Azərbaycanda orta təbəqə: reallıqlar və problemlər

 

"Mən istəyirəm ki, mülkiyyətçilərin yeni nəsli meydana gəlsin, onda insanlar iqtisadi cəhətdən azad olacaqlar. Bu halda onlar məmurdan, böyük adam deyilən adamdan asılı olmayacaqlar... Əgər ayrılıqda götürülmüş bir adamın iqtisadi azadlığı yoxdursa, o, fəaliyyət azadlığından məhrumdur..."              

 

 

İlham ƏLİYEV

 

 

Prezidentin 29 dekabr 2012-ci il fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: "Gələcəyə baxış" İnkişaf Konsepsiyasında nəzərdə tutulan hədəflərdən biri də əhalinin orta təbəqəsinin genişləndirilməsi və bu təbəqənin rolunun gücləndirilməsidir.  Bu baxımdan bəzi fikirlərimizi oxucularla bölüşdürmək istərdik.

 

 

 

Beynəlxalq təcrübə

 

 

Orta təbəqə anlayışının mahiyyətini açmaq üçün iqtisadi ədəbiyyatda müxtəlif meyar və yanaşmalardan  istifadə edilir. Qərb alimlərinin fikrincə, orta təbəqənin statusunu məşğulluğun tipindən, təhsilin səviyyəsindən və gəlirlərdən asılı olaraq müəyyən etmək lazımdır. Avropa və inkişaf etmiş digər ölkələrdə orta təbəqəyə həkimlər, ali və orta məktəb müəllimləri, vəkillər, sahibkarlar, ticarətçilər, sənətkarlar, iri müəssisələrin menecerləri və mühasibləri, elmi-texniki və humanitar sahələrdə çalışanlar həm gəlir, həm də intellektual səviyyə meyarlarına görə daxil edilirlər. Qərb standartlarına görə, o şəxslər orta təbəqəyə aid olunur ki, onların daimi iş yerləri və stabil gəlirləri, banklarda depozitləri, mənzil sahəsi və avtomobilləri var, ildə 2 dəfə istirahət etmək imkanına malikdirlər, ali təhsillidirlər və s. Ümumiyyətlə, inkişaf etmiş ölkələrdə  orta təbəqə dedikdə yüksək həyat səviyyəsinə  malik olan sosial qruplar başa düşülür və onlar əhalinin təxminən 50-70 faizini təşkil edirlər.

ABŞ-da orta təbəqənin say etibarı ilə müəyyən edilməsinin əsas meyarı orta gəlirlilikdir. 1970-ci ildə bu ölkədə orta gəlirli ailələrin sayı ümumi ailələrin 65, 2007-ci ildə 44 faizini təşkil etmişdir. Rusiyaya gəldikdə isə qeyd edək ki, bu ölkə 2008-ci ildən yoxsulluqla mübarizə konsepsiyasından imtina edərək prinsipcə yeni - orta təbəqənin sayının artımına istiqamətlənən konsepsiya formalaşdırmışdır. Orta müddətli perspektiv üçün cəmiyyətin strukturunda onların sayının 50, hətta 70 faizə çatması nəzərdə tutulmuşdur. Hazırda Rusiyada aylıq gəliri 2 min dollar olan əhali orta təbəqəyə aid edilir. Ancaq bu ölkədə həyatın qiymətinin daha yüksək olduğunu vurğulayırlar. İqtisadçıların hesablamalarına görə, Moskvada orta təbəqəyə aylıq gəlirlərin 2-2,5 min, regionlarda isə 1-1,5 min avro olanlar aid edilməlidir. 2010-cu ildə aparılmış sorğu nəticəsində müəyyən olunmuşdur ki, Rusiyada əhalinin 17 faizi könüllü olaraq özünü orta təbəqədə görür. Ancaq rus alimi E.Kuznetsov yazır ki, əgər Avropa standartlarına əsaslansaq, indi Rusiyada orta sinfə əhalinin ancaq 2-3 faizi aid ola bilər.

 

 Orta təbəqənin say tərkibini müəyyən edən meyarlar

 

 Orta təbəqənin say həddini hesablamaq üçün 3 yanaşma mövcuddur: maddi rifahın səviyyəsi, könüllü özünü aid etmə və qarışıq. Maddi rifahın səviyyəsi isə bir neçə göstəricinin məcmusu ilə xarakterizə olunur: adambaşına gəlirlər, bahalı əmlakın müəyyən komplektinin mövcudluğu (avtomobil, müasir texnika ilə təchiz olunmuş mənzil), pullu sosial xidmətlərdən (təhsil, səhiyyə və s.) istifadə etmək və xarici ölkələrə istirahət də daxil olmaqla səyahət imkanları. Bizim araşdırmada üçüncü yanaşmadan istifadə edilmişdir.  Yanaşmanın informasiya bazası rəsmi statistikadır.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin fikrincə, Azərbaycanda əlverişli biznes mühitinin olması bazar iqtisadiyyatının sütununu təşkil edən orta sinfin formalaşmasını təmin etmişdir. Dövlət başçısının  14 aprel 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda isə müstəqillik dövründə ilk dəfə olaraq orta təbəqənin xüsusi çəkisinin (payının) artırılması hədəf kimi qarşıya qoyulmuşdur. Bu yerdə 2012-ci ilin oktyabr ayında Prezidentin yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda orta təbəqənin formalaşmasına həsr olunan beynəlxalq konfransın keçirilməsi xüsusi vurğulanmalıdır. Konfransdakı məruzələrdə ölkənin sosial-iqtisadi inkişafında əldə olunan uğurlar, biznesin və sahibkarlığın orta təbəqənin yaranmasında rolu qeyd edilmişdir.

Bəs, ölkəmizdə orta təbəqəyə aid edilmək üçün gəlirlər nə qədər olmalıdır? Bəzi ekspertlərin fikrincə, Azərbaycanda orta təbəqəyə aylıq gəlirləri 1250-1500 manat olan insanlar aid edilə bilərlər. Əlbəttə, burada həqiqət var. Ancaq indiki mərhələdə bu meyarın tətbiqi ilə orta təbəqənin say tərkibini rəsmi statistika əsasında müəyyən etmək mümkün deyil. Digər tədqiqatçıların fikrincə isə Azərbaycanda orta təbəqəyə aylıq gəliri 500 manat olan insanlar aid edilməlidir. Ümumiyyətlə, orta təbəqəni müəyyən etmək üçün gəlir meyarının həddinin seçimi müxtəlif ölkələrdə fərqlidir. Bu, həyatın dəyərindən asılıdır. Odur ki, inkişaf etmiş ölkələrdə həyatın dəyəri inkişaf etməkdə olan ölkələrlə müqayisədə bir neçə dəfə yüksəkdir. Məsələn, ABŞ-da ailə gəlirlərinin 40 faizə qədəri mənzil probleminin həllinə (alınması, icarəsi, sığortalanması və s.) yönəldilir, 18 faizə qədəri avtomobilin icarəsi, sığortası və istismarı ilə bağlıdır, 17 faizi ərzaq məhsullarına xərclənir. Gəlirlərin belə bölgüsündən sonra ABŞ-da aylıq gəliri 2-8 min dollar olan insanların orta təbəqəyə aid edilməsi təbiidir. Məhz bu səbəbdən hesab edirik ki, indiki mərhələdə faktiki qiymətləndirmə apararkən Azərbaycanda əhalinin o hissəsi orta təbəqəyə aid edilə bilər ki, onun adambaşına aylıq gəliri 500-600 manat olsun.

 

 

 

Statistika nə göstərir

 

 

Azərbaycanda əhalinin gəlirləri ilbəil artır. Belə ki, 2012-ci ildə 2003-cü illə müqayisədə əhalinin ümumi gəliri 6,1 dəfə artmışdır. Bu dövrdə iqtisadiyyatda çalışanların orta aylıq nominal əməkhaqlarının artımı 5,1 dəfə olmuşdur. Yoxsulluğun səviyyəsi isə 2003-cü ildə 44,7 faizdən 2012-ci ildə 6 faizə düşmüşdür. 2011-ci ildə bütünlükdə 2005-ci illə müqayisədə əhalinin sərəncamında qalan real gəlirlər 1,9 dəfə artmış və ölkə üzə əhalinin hər nəfərinə düşən orta aylıq ümumi gəlir 282 manat təşkil etmişdir. Bu göstərici respublika əhəmiyyətli şəhərlərdə isə 200-640 manat civarında olmuşdur.

Bu və qeyd etmədiyimiz digər rəsmi rəqəmlərin əsasında gəlir metodu ilə apardığımız hesablamalara görə, hazırda ölkə əhalisinin təxminən 5 faiz civarında hissəsi orta təbəqəyə aid edilə bilər. Onlar dövlət idarəetmə orqanlarında, nəqliyyat, neft və qaz, tikinti və ticarət, informasiya  rabitə, maliyyə və sığorta, peşə, elmi və texniki fəaliyyət bölmələrində, həm dövlət, həm də özəl sektorlarda çalışanlardır. Ancaq ölkədə hələ də bütün iş yerlərinin leqallaşdırılmaması və ödənilən əməkhaqlarının rəsmiyyətdə xeyli aşağı göstərilməsi kimi problem qalmaqdadır. Əgər bunları da nəzərə alsaq, ölkədə orta təbəqəyə aid edilə bilən əhalinin sayı xeyli dərəcədə yüksəkdir.

 

 

 

Normativ hüquqi baza

 

 

Prezident İlham Əliyev demişdir: "Bizim dəqiq konsepsiyamız, inkişaf  proqramımız vardır. Bu proqramın reallaşması nəticəsində Azərbaycan  inkişaf etmiş ölkələrin sırasına daxil ediləcəkdir... İnkişaf etmiş ölkələrin meyarı vardır... biz hər bir istiqamət üzrə o meyarlara çatmalıyıq..."

Bu meyarlardan biri də əhalinin gəlirləridir. Elə isə Azərbaycanda əhalinin gəlirlərinin əhəmiyyətli dərəcədə artırılmasının hansı real ehtiyatları mövcuddur?

Öncə onu bildirək ki, ölkəmizdə əhalinin gəlirlərinin artırılması ümumi daxili məhsulun   milli gəlirin ümumi həcmi, eləcə də onların bölüşdürülməsi ilə bilavasitə bağlıdır. Bu asılılığın mövcudluğunu 2012-ci ildə Azərbaycan hökuməti də etiraf etmişdir. Belə ki, Nazirlər Kabineti, Həmkarlar İttifaqı və Azərbaycan Sahibkarlar konfederasiyaları arasında 2012-2013-cü illər üçün baş kollektiv sazişi bağlanmışdır. Həmin sazişdə deyilir ki, əməyin ödənişinə sərf olunan vəsaitin ümumi daxili məhsulda xüsusi çəkisinin əhəmiyyətli dərəcədə artırılması təmin edilməlidir.

Apardığımız araşdırmalar göstərir ki, Azərbaycanda gəlirlərin ilkin bölgüsü mərhələsində ümumi daxili məhsulun cəmisi 16-17 faizi əmək ödənişləri formasında həmin gəlirləri yaradanlara verilir. Ümumi daxili məhsulun yalnız 8-9 faizi vergilər vasitəsilə dövlətə, 75 faizdən çoxu isə təsərrüfat subyektlərinə çatır. Müqayisə üçün bildirək ki, qeyd edilən mərhələdə MDB ölkələri üzrə orta hesabla gəlirlərin 50 faizdən çoxu işçilərə, 15 faizdən çoxu dövlətə və 34 faizi təsərrüfat subyektlərinə çatır. Rusiyada, Belarusda və Ukraynada əmək ödənişlərinin xüsusi çəkisi 50 faizdən çoxdur. ABŞ-da isə ÜDM-də əməyin payı 55-60, kapitalın payı 20-25 faiz təşkil edir.

Azərbaycanda yaranan gəlirlərin əməyə və kapitala görə bu cür qeyri-mütənasib bölgüsünün əsas səbəbi əmək ödənişlərini tənzimləyən normativ hüquqi bazadakı boşluqlar və uyğunsuzluqlardır. Məhz bu səbəbdən ümumi daxili məhsulda əmək ödənişləri azlıq təşkil edir.

Ölkədə əhalinin gəlirlərinin əhəmiyyətli dərəcədə artırılmasını təmin edə bilən səbəblərdən biri də bütünlükdə gəlirlərin, yəni ümumi daxili məhsulun  milli gəlirin mütləq həcminin artırılmasının davam etdirilməsidir. Müqayisə üçün qeyd edək ki, 2012-ci ildə ölkə üzrə ÜDM istehsalı 2003-cü ilə nisbətən 3 dəfə artmışdır. Həmin dövr ÜDM-in qeyri-neft sektorunda artımı 2,4 dəfə olmuşdur. 2012-ci ildə qeyri-neft sektorunun ÜDM-də payı 52,7 faizə çatmışdır. Həmin il ölkədə adambaşına düşən ÜDM-in həcmi 7490,5 ABŞ dolları təşkil etmişdir. Sözsüz ki, bu, son hədd deyil və qarşıya qoyulan  məqsədə çatmaq üçün tədbirlər davam etdirilməlidir. Çünki bu göstərici üzrə biz inkişaf etmiş ölkələrdən hələ çox geridəyik.

Əhalinin gəlirlərinin artırılmasını şərtləndirən digər mühüm amil minimum əməkhaqqı barədə ölkə qanunvericiliyində nəzərdə tutulan müddəanın Beynəlxalq Əmək Təşkilatının qəbul etdiyi normaya uyğunlaşdırılmasının vacibliyidir. Həmin normaya görə, minimum əməkhaqqı məşğul əhalinin məqbul həyat səviyyəsini təmin etmək üçün kifayət etməlidir. Yeri gəlmişkən bildirək ki, beynəlxalq praktikada onun məbləği işçi qüvvəsinin təkrar istehsalı üçün lazım olan yaşayış vasitələrinin qiymətinin cəmi ilə müəyyən olunur.

 

 

 

Minimum əməkhaqqının tənzimləyici rolunun gücləndirilməsi

 

 

Minimum əməkhaqqının hesablanmasında müxtəlif yanaşmalardan və metodlardan istifadə edilir. Məsələn, ABŞ-da minimum əməkhaqqı 4 nəfərdən ibarət ailə üçün yaşayış həddi haqqında rəsmi statistik informasiyaya əsaslanır ki, bu da əmək ehtiyatlarının sadə təkrar istehsalını təmin etməyə istiqamətlənib. Bundan əlavə, bir çox ölkələrdə normativ kimi saatlıq minimum əməkhaqqı təsdiq olunub. Yenə də ABŞ-ı misal gətirək. Bu ölkədə fəaliyyət göstərən bütün müəssisələr "Saatlıq minimum əməkhaqqının səviyyəsi haqqında" qanun əsasında işləyir. Beynəlxalq Əmək Təşkilatının Konvensiyasına görə, minimum saatlıq əməkhaqqı 3 dollardan az olmamalıdır. Bu hədd ona hesablanıb ki, minimum əməkhaqqı insanın sağlamlığının və həyat fəaliyyətinin yaşayış minimumu səviyyəsində təmin etməlidir. Başqa sözlə, aylıq minimum əməkhaqqı bütün hallarda yaşayış minimumuna bərabər olmalıdır.

Ancaq onu da qeyd edək ki, minimum əməkhaqqının tələb olunan məbləğdə təsdiq edilməsi heç də problemin tam həlli deyil. Söhbət ondan gedir ki, Azərbaycanda 1996-cı ildən əməyin keyfiyyət və kəmiyyətini nəzərə alan, gəlirlərin ədalətli bölgüsünü təmin edən və beynəlxalq miqyasda istifadə olunan əməkhaqqının və sosial müavinətlərin əməyin ödənilməsinin minimum məbləği əsasında müəyyənləşdirilməsi qaydasından istifadə məqsədəuyğun sayılmır. Bununla da minimum əməkhaqqının tənzimləyici roluna  faktiki olaraq son qoyulmuş və fərdi yanaşmalara şərait yaranmışdır. Həmin ildən sonra ümumi daxili məhsulda əmək ödənişlərinin xüsusi çəkisinin ilbəil azalması və 1995-ci ildəki 22,6 faizdən 2010-cu ildə 16,1 faizə qədər enməsi (sonrakı illərin informasiyası hələlik dərc edilməmişdir) bunu təsdiqləyir. Məhz bu səbəbdən fəhlə və qulluqçuların əməyinin vahid tarif cədvəli əsasında müəyyənləşməsinin 1996-cı ilə qədər mövcud olan qaydaları bərpa edilməlidir. Yeri gəlmişkən bildirək ki, əməkhaqqı səviyyələri arasında qeyri-mütənasibliyin aradan qaldırılması məqsədilə vahid tarif cədvəlinin təkmilləşdirilməsi adını çəkdiyimiz Baş Kollektiv Sazişdə də nəzərdə tutulmuşdur.

 

 

Tofiq HÜSEYNOV,

AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri,

 iqtisad elmləri doktoru, əməkdar iqtisadçı

Azərbaycan.-2013.- 28 iyul.- S.5.