Janna Qandelman: «Əyalətdə klassik musiqiyə

 bu qədər insanın maraq göstərməsinə heyran qalmışam»

 

"Qəbələ festivalı çox yüksək səviyyədə davam edir. Əyalətdə klassik musiqiyə bu qədər insanın maraq göstərməsinə heyran qalmışam".

Bu sözləri V Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Yerusəlim Simfonik Orkestrinin üzvü, konsertmeyster Janna Qandelman AzərTAc-a müsahibəsində demişdir.

Azərbaycanda olmasından məmnunluğunu ifadə edən Janna Qandelman Qəbələdə dünya şöhrətli musiqiçilərin bir araya gəlmələrini mühüm hadisə kimi qiymətləndirmişdir.

Festival ərzində Yerusəlim Simfonik Orkestrinin müxtəlif operalardan parçalar səsləndirəcəyini bildirən xanım Janna Qandelman açıq havada keçirilən bu musiqi bayramının onda unudulmaz hisslər oyatdığını qeyd etmişdir.

O demişdir: "Qəbələdə təşkil olunan bu festivalda iştirak etmək mənim üçün çox xoşdur. Klassik musiqinin incəlikləri buradakı təbii gözəlliklərlə bir-birini tamamlayır. Festival çox yüksək səviyyədə təşkil olunmuşdur. İlk dəfə gəldiyim Qəbələyə heyran qaldım. Bildiyimə görə, festival ənənəvi olaraq hər yay keçirilir. Növbəti illərdə də gəlib bu dağlara, bu əsrarəngiz təbiətə və gözəl musiqi axşamına qonaq olmaq istərdim. Auditoriya musiqiçiləri çox isti və açıq qəlblə qarşılayır. Bu günlərdə dünya şöhrətli musiqiçilər ifaları ilə bu təntənəli mərasimə xüsusi ovqat gətirirlər".

 

Azərbaycan.-2013.- 28 iyul.- S.7.