Bakıda türkdilli
dövlətlərin gənclərinin
beynəlxalq yaradıcılıq
festivalı başa çatmışdır
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən türkdilli dövlətlərin gənclərinin beynəlxalq yaradıcılıq festivalı çərçivəsində iyulun 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında yekun tədbirlər - gənc fotoqrafların əsərlərinin sərgisi və qala-konsert olmuşdur.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları qala-konsertdən əvvəl filarmoniyanın foyesində türkdilli ölkələrin iqtisadi, sosial, mədəni həyatının, təbiətinin əks olunduğu fotosərgini böyük maraqla seyr etmişlər.
Filarmoniyanın geniş salonunda toplaşan tədbir iştirakçılarına festival müddətində əldə olunan nailiyyətlərdən danışılmışdır. Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş festivala Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Türkmənistandan gənclər qatılmışlar.
Festivalın məqsədi türkdilli dövlətlərin gənclərinin mədəni və mənəvi nailiyyətlərinin mübadiləsi vasitəsilə mədəni platformanın yaradılması və yaradıcı gənclərin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi, türkdilli xalqların mədəniyyətinin, milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin təbliğidir.
Festival 6 nominasiya - vokal, rəqs, ifaçılıq, moda, foto və dekorativ-tətbiqi sənət nominasiyaları üzrə keçirilmişdir.
Diqqətə çatdırılmışdır ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə ilk dəfə keçirilən bu festival davamlı və uzunömürlü olacaqdır.
Azərbaycanın "Bayram rəqsi" ilə başlanan qala-konsert digər türkdilli dövlətlərin incəsənət ustalarının ifasında maraqlı musiqi nömrələri ilə davam etmişdir.
Sonda festival iştirakçılarına
diplomlar təqdim olunmuşdur.
Azərbaycan.-2013.-
26 iyul.- S.7.