İgid gedər, adı qalar

 

Xeyli vaxtdır yoxdurlar - Mübariz, Fərid, Əhməd. Özlərindən sonra qəhrəmanlıq, hünər və həsrət dolu xatirələr qalıb. Bu həsrətin, qəhrəmanlığın təsirilə Cəlilabad Rayon Mədəniyyət Evi Asif Həsənlinin "Şəhidliyin uca zirvəsində" kitabının motivləri əsasında "Məndən ötrü darıxmayın" adlı tamaşa hazırlayıb. Tamaşaçılar tərəfindən alqışlarla qarşılanan bu əsər Azərbaycanın qəhrəman oğullarının keçdiyi döyüş yoluna həsr edilib. Cəlilabadda hamı indibu tamaşadan danışır. Onun quruluşçu rejissoru və səhnələşdirəni Buludxan Buludov, aktyorları Xeyrulla Şahbazlı, Anar Əlizamanlı, Ramil İbrahimov, Anar Buludov, Məlahət Fəridi və başqalarıdır. Hamını təsirləndirən, öz sehrinə salan isə Mübariz İbrahimov, Fərid Əhmədov və Əhməd Abdullayevin təkrarsız ömür yolu, ibrətamiz həyat hekayətləridir.

 

 

 

Hamı kimi doğulsa da, hamı kimi yaşamadı

 

 

Onlardan biri haqqında danışmağa çalışacağıq.  Abdullayev Əhməd Hüseynağa oğlu haqqında ən qısa və ən doğru məlumatlar bunlardır: Əhməd 1976-cı il 30 iyulda Cəlilabad rayonunda, ziyalı ailəsində doğulub. 1983-cü ildə orta məktəbə gedib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbə daxil olub. 1992-ci ildə təhsilini İstanbul şəhər hərbi məktəbində, 1996-cı ildən Ankara Hərbi Akademiyasında davam etdirib. Sənəti ilə əlaqadar dünyanın bir çox ölkələrində - Almaniyada, İsveçrədə keçirilən hərbi təlimlərdə iştirak edib. 2001-ci ildən 2010-cu ilədək Azərbaycan Respublikasının Xüsusi Təyinatlı dəstəsində qrup komandiri vəzifəsində çalışıb.

2010-cu ilin mart ayından Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirib.

Bu da son: Azərbaycan Ordusunun mayoru Əhməd Abdullayev 2010-cu ilin sentyabr ayının 4-də erməni qəsbkarlarının hücumunun qarşısını almaq məqsədilə xüsusi dövüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olub və 2010-cu il 28 dekabrda Azərbaycan Prezidentinin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib.

Cəlilabadda doğulub böyüdüyü evdəyik. Qapının ağzında - nə vaxtsa dayanıb atasını, anasını, dostlarını gözlədiyi yerdə indi şəkli baxır, gələni-gedəni yola salır. Anası Firuzə xanım hələ də o ağrının-acının içindədir: "Mübarizin ölümündən sonra bir dəfə Əhmədə dedim ki, bala, düşmən onun meyitini vermir, bu necə olacaq?"

"O işin necə olacağını" isə hər ikisi -  Əhməd də, Fəriddə yaxşı bilirdi...

O evdə bir istilik, doğmalıq, birsonu görünməyən bir həsrət, hüzn var. Masanın üzərində səliqə ilə düzülmüş şəkillər, kitablar ancaq ondanonun yoxluğundan danışır: "Orduda xidmət etməyən kəs cəmiyyətdə hörmət qazana bilməz". ...Bu, Əhmədin öz əlləri ilə yazdığı sözlərdir. Çünki gözünü açandan belə görmüşdü, belə eşitmişdi. Hüseynağa müəllimlə Firuzə xanımın 4 övladı - 2 qızı və 2 oğlu vardı. Ailənin böyük oğlu Əhməd uşaqlıqdan qeyri-adi hərəkətləri ilə seçilirdi. Çox nadinc idi. Anası Firuzə Abdullayeva onun uşaqlıq illərini sevə-sevə yada salır. Deyir ki,  Əhməd düzgünlüyü sevən, təmiz uşaq idi. Yalan danışmazdı. 9-cu sinifdə oxuyanda hərbiyə getmək qərarına gəldi. Orta məktəbdə əla qiymətlərlə oxuyurdu, riyaziyyatı çox yaxşı bilirdi. Həm də bir neçə dil - ingilis, ərəb, fars və erməni dillərini bilirdi, ispan dilini isə öyrənirdi. Həmişə deyirdi ki, düşmənə qalib gəlmək üçün onun dilini bilmək lazımdır.

Həyat yoldaşı Ulduz xanım üçün hər dəfə bu söhbətlərə qayıtmaq çətindən çətindir:  "Gecələr uşaqları yatmağa aparanda "biz atamızı istəyirik" - deyirlər. vaxt gələcək? Hər dəfə uşaqlar bu sualı verəndə çox pis oluram və nə cavab verəcəyimi bilmirəm. Hələ körpədirlər, heç nəyi dərk etmirlər... İndi də mənə deyirlər ki, atam həmişə bizimlədir, qaranlıqda gəlib bizi öpüb gedir..."

Əhmədin balaca oğlu, nəvə Hüseyn bu hadisədən şok keçirib. Adını daşıdığı babası Hüseynağa müəllim kimi: sentyabrın 4-də bu hadisə baş verəndə birinci əmisi oğluna xəbər verirlər. Axı o da hərbçidir. O da Elnura, Əhmədin qardaşına deyir. Bizə isə heç nə deməmişdilər. Yalnız dedilər ki, yaralanıb, gətirirlər. Fikirləşdim ki, əgər yaralanıbsa, evə niyə gətirirlər? Sonradan bildim ki, oğlum şəhid olub... Hərbçilərin dediyinə görə, ermənilər Fəridi vurandan sonra Əhməd əsgərlərini qaytarıb ki, onlara heç nə olmasın. Özü isə düşmənlə son nəfəsinə qədər vuruşub qolundan yaralanıb...

Əhmədin kiçik qardaşı Elnur Abdullayev:  "Əhməd neçə dəfə ölümlə üzləşsə də, sağ-salamat qurtulmuşdu. Aprel ayında dəhşətli avtomobil qəzasına düşmüş, amma sağ-salamat çıxmışdı. Sonradan mən anladım ki, onu uca şəhidlik zirvəsi gözlədiyi üçün bu qəzalarda həlak olmayıb...  Bir dəfə ona dedim ki, tez-tez gəl, səni doyunca görək. Dedi, vaxtım yoxdur. O, həmişə beləydi. Elə bil yoxluğuna alışdırırdı bizi..."

Hüseynağa müəllim deyir ki, Əhməd müstəqil hərəkət etməyi, qərar verməyi xoşlardı. 15 yaşından özü-özünü dolandırardı. 1991-ci ildə Naxçıvanski adına Hərbi Məktəbə qəbul olub orada da hörmət qazanmışdı. Dərsdə əlaçı idi: "92-ci ildə yay tətili vaxtı oradan bizə zəng edib dedilər ki, "Türkiyəyə tələbə göndərirlər, Əhməd savadlı, əlaçı tələbədir, istəyirik ki, o da getsin".

Anası Firuzə xanım o vaxtkı vəziyyəti yada salır: "Atası Əhmədi imtahan verməyə apardı. Mən də ağlayırdım ki, tək qadınam, bacım-qardaşım da yoxdur, sən də getsən, necə olacağam?"

Əhməd isə həyat, təhsil yolunda öz uğurlu addımlarını atmaqda idi. 1992-ci ildə müvəffəqiyyətlə İstanbul Hərbi Liseyinə qəbul oldu. 4 il orada təhsil aldı, 1996-cı ildə imtahan verərək Ankaradakı Hərbi Akademiyada təhsilini davam etdirdi. Bir faktı da qeyd edək ki, Əhməd orada igid zabitimiz Ramil Səfərovla birlikdə oxumuşdu. 2000-ci ildə "Karahal Okulu" adlanan Ali Hərbi Akademiyanı fərqlənmə diplomu ilə istehkamçı kimi bitirib İzmir şəhərində kursa getdi. 2001-ci ildə Azərbaycana qayıdan Əhməd Gəncədə "N" saylı hərbi hissədə baş leytenant rütbəsi ilə işə başladı. 2001-ci ilin sonunda Xüsusi Təyinatlı Qüvvələrə məxsus "N" saylı hərbi hissədə xidmətə daxil oldudüz 10 il burada fəaliyyətini davam etdirdi.  Əhməd 2003-2004-cü illərdə NATO-nun hərbi təlim-məşqlərində Azərbaycan Ordusunu təmsil edərək İsveçrəyə və Kiprə göndərildi.

Firuzə xanım: "Oğlum şəhid olandan sonra düşünürəm ki, balam elə həmişə qəhrəman olub. Əhməd həmişə əsgərlərinə qayğı göstərərdi. Hətta əsgərlərdən birinin atası rəhmətə gedəndə öz cibindəki son pulunu ona verib evinə yola salmışdı. Həyatı boyu nümunə olub, biz onu hiss etməmişik. Ərizə ilə müraciət etmişdi, müharibə bölgəsinə getmək istəyirdi. Amma ona icazə vermədilər. Mən də fikirləşdim ki, yəqin daha alınmadı. 2010-cu ilin martında evə gəldi və dedi ki, mən Tərtərə gedirəm. Əhməd Tərtərdə hər gün kəşfiyyata gedirmiş. O qədər şən, deyib-gülən idi ki, heç vaxt hiss eləməzdin bu adamın nə isə bir çətinliyi, problemi var. Martda özü getdi, Ulduz burada qaldı. Mən işləyirdim, gələ bilmirdim. Ona görə də atasını gətirib Ulduzun yanına qoydu ki, uşaqlarla tək qalmasın. Elə oldu ki, atası da yıxıldı, qolu sındı, bir aya qədər xəstəxanada müalicə olundu. Əhməddən xəbər yox idi. Demə, yüksək qızdırma ilə hospitalda yatırmış. Bizimlə də hər gün telefonla danışır və "narahat olmayın, tezliklə gələcəyəm" - deyirdi.  Tərtərdə doqquz kirayə ev dəyişib. Çox çətinliklər görüblər. Öz evində rahat yaşaya da bilmədi balam..."

 

 

 

Axırıncı sözü bu olub: "Heyf ki, Fəridi gətirə bilmədim..."

 

 

Firuzə xanım yada salır ki, Mübarizin ölümündən sonra bir dəfə Əhmədə dedim ki, bala, düşmən onun meyitini vermir, bəs bu necə olacaq? Dedi, gətirəcəyik. Sən demə, elə ona çalışırlarmış. Sonra eşitdim ki, hər gecə kəşfiyyata gedir, səhər qayıdırmış. Amma bizə bir söz də deməzdi. Biz onun hərbi hissədə Fəridlə bir yerdə olduğunu bilmirdik. Fəridin anası ilə mən əvvəllər bir yerdə işləyirdim. Mən bağçada tibb bacısı, o isə tərbiyəçi idi. Həmişə Əhməd Türkiyədən məktub göndərəndə işdə oxuyub ağlayırdım. Çünki poçt bağçaya yaxın idi. O isə mənə həmişə deyərdi ki, sizdə ürək var, uşağı Türkiyəyə hərbi təhsil almağa göndərirsiniz. Amma yazıq Nərgiz o vaxt bilməzdi ki, Fərid də hərbçi olacaq. Sonralar hər ikisi rayona gələndə də deməzdilər ki, biz bir yerdə işləyirik. Əhmədi Cəlilabadda dəfn etdik. Amma 2 ay, Fəridlə Mübarizin meyiti gətirilənə qədər onların valideynlərindən utanırdıq ki, onların balaları orada qalıb. Əhməd onlardan ayrı düşdüyünə görə bir qədər adı hallanmadı. Kömək edən insanlar sağ olsunlar ki, Əhmədin igidliyi haqqında Prezidentə müraciət etdilər. Əhməd medalla təltif olundu. Bu, bir ana kimi mənə böyük təsəllidir. Oğlum olduğuna görə demirəm, uşaqlıqdan tərbiyəli, qayğıkeş, Vətəni sevən idi.  Uşaqlıqda tək bir dəfə atası ona əl qaldırıb. Yəni, özünə söz dedirdən deyildi.

Bizim nəsildə hərbçi olmayıb. Amma Əhməd hərb sənətini çox sevirdi. Bəlkə də onun buna həvəsi dövrün hadisələri ilə əlaqədar idi.

Qardaşı Elnur Abdullayev deyir ki, Əhməd Abdullayevin qardaşı olmaq çox böyük şərəfdir. Əhməd  namuslu, vicdanlı, Vətənini ürəkdən sevən bir insan idi. Bunu əməli ilə də sübut etdi. Dərin zəkası, natiqliyi, yüksək savadı ən çətin məqamlarda belə düzgün qərarlar verməsinə kömək edirdi. Qardaşım məhz bu xalqın, bu Vətənin oğlu olduğu üçün qürur duyurdu. Əhmədin Vətəni bu qədər sevməsinin bir səbəbi də yeniyetməlik çağlarının müharibə vaxtına düşməsi idi. Əhməd hərbçi olmaq qərarına elə o illərdə gəlmişdi. Qardaşım peşəkar bir zabit kimi torpaqlarımızı geri qaytarmaq, düşməndən intiqam almaq istəyi ilə yaşayırdı.  Biz Əhmədlə çox gec-gec görüşürdük. Uşaqlığımızın az bir hissəsi bir yerdə keçib. Mən Əhməddən 7 yaş kiçiyəm. Hər dəfə görüşəndə sevdiyi işlə məşğul olduğu üçün özünü çox xoşbəxt hiss etdiyini deyirdi. Düşünürəm ki, Vətənimizə Mübariz, Əhməd, Fərid kimi oğullar çox lazımdır.

Ulduz xanım xatırlayır ki, Əhməd səyahət etməyi çox sevirdi. Hər dəfə deyirdi ki, sizi Türkiyəyə aparacağam. Orada oxuduğu yoldaşları ilə əlaqə saxlayırdı. Onlar Əhmədi Türkiyəyə dəvət edirdilər. Bir türk yoldaşı vardı, o da evli idi, həmişə zəng vurardı ki, uşaqları da götür, gəl. Əhməd soruşanda ki, sizin niyə uşağınız yoxdur? O, "biz hələ planlaşdırırıq" deyəndə Əhməd "siz  planlaşdırana qədər  evdə mənim iki əsgər balam böyüyür", - demişdi. Əhməd uşaqların tərbiyəsinə xüsusi fikir verirdi. Evdə söz-söhbət olanda uşaqlara bildirməz, səsini qaldırmazdı. Çox xeyirxah insan idi. Hər orucluqda hər zaman fitrə verərdi. Bir imkansız ailə vardı, məni də özü ilə aparardı ki, fitrəni mən onlara verim. Və əlavə edərdi:  "Hər şeyə hazır olmaq lazımdır. Mən sənə arxayınam".

Qardaşı söyləyir ki, sonuncu görüşümüzdə mənimlə ancaq Mübariz haqqında danışdı. Dedi, az qalıb, gətirəcəyik onu... Əhməd peşəkar idi. Nə dediyini yaxşı bilirdi. Bunu əsgərlər, zabitlər də söyləyirlər.

Sona kimi Fərid Əhmədovla birlikdə düşmənə müqavimət göstərən, Mübariz İbrahimov üçün gedib dostunu da itirən Əhməd Abdullayev hərbi hissəyə qədərki uzun bir məsafəni ağır yaralı olmasına baxmayaraq, sürünə-sürünə adlaya bilib. Axırıncı sözü isə bu olub: "Heyf ki, Fəridi gətirə bilmədim..."

 

 

 

Əhmədə deyin ki, onun üçün çox darıxırlar...

 

 

Əhmədli günlərin həsrətini heç cür ovuda bilməyən Ulduz xanımın gözləri yol çəkir. Hamı kimi o da darıxır: "Bilinirdi ki, yaralanmaq məsələsi deyil. Yalvardım ki, mənə həqiqəti deyin. O, Əhmədin şəhid olduğunu bildirdi. Uşaqları tanış adam vardı, onların evinə qoydum. Məni xəstəxanaya apardı, ora həm də meyitxana idi. Amma onu görməyə icazə vermədilər. Evlə hospitalın arası yaxın idi. Dayana bilməyib qaça-qaça yenə getdim. Qolundandöş qəfəsinin altından yaralanmışdı... Sonrasını isə xatırlamıram. Bir də gözlərimi açanda gördüm ki, bayırda daşın üstündə oturmuşam. Sonra qayınım Elnur gəldi. Ona da göstərdilər. Elə bil uşaqlar da atalarının ölümünü hiss etmişdilər. Əhmədin tabutu qabaqda aparılır, biz də maşında arxadan gedirdik. Hüseyn deyirdi ki, bilirəm, onun içində atamı aparırlar... (kövrəlir). Biz ailədə çox mehriban idik. Bir-birimizdən gizli heç nəyimiz olmazdı. İndi də mən onun ölümünə inanmıram. Mənə elə gəlir ki, o, nə vaxtsa qayıdacaq. Nə qədər maddi, mənəvi kömək olsa da, Əhmədi heç bir şey əvəz edə bilməz. Mən çalışacağam ki, bu iki uşağı Əhmədə layiq övladlar kimi böyüdüm. Əhməd uşaqları çox istəyirdi. "Mənim iki əsgər balam var" - deyirdi. Hətta Hüseyn 6 aylıq olanda Əhməd öz hərbi formasını onun əyninə geydirərdi".

Əhməd Abdullayev yurdunu, torpağını, əsgərlərini də çox sevirdi. Hərbçi dostlarından birinin Əhmədə göndərdiyi, amma onun vaxt tapıb oxuya bilmədiyi son mesajda olduğu kimi: "Özündən, əsgərlərindən və Vətənindən muğayat ol!"

Bir də "Məndən ötrü darıxmayın" tamaşasında deyildiyindən fərqli olaraq, Əhmədə, Mübarizə, Fəridə demək istəyirik: onlar üçün hamı darıxır - dostları da, əsgərləri də, Vətəni də.

 

 

 

Bəxtiyar QARACA,

Azərbaycan.-2013.- 30 iyul.- S.6.