Xaçmaz rayonunda baş vermiş hadisə
ilə bağlı
üç nəfər cinayət məsuliyyətinə
cəlb edilmişdir
Xəbər verildiyi kimi, iyulun 21-də "Nabran Holiday Village" istirahət mərkəzində ağır bədən xəsarətləri almış İmran Cəfərzadənin müayinə və müalicəsi, eyni zamanda, baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 162.1-ci (əmək mühafizəsi qaydalarını pozma) və 314.2-ci (səhlənkarlıq) maddələri ilə başlanmış cinayət işinin istintaqı Azərbaycan Respublikasının Prezidenti tərəfindən nəzarətə götürülmüşdür. Həmin iş üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri davam etdirilir. Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, cinayət işi üzrə zəruri ekspertizalar, o cümlədən məhkəmə-texniki, məhkəmə-tibbi ekspertizaları təyin edilmiş və digər istintaq hərəkətləri yerinə yetirilmişdir.
Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin 2013-cü il 25 iyul tarixli ilkin rəyi ilə müəyyən edilmişdir ki, istirahət mərkəzinin vəzifəli və digər şəxslərinin xidməti vəzifələrinə laqeyd münasibətləri nəticəsində "Su attraksionları. Konstruksiyalarının təhlükəsizliyi" standartının 6.4-cü bəndinin tələbləri kobud şəkildə pozulmuş və nəticədə azyaşlı İ.Cəfərzadə ağır bədən xəsarətləri almışdır.
Cinayəti törətməkdə şübhəli bilinən "CTF" firmasının və "Nabran Holiday Village" istirahət mərkəzinin direktoru Rəşad Zərbəliyev, istirahət mərkəzinin icarəçisi Firdovsi İsmayılov və istirahət mərkəzində hovuz xidmətçisi vəzifəsində işləyən Aslan Hacıməmmədkərimov Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə ibtidai istintaq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində davam etdirilir.
İş
üzrə hərtərəfli, tam və obyektiv istintaq
aparılmaqla "CTF" firması və "Nabran Holiday
Village" istirahət mərkəzinin fəaliyyətindəki
qanun pozuntularının və həmin qanun pozuntularına yol
vermiş digər təqsirkar şəxslərin dairəsinin
müəyyənləşdirilərək cinayət məsuliyyətinə
cəlb olunması təmin ediləcəkdir.
Azərbaycan.-2013.- 30 iyul.- S.8.