Azərbaycan idman
ölkəsi olduğunu bir
daha sübut etdi
XXVII Ümumdünya Yay
Universiadası idmançılarımızın böyük uğuru ilə
yadda qaldı
Məlum olduğu kimi, cari ayın 6-17-də Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazanda XXVII Ümumdünya Yay Universiadası keçirilmişdir. Uzun illərdir tələbə idmançıların əsas yarışı olan universiada miqyasına və əhəmiyyətinə görə Olimpiya Oyunları ilə müqayisə oluna bilər. Ümumdünya Yay Universiadalarına təqribən 150 ölkəni təmsil edən 10 min nəfərədək idmançı qatılır. Bu yarışda tələbə idmançılar 300 dəstdən çox medal uğrunda mübarizə aparırlar. Universiada iştirakçılarının təxminən 60 faizi növbəti Olimpiya Oyunlarında qüvvəsini sınayır. Kazan Universiadası isə bu göstəricilərə görə rekord vurdu. Belə ki, Tatarıstan paytaxtına 162 ölkədən 11758 idmançı, o cümlədən 27 Olimpiya çempionu və 11 Olimpiya mükafatçısı gəlmişdi. Universiadalar tarixində ilk dəfə olaraq proqrama rekord sayda - 27 idman növü daxil edilmişdi. Tələbə idmançılar 5 idman növündə ilk dəfə mübarizə aparırdılar. İştirakçıların və medal dəstlərinin sayı (351 dəst) da rekord səviyyədə idi. 4,5 milyad dollara başa gəlmiş Kazan Universiadası çərçivəsində keçirilmiş yarışları dünyanın 105 ölkəsinin televiziya kanalları işıqlandırmışdır. Tələbə oyunlarını 3 milyard nəfərdən çox televiziya tamaşaçısı izləmişdir.
Belə bir mötəbər idman tədbirində Azərbaycan idmançıları da iştirak etmişdilər. Yığma komandamız XXVII Yay Universiadasına 81 idmançı ilə qatılmış, 10 idman növündə mübarizə aparmışdır. Bəri başdan qeyd etmək lazımdır ki, təmsilçilərimiz Kazanda onlara bəslənən ümidləri tamamilə doğrultdular. Tələbə idmançılarımız gərgin mübarizə şəraitində keçən yarışlarda 16 medal (4 qızıl, 5 gümüş, 7 bürünc) qazandılar. Bu o deməkdir ki, Kazanda milli himnimiz dörd dəfə səsləndi, dövlətimizin bayrağı 16 dəfə qaldırıldı. İdmançılarımız komanda hesabında 15-ci yerə çıxdılar. Avropada 9-cu, müsəlman ölkələri arasında isə 1-ci yeri tutduq. Bu isə ötən illərlə müqayisədə rekord göstəricidir.
Təbii ki, XXVII Ümumdünya Yay Universiadasında qazanılmış bu möhtəşəm qələbə hansısa təsadüfün nəticəsi deyil. Kazan zəfərinin təməlində dövlətin bu sahədə yeritdiyi siyasət, bədən tərbiyəsi və idmanın inkişafı naminə görülən ardıcıl tədbirlər, mütəxəssis və idmançıların peşəkarlıq və məsuliyyəti durur.
Diqqətəlayiq haldır ki, yeni müstəqil ölkə olmasına, müstəqillik dövründə ağır sınaqlardan keçməsinə baxmayaraq, Azərbaycanda idmanın kütləviləşdirilməsi işi böyük ölçüdə təmin edilmişdir. Uşaqların, yeniyetmələrin, gənclərin idmana marağı ildən-ilə artır. Bu isə ondan irəli gəlir ki, müasir idman infrastrukturunun yaradılması istiqamətində işlər ardıcıl olaraq davam edir, yeni-yeni idman qurğuları inşa edilir, köhnələri bərpa olunur. Artıq elə bir bölgə yoxdur ki, orada bədən tərbiyəsi və idmanın inkişafı prioritetlər sırasında olmasın. Bu yaxınlarda Xaçmazda ölkənin 38-ci Olimpiya İdman Kompleksi istifadəyə verildi. Özü də bu, son hədd deyil. Ayrı-ayrı bölgələrdə idman qurğularının tikintisi davam edir.
Eyni zamanda, Azərbaycan qitə və dünya miqyaslı turnirlərə ev sahibliyi edir, beynəlxalq idman aləmində mövqeyini möhkəmlədir, idman ölkəsi kimi özünü təsdiq edir. Heç də təsadüfi deyil ki, iki ildən sonra keçiriləcək birinci Avropa Oyunlarını təşkil etmək hüququ ölkəmizə verilmişdir. 2017-ci ildə isə Azərbaycan başqa bir mötəbər idman tədbirinə - IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək.
Şübhəsiz ki, bütün bunlarla yanaşı, idman ölkəsi imicini, ilk növbədə, konkret uğur şərtləndirir. Bu baxımdan Azərbaycan Kazan Universiadasında idman ölkəsi olduğunu bir daha sübut etdi. Həm də Tatarıstanda qazanılmış böyük qələbə, necə deyərlər, seriyanın davamı idi. Ötən il idmançılarımız London Olimpiadasında 10 medal əldə edərək tarixi rekorda imza atmışdılar. Ümumiyyətlə, idmançılarımız Olimpiya Oyunlarında getdikcə daha çox medal qazanaraq hər dəfə milli rekordu təzələmişlər.
Digər tərəfdən, idmanın inkişafını ölkənin ümumi inkişafı şərtləndirir. Prezident İlham Əliyev XXVII Ümumdünya Yay Universiadasının qaliblərini, mükafatçılarını, onların məşqçilərini və idman mütəxəssislərini qəbul edərkən bildirdiyi kimi, "Azərbaycanın belə uğurları ölkəmizin ümumi inkişafını göstərir. Çünki sirr deyildir ki, ancaq güclü, qüdrətli dövlətlərdə idman uğurla inkişaf edə və idmanda böyük uğurlar ola bilər". Dövlət başçısı haqlı olaraq qeyd etdi ki, cəmiyyətimiz idman sahəsində uğurlara artıq bir növ vərdiş edibdir: "Əvvəlki illərdə hər bir qələbə böyük bir rezonansa səbəb olurdu. Ancaq bu da təbiidir. Çünki qələbələrin sayı artdıqca insanlar buna öyrəşir və elə gəlir ki, bu qələbələri əldə etmək çox asandır. Siz idmançılar və idmanla məşğul olanlar yaxşı bilirsiniz ki, bütün bu nailiyyətlər nə qədər böyük zəhmət hesabına əldə edilir. İdmançılar nəyin bahasına öz dövlətini ləyaqətlə təmsil edirlər, zədələnirlər, xəsarət alırlar, yorulurlar. Bütün bu işlər, necə deyərlər, diqqətdən bir qədər kənarda qalır. Ancaq bunu hamı bilməlidir. Çünki belə mötəbər yarışlarda böyük qələbəni əldə etmək üçün mütləq çox böyük fədakarlıq, peşəkarlıq və Vətənə sevgi lazımdır. Bizim gənclər vətənpərvərlik ruhunda tərbiyə alırlar, Vətənə, xalqa bağlıdırlar. Onların ən böyük mükafatı xalqın sevgisi və qiymətidir".
Kazandan böyük qələbə ilə qayıdan tələbə idmançılarımız ölkənin idman tarixinə növbəti şanlı səhifə yazdılar. Eyni zamanda, unutmaq olmaz ki, onlar hələ gəncdirlər, idmana yenicə qədəm qoymuşlar. Bu idman istedadlarını qarşıda bir-birindən mötəbər yarışlar gözləyir. Bu turnirlərin ən böyüyü isə üç il sonra keçiriləcək Olimpiya Oyunlarıdır. Şübhə etməmək olar ki, gənc idmançılarımız dünyanın ən mötəbər idman tədbirində də Kazandakı kimi uğurla çıxış edərək xalqımızı sevindirəcəklər.
Allahverdi MEHDİYEV,
Azərbaycan.-2013.- 26 iyul.- S.7.