V Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində

 növbəti kamera musiqisi axşamı olmuşdur

 

Heydər Əliyev Fondunun möhtəşəm mədəniyyət layihələrindən biri kimi böyük əks-səda doğuran V Qəbələ Beynəlxalq Musiqi Festivalı uğurla davam edir.

AzərTAc xəbər verir ki, iyulun 26-da Qəbələ şəhərindəki "Qafqaz Resort" hotelinin kamera zalında keçirilən növbəti konsertdə görkəmli Azərbaycan bəstəkarlarının əsərlərindən parçalar səsləndirilmişdir.

Kamera musiqisi axşamında müxtəlif nüfuzlu festivalların iştirakçısı və beynəlxalq müsabiqələr laureatı gənc pianoçu Müşfiq Quliyev və vokalçı Azər Rzazadə Niyazinin "Arzu", Qara Qarayevin "Eskiz", "Mən sizi sevirdim", Fikrət Əmirovun "Ulduz", "Azərbaycan elləri", Tofiq Quliyevin "Əziz surət", Süleyman Ələsgərovun "Küsmərəm", Rauf Hacıyevin "Bakı" əsərlərini, eləcə də "Gözəlim sənsən", "Küçələrə su səpmişəm" Azərbaycan xalq mahnılarını təqdim etmişlər.

Azərbaycan musiqiçilərinin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi, istedadlı pianoçu Müşfiq Quliyev İtaliyada keçirilən gənc ifaçıların "21-ci əsrin incəsənəti" müsabiqəsinin qalibi olmuşdur.

"Riqoletto", "Trubadur", "Traviata", "Sevil", "İntizar" operalarında müxtəlif partiyaların ifaçısı Azər Rzazadə Vokalçıların Bülbül adına V Beynəlxalq Müsabiqəsinin laureatıdır.

Avqustun 6-dək davam edəcək musiqi bayramında Azərbaycan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər və solistlər çıxış edəcəklər.

 

Azərbaycan.-2013.- 27 iyul.- S.8.