Fernando DEVUAR: Bu festivalın mənim

 karyeramda əvəzsiz rol oynayacağına inanıram

 

Festivalın mənim karyeramda əvəzsiz rol oynayacağına inanıram. Bu mötəbər musiqi bayramında bizi dinləməyə gələn yerlixarici tamaşaçılardan çox razıyam. Artıq özümə konsertdə yeni dostlar qazandığımı deyə bilərəm.

Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Kubanın "Santiaguero" caz qrupunun üzvü Fernando Devuar AzərTAc-a müsahibəsində demişdir.

Azərbaycanda ilk dəfə olduğunu deyən Fernando Devuar ölkəmiz haqqında telekanallar vasitəsilə məlumatlı olduğunu söyləmişdir.

Fernando Devuar festivalın təşkilatçılarına dərin minnətdarlıq edərək demişdir: "Bilirəm ki, festivalın belə yüksək səviyyədə təşkili üçün çox vaxt sərf olunmuş və xeyli zəhmət çəkilmişdir. Buranın iqlimi çox gözəl, insanları səmimi və qonaqpərvərdirlər. Sizin musiqiçilərlə tanış oldum, yeni dostlar qazandım. Bu mötəbər sənət bayramına böyük qayğı göstərildiyinin şahidi oldum. İnsanları çox sevdim. Mənim üçün burada dağların, təbiətin qoynunda çıxış etmək çox xoşdur. Hisslərimi sözlə ifadə edə bilmirəm. Festivalda yenidən iştirak edəcəyimizə inanıram".

 

Azərbaycan.-2013.- 30 iyul.- S.7.