Ölçmələrin vəhdətinin
təmin edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında ölçmələrin vəhdətinin təmin edilməsinin hüquqi və təşkilati əsaslarını müəyyən edir.
1-Cİ FƏSİL
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1.
ölçmə - kəmiyyətin ədədi qiymətinin
müəyyən edilməsi üçün yerinə yetirilən
əməliyyatların məcmusu;
1.0.2.
ölçü vahidi - kəmiyyət vahidi kimi qəbul edilən
və onunla həmcins olan kəmiyyətlərin miqdarca ifadəsi
üçün istifadə olunan, təsbit edilmiş qiymət;
1.0.3.
ölçmələrin vəhdəti - nəticələri
tətbiqinə rəsmi icazə verilmiş kəmiyyət
vahidi ilə ifadə edilən və dəqiqlik göstəriciləri
hüdudlardan kənara çıxmayan ölçmələrin
vəziyyəti;
1.0.4.
metroloji tələblər - ölçmə vasitələrinin,
standart nümunələrin və kəmiyyət vahidi
etalonlarının ölçmələrin nəticələrinə
təsir göstərən dəqiqlik göstəricilərinə,
ölçmələrin yerinə yetirilməsi şəraitinə
dair tələblər;
1.0.5.
metroloji ekspertiza - metroloji tələblərin müəyyənləşdirilməsinin
və onlara riayət olunmasının təhlili və qiymətləndirilməsi;
1.0.6.
metroloji nəzarət - metroloji qayda və normalara riayət
olunmasının yoxlanması üzrə fəaliyyət;
1.0.7.
kəmiyyət vahidi etalonu - kəmiyyət vahidinin
reallaşdırılması (təkrarlanması),
saxlanılması və ölçmə vasitələrinə
ötürülməsi üçün istifadə olunan
texniki vasitə;
1.0.8.
dövlət kəmiyyət vahidi etalonu - dövlət
mülkiyyətində olan kəmiyyət vahidi etalonu;
1.0.9.
dövlət ilkin kəmiyyət vahidi etalonu - kəmiyyət
vahidinin reallaşdırılmasını (təkrarlanmasını),
saxlanılmasını və ötürülməsini ən
yüksək dəqiqliklə təmin edən, bu göstəricidə
təsdiq olunan və Azərbaycan Respublikasının ərazisində
ilkin etalon kimi qəbul edilən dövlət kəmiyyət
vahidi etalonu;
1.0.10.
kəmiyyət vahidinin ötürülməsi - ölçmə
vasitəsinin saxladığı kəmiyyət vahidinin kəmiyyət
vahidi etalonunun və ya standart nümunənin
reallaşdırdığı (təkrarladığı) kəmiyyət
vahidinə uyğunlaşdırılması;
1.0.11.
izlənilmə - tutuşdurulma, yoxlanılma, kalibrlənmə
vasitəsi ilə kəmiyyət vahidi etalonlarının və
ölçmə vasitələrinin dövlət ilkin kəmiyyət
vahidi etalonu ilə sənədlə təsdiq edilmiş əlaqəsini
müəyyənləşdirən xassə;
1.0.12.
kəmiyyət vahidi etalonlarının tutuşdurulması -
eyni dəqiqlik səviyyəli kəmiyyət vahidi
etalonları tərəfindən və eyni şəraitdə
reallaşdırılan (təkrarlanan) kəmiyyət vahidləri
arasında nisbəti müəyyənləşdirən əməliyyatların
məcmusu;
1.0.13.
ölçmə vasitəsi - ölçmənin yerinə
yetirilməsi üçün istifadə olunan texniki vasitə;
1.0.14.
ölçmə metodikası (metodu) - yerinə yetirilməsi
ölçmələrin nəticələrinin dəqiqlik
göstəriciləri ilə alınmasını təmin edən,
konkret təsvir edilmiş əməliyyatların məcmusu;
1.0.15.
ölçmə metodikalarının (metodlarının)
attestasiyası - ölçmə metodikalarının
(metodlarının) ölçmələrə dair metroloji tələblərə
uyğunluğunun qiymətləndirilməsi və təsdiq
edilməsi;
1.0.16.
birbaşa ölçmə - kəmiyyətin axtarılan qiymətinin
bilavasitə ölçmə vasitəsindən
alındığı ölçmə;
1.0.17.
metroloji xidmət - ölçmələrin vəhdətinin təmin
edilməsi üzrə işləri təşkil edən və
yerinə yetirən hüquqi və ya fiziki şəxs;
1.0.18. ölçmə vasitələrinə texniki tələblər - ölçmə vasitələrinin istismarı prosesində onların metroloji xarakteristikalarının saxlanılması, ölçmələrin nəticələrinin etibarlılığına nail olunması, icazəsiz sazlama və müdaxilənin qarşısının alınması məqsədi ilə ölçmə vasitələrinin konstruksiyasının xüsusiyyətlərini (onların texniki təkmilləşdirilməsini məhdudlaşdırmadan) müəyyən edən, həmçinin ölçmə vasitəsinin təhlükəsizliyini və elektromaqnit uyğunluğunu təmin edən tələblər;
1.0.19. ölçmə vasitələrinin yoxlanılması - ölçmə vasitələrinin metroloji tələblərə uyğunluğunun təyin və təsdiq edilməsi məqsədi ilə yerinə yetirilən əməliyyatların məcmusu;
1.0.20. ölçmə vasitələrinin tipi - eyni kəmiyyətləri ölçmək üçün nəzərdə tutulmuş, eyni kəmiyyət vahidi ilə ifadə olunmuş, eyni iş prinsipinə əsaslanan, eyni konstruksiyaya malik olan və eyni texniki sənədlər üzrə hazırlanmış ölçmə vasitələrinin məcmusu;
1.0.21. standart nümunə - sınağın nəticələrinə görə təyin edilmiş bir və daha çox kəmiyyətin qiymətləri ilə maddənin (materialın) tərkib və xassələrini xarakterizə edən maddə (material) nümunəsi;
1.0.22. standart nümunələrin tipi - eyni təyinatlı, eyni texniki sənədlər əsasında və eyni maddədən (materialdan) hazırlanmış standart nümunələrin məcmusu;
1.0.23. tipin təsdiqi məqsədi ilə ölçmə vasitələrinin və ya standart nümunələrin sınaqları - eyni tipli ölçmə vasitələrinin və ya standart nümunələrin metroloji və texniki xarakteristikalarının müəyyən edilməsi üzrə yerinə yetirilən işlər;
1.0.24. standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi - tipin təsdiqi məqsədi ilə keçirilən sınaqların nəticələri əsasında, standart nümunənin və ya ölçmə vasitəsinin tipinin metroloji və texniki tələblərə uyğunluğu barədə qərarın qəbulu;
1.0.25. ölçmə vasitələrinin kalibrlənməsi - ölçmə vasitələrinin metroloji xarakteristikalarının həqiqi qiymətlərinin təyin edilməsi məqsədi ilə yerinə yetirilən əməliyyatların məcmusu;
1.0.26. ölçmə funksiyalı texniki sistemlər və qurğular - əsas funksiyaları ilə yanaşı, ölçmə funksiyalarını da yerinə yetirən texniki sistemlər və qurğular;
1.0.27. ölçülüb qablaşdırılmış mallar - alıcının iştirakı olmadan qablaşdırılan, açılması və deformasiyası baş vermədikdə içindəkilər dəyişməz qalan, qablaşmadakı malın miqdarını xarakterizə edən kütlə, həcm, uzunluq, sahə və digər kəmiyyətləri qablaşmanın üzərində qeyd edilən mallar.
Maddə 2. Qanunun məqsədi və tətbiq dairəsi
2.1. Bu qanun insan həyatının və sağlamlığının qorunması, ətraf mühitin, bitki və heyvanlar aləminin mühafizəsi, dövlətin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yerinə yetirilən ölçmələrin obyektiv, etibarlı və müqayisə edilən nəticələrinin alınmasında cəmiyyətin və dövlətin tələbatını təmin etmək və ölçmələrin qeyri-dəqiq nəticələrinin mənfi təsirinin qarşısını almaq məqsədi daşıyır.
2.2. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsi aşağıdakı sahələrdə yerinə yetirilən ölçmələrə şamil edilir:
2.2.1. səhiyyə;
2.2.2. bitki mühafizəsi və karantini, aqrokimyəvi tədbirlərin həyata keçirilməsi;
2.2.3. baytarlıq;
2.2.4. ətraf mühitin mühafizəsi;
2.2.5. əməyin mühafizəsi;
2.2.6. təhlükə potensiallı obyektlərin istismarına dair texniki təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət;
2.2.7. ödənişli xidmətlərin göstərilməsi, ticarət əməliyyatları, malların ölçülüb qablaşdırılması;
2.2.8. dövlət uçot və qeydiyyat əməliyyatları;
2.2.9. su, qaz, elektrik və istilik enerjisinin sərfinin
uçotu;
2.2.10. dövlətin müdafiəsi və təhlükəsizliyinin
təmin edilməsi;
2.2.11. bank, vergi və gömrük əməliyyatları;
2.2.12. fövqəladə hallarda təhlükəsizliyin
təmin edilməsi;
2.2.13. geodeziya və kartoqrafiya;
2.2.14. hidrometeorologiya;
2.2.15. məhsulların (işlərin, xidmətlərin)
normativ hüquqi aktlarla müəyyən edilmiş məcburi
tələblərə uyğunluğunun qiymətləndirilməsi;
2.2.16. rəsmi idman yarışlarının
keçirilməsi, idmançıların hazırlanması;
2.2.17. dövlət orqanlarının ölçmələrin
məcburi aparılması barədə qərarlarının icrası;
2.2.18. dövlət nəzarəti üzrə tədbirlərin
həyata keçirilməsi.
2.3.
Ölçmələrin vəhdətinin təmin edilməsinin
dövlət tənzimlənməsi həmçinin məcburi
tələblər müəyyən edilmiş kəmiyyət
vahidlərinə, kəmiyyət vahidi etalonlarına, standart
nümunələrə və ölçmə vasitələrinə
şamil edilir.
2.4.
Dövlətin müdafiəsi və təhlükəsizliyi
sahəsində fəaliyyətin həyata keçirilməsi məqsədi
ilə ölçmələrin vəhdətinin təmin edilməsinin
xüsusiyyətlərini müvafiq icra hakimiyyəti orqanı
müəyyən edir.
2.5. Bu
maddədə göstərilən sahələrdə tətbiq
edilən ölçmə vasitələrinə dair tələblər
məcburidir.
Maddə 3. Ölçmələrin vəhdətinin təmin edilməsi
haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi
Ölçmələrin vəhdətinin təmin edilməsi
haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan
Respublikasının Konstitusiyasından, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən və bu qanundan ibarətdir.
Maddə 4. Ölçmələrin vəhdətinin təmin edilməsi
sahəsində dövlətin vəzifələri
4.0.
Ölçmələrin vəhdətinin təmin edilməsi
sahəsində dövlətin vəzifələri
aşağıdakılardır:
4.0.1. dövlət siyasətini müəyyən etmək
və həyata keçirmək;
4.0.2. normativ hüquqi tənzimləməni təmin
etmək;
4.0.3. ölçmələrin vəhdətinin təmin
edilməsi üzrə prioritet sahələri müəyyənləşdirmək;
4.0.4. dövlət nəzarətini həyata
keçirmək;
4.0.5. ölçmə vasitələrinin
sertifikatlaşdırılmasını təmin etmək;
4.0.6. fundamental və tətbiqi elmi tədqiqatlar
aparmaq, elmi-texniki fəaliyyəti həyata keçirmək;
4.0.7. beynəlxalq əməkdaşlığı həyata
keçirmək;
4.0.8. kadr hazırlığını təmin etmək.
2-Cİ
FƏSİL
ÖLÇMƏLƏRƏ,
KƏMİYYƏT VAHİDLƏRİNƏ,
KƏMİYYƏT VAHİDİ ETALONLARINA, STANDART
NÜMUNƏLƏRƏ VƏ ÖLÇMƏ
VASİTƏLƏRİNƏ DAİR ÜMUMİ
TƏLƏBLƏR
Maddə 5. Ölçmələrə dair tələblər
5.1.
Ölçmələrin vəhdətinin təmin edilməsinin
dövlət tənzimlənməsinə aid olan ölçmələr
tipi təsdiq edilmiş və yoxlamadan keçmiş
ölçmə vasitələrindən istifadə edilməklə,
attestasiya edilmiş ölçmə metodikaları
(metodları) ilə (birbaşa ölçmələrin yerinə
yetirilməsi üçün nəzərdə tutulmuş
ölçmə metodikaları (metodları) istisna olmaqla)
yerinə yetirilməlidir. Ölçmələrin
nəticələri Azərbaycan Respublikasında tətbiqinə
icazə verilmiş kəmiyyət vahidləri ilə ifadə
olunmalıdır.
5.2.
Ölçmələrin vəhdətinin təmin edilməsinin
dövlət tənzimlənməsinə aid olan ölçmə
metodikalarının (metodlarının) attestasiyası həmin
ölçmə vasitələrinin tipinin təsdiqi prosesində,
onların məcburi metroloji tələblərə
uyğunluğunun müəyyən edilməsi yolu ilə həyata
keçirilir. Digər hallarda ölçmə metodikalarının
(metodlarının) metroloji tələblərə
uyğunluğu onların attestasiyası yolu ilə təsdiq
edilir.
5.3.
Ölçmələrin vəhdətinin təmin edilməsinin
dövlət tənzimlənməsinə aid olan ölçmə
metodikalarının (metodlarının) attestasiyasını
ölçmələrin vəhdətinin təmin edilməsi
sahəsində akkreditasiya edilmiş hüquqi və ya fiziki
şəxslər keçirirlər. Attestasiya
edilmiş ölçmə metodikaları (metodları)
haqqında məlumatlar attestasiyanı keçirən şəxslər
tərəfindən ölçmələrin vəhdətinin
təmin edilməsi üzrə dövlət məlumat fonduna
verilir.
5.4.
Ölçmələrin vəhdətinin təmin edilməsinin
dövlət tənzimlənməsinə aid olan ölçmə
metodikalarının (metodlarının) attestasiyası və tətbiqi
qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
5.5.
Ölçmələrin vəhdətinin təmin edilməsinin
dövlət tənzimlənməsinə aid olan ölçmələrin
siyahısı, həmin ölçmələrə dair məcburi
metroloji tələblər, o cümlədən dəqiqlik
göstəriciləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə 6. Kəmiyyət vahidlərinə dair tələblər
6.1. Azərbaycan Respublikasında Ölçülər
və Çəkilər üzrə Baş Konfrans tərəfindən
qəbul edilmiş Beynəlxalq vahidlər sisteminin kəmiyyət
vahidləri tətbiq edilir. Beynəlxalq vahidlər
sisteminin kəmiyyət vahidləri ilə bərabər sistemdənkənar
kəmiyyət vahidlərinin tətbiqinə müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş qaydada yol verilir.
6.2. Kəmiyyət
vahidlərinin adları, işarələri və
yazılış qaydası müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
6.3.
İxrac olunan məhsulların kəmiyyəti, o cümlədən
ölçmə vasitələrinin xarakteristikaları
sifarişçi ilə bağlanılmış müqavilədə
nəzərdə tutulmuş kəmiyyət vahidləri ilə
ifadə oluna bilər.
Maddə 7. Dövlət kəmiyyət vahidləri etalonlarına
dair tələblər
7.1.
Dövlət kəmiyyət vahidləri etalonları Azərbaycan
Respublikasının etalon bazasını təşkil edir.
7.2.
Dövlət ilkin kəmiyyət vahidləri etalonları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq
edilir.
7.3.
Dövlət ilkin kəmiyyət vahidləri
etalonlarının qorunub saxlanılması və dövlət
ilkin kəmiyyət vahidləri etalonlarından kəmiyyət
vahidlərinin ötürülməsi müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təmin edilir.
7.4.
Dövlət ilkin kəmiyyət vahidləri
etalonlarının mülki dövriyyədə olmasına yol
verilmir.
7.5.
Dövlət kəmiyyət vahidləri etalonları
haqqında məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən
ölçmələrin vəhdətinin təmin edilməsi
üzrə dövlət məlumat fonduna daxil edilir.
7.6.
Dövlət ilkin kəmiyyət vahidləri etalonları Beynəlxalq
Ölçülər və Çəkilər Bürosunun kəmiyyət
vahidləri etalonları və ya xarici dövlətlərin kəmiyyət
vahidləri etalonları ilə tutuşdurulmalıdır.
7.7. Azərbaycan Respublikasında dövlət ilkin kəmiyyət
vahidləri etalonlarına izlənilən kəmiyyət vahidləri
etalonları tətbiq edilməlidir. Müvafiq dövlət
ilkin kəmiyyət vahidləri etalonları olmadıqda,
ölçmələrin vəhdətinin təmin edilməsinin
dövlət tənzimlənməsi sahəsində tətbiq
edilən ölçmə vasitələrinin xarici dövlətlərin
kəmiyyət vahidləri etalonları ilə izlənilməsi
təmin edilir.
7.8.
Dövlət ilkin kəmiyyət vahidləri
etalonlarının təsdiqi, saxlanılması,
tutuşdurulması və tətbiqi, kəmiyyət vahidinin
dövlət etalonundan ötürülməsi, kəmiyyət
vahidləri etalonlarından istifadə qaydaları, kəmiyyət
vahidi etalonlarına dair məcburi tələblər və bu tələblərə
uyğunluğun qiymətləndirilməsi qaydası
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə 8. Standart nümunələrə dair tələblər
8.1.
Standart nümunələr maddələrin (materialların) tərkibinin
və ya xassələrinin Azərbaycan Respublikasında tətbiqinə
icazə verilmiş kəmiyyət vahidlərinin qiymətlərində
ifadə olunan xarakteristikalarının
reallaşdırılması (təkrarlanması),
saxlanılması və ötürülməsi
üçün nəzərdə tutulur.
8.2.
Ölçmələrin vəhdətinin təmin edilməsinin
dövlət tənzimlənməsi sahəsində yalnız
tipləri təsdiq edilmiş standart nümunələr tətbiq
olunur.
Maddə 9. Ölçmə vasitələrinə dair tələblər
9.1.
Ölçmələrin vəhdətinin təmin edilməsinin
dövlət tənzimlənməsinə aid olan sahədə
bu qanuna uyğun olaraq tipi təsdiq edilmiş və yoxlamadan keçmiş,
ölçmə vasitələrinə məcburi metroloji və
texniki tələblər daxil olmaqla, ölçmələrin
vəhdətinin təmin edilməsinə dair məcburi tələblərə
riayət edilməsini təmin edən ölçmə vasitələrindən
istifadə edilir. Ölçmə vasitələrinə
dair məcburi tələblərə ölçmə vasitələrinin
tərkib hissələri, proqram təminatı və istismar
şəraiti barədə tələblər də daxil
edilir.
9.2.
Ölçmələrin nəticələrinin təhrif
olunmasına səbəb ola bilən icazəsiz
sazlama və müdaxilənin qarşısının
alınması məqsədi ilə ölçmə vasitələrinin
konstruksiyası, proqram təminatı da daxil olmaqla, onun
müvafiq hissələrinə müdaxilə edilmənin məhdudluğunu
təmin etməlidir.
9.3.
Texniki vasitələrin ölçmə vasitələrinə
aid edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
3-CÜ
FƏSİL
ÖLÇMƏLƏRİN
VƏHDƏTİNİN TƏMİN EDİLMƏSİ
SAHƏSİNDƏ DÖVLƏT
TƏNZİMLƏNMƏSİ
Maddə 10. Ölçmələrin vəhdətinin təmin edilməsi
sahəsində dövlət tənzimlənməsinin həyata
keçirilməsi formaları
10.1.
Ölçmələrin vəhdətinin təmin edilməsi
sahəsində dövlət tənzimlənməsi
aşağıdakı formalarda həyata keçirilir:
10.1.1. standart nümunələrin və ya
ölçmə vasitələrinin tipinin təsdiqi;
10.1.2. ölçmə vasitələrinin
yoxlanılması;
10.1.3. metroloji ekspertiza;
10.1.4. dövlət metroloji nəzarəti;
10.1.5. ölçmə metodikalarının
(metodlarının) attestasiyası;
10.1.6. dövlət metroloji nəzarəti istisna
olmaqla, ölçmələrin vəhdətinin təmin edilməsi
sahəsində işlərin yerinə yetirilməsi və (və
ya) xidmətlərin göstərilməsi üzrə
akkreditasiya.
10.2.
Ölçmələrin vəhdətinin təmin edilməsi
sahəsində dövlət tənzimlənməsi müvafiq
icra hakimiyyəti orqanı tərəfindən təmin edilir.
Maddə 11. Standart nümunələrin və ya ölçmə
vasitələrinin tipinin təsdiq edilməsi
11.1.
Ölçmələrin vəhdətinin təmin edilməsinin
dövlət tənzimlənməsinə aid sahədə tətbiq
edilən standart nümunələrin və ya ölçmə
vasitələrinin tipi təsdiq edilməlidir. Tip təsdiq edilərkən,
onların dəqiqlik göstəriciləri, yoxlamalararası
intervalı və yoxlama metodikası müəyyən edilir.
11.2.
Standart nümunələrin və ya ölçmə vasitələrinin
tipinin təsdiq edilməsi haqqında qərar bu məqsədlə
keçirilən sınaqların müsbət nəticələri
əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən
qəbul edilir.
11.3.
Standart nümunələrin və ya ölçmə vasitələrinin
tipi müvafiq icra hakimiyyəti orqanı tərəfindən
verilən sertifikatla təsdiqlənir. Standart
nümunənin və ya ölçmə vasitəsinin tipinin
təsdiqi barədə sertifikatın forması və qüvvədə
olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
11.4.
Standart nümunələrin və ölçmə vasitələrinin
təsdiq edilmiş tipi standart nümunələrin və ya
ölçmə vasitələrinin dövlət reyestrinə
daxil edilir. Tipi təsdiq edilmiş standart
nümunələrin və ya ölçmə vasitələrinin
dövlət reyestrinin aparılması qaydası müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən
olunur.
11.5.
Ölçmə vasitələrinin tipinin təsdiqi barədə
sertifikatın qüvvədə olduğu müddətdə
ölçmə vasitələrinin yoxlamalararası
intervalı yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən
dəyişdirilir.
11.6. Tipi
təsdiq edilmiş standart nümunələrin və ya
ölçmə vasitələrinin hər bir nümunəsinə,
onların qoşma sənədlərinə tipin təsdiqi
nişanı vurulur. Ölçmə vasitəsinin
konstruksiyası ölçmə vasitəsinin tipini təsdiq
edən nişanın baxış üçün əlverişli
olan yerdə vurulması imkanını təmin etməlidir.
Ölçmə vasitəsinin konstruksiyasının
xüsusiyyətləri həmin nişanın bilavasitə onun
üzərinə vurulmasına imkan vermirsə, nişan
qoşma sənədlərə vurulur.
11.7.
Standart nümunələrin və ya ölçmə vasitələrinin
tipinin təsdiqi məqsədi ilə sınaqlar ölçmələrin
vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya
edilmiş hüquqi və fiziki şəxslər tərəfindən
keçirilir.
11.8.
Standart nümunələrin və ya ölçmə vasitələrinin
təsdiq edilmiş tipləri haqqında məlumatlar
ölçmələrin vəhdətinin təmin olunması
üzrə dövlət məlumat fonduna daxil edilir.
11.9.
Standart nümunələrin və ya ölçmə vasitələrinin
tipinin təsdiqi məqsədi ilə sınaqların
keçirilməsi, standart nümunələrin və ya
ölçmə vasitələrinin tipinin təsdiqi, bu barədə
sertifikatın verilməsi, ölçmə vasitələrinin
yoxlamalararası intervalının müəyyən edilməsi
və dəyişdirilməsi qaydası, standart nümunələrin
və ölçmə vasitələrinin tipini təsdiq edən
nişanlara dair tələblər və həmin
nişanların vurulma qaydası müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir. Standart
nümunələrin və ya ölçmə vasitələrinin
tipinin təsdiqi məqsədi ilə sınaqların
keçirilməsi və standart nümunələrin və ya
ölçmə vasitələrinin tipinin təsdiqi qaydaları onların
istehsal xüsusiyyətləri (kütləvi və ya tək-tək
istehsal) nəzərə alınmaqla müəyyənləşdirilir.
11.10.
Ölçmələrin vəhdətinin təmin edilməsinin
dövlət tənzimlənməsinə aid olan sahədə
istifadə üçün nəzərdə tutulmayan standart
nümunələri və ölçmə vasitələrini
işləyib hazırlayan, istehsal edən, Azərbaycan
Respublikasının ərazisinə idxal edən, satan və
istismar edən şəxslər həmin standart nümunələri
və ölçmə vasitələrini könüllü
şəkildə standart nümunələrin və
ölçmə vasitələrinin tipinin təsdiqinə təqdim
edə bilərlər.
Maddə 12. Ölçmə vasitələrinin yoxlanılması
12.1.
Ölçmələrin vəhdətinin təmin edilməsinin
dövlət tənzimlənməsinə aid olan sahədə
istifadə üçün nəzərdə tutulmuş
ölçmə vasitələri istismara verilənədək
və təmirdən sonra ilkin yoxlamadan, istismar prosesində isə
dövri yoxlamadan keçirilir. Ölçmələrin
vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə
aid olan sahədə ölçmə vasitələrindən
istifadə edən şəxslər onları yoxlama
dövriliyinə uyğun olaraq yoxlamaya təqdim edirlər.
12.2.
Ölçmə vasitələrinin yoxlanılması səlahiyyəti
hüquqi şəxslərə, hüquqi şəxslərin
metroloji xidmətlərinə və fiziki şəxslərə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
verilir.
12.3.
Ölçmə vasitələrinin yoxlanılması üzrə
fəaliyyətə müvafiq icra hakimiyyəti orqanı nəzarət
edir.
12.4.
Ölçmələrin vəhdətinin təmin edilməsi
sahəsində akkreditasiya olunmuş orqanlar tərəfindən
yoxlanılan ölçmə vasitələrinin
siyahısını müvafiq icra hakimiyyəti orqanı təsdiq
edir.
12.5.
Ölçmə vasitələrinin yoxlanılmasının nəticələri
yoxlama nişanı və (və ya) yoxlama haqqında şəhadətnamə
ilə təsdiq edilir. Ölçmə vasitəsinin
konstruksiyası yoxlama nişanının baxış
üçün əlverişli olan yerdə vurulmasını
təmin etməlidir. Ölçmə vasitəsinin
konstruksiyasının xüsusiyyətləri və ya istismar
şəraiti yoxlama nişanını bilavasitə
ölçmə vasitəsinin üzərinə vurmağa
imkan vermirsə, bu nişan yoxlama
haqqında şəhadətnaməyə vurulur.
12.6.
Ölçmə vasitələrinin yoxlanılması
qaydası, yoxlama nişanına dair tələblər və
yoxlama haqqında şəhadətnamənin forması
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
12.7.
Ölçmələrin vəhdətinin təmin edilməsinin
dövlət tənzimlənməsinə aid olan sahədə
istifadə edilmək üçün nəzərdə
tutulmuş ölçmə vasitələrinin
yoxlanılmasının nəticələri haqqında məlumatlar
ölçmə vasitələrini yoxlayan şəxs tərəfindən
ölçmələrin vəhdətinin təmin edilməsi
üzrə dövlət məlumat fonduna verilir.
12.8.
Ölçmələrin vəhdətinin təmin edilməsinin
dövlət tənzimlənməsinə aid olan sahədə
istifadə üçün nəzərdə tutulmayan
ölçmə vasitələri könüllü qaydada
yoxlamadan keçirilə bilər.
Maddə 13. Metroloji ekspertiza
13.1.
Normativ hüquqi aktların layihələrində
ölçmələrə, standart nümunələrə və
ölçmə vasitələrinə dair tələblərin
metroloji ekspertizası "Normativ hüquqi aktlar
haqqında" Azərbaycan Respublikasının Konstitusiya
Qanununa uyğun olaraq keçirilir.
13.2. Layihə-konstruktor
və texnoloji sənədlərin məcburi metroloji
ekspertizası Azərbaycan Respublikasının Mülki Məcəlləsinə,
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə,
Azərbaycan Respublikasının Şəhərsalma və
Tikinti Məcəlləsinə, Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə, Azərbaycan
Respublikasının Su Məcəlləsinə,
"İstehlakçıların hüquqlarının
müdafiəsi haqqında", "Yeyinti məhsulları
haqqında", "Əhalinin sağlamlığının
qorunması haqqında", "Əhalinin radiasiya təhlükəsizliyi
haqqında", "Bədən tərbiyəsi və idman
haqqında", "Dərman vasitələri
haqqında", "Fitosanitar nəzarəti haqqında",
"Baytarlıq haqqında", "Ətraf mühitin
mühafizəsi haqqında", "Yanğın təhlükəsizliyi
haqqında", "Hidrometeorologiya fəaliyyəti
haqqında", "Geodeziya və kartoqrafiya haqqında",
"Hidrotexniki qurğuların təhlükəsizliyi
haqqında", "Avtomobil yolları haqqında",
"Avtomobil nəqliyyatı haqqında", "Texniki təhlükəsizlik
haqqında", "İstehsalat və məişət
tullantıları haqqında", "Enerji resurslarından istifadə
haqqında",
"Elektroenergetika haqqında", "Energetika
haqqında", "Elektrik və istilik stansiyaları
haqqında", "Qaz təchizatı haqqında",
"Telekommunikasiya haqqında", "Poçt
haqqında", "Xidməti və mülki silah
haqqında", "Torpaqların dövlət ehtiyacları
üçün alınması haqqında" Azərbaycan
Respublikasının qanunlarına uyğun olaraq müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş qaydada keçirilir.
13.3. Məcburi
metroloji ekspertizası nəzərdə tutulmayan
standartların, layihə-konstruktor və texnoloji sənədlərin
metroloji ekspertizası könüllüdür.
Maddə 14. Dövlət metroloji nəzarəti
14.1.
Dövlət metroloji nəzarəti
aşağıdakıların təmin edilməsi məqsədi
ilə həyata keçirilir:
14.1.1. ölçmələrə, kəmiyyət
vahidlərinə, kəmiyyət vahidi etalonlarına, standart
nümunələrə, istehsal olunan, Azərbaycan
Respublikasının ərazisinə gətirilən, satılan
və tətbiq edilən zaman ölçmə vasitələrinə
dair məcburi tələblərə riayət olunması;
14.1.2. attestasiya edilmiş ölçmə
metodikalarının (metodlarının) mövcudluğu və
onlara riayət olunması;
14.1.3. ölçülüb
qablaşdırılmış malların miqdarının
bağlamanın üzərində göstərilmiş
miqdardan yol verilən kənarlaşmasına dair məcburi tələblərə
riayət edilməsi.
14.2.
Dövlət metroloji nəzarəti aşağıdakı fəaliyyət
sahələrinə şamil edilir:
14.2.1. ölçmələrin vəhdətinin təmin
edilməsinin dövlət tənzimlənməsi sahəsinə
aid olunan ölçmələrin tətbiqi;
14.2.2. ölçmələrin vəhdətinin təmin
edilməsinin dövlət tənzimlənməsinə aid olan
sahədə tətbiq edilmək üçün nəzərdə
tutulan kəmiyyət vahidi etalonlarının, standart nümunələrin
və ölçmə vasitələrinin istehsalı, həmçinin
onların Azərbaycan Respublikasının ərazisinə gətirilməsi,
satışı və istifadəsi;
14.2.3. malların ölçülüb
qablaşdırılması.
14.3.
Ölçülüb qablaşdırılmış
malların miqdarının qabın üzərində göstərilən
miqdardan yol verilən kənarlaşmasına dair məcburi tələblər
texniki reqlamentlərlə müəyyənləşdirilir. Texniki reqlamentlərdə həmçinin
ölçülüb qablaşdırma və buna nəzarət
üçün istifadə olunan avadanlıqlara, bağlamaya,
ölçülüb qablaşdırılmış
malların markalanmasına, yaxud etiketlərinə və
onların vurulma qaydalarına dair məcburi tələblər,
ölçülüb qablaşdırılmış
malların miqdarının bağlamanın üzərində
göstərilən miqdardan yol verilən kənarlaşmasına
uyğunluğunun qiymətləndirilməsi qaydaları müəyyən
edilir.
Maddə 15. Dövlət metroloji nəzarətinin təmin edilməsi
üsulları
15.1.
Dövlət metroloji nəzarəti aşağıdakı
üsullarla təmin edilir:
15.1.1. tabeliyindən və mülkiyyət
formasından asılı olmayaraq, ölçmə vasitələrinin
istismar, istehsal və təmir edildiyi, satıldığı və
ya saxlanıldığı yerlərə daxil olmaq,
yoxlamanın keçirilməsi üçün zəruri olan
sənədləri və məlumatları almaq;
15.1.2. ölçmə vasitələrinin dövlət
sınaqlarının keçirilməsində iştirak etmək;
15.1.3. ölçmə vasitələrinin vəziyyətini,
istismar və saxlanılma şəraitini yoxlamaq;
15.1.4. istifadə olunan kəmiyyət vahidinin Azərbaycan
Respublikasında tətbiqinə icazə verilmiş kəmiyyət
vahidinə uyğunluğunu yoxlamaq;
15.1.5. attestasiya edilmiş yoxlama metodikalarının
(metodlarının) mövcudluğunu və onlara riayət
edilməsini yoxlamaq;
15.1.6. ölçmələrə dair məcburi tələblərə
riayət edilməsini yoxlamaq;
15.1.7. ölçülüb
qablaşdırılmış malların miqdarının
bağlamanın üzərində göstərilən
miqdardan yol verilən kənarlaşmasına dair məcburi tələblərə
riayət edilməsini yoxlamaq;
15.1.8. metroloji qayda və normalara uyğun olmayan
ölçmə vasitələrinin istismarını, istehsalını,
satışını qadağan etmək;
15.1.9. ölçmə vasitəsi ölçmənin
tələb olunan dəqiqliyini təmin etmədikdə, yoxlama
haqqında şəhadətnamənin və ya yoxlama
nişanının ləğvi barədə həmin şəhadətnaməni
vermiş və ya yoxlama nişanı vurmuş şəxslər
qarşısında vəsatət qaldırmaq;
15.1.10. insanların həyatına,
sağlamlığına, əmlakına,
istehlakçıların hüquqlarına, ətraf mühitin
təhlükəsizliyinə mənfi təsir göstərən
hallarda, həmçinin ölçmə vasitələri
metroloji qayda və normalara uyğun olmadığı halda
ölçmə vasitələrinin istismarını
qadağan etmək;
15.1.11. metroloji qayda və normaların
pozulmasının aradan qaldırılması müddətlərini
göstərməklə, iradnamə vermək;
15.1.12. metroloji qayda və normaların pozulması
haqqında yoxlama aktı və ya inzibati protokol tərtib etmək;
15.1.13. ölçmələr üzrə müəyyən
edilmiş məcburi tələblərin pozulması ilə
aparılan işlərə qadağalar qoyulması haqqında
tələbnamələr vermək. Tələbnamə və
iradnamənin verilməsi qaydası müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir;
15.1.14. metroloji qayda və normaları pozmuş şəxslər
barədə məsuliyyət tədbirləri tətbiq etmək;
15.1.15. ölçmə vasitəsi məcburi tələblərə
uyğun olmadığı halda üzərinə
yararsızlıq nişanı vurmaq.
15.2.
Ölçmə vasitələrinin yararsızlıq
nişanının forması və onun ölçmə vasitələrinə
vurulma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
15.3.
Dövlət metroloji nəzarəti müvafiq icra hakimiyyəti
orqanı tərəfindən həyata keçirilir.
15.4.
Dövlət metroloji nəzarətini həyata keçirən
vəzifəli şəxslər müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilmiş
qaydada attestasiya olunurlar.
Maddə 16. Ölçmələrin vəhdətinin təmin edilməsi
üzrə dövlət məlumat fondu
16.1.
Ölçmələrin vəhdətinin təmin edilməsi
sahəsində Azərbaycan Respublikasının hüquqi
aktları, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələr
barədə məlumatlar, verilənlərin informasiya
bazaları, attestasiya edilmiş ölçmə
metodikaları (metodları), dövlət kəmiyyət vahidi
etalonları, standart nümunələrin və ölçmə
vasitələrinin təsdiq edilmiş tipləri, ölçmə
vasitələrinin yoxlanılmasının nəticələri
haqqında məlumatlar toplusu, dövlət tənzimlənməsi
sahəsinə aid olan ölçmələrin vahid
siyahısı ölçmələrin vəhdətinin təmin
edilməsi üzrə dövlət məlumat fondunu təşkil
edir. Ölçmələrin vəhdətinin təmin
edilməsi üzrə dövlət məlumat fonduna məlumatların
daxil edilməsini və həmin məlumatların verilməsini
müvafiq icra hakimiyyəti orqanı təşkil edir.
16.2.
"İnformasiya əldə etmək haqqında" Azərbaycan
Respublikasının Qanunu ilə açıqlanması məhdudlaşdırılan
məlumatlar istisna olmaqla, müraciət edən şəxslərə
ölçmələrin vəhdətinin təmin edilməsi
üzrə dövlət məlumat fondundan sənədlər
və məlumatlar bu qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş
qaydada təqdim edilir.
16.3.
Ölçmələrin vəhdətinin təmin edilməsi
üzrə dövlət məlumat fondunun təşkili və
aparılması, məlumatların fonda
verilməsi, fonddan sənədlərin və məlumatların
təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunur.
4-CÜ
FƏSİL
ÖLÇMƏ
VASİTƏLƏRİNİN KALİBRLƏNMƏSİ
VƏ ÖLÇMƏLƏRİN VƏHDƏTİNİN
TƏMİN EDİLMƏSİ SAHƏSİNDƏ
AKKREDİTASİYA
Maddə 17. Ölçmə vasitələrinin kalibrlənməsi
17.1.
Ölçmələrin vəhdətinin təmin edilməsinin
dövlət tənzimlənməsinə aid olan sahədə
tətbiq edilmək üçün nəzərdə
tutulmayan ölçmə vasitələrinin kalibrlənməsi
könüllüdür. Ölçmə vasitələri
dövlət ilkin kəmiyyət vahidi etalonları ilə izlənilən,
bunlar olmadıqda isə xarici dövlətlərin kəmiyyət
vahidi etalonları ilə izlənilən kəmiyyət vahidi
etalonlarından istifadə edilməklə kalibrlənir.
17.2.
Yoxlamaya aid edilməyən ölçmə vasitələri
idxal, istehsal, istismar edildiyi, icarəyə verildiyi,
satıldığı zaman və təmirdən sonra kalibrlənə
bilər. Ölçmə vasitələrinin
kalibrlənməsinin nəticələri ölçmə
vasitələrinin üzərinə kalibrlənmə
nişanının vurulması və ya kalibrlənmə
haqqında sertifikatla, həmçinin istismar sənədlərində
aparılan qeydlə təsdiq edilir.
17.3.
Ölçmə vasitələrinin kalibrlənməsi işlərini
aparmaq, kalibrlənmə haqqında sertifikat vermək və ya
kalibrlənmə nişanı vurmaq hüququ müvafiq icra
hakimiyyəti orqanı ilə bağlanılmış
müqavilələr əsasında verilir.
17.4.
Ölçmə vasitələrinin kalibrlənməsi
dövlət kəmiyyət vahidləri etalonları ilə izlənilən
etalonlardan istifadə edilməklə aparılır.
17.5.
Ölçmə vasitələrinin kalibrlənməsi fəaliyyətinə
nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən
həyata keçirilir.
17.6.
Ölçmə vasitələrinin kalibrlənməsi işlərini
yerinə yetirmək, kalibrlənmə haqqında sertifikat vermək
və ya kalibrlənmə nişanını vurmaq hüququnun
verilməsi qaydası və kalibrlənmə işlərinin
yerinə yetirilməsinə dair tələblər müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
Maddə 18. Ölçmələrin vəhdətinin təmin edilməsi
sahəsində akkreditasiya
18.1.
Ölçmələrin vəhdətinin təmin edilməsi
sahəsində akkreditasiya, ölçmələrin vəhdətinin
təmin edilməsi üzrə işləri yerinə yetirmək
və (və ya) xidmətlər göstərmək səlahiyyətlərinin
rəsmi tanınması məqsədi ilə həyata
keçirilir. Bu işlərə və (və ya) xidmətlərə
aşağıdakılar aiddir:
18.1.1. ölçmələrin vəhdətinin təmin
edilməsinin dövlət tənzimlənməsi sahəsinə
aid olan ölçmə metodikalarının
(metodlarının) attestasiyası;
18.1.2. tipin təsdiqi məqsədi ilə standart
nümunələrin və ölçmə vasitələrinin
sınaqları;
18.1.3. ölçmə vasitələrinin
yoxlanılması;
18.1.4.
layihə-konstruktor və texnoloji sənədlərin məcburi
metroloji ekspertizası.
18.2.
Ölçmələrin vəhdətinin təmin edilməsi
sahəsində akkreditasiya aşağıdakı prinsiplər
əsasında aparılır:
18.2.1. könüllülük;
18.2.2. fəaliyyətdə müstəqillik;
18.2.3. akkreditasiya üzrə səlahiyyətlərin
bu qanunun 18.1-ci maddəsində nəzərdə tutulmuş
işlərin yerinə yetirilməsi və (və ya) xidmətlərin
göstərilməsi ilə birləşdirilməsinin
yolverilməzliyi;
18.2.4. vahid akkreditasiya qaydalarının tətbiqi,
onların açıqlığı;
18.2.5. akkreditasiyadan keçmək iddiasında olan
şəxslərə bərabər şəraitin təmin
edilməsi;
18.2.6. ölçmələrin vəhdətinin təmin
edilməsi sahəsində işlərin yerinə yetirilməsi
və xidmətlərin göstərilməsi səlahiyyətlərinin
sifarişçilərə və əraziyə münasibətdə məhdudlaşdırılmasının
yolverilməzliyi.
18.3.
Ölçmələrin vəhdətinin təmin edilməsi
sahəsində akkreditasiya müvafiq icra hakimiyyəti
orqanı tərəfindən aparılır.
Maddə 19. Ölçmələrin vəhdətinin təmin edilməsi
sahəsində beynəlxalq əməkdaşlıq
19.1.
Ölçmələrin vəhdətinin təmin edilməsi
sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr və beynəlxalq hüquq
normalarında nəzərdə tutulmuş prinsiplər əsasında
həyata keçirilir.
19.2. Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrlə
bu qanunun arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq
müqavilələr tətbiq edilir.
Maddə 20. Bu qanunun pozulmasına görə məsuliyyət
Bu qanunun tələblərinin pozulmasında təqsirkar
olan şəxslər Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinə və
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə
uyğun məsuliyyət daşıyırlar.
Maddə 21. Mübahisələrin həlli
Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində mübahisələr inzibati qaydada və ya məhkəmə qaydasında həll edilir.
Maddə 22. Yekun müddəalar
Bu
qanunun qüvvəyə mindiyi gündən "Ölçmələrin
vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan
Respublikasının 2000-ci il 13 iyun tarixli 893-IQ nömrəli
qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000,
¹8, I kitab, maddə 582; 2007, ¹5, maddə 442; 2009,
¹12, maddə 948) ləğv edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
13 iyun 2013-cü il
Azərbaycan.-2013.- 28 iyul.- S.2,3.