Mərkəzi Seçki Komissiyasında aşağı seçki

komissiyalarının üzvləri üçün kurslar başlamışdır

 

İyulun 29-da Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün təşkil edilmiş seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların açılış mərasimi olmuşdur.

Mərasimdə çıxış edən MSK-nın sədri Məzahir Pənahov kursların əhəmiyyətini xüsusi qeyd etmişdir. Bildirmişdir ki, seçkilər hər bir ölkədə demokratiyanın əsas göstəricilərindən biridir. Azərbaycanda azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi ənənəsinin mövcud olduğunu deyən MSK-nın sədri qeyd etmişdir ki, ölkəmizdə demokratik seçkilərin keçirilməsi üçün beynəlxalq təcrübəyə əsaslanan hüquqi baza vardır. Azərbaycanda seçkilərin şəffaf, azad və ədalətli keçirilməsi üçün hər cür şərait yaradılmışdır.

Məzahir Pənahov diqqətə çatdırmışdır ki, kurslar Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" 2006-cı il 28 dekabr tarixli və "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında" 2011-ci il 27 dekabr tarixli sərəncamlarına uyğun olaraq təşkil edilmişdir.

Azərbaycanın tarixi bir hadisənin ərəfəsində olduğunu deyən Məzahir Pənahov vurğulamışdır ki, bir müddət sonra prezident seçkiləri kampaniyası başlayacaqdır. Bu seçkilər böyük tarixi əhəmiyyət kəsb edir. Prezident seçkilərində vətəndaşların öz konstitusion hüquqlarını reallaşdırmaları üçün heç bir problem yoxdur. Seçkilərin keçirilməsi üçün zəruri olan ictimai-siyasi stabillik mövcuddur.

Məzahir Pənahov bildirmişdir ki, Azərbaycanda seçici siyahılarının tərtibi bir çox Avropa ölkələrindəki prosedurdan müsbət mənada fərqlənir.

Ona görə də seçici siyahıları məsələsini dramatikləşdirmək yersizdir. Əksər xarici ölkələrdə seçici seçkilərdən əvvəl  seçici siyahısına düşmək üçün özü müraciət etməlidir. O demişdir: "Əgər həmin ölkələrdə müəyyən olunmuş vaxtda seçici siyahısına düşməsə, bu, sonradan mümkün olmayacaqdır. Azərbaycanda isə seçici siyahıları davamlı olaraq yenilənir. Hətta Seçki Məcəlləsinə görə, seçici səsvermə günü şəxsiyyət vəsiqəsini təqdim etməklə adını siyahıya əlavə edə və səs verə bilir".

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə şöbəsinin müdiri Zeynal Nağdəliyev vurğulamışdır ki, əgər ötən seçkilərdə məntəqələrin cəmi 10 faizində seçkilərin gedişini internet vasitəsilə izləmək mümkün idisə, qarşıdan gələn prezident seçkilərində bu rəqəm 20 faizə çatdırılacaqdır. Bizim hazırlığımız imkan verir ki, Azərbaycanda seçkilər şəffaf keçirilsin. Seçicinin adı siyahıda olmasa, sonuncu günədək adını siyahıya əlavə etdirə bilər. O demişdir: "Dünyanın bir çox inkişaf etmiş ölkələrində belə imkan yoxdur. Elə etməliyik ki, hamı yüksək peşəkarlığın şahidi olsun. Dünya görsün ki, Azərbaycanda seçkilər necə demokratik, şəffaf, ədalətli keçirilir".

Prezident Administrasiyası rəhbərinin müavini demişdir ki, ölkəmizdə seçkilərin demokratik şəkildə keçirildiyi həm ölkə, həm də dünya ictimaiyyətinə məlumdur. Dairə seçki komissiyalarında aparılmış monitorinqlər nəticəsində aşkar edilmiş çatışmazlıqlar MSK ilə birgə aradan qaldırılacaqdır. Eyni zamanda, məntəqə seçki komissiyalarında ortaya çıxa biləcək problemlərin həlli istiqamətində əvvəlcədən tədbirlər  görülmüş, səsvermə üçün daha geniş otaqların ayrılması, seçici siyahılarının dəqiqləşdirilməsi üçün müvafiq tapşırıqlar verilmişdir. Seçici siyahılarımız bütün ölkələrə nümunə ola bilər. Çalışmışıq ki, heç bir seçici prosesdən kənarda qalmasın və hüququ pozulmasın. Yerli seçki orqanlarına seçici siyahılarının düzgün hazırlanmasına dair birbaşa tapşırıq verilmişdir.

Zeynal Nağdəliyev qeyd etmişdir ki, qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar mərkəzi icra hakimiyyəti orqanları qarşısında da mühüm vəzifələr durur. Prezident İlham Əliyevin tapşırığına əsasən,  yerlərdə dairə seçki komissiyalarının səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Ötən seçkilərdən fərqli olaraq qarşıdan gələn seçkilər daha şəffaf, daha demokratik şəraitdə keçirilməlidir. Ona görə də qarşıdan gələn seçkilərdə həm seçki komissiyaları, həm də seçicilər üçün daha yaxşı şərait yaradılacaqdır. Lövhələr səliqəli vəziyyətə gətirilməlidir ki, seçicilər onlardan rahat istifadə edə bilsinlər. Lövhələrdən başqa məqsədlər üçün istifadə edilməsi qadağandır. Bununla bağlı yerli icra hakimiyyəti orqanlarına xüsusi tapşırıqlar verilmişdir.

Təşviqat kampaniyası barədə də fikirlərini bölüşən Zeynal Nağdəliyev vurğulamışdır ki, bu sahədə fəaliyyətin yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüşdür. Bu seçkilərdə əvvəlkilərdən fərqli olaraq divarlara şəkil yapışdırılması hallarına yol verilməyəcəkdir. Təşviqat kampaniyası dövründə namizədlərin şəkillərinin vurulması üçün qanunvericiliyə uyğun olaraq xüsusi ayrılan lövhələr quraşdırılacaqdır.

Tədbirdə çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay Azərbaycanda seçkilərin yüksək səviyyədə keçirilməsi üçün atılan addımları yüksək qiymətləndirmişdir. O, ölkəmizdə prezident seçkilərinin uğurla keçəcəyinə ümidvar olduğunu bildirmişdir. Qeyd etmişdir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları da bunun üçün əlverişli baza yaratmışdır. Azad və ədalətli seçkilər cəmiyyətin inkişafının önəmli məsələlərindən biridir. Bu məsələdə dairə seçki komissiyalarının üzərinə böyük məsuliyyət düşür. ATƏT isə öz növbəsində seçki komissiyalarına dəstək verməkdə davam edəcəkdir.

Koray Tarqay diqqətə çatdırmışdır ki, qadınların seçki prosesində fəallığının artırılması xüsusi əhəmiyyət daşıyır. ATƏT-in Bakı ofisi regionlarda bu istiqamətdə Prezident Administrasiyası MSK ilə birgə işlər aparır.

Daha sonra "Seçki hüququnun konstitusion əsasları onun həyata keçirilməsinin qanunvericilik mexanizmləri" mövzusunda mühazirə ilə çıxış edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirmişdir ki, Konstitusiya Məhkəməsinin əsas fəaliyyət istiqamətləri insan hüquq azadlıqlarının qorunmasını, ölkədə Konstitusiyanın müdafiəsini, ona dürüst əməl olunmasını nəzarəti əhatə edir. Məhkəmə seçki prosesində mühüm rola malikdir. Seçki prosesi dövründə məhz bütün şikayətlər məhkəmələrə edilir. Çalışmalıyıq ki, Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı məhkəməyə edilən müraciətlərin sayı daha az olsun. Bu, bilavasitə seçki komissiyalarının üzvləri tərəfindən prosesin daha düzgün təşkil edilməsindən asılıdır. Vətəndaşlar bilməlidirlər ki, məhkəmə tərəfindən onların şikayətlərinə dərhal baxılması mümkündür. Bu da insan hüquq azadlıqlarının təmin olunması baxımından mühüm amildir.

Sədr vurğulamışdır ki, Azərbaycan gələcəyini müəyyənləşdirən mühüm beynəlxalq qanunlara imza atmışdır. Biz bu proseslərdə biliklərimizi rəhbər tutmalıyıq seçkilərdə dürüstlüyün təmin olunmasına çalışmalıyıq.

Fərhad Abdullayev diqqətə çatdırmışdır ki, MSK-nın son vaxtlar fəaliyyətində böyük mütərəqqi dəyişikliklər müşahidə olunur. MSK beynəlxalq qurumlarla daha sıx əməkdaşlıq edir ümumdünya seçki proseslərindən geri qalmır.

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov dairə seçki komissiyalarının sədrləri qarşısında "Siyasi partiyaların siyasi partiyalar bloklarının seçkilərdə (referendumda) iştirakının hüquqi əsasları" mövzusunda mühazirə ilə çıxış etmişdir.

Ölkəmizdə 2002-ci ilədək proporsional majoritar seçki sistemlərinin tətbiq olunduğunu söyləyən Ziyafət Əsgərov bildirmişdir ki, majoritar seçki sistemi Azərbaycan seçki mühiti üçün daha məqbuldur. O demişdir: "Proporsional seçki sistemi partiya siyahısına əsaslanır. Azərbaycanda proporsional seçki sisteminin ən sadə forması tətbiq edilmişdir. Ancaq vətəndaş bu halda partiya siyahısına səs verir. Siyahıda istəmədiyi adam da olsa, ona da səs vermiş olur. Lakin majoritar seçki sistemində vətəndaş birbaşa istədiyi namizədə səs verir. Qanunvericiliyimizdə regional partiyaların yaradılması nəzərdə tutulmamışdır. Partiyalar ümumrespublika səviyyəsində yaradılır. Proporsional seçki sistemində rayonların təmsilçiliyi şübhə altında qalır. Ancaq majoritar seçki sistemində bu problemlər müşahidə olunmur".

Milli Məclis Sədrinin birinci müavini vurğulamışdır ki, müəyyən ölkələrdə səsverməyə gəlməyən insanlar üçün cərimələr, bəzi ölkələrdə cəzalar nəzərdə tutulmuşdur. Azərbaycanda buna ehtiyac yoxdur, çünki əhalimiz siyasi cəhətdən kifayət qədər fəaldır.

 

Kurslar avqustun 4-dək davam edəcəkdir.

 

Azərbaycan.-2013.- 30 iyul.- S.1,2.