzini də Allah verir". Allah-Təala bütün tutduğunuz orucların, etdiyiniz duaların əvəzində sizə xoşbəxtlik və səadət bəxş etsin.
Biz dağ yəhudiləri uzun əsrlərdir ki, bu torpaqda məskunlaşmışıq. Uzun əsrlərdir ki, biz bu xalqla doğmalaşıb, qardaşlaşmışıq. Azərbaycan xalqı həmişə bizə dayaq olmuş və bir qalxana çevrilərək həmişə bizi bütün bəlalardan müdafiə etmişdir. Həmin bu qardaşlığın rəmzidir ki, Azərbaycanda yaşamış və indi bütün dünyada yayılmış dağ yəhudilərinin hər biri özünü hər vaxt, hər zaman azərbaycanlı sayır və Azərbaycanı öz Vətəni hesab edir. Bu qardaşlığın rəmzidir ki, möhtərəm cənab Prezidentin sərəncamı ilə Bakıda gözəl bir sinaqoq tikilmişdir. Bu ibadətgah Azərbaycanda yaşayan dağ yəhudilərinə, ümumiyyətlə, bütün dünyaya yayılmış dağ yəhudilərinə möhtəşəm bir töhfədir. Həmin möhtəşəm töhfəyə görə Allah-Təalanın mənə verdiyi qismətdən istifadə edərək Prezident həzrətlərinə minnətdarlığımı bildirmək istəyirəm:
Alqış söyləyirik, Prezident, Sizə,
Qəşəng bir sinaqoq bəxş etdin bizə.
Doğmasan, əzizsən hər birimizə,
Dərin minnətdarıq, Prezident, Sizə.
Odlar Yurdumuzun mətin oğlusan,
Heydər məktəbinin davamçısısan.
Vətənə, xalqına arxa-dayaqsan,
Dərin minnətdarıq, Prezident, Sizə.
Xalqların
yaşayır indi dinc, rahat,
Yaşayış yüksəlir hər gün, hər
saat.
Xalqın
üçün daim yaşa, qur, yarat,
Dərin minnətdarıq, Prezident, Sizə.
Hər
eldən, obadan Sizə var salam,
Hamının qəlbində Sizədir inam.
Humanist
Prezident, mehriban insan,
Dərin minnətdarıq, Prezident, Sizə.
Həmin
bu minnətdarlığın davamı olaraq mən ulu öndərin
bizim xalq üçün bir qalxana çevrilmiş kəlamını
Sizin diqqətinizə çatdırmaq istərdim:
"Yəhudilər Azərbaycanda tam əmin-amanlıq şəraitində
yaşaya bilərlər". Bəli, bu əmin-amanlığın
nəticəsidir ki, yəhudilər əsrlər boyu Azərbaycanda
yaşamış, yaşayır, yaşayacaqlar.
Bu məqamda
ulu öndərin daha bir kəlamını xatırlatmaq istərdim
ki: "Tolerantlıq yüksək mədəniyyətin təzahürüdür".
Bəli, yüksək mədəniyyətin təzahürü
odur ki, Azərbaycanda yaşayan bütün xalqlar öz milli
adət-ənənələrini, milli mənəvi dəyərlərini
saxlayaraq dinc, sakit və mehriban yaşayırlar.
Möhtərəm Prezident həzrətləri.
Şeyx həzrətləri.
Möhtərəm qonaqlar.
Mənim qismətimə bu gün bu müqəddəs
Ramazan ayının təbriki düşüb. Hamınıza
Ulu Tanrıdan cansağlığı, ailələrinizə səadət,
süfrələrinizə bol ruzi, bərəkət,
xalqımıza sülh və əmin-amanlıq arzulayıram.
Allah-Təaladan
arzum budur ki, yaxın zamanlarda doğma Qarabağımızda
Azərbaycanın dövlət bayrağı dalğalansın, gələn
Ramazan bayramını doğma Qarabağda keçirək.
Allah-Təala bu gözəl günlərdə cəmi
şəhidlərimizin ruhunu şad etsin. Allah-Təala
Azərbaycanı qorusun. Allah-Təala
hamınıza yar olsun.
* * *
Azərbaycandakı
Katolik kilsəsinin baş keşişi Vladimir FEKETE
çıxış edərək dedi:
- Əlahəzrət cənab Prezident İlham Əliyev.
Əlahəzrət Şeyxülislam Allahşükür
Paşazadə.
Hörmətli xanımlar və cənablar.
Mən
xoşbəxtəm ki, hörmətli şeyx bizi bu il də
müqəddəs Ramazan ayı münasibətilə
keçirilən bu tədbirdə və Ramazan ayının
sonunda keçiriləcək böyük "Ədl-fitrə"
bayramında birlikdə iştiraka dəvət edib. İlk növbədə, mən bizim hörmətli
şeyxə bu gözəl binada bizə göstərdiyi qonaqpərvərliyə
görə minnətdarlığımı bildirirəm.
Biz dəfələrlə bu qonaqpərvərliyin
şahidi olmuşuq.
Möhtərəm
Şeyxülislam! Azərbaycanın bütün
katolikləri adından sizə ən xoş arzularımı
bildirirəm. Ulu Tanrı sizi və sizin ailənizi
qorusun! Bu gözəl ölkənin bütün
sakinlərinin həyatında dini dözümlülük və
əməkdaşlıq ideyalarının möhkəmləndirilməsi
istiqamətində fəaliyyətinizdə Tanrı
yardımçınız olsun.
Şəxsən mənim üçün çox fərəhlidir
ki, bu fürsətdən istifadə edərək Azərbaycanda
və xaricdə yaşayan katoliklər adından, cənab
Prezident, xüsusilə Sizə dərin ehtiram və minnətdarlıq
duyğularımı ifadə edim. Bu axşam burada dəfələrlə
deyildiyi kimi, Siz dini dözümlülüyün və mərhum
atanız, ümummilli lider Heydər Əliyevin əsasını
qoyduğu müdrik siyasətin qarantısınız. Sizin rəhbərliyiniz altında bu siyasət davam
edir və möhkəmlənir.
Zati-aliləri, biz Sizin və hökumətinizin ölkənin
modernləşdirilməsi, zəngin mədəniyyətinizin
və tarixi-mədəni irsinizin qorunub saxlanması istiqamətində
fəaliyyətinizi dəstəkləyirik. Mən Sizə
əsrlər boyu Azərbaycan ərazisində mövcud
olmuş bu ölkənin ənənəvi icmalarına
göstərilən köməyə və dəstəyə
görə minnətdarlığımı bildirirəm.
Azərbaycan katolikləri kiçik icmadır. Hərçənd
bu icma Azərbaycanın inkişafına kömək etmək
istəyən əcnəbilər hesabına son vaxtlar
genişlənməkdədir. Biz dua edirik
ki, Azərbaycanda həyat gələcəkdə də
sülh və əmin-amanlıq şəraitində davam etsin.
Qoy, İlahi qanunlara riayət və hər bir
insanın ləyaqətinə hörmət bizim ölkəmizin
tərəqqisinə və inkişafına xidmət etsin.
Əlahəzrət möhtərəm Prezident.
Hörmətli Şeyxülislam.
Hörmətli qonaqlar.
İcazə verin, bir daha hamınıza Ramazan ayı
münasibətilə möhkəm cansağlığı,
Tanrı köməyi və bütün müsəlman
qardaşlarımıza əmin-amanlıq, sülh və tərəqqi
arzulayım.
* * *
Azərbaycan Prezidenti İlham Əliyev iftar mərasimində
çıxış etdi.
(Dövlətimizin başçısının
çıxışı qəzetin bugünkü nömrəsinin
birinci səhifəsində dərc olunur).
* * *
Şeyxülislam
Allahşükür PAŞAZADƏ:
- Zati-aliləri,
cənab Prezident. Ünvanıma söylədiyiniz
xoş sözlərə, şəxsiyyətimə verdiyiniz
qiymətə görə Sizə dərin minnətdarlığımı
bildirirəm. Mən bilirəm ki, Sizin
dedikləriniz xalqımızın milli mənəvi dəyərlərinə
verilən yüksək qiymətdir. Ona görə də
çox sağ olun.
Allah ulu öndər Heydər Əliyev həzrətlərinə
rəhmət etsin. 1994-cü ilin oktyabrında
çevrilişə cəhd dövründə xalq
hamısı Prezident Aparatının qarşısında, mən
beş-altı nəfərlə, - adlarını da bilirəm,
deyə bilərəm, - səhərə qədər Prezident
Aparatında qapı ağzında bərabər idik. O
dövrdə ulu öndər mənə belə dedi:
"Şeyx həzrətləri, məni istəməyənlər
vardır. Hətta məni məhv etmək istəyən
qüvvələr vardır. Onlar mənə
heç vaxt qalib gələ bilməz. Çünki
mən Allahlayam, Allah da mənimlədir".
Mən ancaq onu deyə bilərəm ki, Prezident həzrətləri,
Allah həmişə Sizə yar olsun. Həmişə Siz
qalib gələsiniz. Çünki Sizin
getdiyiniz yol həqiqət yoludur, Heydər Əliyev yoludur,
Allah yoludur.
Mən burada qardaşlarıma da, başqa dinə mənsub qardaşlarıma da minnətdarlığımı bildirirəm. Mən bu gün bir sirri də açmaq istəyirəm. Bu görüş sabah olmalı idi. Amma Prezident həzrətləri onu bu günə təyin etdi. Nəyə görə? Çünki peyğəmbərimiz Məhəmməd Sallallahu Əleyhi və Səlləmin nəvəsi, Həzrəti Əlinin, Fatimənin oğlu İmam Həsən Əleyhissalamın anadan olan günüdür. Bu müqəddəs gün bütün müsəlmanları, məzhəbləri birləşdirən bir gündür. Ona görə də mən fürsətdən istifadə edərək, başda Prezident həzrətləri olmaqla xalqımızı və burada iştirak edənlərin hamısını bayram münasibətilə təbrik edirəm.
Buyurun deyirəm, bismillah deyib, iftar süfrəsinə başlayaq.
Vəs-səlamu
əleykum və rəhmətullahi və bərəkatuhu!
* * *
Sonra
iftar süfrəsi açıldı.
AzərTAc
Azərbaycan.-2013.- 26 iyul.- S.2,3.