Ermənistanda etiraz
aksiyaları səngimir
İşğalçı
ölkədə insanlar ictimai
nəqliyyatdan imtina ediblər
Sosial-iqtisadi problemlərin əlində aciz qalan Ermənistanda bu sahədə vəziyyət getdikcə pisləşir. Digər tərəfdən qiymət artımlarına etirazlar da getdikcə güclənir. Xüsusən də ictimai nəqliyyatda gediş haqlarının artması narazılıqla qarşılanır. Yeri gəlmişkən qeyd edək ki, Yerevanda ictimai nəqliyyatda gediş haqqına görə tariflərin artırılmasına qarşı etiraz aksiyaları davam edir. Fəallıq göstərən vətəndaşlar avtobus və mikroavtobuslarda vərəqələr paylayırlar, nümayişkaranə şəkildə gediş haqqı üçün 150 dram əvəzinə 100 dram ödəyirlər və insanları onlardan nümunə götürməyə çağırırlar. Qeyd edək ki, Yerevanda etiraz aksiyaları artıq beşinci gününə qədəm qoyub.
Bundan əvvəl isə ictimai nəqliyyatda qiymətlərin qaldırılmasına etiraz olaraq aksiya keçirənlər hökumət binasının qarşısında baş verənlərə narazılıqlarını ifadə ediblər. Fəallardan birinin sözlərinə görə, o, baş nazir Tiqran Sarkisyanın pəncərədən mitinqi izlədiyini görüb. Etirazçılar hökumətin siyasətindən narazılıqlarını söyləməklə T.Sarkisyanın istefasını tələb ediblər. "Tiqran, get!" deyərək yürüş keçirən aksiya iştirakçıları etirazların davam edəcəyini və bunun bütün ölkə boyu yayılacağını bildiriblər.
Bununla yanaşı, Ermənistan mətbuatının verdiyi xəbərə görə, insanlar qiymətlərin artırıldığı üçün etiraz forması kimi ictimai nəqliyyatdan imtina ediblər və piyada gedirlər. Taksi sürücüləri də işə çıxmırlar. Onu da deyək ki, qiymət artımı marşrutlarda xidmətin keyfiyyətinə heç bir təsir etməyib. Xatırladaq ki, bu günlərdə Ermənistan prezidenti Serj Sarkisyan çıxışı zamanı ölkənin iqtisadi problemlərindən danışarkən ölkənin boşalması faktını etiraf etmişdi: "Xarici ölkələrdə yaxşı iş və şərait axtarışı ilə bağlı problem cəmiyyət tərəfindən çox ağrılı qarşılanır. Bunun əsas səbəbi isə ölkəmizdəki hazırkı sosial və iqtisadi vəziyyətdir".
Xalqın narazılığının səbəblərindən biri də baş verənlərə ölkə müxalifətinin seyrçi qismində yanaşmasıdır. Prezidentliyə keçmiş namizəd Andreas Qukasyan qeyd edir ki, Ermənistan cəmiyyəti uçurumun astanasında olsa da, müxalifət hakimiyyətlə razılaşaraq səsini çıxarmır. Bu da xalqın mənafeyinin satılmasından xəbər verir. Onun fikrincə, bu gün Ermənistanda yaşayan əhali bir tikə çörək tapmaqdan başqa heç nə düşünmür. Azacıq imkanı olanlar təcili qaydada ölkəni tərk edirlər. Kriminal ünsürlərdən ibarət olan hakimiyyət isə vəziyyəti bu cür saxlamaqla ömrünü uzatmağa çalışır, korrupsiya vasitəsilə ölkəni talan edir. Avropa İttifaqının (Aİ) Ermənistandakı nümayəndə heyətinin birinci müşaviri Onno Simmons bu xüsusda bildirir: "Ermənistanda korrupsiyanın səviyyəsi yüksək olaraq qalır. Korrupsiya ölkə üçün hələ də ciddi problem və çağırış olaraq mövcuddur".
O da həqiqətdir ki, Dağlıq Qarabağ münaqişəsi mövcud olduğu müddət ərzində Ermənistanın vəziyyəti getdikcə pisləşəcək. Əslində, bunu vaxtaşırı etiraf edən ermənilər də var. Məsələn, erməni ekspert Arnold Stepanyan açıq etiraf edir ki, sözügedən münaqişə Ermənistan iqtisadiyyatının inkişafına böyük ziyan vurur: "Ermənistan dövləti bilməlidir ki, gec və ya tez Qarabağ münaqişəsi həll edilməlidir. Ona görə ki, iqtisadi cəhətdən dövlət iflasa uğrayır. İflasa uğrayan dövlətin gələcəyi necə ola bilər? Münaqişəyə görə, Ermənistan dövləti böyük layihələrdən kənarda qaldı. Dövlət demək olar ki, blokadadadır. Artıq Ermənistanda miqrasiya demək olar ki, pik həddə çatıb. Buna görə də Qarabağ münaqişəsi həll edilməlidir".
Hazırda Ermənistan bir dövlət olaraq müstəqil qərar verə bilmir. Qeyd olunduğu kimi, bütün regional layihələrdən kənarda qalıb. Hesab olunur ki, Ermənistan bu işğalçı siyasətini davam etdirdikcə, onun vəziyyəti daha da pisləşəcək. Səfalət və problemlər bu ölkənin vəziyyətini daha da ağırlaşdırır və yanlış siyasət Ermənistana baha başa gəlməkdədir.
Elçin CƏFƏROV,
Azərbaycan.-2013.- 26 iyul.- S.6.