Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində azərbaycanlı

 ifaçıların çıxışı böyük maraqla qarşılanmışdır

 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 26-da daha bir konsert proqramı təqdim edilmişdir.

AzərTAc xəbər verir ki, Qəbələ şəhərindəki "Qafqaz Resort" otelinin kamera zalında keçirilən kamera musiqisi axşamında görkəmli Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirilmişdir.

Kamera musiqisi axşamında müxtəlif nüfuzlu festivalların iştirakçısı və beynəlxalq müsabiqələr laureatları pianoçular - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, əməkdar artist Kəmalə Neymanova, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti İlahə Sadıxzadə, London Kral Musiqi Akademiyasının magistrantı Ayan Salahova, vokalçılar - Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının solisti Fəridə Məmmədova, Şəfiqə Məmmədova adına Opera Studiyasının solisti Səbinə Əsədova, Türkiyə Cümhuriyyət Universiteti Gözəl sənətlər bölümü musiqi fakültəsinin dosenti Lalə Hüseynova (skripka) çıxış etmişlər.

Konsertdə Edvard Qriqin "Şairin qəlbi" silsiləsindən "Gözəl gözlər" mahnısı, eləcə də Pablo de Sarasatenin "Əndəluz romansı", Yan Sibeliusun "Görüşdən qayıdan qız", Frederik Şopenin "Polonez" əsərləri ifa olunmuşdur.

Azərbaycan musiqiçilərinin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Avqustun 6-dək davam edəcək musiqi bayramında Azərbaycan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər və solistlər çıxış edəcəklər.

 

Azərbaycan.-2013.- 28 iyul.- S.7.