Müasirləşən, modernləşən bölgələr AzərTAc-ın videotəqdimatında

 

Gəzdim Azərbaycanı: Bakı-Şəki

 

 

Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) "Gəzdim Azərbaycanı" layihəsi bu dəfə əsrlər boyu İpək yolunun əsas şəhərlərindən olan Şəki haqqındadır.

On iki dəqiqəlik videoreportajda qədimlik, milli memarlıq, sənətkarlıq, özünəməxsus kulinariyafolklorun birləşdiyi bu şəhərin tarixi, mədəniyyəti, incəsənəti, iqtisadiyyatı və təbiəti barədə məlumat verilir.

Süjetdə qeyd edilir ki, daş küçələri, karvansaraları, qədim ibadətgahları, habelə qonaqpərvərliyi buranı daim insanların can atdığı diyara çevirib. Bildirilir ki, hər qarışı, hər küçəsi qədim olan Şəkidə Dairəvi məbəd, "Gələrsən-görərsən" qalası, Şəki Cümə, Ömər Əfəndi məscidləri, Narınqala, Şəki Xan sarayı, Kiş kəndindəki

I-II əsrlərə aid qədim alban kilsəsi və bir çox digər tikililər vardır.

Süjetdə Şəkidəki sənaye müəssisələri, müasir parkmeydanlar, müasir səhiyyə, təhsil, idman, mədəniyyət obyektləri barədə də geniş məlumat verilir.

"Gəzdim Azərbaycanı: Bakı-Şəki" videoreportajında ilin bütün fəsillərində şəhərdə xarici turistlərə rast gəlindiyi bildirilir. Qeyd edilir ki, Şəkidə qonaqlar üçün müasir hotellər, təbiət qoynunda istirahət guşələri fəaliyyət göstərir.

Süjetdə, həmçinin Şəkidə qədim xalq sənətinin bir sıra növlərinin - təkəlduz, papaqçı, qalayçı, dulusçu, sandıq və musiqi alətləri sənətkarlığının bu gün də yaşadığı diqqətə çatdırılır.  Şəkinin özünəməxsus və zəngin mətbəxi haqqında geniş məlumat verilir.

"Gəzdim Azərbaycanı: Bakı-Şəki" videoreportajında bildirilir ki, qədim tarix, zəngin mədəni irs, heyrətamiz memarlıq, rəngarəng sənətkarlıq Şəkini Azərbaycanın və dünyanın təkrarolunmaz guşəsinə çevirmişdir. Müasirlik isə Şəkini daha da gözəlləşdirib, yeniliklər yaratmışdır. Şəki iki zamanı özündə daha qabarıq birləşdirən bir şəhər kimi yaşayır. 2700 ildir ki, öz gözəlliyi, zarafatcıl, hazırcavab, müsbət enerjili insanları ilə  məşhur olan Şəki nağıllar aləmidir.  Azərbaycanın sənət və mədəniyyət beşiyi olan Şəki dövlətin güclü iqtisadi siyasəti nəticəsində bu gün  daha da abadlaşır  inkişaf edir.

Bu videoreportajla və həmçinin Azərbaycanın digər bölgələrindən hazırlanmış tanıtım videoları ilə bu linkdən:   http://azertag.com/node/1120133/the_modernizing_districts tanış olmaq mümkündür.

 

Azərbaycan.-2013.- 27 iyul.- S.7.