Bakıda «Xətdə» sosial şəbəkə akademiyası» layihəsinin

yekunları ilə bağlı konfrans keçirilmişdir

 

İyulun 25-də "Hilton" mehmanxanasında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) reallaşdırdığı "Xətdə" sosial şəbəkə akademiyası" layihəsinin yekunları ilə bağlı konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, konfransda dövlət və hökumət rəsmiləri, ARGTMŞ-yə üzv olan təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Konfransda çıxış edən ARGTMŞ-nin sədri Şahin Seyidzadə layihənin region gənclərinin şəbəkələşməsi, gənclərin informasiya texnologiyaları sahəsinə marağının artırılması, Azərbaycanda ilk dəfə olaraq sosial şəbəkələrdən düzgün istifadə üçün alətlərin yaradılması, o cümlədən sosial şəbəkələrin düzgün istifadəsinin təbliğ edilməsi məqsədi daşıdığını diqqətə çatdırmışdır.

Məlumat verilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2013-cü il Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilmişdir. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası bunu nəzərə alaraq Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2013-cü ilin yanvar ayında "Xətdə" sosial şəbəkə akademiyası" layihəsinə başlamışdır. Layihə çərçivəsində Azərbaycanın 8 iqtisadi rayonuna daxil olan 24 şəhərində 1050 gəncin iştirakı ilə 38 təlim keçirilmişdir. Dünyanın ən böyük sosial şəbəkələri "Facebook", "Twitter", eləcə də "YouTube" üzrə 4 nəfərdən ibarət ekspert komandası formalaşdırılmış, 16 multiplayerə sosial şəbəkələrlə bağlı biliklər verilmişdir. İlk dəfə olaraq Azərbaycan dilində "Facebook", "Twitter" sosial şəbəkələrinin istifadəsi üzrə 8 videotəlim çarxı hazırlanmışdır və 1000-dən çox gənc sosial şəbəkələrdən düzgün istifadə qaydalarını öyrənmişdir.

Sosial şəbəkələrin gənclərin həyatının ayrılmaz bir hissəsinə çevrildiyini bildirən gənclər və idman nazirinin müavini İntiqam Babayev vurğulamışdır ki, Azərbaycanda yeni texnologiyalar uğurla tətbiq olunmaqdadır. Bu gün Azərbaycan səmada peyki olan bir ölkədir.

Nazir müavini belə bir əminlik ifadə etmişdir ki, gənclər sosial şəbəkələrdən zəruri biliklər qazanmaq, eləcə də Azərbaycan tarixi və mədəniyyətinin təbliğ olunması məqsədilə istifadə edəcəklər.

İ.Babayev belə bir fikrixüsusi vurğulamışdır ki, ölkəmizə gələn nüfuzlu qonaqlar dəfələrlə Azərbaycanda uğurla həyata keçirilən dövlət  gənclər siyasəti modelinin bir çox Avropa dövlətlərində nümayiş etdirilməsinin zəruriliyini bildirmişlər.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə layihənin əhəmiyyətindən, habelə  Azərbaycanın  iqtisadi uğurlarından danışmışdır. Qeyd etmişdir ki, bu uğurlarla barışmayanlar çoxdur.  Dövlətimizin qayğısı ilə əhatə olunan gənclər belələrinə qarşı mübarizə aparmalıdırlar.

Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirmişdir ki, dövlətimizin bugünkü gənclər, daxili milli, sosialinformasiya siyasətinin təməlində insan amili, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası  durur. 1993-2003-cü illər ərzində formalaşan, həyata keçirilən bu siyasətin xüsusi qanadını gənclər siyasəti təşkil edir. Bu gün də Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas qayəsi məhz Azərbaycan insanı, onun mənəviyyatca  zənginləşdirilməsindən, firavan həyatının təmin edilməsindən, dünyada mövcud olan  getdikcə təkmilləşən texniki, sosial, mədəni, mənəvi və digər yeniliklərə daha çox can atmasından və Azərbaycan dövlətinin daxili həyatında bir tamlıq yaradılmasından ibarətdir. Azərbaycan dövlətinin daim gənclərdən umduğu bir məsələ vardır. Bu, güclü dövlətçilik, vətənpərvərlik hisslərinə sahib olmaqdır.

Prezident Administrasiyasının  rəsmisi bildirmişdir ki, gənclərin həyatının dolğun, firavan olduğu dövlətlərdə əhalinin bu təbəqəsinin böyük əksəriyyəti təhsili, mədəniyyəti, başqa dillərə, mədəniyyətlərə tolerant yanaşması ilə fərqlənir. Bu dövlətlərdə gənclər  ətraf aləmdə baş verən yenilikləri kifayət qədər qavrayıb öz ölkəsinin, dövlətinin dilinə, mədəniyyətinə tətbiq etmək imkanına malik olur.

Əli Həsənov sözünə davam edərək demişdir: "Sizin hər biriniz bir ailənin övladısınız, bir nəslin nümayəndəsisiniz, eyni zamanda, sizin hər biriniz Azərbaycan dövlətinin vətəndaşısınız, azərbaycanlısınız. Bu da hər bir insanın üzərinə əlavə məsuliyyət qoyur. Bu məsuliyyət dövlətin, xalqın mövcud milli-mənəvi sərvətinə sahib çıxmaq, onu inkişaf etdirmək, daxili, xarici təqiblərdən, təhdidlərdən, bizə qarşı yönələn təzyiqlərdən qorunmaq işində gənclərin öz çiyinlərini bəlli sütunlar altına vermək, bəzi yükləri öz çiyinlərinə götürmək, dövlətimizin, millətimizin təəssübünü  çəkməkdir. Belə olduğu halda, bizöz növbəmizdə gələcəyimizə tam əmin ola biləcəyik. Əmin olacağıq ki, gənclərimiz dünyada rəqabətədavamlılıqla yanaşı, milli təəssübkeşliyimizin də daşıyıcılarıdır".

Şöbə müdiri bildirmişdir ki, "Xətdə" sosial şəbəkə akademiyası" layihəsinin məqsədi, ilk növbədə, informasiya-kommunikasiya texnologiyalarının verdiyi imkanlardan gənclərin daha dolğun istifadə etmələri, onların  bu sahədə mövcud olan biliklərə yiyələnmələri, dövlət gənclər siyasətinin daha da təkmilləşdirilməsi, gənc nəslin qəlbinin dərinliklərindəki ideyaların, təşəbbüslərin sosial bloqlara çıxarılaraq bölüşdürülməsi və ən əhəmiyyətli olanlarının dövlət siyasətinə tətbiq olunmasıdır. Həmçinin sosial təşəbbüslərin gənclərin mövcud həyat tərzinin, biliklərinin, yiyələndikləri vərdişlərin, ailədə aldıqları tərbiyənin dövlətimizin, dövlətçiliyimizin, millətimizin inkişafına yönəldilməsi və əməli işdə tətbiq edilməsidir.

Əli Həsənov bildirmişdir ki, Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində Azərbaycan indiyədək heç vaxt müşahidə olunmamış yüksək inkişaf səviyyəsinə  gəlib çatmışdır. Azərbaycan artıq kosmik ailənin üzvüdür. Yadda saxlamaq lazımdır ki, postsovet məkanında yalnız Azərbaycan, Rusiya, Qazaxıstan və  Ukrayna, ümumilikdə isə  dünyada cəmi 55-60 belə dövlət bu ailənin üzvüdür. Bu 55-60 dövlətin sırasında Azərbaycanın da adının olması hər birimiz, o cümlədən gənclərimiz üçün qürurverici hadisədir.

Prezident Administrasiyasının  rəsmisi qeyd etmişdir ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi də xarici siyasətimizin uğurudur. Postsovet məkanında cəmi dörd dövlət - Rusiya, Ukrayna, Qazaxıstan və Azərbaycan buna nail olmuşdur. Azərbaycan bu gün bölgənin Türkiyə, Rusiya, Ukrayna, İran kimi dövlətləri ilə bir sırada dayanan ölkədir. Azərbaycan iqtisadi qüdrəti, adambaşına düşən ümumi daxili məhsulun həcmi, sənaye potensialı üzrə hətta onların bəzilərindən yüksəkdə durur. Bu istiqamətdə gedən inkişaf gənclərdə bir tərəfdən məsuliyyət, digər tərəfdən isə qürur hissi doğurur.

Ə.Həsənov çıxışını bu sözlərlə yekunlaşdırmışdır: "Bir tərəfdən siz bu dövlətin yaratdığı imkanlardan istifadə edirsiniz, digər tərəfdən onları qorumaq məsuliyyəti sizin üzərinizə düşür. Beynəlxalq aləmdə Azərbaycanın təbliğatını gücləndirmək vacibdir. O mədəniyyətlər, o xalqların adət-ənənələri yaşayacaqdır ki, onlar güclüdür, həmin xalqın ona sahib çıxan gəncliyi vardır. Siz dünyada azərbaycançılığın ən yaxşı nümunəsi ola bilərsiniz. Azərbaycan dövləti həmişə sizinlədir, sizin arxanızdadır".

Konfransda keçirilmiş təlimlərdən videolar, o cümlədən layihənin yekunları ilə bağlı videoçarx göstərilmişdir.

Sonda isə ən fəal multiplayerlər mükafatlandırılmışdır.

 

Azərbaycan.-2013.- 26 iyul.- S.4.