Azərbaycanın ABŞ-dakı səfiri Vaşinqton şəhərinin meri ilə görüşmüşdür

 

İyul ayının 26-da Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov Vaşinqton şəhərinin meriyasında olmuşdur.

Şəhərin meri Vinsent Qrey ilə görüşdə ABŞ paytaxtının merinə Azərbaycan və Birləşmiş Ştatlar arasında qarşılıqlı münasibətlərin uğurlu inkişafı barədə məlumat verilmişcari ilin mayında Bakıda keçirilmiş Amerika-Azərbaycan Forumunun yekunlarından söz açılmışdır. Ölkəmizdə aparılan yenidənqurma və abadlıq işləri sahəsində əldə olunan nailiyyətlər Vaşinqton merinin diqqətinə çatdırılmışdır.

Səfir E.Süleymanov həmçinin Azərbaycan paytaxtının çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini, o cümlədən 2015-ci ildə Birinci Avropa Olimpiya Oyunlarını, daha sonra 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarını qəbul etməyə hazırlaşdığını bildirmişdir.

Öz növbəsində Vincent Qrey idarə etdiyi şəhərin dinamik bir tərəqqi dövrü yaşadığını və paytaxt əhalisinin davamlı olaraq artmaqda olduğunu bildirmişdir. Mer Vaşinqtonun da həyatında idmanın mühüm yer tutduğunu deyərək bu günlərdə paytaxtı təmsil edən futbol komandası üçün yeni stadionun inşası üzrə razılaşmanın əldə olunduğunu misal gətirmişdir.

Azərbaycanlı diplomat E.Süleymanov rəhbərlik etdiyi diplomatik missiyanın Vaşinqtonun ictimai və mədəni həyatına ardıcıl surətdə töhfə verməyə çalışdığını qeyd edərək səfirliyimizin meriyanın şəhər məktəblərinin himayəsinə dair proqram çərçivəsində An Biers ibtidai məktəbi ilə əməkdaşlıq etdiyini söyləmişdir. O, bundan əlavə Heydər Əliyev Fondunun Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda məktəblərin dəstəklənməsinə yönəlmiş fəaliyyətləri barədə danışmış və ötən iyun ayında fond tərəfindən Merilend ştatının Montqomeri dairəsində yerləşən fiziki və əqli qüsurlu uşaqların təhsil aldığı məktəblərə edilmiş xeyriyyə yardımını xatırlatmışdır. Bundan əlavə, Vaşinqton meri ətraf mühitin müdafiəsi ilə bağlı şəhərdə həyata keçirilən layihələrdən bəhs edərək səfirliyi bu təşəbbüsdə iştiraka dəvət etmişdir.

İstinad edilən layihələrin əhəmiyyəti ilə bağlı merin fikirlərini bölüşən səfir E.Süleymanov öz növbəsində Azərbaycanda 2011-ci ildə başlanmış IDEA Ətraf mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası haqqında söz açmışdır.

 

 

Yusif BABANLI,

AzərTAc

Vaşinqton

Azərbaycan.-2013.- 30 iyul.- S.2.