Xalq artisti Şəfiqə Axundova son mənzilə yola salınmışdır

 

İyulun 27-də görkəmli bəstəkar, xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Şəfiqə Qulam qızı Axundova son mənzilə yola salınmışdır.

AzərTAc xəbər verir ki, vida mərasimində dövlət və hökumət rəsmiləri, elm və ictimaiyyət nümayəndələri, tanınmış mədəniyyət xadimləri iştirak etmişlər.

Mərhumun cənazəsi Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında qoyulmuşdu.

Salonda həzin musiqi və mərhum bəstəkarın mahnıları səslənirdi.

Sənətkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu.

Cənazənin ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından əklillər və çiçəklər düzülmüşdü.

Şəfiqə Axundovanın həmkarları, dostları, tanışları, tanınmış mədəniyyət və incəsənət xadimləri, mərhumun yaradıcılığının pərəstişkarları axın-axın Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının binasına gəlir, görkəmli musiqiçiyə və gözəl insana son borclarını verirdilər.

Vida mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev istedadlı bəstəkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafı istiqamətində yorulmaz fəaliyyətindən, yaratdığı əsərlərdən, insani keyfiyyətlərindən geniş söz açmışdır.

Bildirmişdir ki, görkəmli bəstəkar Şəfiqə Axundova Azərbaycan musiqisinin ustad novatorlarından olmuşdur. Şəfiqə Axundova musiqi sənətinə dahi bəstəkar Üzeyir Hacıbəylinin xeyir-duası ilə gəlmiş və bununla həmişə fəxr etmiş, onun tələbəsi olmasından qürur hissi keçirmişdir. O, Üzeyir bəyin bir arzusunu da həyata keçirərək, opera janrına üz tutmuşdur. Şəfiqə Axundova "Gəlin qayası" operası ilə öz adını mədəniyyət salnaməsinə Şərq aləmində opera yazan ilk qadın bəstəkar kimi həkk etdirmişdir. Bu əsər Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının repertuarında özünə daim layiqli yer tutmuşdur.

Şəfiqə Axundova həm də bir pedaqoq kimi ömrünün böyük bir hissəsini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirmiş, öz təcrübəsini, sənətinin incəliklərini tələbələrə böyük həvəslə öyrətmişdir. Demək olar ki, özünü musiqinin bütün janrlarında sınamış və uğur qazanmışdır. Lakin bəstəkarın qəlbi daim vokal musiqisi ilə bağlı olmuş, yaradıcılığı boyu 600-dən çox mahnı bəstələmişdir. Bu mahnıları Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Zeynəb Xanlarova və digər populyar müğənnilərimizin repertuarlarında əsas yer tutmuş  bu gün də sevilə-sevilə ifa olunur.   

Görkəmli bəstəkar Şəfiqə Axundovanın musiqi mədəniyyətimizin inkişafı sahəsində böyük xidmətləri yüksək qiymətləndirilmişdir. O, xalq artisti fəxri adına, ordenmedallara layiq görülmüş, müstəqil Azərbaycanın ali Dövlət mükafatı - "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Vida mərasimində Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, xalq artisti Canəli Əkbərov, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova, xalq artisti Faiq Sücəddinov, Milli Məclisin deputatı Qənirə Paşayeva mərhum bəstəkarın mənalı ömür yolundan və zəngin yaradıcılığından danışmışlar.

Bildirilmişdir ki, Şəfiqə Axundova çağdaş Azərbaycan musiqi mədəniyyəti tarixində görkəmli bəstəkar kimi qalmaqla yanaşı, həm də böyük bir salnamənin şahidi və yaradıcılarından olmuşdur. O, ömrünün sonunadək sevimli müəllimi, dahi Üzeyir Hacıbəylinin ideyalarına sadiq qalmışdır. Şair Səməd Vurğunun "Aygün" poemasında Azərbaycan qadınını bəstəkar görmək arzusu Şəfiqə Axundovanın simasında gerçəkləşmişdir. Onun mahnıları bu gün təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da sevilə-sevilə ifa olunurböyük maraqla dinlənilir.

Diqqətə çatdırılmışdır ki, Şəfiqə Axundovanın yaradıcılığının coşub-daşan çağları ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf etmişulu öndər həmişə bu böyük bəstəkarın yaradıcılığını yüksək qiymətləndirmişdir.

Qeyd olunmuşdur ki, bu gün bəstəkarı  sevənlərin sayı yüz minlərlədir. Belə bir xoşbəxtlik hər kəsə nəsib olmur.

Diqqətə çatdırılmışdır ki, yüksək insani keyfiyyətlərə malik olan Şəfiqə Axundova ömrünün axırınadək öz sənətinə, peşəsinə vurğunluğunu qoruyub saxlamış, hətta həyatının son günlərində ətrafındakılara "Məni ölməyə qoymayın. Mən yaşamaq, yeni əsərlər yaratmaq istəyirəm" demişdir. Həyatla ölüm arasında çarpışdığı anlarda  belə doğma Vətəni Azərbaycanı düşünmüş, torpaqlarımız işğaldan azad edildikdən sonra bu şərəfə kantata yazmaq arzusu ilə yaşamışdır.

Mərasimdə mərhumun ailəsi adından Rəfiqə Axundova çıxış edərək bacısının xatirəsinə göstərilən hörmət və ehtirama görə Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin minnətdarlığını bildirmişdir.

Sonra görkəmli bəstəkarın cənazəsi son mənzilə yola salınmışdır.

Mərhum İkinci Fəxri xiyabanda torpağa tapşırılmışdır.

Allah rəhmət eləsin!

 

Azərbaycan.-2013.- 28 iyul.- S.6.