Prezident İlham Əliyevin tapşırığına əsasən İmran Cəfərzadə

əməliyyat olunması üçün Almaniyaya yola salınmışdır

 

"Nabran Holiday Village" istirahət mərkəzində bədbəxt hadisə nəticəsində ciddi xəsarət almış iki yaşlı İmran Cəfərzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Berlinin ən yaxşı klinikalarından biri olan "Charite"də əməliyyat olunması üçün iyulun 26-da Almaniyaya yola salınmışdır.

AzərTAc xəbər verir ki,  "Akvapark"da bədbəxt hadisə nəticəsində ciddi xəsarət almış azyaşlı İmran Cəfərzadəyə zəruri tibbi yardımın göstərilməsi üçün Heydər Əliyev Fondu tərəfindən təşkilati məsələlərin icrasına başlanılmışdır.

Almaniyadan Bakıya gəlmiş ixtisaslaşmış həkimlərdən ibarət ambulans təyyarə uşağı 28 gün davam edəcək diaqnostika üçün xəstəxanaya aparmışdır. Həmin vaxt ərzində Almaniyada bu sahənin ən yaxşı həkimlərinin bir neçə konsiliumu keçiriləcəkdir. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə artıq həmin həkimlərlə danışıqlar aparılmışdır. İlkin olaraq 2-3 əməliyyat keçiriləcəyi istisna edilmir. Hazırda uşağın vəziyyəti stabildir. Uşaq uzun müddət hovuzda qaldığına görə onun ciyərinə düşən su həkimlər tərəfindən çıxarılmışdır.

Heydər Əliyev Fondu İmran Cəfərzadənin üzərində əməliyyatın keçirilməsi üçün bütün xərcləri öz üzərinə götürəcəkdir. Bundan əlavə, Azərbaycan Prezidentinin tapşırığına əsasən, ailənin uşağın müalicəsinə xərclədiyi bütün vəsait də dövlət tərəfindən ödəniləcəkdir.

Azyaşlının anası Nuridə Cəfərova demişdir: "Azərbaycanın Prezidenti İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya minnətdarlığımızı bildiririk. Bütün Azərbaycan xalqına, o cümlədən Mərkəzi Klinik Xəstəxananın bütün işçi heyətinə təşəkkür edirik. Fəxr edirik ki, Azərbaycan kimi ölkədə yaşayırıq".     

Mərkəzi Klinik Xəstəxananın təcili yardım həkimi Azad Əbilov jurnalistlərə açıqlamasında xəstənin vəziyyətinin stabil olduğunu bildirmişdir. Qeyd etmişdir ki, xəstəyə lazım olan preparatlar vurulmuş, o, tam stabil halda tibbi təxliyə ilə Heydər Əliyev Beynəlxalq Aeroportuna çatdırılmış və alman həkimlərə təhvil verilmişdir.

 

Azərbaycan.-2013.- 27 iyul.- S.3.