Gənclik şəhərinin sənət
naxışları
Azərbaycan Milli Teatrı-140
Azərbaycan Respublikası Nazirlər Sovetinin 1968-ci ildə verdiyi qərara əsasən, Sumqayıtda Dövlət Gənclər Teatrı yaradıldı. 1970-ci ildə kollektivə görkəmli rejissor və aktyor Hüseyn Ərəblinskinin adı verildi və təmayülü də dəyişdirildi. Beləliklə, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı 40 ildən çoxdur ki, öz tamaşaçılarına müxtəlif janrlı əsərlər təqdim etməkdədir.
O zaman Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinin son kursunda təhsil alan tələbələrin əksəriyyətinin təyinatı Sumqayıta verildi. Onların və bu şəhərin daha bacarıqlı dram həvəskarlarının gücü ilə təzə səhnə sənəti kollektivi formalaşdırıldı. İnstitutun aktyor və rejissor sənəti müəllimi, Bakının, Gəncənin və Naxçıvanın dövlət teatrlarında maraqlı quruluşlar vermiş Nəsir Sadıqzadə teatra baş rejissor təyin edildi. 1968-ci il 1 avqustda Kimyaçıların Səməd Vurğun adına Mədəniyyət Sarayında gənc kollektiv ilk məşqinə başladı.
Teatrın rəsmi və təntənəli açılışı 1969-cu il 14 martda Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyasının tamaşası ilə oldu. Tamaşanın quruluşçu rejissoru Cənnət Səlimova, rəssamı İsmayıl Axundov, bəstəkarı Emin Sabitoğlu, mahnıların mətnini şair Zeynal Cabbarzadə yazmışdı.
Tamaşada rolları Raid Əliyev və Hicran Hüseynov (sonralar Azərbaycan radiosunun diktoru olub), Seymur Məmmədov, Hacı Xəlilov, Hacı İsmayılov və başqaları oynayırdılar.
"Müsyö Jordan və Dərviş Məstəli şah" tamaşası müəyyən mənada meydan teatrının estetikası və poetikası göstəriciləri əsasında hazırlanmışdı. Aktyorlar şən və məzəli məsxərə təqdim edirdilər. Bəzi epizordlarda ironiyanın təqdimi və ifadə forması milli karnaval estetikasına əsaslanırdı. Teatrın ikinci tamaşası isə Amerika dramaturqu Con Patrikin "Qəribə missis Səviç" tragikomediyası oldu. Əsəri dilimizə şair Novruz Gəncəli tərcümə etmiş və Nəsir Sadıqzadə tamaşaya hazırlamışdı.
İki tamaşadan sonra Sumqayıt Teatrı təxminən bir ay fasilə verdi.
Sonra ilin sonunda yenidən
tamaşalar hazırlamağa
başladılar. Aktyor ansamblının
möhkəmlənməsi üçün
çalışılırdı ki, çağdaş səhnə estetikasının
prinsiplərini təcəssüm
etdirən, tamaşaçıların
bədii zövqünə
cavab verə bilən bir kollektiv formalaşsın.
Sumqayıt teatrı sənət
yolunda kövrək addımlarını atmağa
başlayandan burada bütöv bir rejissor nəsli fəaliyyət göstərib:
Nəsir Sadıqzadə,
Arif Ağayev, Ağakişi Kazımov, Vaqif Şərifov, Mərahim Fərzəlibəyov,
Oruc Qurbanov, Vaqif Ağayev, Yusif Əkbərov, Ağalar İdrisoğlu, Firidun Məhərrəmov
və başqaları.
Sumqayıt teatrının tarixində
sıravi rejissorların
hazırladıqları əlvan
janrlı və orijinal ifa üslubuna
malik tamaşalar da olub. Məsələn, Cahid Hilaloğlu, Rövşən
Almuradov, Ədalət
Ziyadxanov bu teatrın səhnəsinə
yeni quruluşlar gətirdilər.
Teatrda təcrübəli
rejissorlar və müxtəlif ali
məktəblərin rejissorluq
fakültəsinin diplomçuları
da maraqlı əsərlər tamaşaya
qoydular.
Sumqayıt Dövlət Dram Teatrı
ilk gündən cəsarətli
yaradıcılıq addımları
ataraq respublika teatr ictimaiyyətində maraq doğurdu. Başqa teatrların
aktyorları böyük
məmnuniyyətlə bir
müddət Sumqayıtda
çalışdılar. Akademik Milli Dram Teatrının aktyorları xalq artistləri Məlik Dadaşov, Yaşar Nuri bu teatrın
səhnəsində yaddaqalan
obrazlar yaratdılar.
Respublikanın xalq rəssamları İsmayıl
Axundov, Nüsrət Fətullayev, tanınmış
fırça ustaları
Arif Əsgərov, Kamal Şıxəliyev, Tələt Şahtaxtinski
bu teatrın səhnəsi üçün
müxtəlif janrlı
tamaşalara əlvan bədii tərtibatlar verdilər. Bəstəkarlardan
Fikrət Əmirovun, Oqtay Kazımovun, Emin Sabitoğlunun, Zakir Bağırovun, Rəşid Nəsiboğlunun,
Nəriman Məmmədovun,
Şəfiqə Axundovanın,
Sevda İbrahimovanın
və başqalarının
müsiqiləri Sumqayıt
teatrının tamaşalarını
rövnəqləndirdi.
Teatr keçdiyi
bu uzunillik yaradıcılıq yolunda
klassiklərimizin və
çağdaş dramaturqlarımızın
əsərləri ilə
yanaşı, müxtəlif
dövrlərdə ayrı-ayrı
ölkələrdə yaşayıb-yaratmış
əcnəbi müəlliflərin
maraqlı dram, komediya
və faciələrinə
də öz repertuarında yer ayırdı.
Kollektiv respublikada keçirilən
müxtəlif xarakterli
festivallarda uğurlu çıxışlar edib. Hətta onun
bir neçə tamaşası Azərbaycan
Dövlət Televiziyası
ilə nümayiş olunub. Teatrın istedadlı aktyorları
bədii filmlərə
çəkilirlər, televiziya
tamaşalarında, müxtəlif
şou-proqramlarında həvəslə
çıxış edirlər.
Sumqayıt teatrının janr əlvanlığı təkcə
axtarış cəhdləri
kimi dəyərləndirilə
bilməz. Bu meyil
ciddi yaradıcılıq
səylərinin və
cəsarətinin əlvan
mövzu - problematikada
özünün parlaq
təcəssümünü tapıb. Bununla belə qeyd etməliyəm ki, teatrın adına
və yaradıcılıq
funksiyasına "musiqili"
sözünün artırılması
uğurla nəticələnməyib.
Çünki truppada peşəkar
vokal ifaçılarının
olmaması mürəkkəb
partiyaların ifasını
müşkülə salır.
Bu kollektiv, ilk növbədə, Dövlət
Dram Teatrıdır və
bu janr üslubda
öz simasını yaradıcılığının ilk illərindən təsdiqləyib.
Təsdiqlədiyi konseptual prrinsipləri
getdikcə daha da cilalayır və onu yüksək
sənət meyarları
əsasında formalaşdırır.
Hazırda ölkəmizin bir
sıra sənət ocaqlarında vaxtilə Sumqayıt teatrında aktyorluq etmiş sənət adamları çalışırlar: Akademik
Milli Dram Teatrında Kubrabəyim Əliyeva, Hacı İsmayılov, Ramiz Novruzov, İradə Ağasıbəyli,
Əli Nur, Sabir Məmmədov, Kazım Abdullayev, Tofiq Hüseynov və başqaları, Musiqili Komediya Teatrında Afaq Bəşirqızı, Tofiq
Bayramov, Səmayə Sadıqova, Rüstəm Rüstəmov, Nadir Xasıyev,
Stella Hacıyeva, Nahidə
Orucova, Gənc Tamaşaçılar Teatrında
Rafiq Hüseynov, Zərnişan Fətəliyeva,
Ələsgər Qurbanəliyev,
Bəxtiyar Kərimov,
Ağdam Dövlət
Dram Teatrında Sevil Məhərrəmova, Cəmilə
Məmmədova, Dövlət
Gənclər Teatrında
Rəzzaq Məmmədov,
Elşən Şirəliyev,
Bahar Abdullayeva, Bakı Bələdiyyə
Teatrında teatrın
yaradıcılarından biri,
xalq artisti Vaqif Əliyev, Rafiq İbrahimov, Mövsüm Hüseynov, Hüsniyyə Mürvətova,
Dilarə Fərzullayeva.
Bir sözlə, respublikada fəaliyyət göstərən
teatrların əksəriyyətində
Sumqayıt Teatrından
pərvazlanan aktyor və aktrisalar çalışırlar. Vaxtilə bu teatrda işləyən
sənətkarların bir
qismi də müxtəlif telekanallarda
fəaliyyət göstərirlər.
Sumqayıt Teatrının repertuarının
əsasını klassik
və müasir Azərbaycan dramaturqlarının
əsərlərinin tamaşası
təşkil edir. Mövzu rəngarəngliyi,
forma müxtəlifiyi, janr
yeniliyi, üslub təzəliyi üçün
Sumqayıt Teatrı vaxtaşırı dünya
dramaturqlarının əsərlərinə
müraciət edir.
Bu teatrın kollektivi
çağdaş Azərbaycan
yazıçı və
dramaturqları ilə
müntəzəm yaradıcılıq
əlaqələri saxlayır. Doğrudur, onların
içərisində uğursuz,
sönük, bədii
cəhətdən zəif
tamaşalar da olub. Ancaq məsələnin dəyərli tələbi
ondadır ki, müasir ictimai-sosial, mənəvi-əxlaqi problemlər
axtarışında teatr
əksər vaxtlarda yaradıcılıq ünsiyyətində
olduğu müəlliflərlə
müsbət nəticələr
əldə edib.
Bu baxımdan teatrın
Rauf İsmayılov, Feyruz Məmmədov, Əli Səmədov, Rəhman Əlizadə, Camal Yusifzadə, Rafiq Səməndər, Aqşin Babayev, Sara Nəzirova, Ələkbər
Salahzadə, Tamara Vəliyeva
və sumqayıtlı
dramaturqlardan Akif Həsənoğlu, Əvəz
Mahmud Lələdağ və
başqalarının əsərlərindən
tamaşalar hazırlaması
uğurla nəticələnib.
Sumqayıt Teatrında gözəl bir ənənə var. Mən bu ənənənin
40 illik şahidiyəm
və hər bir kəs teatrın
yaradıcılıq salnaməsini
vərəqləsə, bunu
özü də görəcək. Təməli gənclik qüvvəsi
ilə qoyulduğuna görə bu teatrda gənc aktyor və aktrisaların özlərini
sınağa çəkmələri
üçün həmişə
geniş meydan və imkan açılıb.
Teatra gələn istedadlı, hətta orta səviyyəli gənclərə
də məsul rollar tapşırılıb.
Teatrın formalaşmasında xidmətləri
olmuş Hacı Xəlilov, Kamil Məhərrəmov, Qurban
Ələkbərov, Nazir
Əliyev, Ramiz Qiyasov, Tahirə Həsənzadə, Oqtay Xəlilov, Gülsolmaz Qafarova, Siddiqə Məmmədova, Habil Nəsirov, Zahid Qurbanov, Məmməd Əkbərov və Xanlar Muradov dünyalarını dəyişiblər.
Bu gün teatrda respublikada yaxşı tanınan xalq və əməkdar artistlər və digər aktyorlar həvəslə çalışırlar. Teatrın aparıcı
aktyorlarından olan Valeh Kərimov əsas uğurlarını
komediya janrında qazanıb. Bununla yanaşı, dramatik,
psixoloji, hətta faciə əsərlərində
də rollar oynayıb. Onun ifa etdiyi əsas rolların adlarını çəkmək
istəsək, uzun bir siyahı əmələ gələr.
Əməkdar artistlərdən
Svetlana Həkimova, Məzahir
Süleymanov, Növrəstə
Həşimova, aktyorlardan
Vaqif Rəsulov, Ulduzə Nəsirova, Dağlar Rüstəmov, İlqar İbrahimov, Vidadi Məmmədov, Namis Şirməmmədov,
Fəranə Musayeva, Akif Mirzəyev, Nizaməddin Bağırov,
İradə Zeynalova, Yeganə Məmmədəliyeva
və başqaları
böyük həvəslə
fəaliyyət göstərirlər.
Teatrın son illər musiqili komediyalar hazırlaması repertuarda müəyyən əlvanlıq, yaradıcılıq üslubunun təzə istiqamətdə formalaşmasında nəzərəçarpacaq çətinliklər və hətta qüsurlar yaradıb. Bununla belə, yeni teatr poetikasını cilalamağa yönəlmiş axtarışlar, çəkilən zəhmət kollektivin aparıcı aktyorlarının yaradıcılıqlarının təzə-təzə keyfiyyətlərini üzə çıxarıb. Aktyorlar janr müxtəlifliklərinin ifa "sədlərini" aşmaq üçün qüvvələrini düzgün səfərbər etmək vərdişlərinə yiyələniblər.
Sumqayıt Dövlət Musiqili Dram Teatrı 40 ildən çoxdur ki, kimyaçıların Səməd Vurğun adına Mədəniyyət Sarayının binasında fəaliyyət göstərir. Hazırda teatrın truppasında baş rejissor, iki quruluşçu rejissor, bir rejissor, iki rejissor assistenti, ədəbi hissə və truppa müdiri, 34 aktyor, baş rəssam, bir quruluşçu və bir icraçı rəssam çalışır. Sumqayıt Teatrı bu günə kimi 200-dən çox tamaşa hazırlayıb. Fəaliyyətə başladığı gündən Azərbaycan teatrının inkişafına, təşəkkülünə öz töhfələrini bağışlayan bu teatr gənclik şəhəri Sumqayıtın sənət aləminə öz naxışlarını həkk etdirməkdədir.
İlham RƏHİMLİ,
sənətşünaslıq
doktoru, professor
Azərbaycan.-2013.- 28 iyul.- S.7.