Afərin, Nərminə!
Tovuzlu məzun Nərminə Murğuzova test
imtahanlarında 700 bal toplayıb
Sadə ailədə böyüyüb. Atası Sahib yol idarəsində fəhlə işləyir. Anası Elmira xanım evdar qadındır. Təkcə Murğuzovlar ailəsində deyil, Nərminənin oxuduğu Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbində əsl bayram əhval-ruhiyyəsi hökm sürür. Hamı sevinir, hamı təbrikə gəlir, hamı bu yüksək istedad sahibinə gələcək həyatında uğurlar arzulayır.
Bozalqanlı kənd tam orta məktəbi Tovuz rayonunun ən iri, ən qabaqcıl təhsil ocaqlarından biri sayılır. İnişil ilin ən yaxşı məktəbi adına layiq görülüb. Respublikanın təcrübəli təhsil işçisi, Sosialist Əməyi Qəhrəmanı Məhər Quliyev uzun illər burada çalışıb. Onun təşəbbüsü ilə texniki fənlərə xüsusi üstünlük verilirdi. Hər il onlarca məzun ölkənin ən nüfuzlu ali məktəblərinə, xüsusən hərbi təmayüllü məktəblərə gedir. Keçən il məktəbin məzunu Səlmi Əliyeva 687 bal toplayaraq respublika Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olanda Nərminə onu təbrik edərək demişdi:
- Uğurlar olsun, Səlmi! Mən də həmin akademiyaya gələcəyəm, özü də 700 balla. İndi budur, gərgin zəhmətin sayəsində müqəddəs arzu həqiqətə çevrildi. Nərminə Murğuzova respublika Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi adına layiq görülüb.
Bu istedadlı qıza dərs demiş müəllimlərdən Nüsrət Quliyev, Sevinc Həsənova, Nəcibə Məhərrəmova, Şərqiyyə Ələkbərova və başqaları deyirlər ki, Nərminə həmişə intizamlı, çalışqan, böyüyün-kiçiyin yerini bilən olub. Həmişə ictimai işlərdə fəallıq göstərir, elmə, biliyə can atırdı.
Anası Elmira xanımın isə sevinci, fərəhi yerə-göyə sığmır:
- Doğrudur, qızım çalışqandır, oxuyandır, amma bütün bu uğurlar ulu öndər Heydər Əliyevin yolunu layiqincə davam etdirən İlham Əliyevin zəhmət adamlarının geniş əl-qol ata bilmələri üçün yaratdığı tükənməz imkan və şəraitin bəhrəsidir. Ona görə də həmişə və hər sahədə bizə qayğı və diqqət göstərən dövlət başçısına ürəkdən minnətdarıq.
Əhməd
İSAYEV,
Azərbaycan.-2013.- 27 iyul.- S.8.