Şəkidə yeni müasir tipli penitensiar kompleks istifadəyə
verilmişdir
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda uğurla həyata keçirilən və beynəlxalq aləmdə təqdir edilən genişmiqyaslı islahatlar çərçivəsində ədliyyə sahəsində də köklü və mütərəqqi dəyişikliklər aparılır. Penitensiar sistemin təkmilləşdirilməsi, məhkumların hüquqlarının qorunması və saxlanma şəraitinin beynəlxalq standartlara uyğun yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər görülür və penitensiar infrastruktur müasirləşdirilir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iyulun 29-da Şəkidə yeni inşa olunmuş müasir tipli penitensiar kompleks istifadəyə verilmişdir.
Tədbirdə ədliyyə naziri Fikrət Məmmədov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, ombudsman Elmira Süleymanova, yerli məhkəmə, hüquq-mühafizə orqanlarının və digər qurumların rəhbərləri, ədliyyə işçiləri, Milli Məclisin deputatları, Əfv Komissiyasının, qeyri-hökumət hüquq-müdafiə təşkilatlarının, KİV-lərin və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Mərasimdən əvvəl ümummilli lider Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad olunmuş, abidəsi önünə gül dəstələri qoyulmuşdur.
Tədbirdə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, respublikamızın hərtərəfli, o cümlədən regionların sosial-iqtisadi tərəqqisini vurğulamış, genişmiqyaslı məhkəmə və ədliyyə, xüsusilə penitensiar islahatlardan danışmışdır.
Bildirilmişdir ki, dövlət başçısının hər bir Azərbaycan vətəndaşına xüsusi diqqət və qayğısı nəticəsində əhalinin ən həssas təbəqələrindən olan təqsirləndirilən şəxslərin və məhkumların hüquqlarının daha etibarlı qorunması üzrə əsaslı tədbirlər görülmüş, bu məqsədlə yeni mühüm qanunlar qəbul olunmuşdur. Təqsirləndirilən şəxslərin və məhkumların saxlanma şəraiti, ərzaq, tibb və digər təminatları yaxşılaşdırılmış, səmərəli ictimai nəzarət mexanizmi qurulmuş, cəzaçəkmə müəssisələrində vərəmlə mübarizə sahəsində başqa dövlətlərə örnək olan nailiyyətlər əldə olunmuşdur. Bir çox dövlətlər Azərbaycanın bu sahədə müsbət təcrübəsindən bəhrələnmişlər.
Qeyd edilmişdir ki, penitensiar infrastrukturun müasirləşdirilməsi üzrə görülən geniş tədbirlər çərçivəsində beynəlxalq standartlara tam cavab verməyən müəssisələrin əvəzinə yeni müasir obyektlər inşa olunur. Blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasında penitensiar kompleks, Bakıda isə müasir tipli istintaq təcridxanası inşa olunaraq istifadəyə verilmişdir.
Şəkidə konseptual baxımdan yeni olan və bir neçə müəssisəni əhatə edən bu penitensiar kompleksin istifadəyə verilməsinin təqsirləndirilən şəxslərin və məhkumların öz ailələrinə yaxın ərazidə cəza çəkmələrinə və gələcək sosial adaptasiyasına xidmət edəcəyi bildirilmişdir.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı, ombudsman, Milli Məclisin deputatları, ictimaiyyətin nümayəndələri çıxışlarında regionların hərtərəfli inkişafına, xüsusilə insan hüquqlarının etibarlı qorunmasına xidmət edən mütərəqqi islahatların aparılmasına verdiyi müstəsna əhəmiyyətə və hər bir vətəndaşa bəslənilən xüsusi qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.
Tədbir iştirakçıları müəssisə ilə tanış olmuş, təqsirləndirilən şəxslər və məhkumlar üçün yaradılmış müasir şəraiti yüksək qiymətləndirmişlər.
Tanışlıq zamanı diqqətə çatdırılmışdır ki, Şəki penitensiar kompleksi müxtəlif rejim korpuslarından, istintaq təcridxanasından, inzibati binadan, məhkumların ailələri ilə uzunmüddətli görüş binasından, müasir tibbi avadanlıqla təchiz olunmuş tibb məntəqəsindən və s. ibarətdir.
Məhbusların saxlanma kameralarında nümunəvi şərait yaradılmış, onların faydalı işlə məşğul olmaları, asudə vaxtlarının səmərəli təşkili üçün istehsalat, eləcə də idman sahələri təşkil olunmuşdur.
Müəssisədə saxlanılan şəxslərin keyfiyyətli qidalanmasını təmin etmək üçün müasir avadanlıqla təchiz edilmiş mətbəx inşa edilmişdir. Camaşırxanada yeni avadanlıq, habelə kompleksin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi üçün transformator yarımstansiyaları və generatorlar quraşdırılmış, su anbarları, nasosxana qurulmuşdur.
Sonda nazir müəssisənin kollektivinə uğurlar arzulamış, müvafiq tövsiyə və tapşırıqlarını vermişdir.
Eyni
zamanda, səfər çərçivəsində nazir Şəkidə
inşa olunan və 4 məhkəməni əhatə edən
müasir məhkəmə kompleksinin tikintisinin gedişi ilə
tanış olmuş, lazımi tapşırıqlar
vermişdir.
Azərbaycan.-2013.- 30 iyul.- S.2.