V Qəbələ Beynəlxalq Musiqi Festivalı
çərçivəsində
kamera musiqisi
axşamı olmuşdur
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 25-də kamera musiqisi axşamı olmuşdur.
AzərTAc xəbər verir ki, Qəbələ şəhərindəki "Qafqaz Resort" otelinin kamera zalında keçirilən növbəti konsertdə görkəmli Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirilmişdir.
Müxtəlif nüfuzlu festivalların iştirakçısı və beynəlxalq müsabiqələr laureatları olan istedadlı gənc pianoçular - P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının nəzdindəki Mərkəzi Musiqi Məktəbinin tələbəsi Nazxanım Dadaşova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi Müşfiq Quliyev, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti İlahə Sadıxzadə, vokalçı Məhərrəm Hüseynov, Mustafa Mehmandarov (skripka), Jalə Əliyeva (violonçel) və "Bakutrio" qrupunun iştirakı ilə V.A.Motsartın "Fiqaronun toyu", "Don Juan" operalarından, E.Qriqin "Kənd həyatının mənzərələri", D.Şostakoviçin "Trio" əsərlərindən parçalar ifa olunmuşdur.
Azərbaycan musiqiçilərinin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.
Avqustun
6-dək davam edəcək musiqi bayramında Azərbaycan və
xarici ölkələrdən görkəmli musiqiçilər,
bədii kollektivlər, solistlər, dirijorlar
çıxış edəcəklər.
Azərbaycan.-2013.- 26 iyul.- S.7.