V Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində Sergey

 Raxmaninovun əsərlərindən ibarət konsert olmuşdur

 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən və Azərbaycanın milli musiqi mədəniyyəti tarixində yeni bir ənənənin təməli sayılan, beynəlxalq mədəni əlaqələrin genişləndirilməsində, zəngin musiqi mədəniyyətimizin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayan V Qəbələ Beynəlxalq Musiqi Festivalı uğurla davam edir.

AzərTAc xəbər verir ki, iyulun 29-da festivalın proqramına uyğun olaraq "Qafqaz Resort" hotelində təqdim edilən növbəti kamera musiqisi axşamı görkəmli rus bəstəkarı Sergey Raxmaninovun xatirəsinə ithaf olunmuşdur.

Kamera musiqisi axşamında müxtəlif nüfuzlu festivalların iştirakçısı və beynəlxalq müsabiqələr laureatları, pianoçular - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Elnarə Keberlinskaya, Səidə Tağızadə, həmçinin Azərbaycan Dövlət simli kvartetinin üzvü, əməkdar artist Aleksey Miltıx (violonçel), tanınmış opera müğənnisi, Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının solisti, əməkdar artist Gülnaz İsmayılova tamaşaçılara görkəmli rus bəstəkarı Sergey Raxmaninovun əsərlərini təqdim etmişlər. Onlar gözəl çıxışları ilə dinləyicilərin qəlbinə yol tapmışlar.

Tanınmış rusiyalı pianoçu Oksana Yablonskayanın ifası isə tamaşaçılara unudulmaz anlar bəxş etmişdir.

Avqustun 6-dək davam edəcək musiqi bayramında Azərbaycan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər və solistlər çıxış edəcəklər.

 

Azərbaycan.-2013.- 30 iyul.- S.7.