V Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində vokalçıların Bülbül adına Beynəlxalq müsabiqələrinin qaliblərinin konserti olmuşdur

 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 28-də vokalçıların Bülbül adına Beynəlxalq müsabiqələrinin qaliblərinin konserti olmuşdur.

AzərTAc xəbər verir ki, məşhur italyan musiqiçi Mirko Roverellinin dirijorluğu ilə keçirilən konsertdə Yerusəlim Simfonik Orkestri klassik Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirmişdir.

"Viva opera" adlı konsertdə Azərbaycan, Rusiya və Türkiyədən tanınmış ifaçılar - Sergey Leyfekus, Burçin Savigne, xalq artisti Əli Əsgərov, əməkdar artist Elçin Əzizov, Azər Rzazadə, Fəridə Məmmədova, Yusif Eyvazov tamaşaçılara görkəmli bəstəkarlar Cüzeppe Verdinin "Bal-maskarad", "Simon Bokkaneqra", "Otello", Umberto Cordanonun "Andre Şenye", Cakomo Puççininin "Turandot", "Toska", "Çio-Çio San", eləcə də Qara Qarayev, Cövdət Hacıyevin "Vətən" operalarından parçaları təqdim etmiş, gözəl çıxışları ilə dinləyicilərin qəlbinə yol tapmışlar.

Məharətli ifası ilə dünyaya səs salan Yerusəlim Simfonik Orkestrinin müşayiəti ilə keçən konsertdə Azərbaycan tamaşaçılarına və xarici ölkələrdən Qəbələyə gəlmiş turistlərə unudulmaz gecə bəxş edilmişdir.

Daha sonra səhnəyə çıxan Bülbül Fondunun prezidenti, Azərbaycanın Rusiya Federasiyasındakı səfiri, xalq artisti, professor Polad Bülbüloğlu tamaşaçıları salamlamış, festivalın ərsəyə gəlməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya dərin minnətdarlığını bildirmişdir. Səfir Mehriban xanım Əliyevanın himayəsi ilə keçirilən bu festivalda çox görkəmli ifaçıların iştirak etdiyini, bu mötəbər tədbirin əks-sədasının bütün dünyada çox geniş yayıldığını əminliklə vurğulayaraq demişdir: "Bu gün Azərbaycanın regionlarının sürətli inkişafı Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı uğurla davam etdirdiyini bir daha göstərir. Mən çox sevinirəm ki, paytaxtla yanaşı, bölgələr də inkişaf edir. Qəbələ son vaxtlar çox gözəl və müasir şəhərə çevrilmişdir. 2013-cü il üçün MDB-nin mədəniyyət paytaxtı elan olunmuş Qəbələdə bu illər ərzində bir neçə mədəni-humanitar tədbir keçirilmişdir. Gözəl hotellər, yollar, hava limanı və digər imkanlar festivalın yüksək səviyyədə təşkil olunmasına şərait yaradan amillərdir. Mən bir azərbaycanlı olaraq bu uğurlara çox sevinirəm".

Xalq artisti Polad Bülbüloğlunun ifasında "Gəl ey səhər", "Azərbaycan", eləcə də "Ay dilbər", "Xumar oldum" xalq mahnıları tamaşaçıların sürəkli alqışları ilə qarşılanmışdır.

Yerusəlim Simfonik Orkestri 1930-cu ildə Fələstin radiosunun nəzdində yaranmışdır. Orkestrin musiqi direktoru Frederik Çaslindir. Orkestr maestro Bertininin təsis etdiyi üç əsas dini musiqiyə həsr olunmuş Liturgiya festivalının daimi iştirakçısıdır. Bu dünya şöhrətli musiqi kollektivi dəfələrlə Avropanın və ABŞ-ın bir çox şəhərlərində, ən məşhur konsert salonlarında geniş proqramlarla çıxış etmişdir.

 

 

Azərbaycan.-2013.-30 iyul.-S.7.