Fərhad BƏDƏLBƏYLİ: «Qəbələ
V Beynəlxalq
Musiqi Festivalının proqramı çox zəngindir»
"Qəbələ Beynəlxalq Musiqi Festivalının nüfuzu
ildən-ilə artır. Builki festivalın proqramı çox zəngindir. Festivalda rəngarəng
konsertlər olacaq və fərqli musiqi əsərləri səsləndiriləcəkdir. Düşünürəm ki, Qəbələ
V Beynəlxalq Musiqi Festivalı haqqında hələ çox danışılacaqdır".
Bu sözləri Qəbələ
V Beynəlxalq Musiqi Festivalının bədii
rəhbərlərindən biri, Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının rektoru,
xalq artisti Fərhad Bədəlbəyli
AzərTAc-a müsahibəsində
demişdir.
Fərhad
Bədəlbəyli konsertlərdə
Rusiya, Koreya Respublikası, Türkiyə,
Böyük Britaniya, İsrail, Qazaxıstan, Litva, Fransa, İspaniya, Belçika, Fransa, ABŞ və İtaliyanın müasir ifaçılıq sənətinin
zirvəsində duran dünya şöhrətli
ustad sənətkarların
və məşhur kollektivlərin iştirak edəcəyini bildirmişdir.
F.Bədəlbəyli festivalda simfonik
və kamera konsertlərinin, muğam gecəsinin, caz axşamlarının musiqisevərlərə
dünya musiqisinin zənginliyini duymağa imkan verəcəyini qeyd etmişdir. Bu il festivalın
proqramında yubileylərə
həsr olunmuş konsertlərin keçirilməsini
xüsusi qeyd edən F.Bədəlbəyli
bu sırada dahi italyan bəstəkarı
Cüzeppe Verdinin iki yüz illik
yubileyinin qeyd edilməsi ilə yeni bir ənənənin
davam etdirilməsindən
danışmışdır.
Azərbaycanın füsunkar guşələrindən
biri olan Qəbələnin ənənəvi
beynəlxalq musiqi festivalına ev
sahibliyi etdiyini qeyd edən F.Bədəlbəyli burada
səslənən musiqinin
yerli əhaliyə unudulmaz anlar bəxş edəcəyini,
tamaşaçılar tərəfindən
rəğbətlə qarşılanacağını
əminliklə söyləmişdir.
O, festival çərçivəsində
bir çox maraqlı təqdimatların
da keçiriləcəyini
bildirmişdir.
Qəbələ
V Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri
Heydər Əliyev Fondunun möhtəşəm mədəniyyət
layihələrindən biri kimi beynəlxalq aləmdə
böyük əks-səda doğuran bu möhtəşəm
musiqi bayramının təkrarolunmaz dəst-xəttinin
olduğunu qeyd etmişdir.
Azərbaycan.-2013.- 26 iyul.- S.7.