Gizli güllələnən alim

 

Represiya qurbanları

 

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun foyesinə vurulmuş məşhur ədəbiyyatşünasların şəkilləri arasında 1937-ci ilin repressiya qurbanlarından olan folklorşünas alim Vəli Xuluflunun da fotosu var.

 

* * *

 

El ağsaqqalı Məşədi Rəhim kişinin məsləhətindən sonra Məmmədhüseyn ailəsini başına yığıb on dörd evdən ibarət Xuluf kəndinə köçdü. Orada qoyun-quzu, mal-qara saxlayıb az vaxtda yaxşı təsərrüfat yaratdı. İstəyirdi ki, uşaqları oxusun, yazı-pozudan, az da olsa, baş çıxara bilsinlər. Soraqlaşıb qonşu Keçili kəndində yazıb-oxumağı öyrədən iranlı bir molla tapdı. Gələcəyinə böyük ümid bəslədiyi Vəlini həmin mollanın yanına aparır. Bir il sonra əmisi dostlarının  köməyi ilə onu  Gəncədəki molla məktəbinə qoyur. Burada üç il oxuyan Vəli  sonra təhsilini "Mədrəseyi-ruhaniyyə"də davam etdirir. Həmin vaxtdan da onda ədəbiyyata, folklora, aşıq sənətinə güclü maraq oyanır. 1912-ci ildə təhsilini başa vuranda, mədrəsə rəhbərliyi ona məktəbdə qalıb müəllim işləməyi təklif edir.

Vəli Gəncədə oxuduğu illərdə atası Məmmədhüseyn kişi mal-qarasının sayını  artırmış, əkin yerini genişləndirmiş, kol-koslu ərazini təmizləyib pambıq sahəsi yaratmışdı. Bir tədris ili mədrəsədə çalışan Vəli Xuluflu atasının əkin-biçin işlərində kömək lazım olduğundan 1914-cü ilin yazında valideynlərinin yanına qayıdıb təsərrüfat işləri ilə, pambıq əkib-becərməklə məşğul olur, boş vaxtlarını mütaliəyə sərf edir, kənd uşaqlarına yazıb-oxumağı  öyrədirdi.

1918-ci ilin əvvəllərində Vəli yenidən Gəncəyə gedib pedaqoji təhsil verən ikiaylıq kursa qəbul olur. Kursu bitirdikdən sonra "Mədrəseyi-ruhaniyyə"də aşağı sinif müəllimi təyin edilir. Şəhər həyatı, ictimai-siyasi hadisələrin gedişi 22-23 yaşlı gəncin dünyagörüşünə böyük təsir göstərir. Həmin dövrdə ona elə gəlirdi ki,  millətin tərəqqisinə, inkişafına yol inqilabdan keçir. "Hümmət" təşkilatından uzaqlaşıb Rusiya Sosial Demokrat Fəhlə Partiyasının sıralarına qoşulur. Fəhlələrin və məzlum kəndlilərin mənafeyini qorumaq adı altında inqilab etmiş bolşeviklərlə əməkdaşlığa üstünlük verir. Tanış olduğu inqilabçı-bolşeviklərin tapşırıqlarını yerinə yetirir. Ərəb, fars və rus dillərini yaxşı bilməklə bərabər, çevikliyi və siyasi fəallığı ilə də seçilirdi.  Azərbaycan XI  sovet ordusu tərəfindən işğal olunandan sonra - 1920-ci ildə  Azərbaycan K(b)P-nin I qurultayında nümayəndə kimi iştirak edir. Az sonra Gəncə quberniyası Qəza Partiya Komitəsində əvvəlcə təlimatçı, sonra katib vəzifəsində çalışır, bölgədə aparılan sovetləşmədə fəallıq göstərir, eyni zamanda, bolşevik-daşnak həmrəyliyinin quruculuq adı altında apardığı soyğunçuluğun qarşısını almağa çalışırdı.

1920-ci ildə Vəli Xuluflu Gəncə Qəza Komitəsinin katibi işləyərkən "Mədrəseyi-ruhaniyyə"də oxuduğu illərdə gözaltı etdiyi Fatmanisə ilə ailə həyatı qurur. Yeri gəlmişkən, indiyədək rəsmi sənədlərdə, qəzet-jurnal məqalələrində Vəli Xuluflunun həyat yoldaşının adı Fatmanisə yox, Fatma göstərilir. Bu da səbəbsiz deyil. 1937-ci ildə Vəli Xuluflu həbs edilərkən qeyri-millətdən olanlar Azərbaycan  dilini yaxşı bilmədiklərindən istintaq işində də Fatmanisəni qısa olaraq Fatma yazmışlar. Halbuki Vəli Xuluflunun həyat yoldaşının adı Fatmanisə, onlarla bir evdə yaşayan qayınanasının adı Fatma olmuşdur. Bu yanlışlıq ilk dəfə Vəli Xuluflunun həbs olunduğu gecə - 1937-ci il yanvarın 28-də Dövlət Təhlükəsizliyi İdarəsi 4-cü şöbəsi əməkdaşının doldurduğu anketdə "Arvadı - Fatma - 34 yaş, oğlu Çançun ? (Çingiz) - 13 yaş, qızı Sunduz - 15 yaş, qayınanası Fatma Kazımova - 56 yaş" yazıldıqdan sonra bütün zamanlarda Fatmanisə Fatma kimi tanınmışdır.

Vəli Xuluflu ailə qurandan sonra Gəncənin Sofulu küçəsindəki mənzilində yaşayırdı. Gənc ailənin ən çox gedib-gəldiyi yer Kür çayının yaxınlığındakı Xuluf kəndi idi. Yeni quruluşa qarşı silahlı mübarizə aparan Şəmkir qaçaqlarının, o cümlədən qaçaq Əbdüləlinin, qaçaq Gürzalının, Qaracəmirli Eminli Tanrıverdinin, Ramazan oğullarının məskunlaşdığı yer isə Vəli Xuluflunun ata evindən az aralıdakı ormanlıqlar idi. Vəli də, atası da, anası da, baçıları da qaçaqlarla tez-tez rastlaşırdılar. Başqa kəndlərdə hökumət adamları qaçaq görəndə, qaçaqlar da hökumət adamı görəndə biri o birinin axırına çıxırdı. Amma Xulufda belə deyildi. Gəncə Qəza Komitəsinin katibi Vəli Xuluflunun özü də Həmid Sultanovun, İbrahim Əliyevin, Qasım İsmayılovun, inqilabi hökumətin üzvlərinin qaçaqların yerinin öyrənilib, tutulub hökumətə təhvil verilməsi tələbinə heç vaxt məhəl qoymamış, bəzi qaçaqların yerini-yurdunu dəqiq biləndə də susmağı üstün tutmuşdu.

Gəncəbasarda hamı yaxşı bilirdi ki, Qaçaq Əbdüləli Vəli Xuluflunun yaxın qohumudur. Məhz buna görə də bolşeviklər Vəli Xulufludan şübhələnir, ona göz qoyurdular. Şübhələri döğru çıxdığından 1921-ci ildə partiya sıralarında "təmizləmə əməliyyatı" aparılanda etimadı və etibarı itirmiş adam kimi o, firqə üzvlüyündən çıxarılır. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını və süqutunu,  XI sovet ordusunun Azərbaycanı necə işğal etməsini, ən nəhayət, aldadıldığını görüb 1922-ci ildə Bakıya gəlir, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olur. Yeni Türk Əlifbası Komitəsində (YTƏK) təlimatçı, "Bakinski raboçi" kooperativ nəşriyyatında, sonra  da "Azərnəşr"də bədii-ədəbiyyat şöbəsində redaktor kimi fəaliyyət göstərir. Daha yüksək kürsülərdən söz demək, Vətən, xalq qarşısında daha çox iş görmək, həmçinin  repressiyalardan yayınmaq üçün 1927-ci il sentyabrın 16-da yenidən kommunist  partiyasının sıralarına daxil olur.

V.Xuluflu universitetin son kurslarında oxuduğu vaxtlarda da tələbə-tədqiqatçı kimi Azərbaycan folklor örnəklərinin toplanmasına və nəşrinə çalışırdı. "Azərbaycanı Öyrənmə Cəmiyyəti"nin xətti ilə Şəmkir, Tovuz, Gədəbəy, Qazax rayonlarına gedir, axtarışlar aparır, materiallar toplayıb 1926-cı ildə "Azərbaycan xalq ədəbiyyatından materiallar" seriyasından "El aşıqları" kitabını çap etdirir.

Həmin il gənc tədqiqatçının Şamxor və Tovuz saz-söz ustadlarından bəhs edən ikinci "El aşıqları" kitabı işıq üzü görür. 1928-ci ildə isə "Tapmacalar" kitabını tərtib edir. 1927-ci ildə "Koroğlu" dastanının Aşıq Hüseyn Bozalqanlının yenidən yazdığı iki qolunu, 1929-cu ildə isə dörd qolunu və altı nağılvari əhvalatı  kitab halında nəşr  etdirir.

Vəli Xuluflu 1928-ci ildə Bakıda keçirilən Azərbaycan aşıqlarının I qurultayında iştirak edib bir çox görkəmli aşıqlarla yaxından tanış olur. 1929-cu ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutuna elmi katib vəzifəsinə irəli çəkilir. Az sonra institutun bazasında yaradılmış Dil-Ədəbiyyat və İncəsənət İnstitutuna direktor təyin edilir və  1933-cü ilin dekabrınadək bu vəzifədə çalışır.  

Rəhbərlik etdiyi Dil-Ədəbiyyat və İncəsənət İnstitutu 1933-cü ildə ləğv edildikdən sonra bir müddət Mərkəzi Arxiv İdarəsinin müdiri, həmin ilin may ayından Dövlət Elm Şurasının sədr müavini, 1936-cı ildən isə SSRİ EA Azərbaycan Filialının Tarix İnstitutunun direktor müavini və digər məsul vəzifələrdə  çalışır.

"Folklor xalqın qan yaddaşıdır. Onu toplamaq, gələcək nəsillərə çatdırmaq, keçmişlə gələcək arasında varisliyi qoruyub saxlamaq lazımdır"  - deyən V.Xuluflu məsul vəzifələrdə işləyərkən gənc nəslin milli ruhda tərbiyə olunması, milli varlığımızın qorunub-saxlanılması üçün çox iş görüb. 1920-1930-cu illərdə latın qrafikalı əlifbaya keçidin tərəfdarı və fəal təbliğatçısı olub. Hətta bu barədə 1925-ci ildə "Yeni türk əlifbası ilə yazı qaydaları" adlı kitab da nəşr etdirib. Rəsmi sənədlərdə tarixçi-şərqşünas kimi tanıdılan Vəli Xuluflunun dilçiliyə və ədəbiyyatşünaslığa dair çıxışları, əsərləri,  tədqiqat işləri ona elmi dairədə və ictimaiyyət arasında böyük folklorşünas alim,  fəal yazıçı-publisist kimi də şöhrət qazandırıb.

Təəssüf ki, 1937-ci ilin bolşevik rejimi onlarla, yüzlərlə Azərbaycan ziyalısı kimi Vəli Xuluflunun da həyatına vaxtsız son qoyub. NKVD müstəntiqlərinin o zaman ən böyük "maddi sübut"larından biri Vəli Xuluflunun topladığı "Tapmacalar"da: "Hamını bəzər, özü lüt gəzər" deyimi olub. Bu tapmacada sətiraltı məna axtaran müstəntiq: "Siz bununla düşmənin dəyirmanına su tökürsünüz, demək istəyirsiniz ki, şura hökuməti hamını bəzəyir, amma millət acından ölür..." və s.

Əslində, çekistlər Vəli Xulufludan hələ on il bundan əvvəl - 1927-ci ildə Bakıda keçirilən I Türkoloji qurultaydakı çıxışında türk xalqlarının vahid etnik mədəniyyətə, adət-ənənələrə, eyni dilə malik olduğunu, onlar arasında yaxınlaşmanın vacibliyini vurğulayanda şübhələnib, özlərinin "qara siyahı"sına salmışdılar. "Qara siyahı"ya düşməsindən xəbərsiz olan Vəli Xuluflu bu fikrini hər yerdə, hər məclisdə deyirdi. Universitet tələbələri qarşısında bu barədə dəfələrlə mühazirələr də oxumuşdu.

Türk dünyasına möhkəm tellərlə bağlı olan Vəli Xuluflu ərəb, fars, rus, türk dilləri ilə yanaşı, alman, türkmən, tacik dillərini də bilirdi. O, qurultayda qaldırdığı və həmkarları tərəfindən dəstəklənən bu məsələnin reallığa çevrilməsi üçün Krıma, Qazaxıstana, Özbəkistana, Başqırdıstana, Kazana, Türkmənistana və Tacikistana səfərlər etmiş, mütəxəssislər və elm adamları ilə görüşmüş, mühazirələr oxumuş, fikir mübadiləsi aparmışdı. Alma-Ata və Daşkənddə keçirilən birinci türkoloji qurultayda və iki plenumda çıxış etmişdi.

Azərbaycanlı alimin türk xalqlarının yaxınlaşmasına xidmət edən fəaliyyəti Kremlin də diqqətindən yayınmırdı. Türk xalqlarının ortaq latın əlifbasına keçməsini qısqanclıqla qarşılayan Moskva bu ideyaya, bu təşəbbüsə çox mənfi münasibət bəsləyirdi. Moskvanın göstərişi ilə türkdilli respublikalardakı bütün türkoloq alimlər ciddi nəzarətə götürülmüşdü.

1929-cu ildən dosent, 1931-ci ildən professor kimi fəaliyyət göstərən Vəli Xulufli dolayısıyla, elmi yolla xalqı birliyə, bu birliyin fonunda azadlığa, müstəqilliyə səsləyən məqalələr yazır, konfranslarda çıxışlar edir, kitablar çap etdirir, ancaq dilindən dövlət əleyhinə açıq-saçıq söz qaçırmırdı.

Rejim isə bu vətənpərvər alimi hay-küysüz həbs etmək üçün bəhanə axtarırdı. Amma ortada tutarlı fakt yox idi. Lakin Stalin milyonlarla insanın ölümünə səbəb olan repressiya maşınını  işə salanda Vəli Xuluflu da  əksinqilabçı və millətçi təşkilatın üzvü kimi Dövlət Təhlükəsizliyi İdarəsinin 4-cü şöbəsi tərəfindən 1937-ci il yanvarın 28-də gecə həbs edilir. Onun həbs olunması barədə orderi NKVD-də məsul vəzifə tutan, həmin dövrdə azərbaycanlılara qənim kəsilən erməni Sumbatov və onun əlaltısı Qalstuyan imzalayırlar.

Özünün həbsi bir yana, qışın oğlan çağında ailəsini də Şorş küçəsindəki (Kamenistaya) evindən çıxarır, mənzildən heç nə götürməyə icazə vermirlər. Həyat yoldaşı Fatmanisə, qızı Sunduz, oğlu Çingiz və qayınanası Fatma xanım indiki Vaqif küçəsindəki, ikimərtəbəli mülkün yarımzirzəmisində birotaqlı mənzilə sığınmalı olurlar.

V.Xuluflu həbs edilən günün səhəri  SSRİ Xalq Daxili İşlər Komissarlığı Dövlət Təhlükəsizliyi İdarəsi 5-ci şöbəsinin rəisi Avenesyan tərəfindən dindirilir. NKVD-nin zirzəmisində saxlanılan Vəli Xuluflu  sonralar da dəfələrlə sorğu-suala tutulur.

Onun adına açılmış 12493/80 N-li  istintaq işində IY şöbənin rəisi, təhlükəsizlik mayoru Gerasimovun 27 yanvar 1937-ci ildə təsdiq etdiyi arayışda deyilir: "SSRİ vətəndaşı, türk, ÜİK(b)P-nin üzvü, AZFON-un direktor müavini Vəli Məhəmmədhüseyn oğlu Xuluflu əksinqilabçı, millətçi təşkilatın üzvü kimi Dövlət Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Tixomirov və Çiçkalovun ifadələri əsasında həbs edilir. Azərbaycan SSR Cinayət Məcəlləsinə əsasən:

1. 1 dekabr 1934-cü ildə Trotski-Zinoyevçi təşkilatın üzvü, S.M.Kirovun qətlində iştirakı, 1934-1937-ci illərdə partiya və hökumət rəhbərlərinə qarşı terrorda günahlandırılır.

2. 1925-ci ildən həbs olunana qədər əksinqilabi və ümumittifaq pantürkist mərkəzinin rəhbəri Çobanzadə və Qubaydulinin mövqeyinin tərəfdarı olub.

3. 1935-ci ildə qeyri-leqal əksinqilabi, millətçi təşkilatını müdafiə etmiş və təşkilatın rəhbərləri ilə əlaqə yaratmışdır.

4. Azərbaycanın bölgələrində silahlı üsyan etmək üçün hazırlıq işləri aparmışdır.

5. AZFON-un Tarix İnstitutunda ziyançılıq işləri aparıb.

6. Terror mövqeyində durmuş, MK-nın katibi Bağırova qarşı sui-qəsdin hazırlanmasında iştirak etmişdir.

Məhz buna görə də V.Xuluflu 73, 64, 69, 70 cinayət maddəsi ilə təqsirli bilinir.

01.XII.1934-cü il qanununa əsasən, istintaq işi SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasına göndərilir.

Məlumdur ki, yeni quruluş üçün təhlükəli hesab edilən ziyalıların həbsi 1937-ci  ilin yanvar ayından başlayaraq kütləvi hal almışdı. Biri digərindən xəbərsiz həbs edilən və həbsi nəzərdə tutulan ziyalılar barədə onlardan ifadə alınırdı. Vəli Xulufluyla həmfikir olan folklorşünas Salman Mümtaz, türkoloq Bəkir Çobanzadə, Xalid Səid Xocayev və digər ziyalıların əksinqilabi fəaliyyətlə məşğul olmaları döyülə-döyülə "boyunlarına qoyuldu", üstəlik, dillərindən lazımi ifadələr alındı. Amma Vəli Xuluflu NKVD zirzəmisində doqquz aydan artıq amansız işgəncələrə dözərək haqsız iradları rədd edir, günahsız olduğunu bildirir, qələm dostlarının xalq düşməni adlandırılması ilə  razılaşmır.

V.Xuluflu həbs ediləndə həyat yoldaşı Fatmanisə xanım evdar, 13 yaşlı oğlu Çingiz və 15 yaşlı qızı Sunduz məktəbli idi. Onun hara aparıldığından məlumatsız olan ailə çətin vəziyyətə düşmüşdü. Xuluflu soyuq zirzəmilərdə döyülə-döyülə ittihamlandırılanda - 1937-ci ilin iyun ayında Azərbaycan K(b)P-nin XIII qurultayı keçirilirdi. Bundan xəbər tutanda o, ümid edirdi ki, kommunistlərin ali məclisində haqla nahaq üzə çıxarılacaq, günahsız olduğuna görə azadlığa buraxılacaq. Təəssüf ki, belə olmadı. Əksinə, qurultayın yüksək tribunasından belə bir fikir səsləndi: "Bir baxın, Yazıçılar İttifaqında kimlər əyləşmişdi. Hazırda ifşa edilmiş Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Əli Nazim, Böyükağa Talıblı, Tağı Şahbazi, Əhməd Turinic və başqa əclaflar". Azərbaycan K(b)P  MK-nın birinci katibi Mir Cəfər Bağırov qurultaydakı çıxışında bununla bağlı deyir: "Belə bir şəraitdə kimisə əfv etmək partiyamızın Mərkəzi Komitəsini, Stalin yoldaşı aldatmaq deməkdir. Heç kimi əfv etmək olmaz. Son günlərin faktları bir daha göstərir ki, biz hələ düşmənlərin hamısını ifşa etməmişik. Mən bir daha təkrar edirəm, buna görə də bizi döyürlər, həm də haqlı olaraq döyürlər".

Bu qurultaydan sonra rejim daha böyük qüvvə ilə "xalq düşməni" axtarışına çıxdı. "Planı" artıqlaması ilə yerinə yetirməklə rəhbəri "döyülməkdən" xilas etməyə çalışan çekistlər hər gün idarə və müəssisələrdə, elm və təhsil ocaqlarında, ən ucqar kəndlərdə belə gizli əksinqilabçı, yeni quruluşun əleyhinə danışan, pantürkist, panislamist axtarırdılar. Tapşırığa əsasən, yerlərdə keçirilən  yığıncaqlarda yuxarı təşkilatlardan gələn nümayəndə iclasda "tapılan" "xalq düşmənlərinin əksinqilabi işləri" barədə dərhal lazımi ünvana məlunmat verirdi. Belə yığıncaqlardan biri  1937-ci il iyunun  16-17-də Azərbaycan SSR Xalq Maarif Komissarlığında keçirilir. Həmin yığıncaqda görkəmli elm xadimləri,  professorlar Balabəy Həsənbəyovun, Bəkir Çobanzadənin, Tixomirovun, Vəli Xuluflunun, Mövsüm Qədirlinin, Əziz Qudaydulinin və başqa  alimlərin ali və orta məktəb sistemindəki  fəaliyyətlərini müzakirə edib, onlara "qatı əksinqilabçı" damğası vururlar. Beləliklə, 1937-ci il oktyabr ayının 12-də keçirilən məhkəmə prosesində Vəli Xuluflu da Azərbaycan Cinayət Məcəlləsinin 73, 64, 69  və 70-ci maddələri ilə əksinqilabi fəaliyyətdə, pantürkist təşkilat yaratmaqda və Türkiyənin xeyrinə casusluqda müqəssir elan olundu. Amma Vəli Xuluflu ona qarşı irəli sürülən bütün ittihamları rədd edərək "günahını" boynuna almadı. Buna baxmayaraq, barəsində ölüm hökmü çıxarıldı. Onu da qeyd edək ki, həmin vaxt məşhur türkoloq alim Bəkir Çobanzadə barəsində də ölüm hökmü çıxarılmış və onlar eyni gündə güllələnmişlər.

Vətənpərvər alim qətlə yetiriləndən beş ay sonra - 10 aprel 1938-ci ildə həyat yoldaşı Fatmanisə Xuluflu da həbs olunur. SSRİ XDİK xüsusi müşavirəsinin 9 may 1938-ci il tarixli qərarına əsasən, cəzasını islah-əmək düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilir, Rusiyanın Volqaboyu ərazisindəki Potma islah əmək düşərgəsinə göndərilir.

Fatma xanım nəvələri Çingizlə, Sunduzu oxutmaq, yaşatmaq üçün iş axtarır. Vəli Xuluflunun tanışlarından birinin köməyi ilə hər gün Sunduzu aparıb-gətirdiyi 3 nömrəli orta məktəbin yaxınlığındakı Qorki adına kitabxanaya xadimə düzəlir.

O günləri Vəli Xuluflunun qızı, 91 yaşlı Sunduz Xuluflu-Aslanova belə xatırlayır: "Atamdan sonra anam həbs ediləndə mən və qardaşım ana nənəmin ümidinə qaldıq. Zəmanə pis olduğundan yaxın qohum-əqraba da bizdən uzaq qaçırdı. Mən 3 nömrəli,  qardaşım Çingiz isə 132 nömrəli rusdilli orta məktəbdə əla qiymətlərlə oxuyurduq.

Nə anamın, nə də nənəmin təhsili yox idi. Atam həbsdən əvvəl bizə ayrıca müəllim tutmuşdu. Həmin müəllimlər bizə rus və alman dillərini öyrədirdilər. Atam alman dilini   bilirdi, Bakiya gələndən sonra öyrənmişdi. Yadımdadır ki, qonşu binada yaşayan alman dili müəlliməsindən dərs almağa gedəndə məni   aparardı. Bir saatdan çox çəkən məşğələ mənə çox maraqlı görünürdü.

Anam həbs ediləndən sonra üç-dörd aydan bir onunla məktublaşırdıq, amma atamdan heç bir xəbər yox idi. Anam məktublarında həmişə xüsusi vurğulayırdı ki, "İnana bilmirəm, Vəli sağ ola, amma bir dəfə də olsun sizinlə, mənimlə maraqlanmaya".

Mən dərsdən sonrakı vaxtımı nənəmin yanında kitabxanada keçirir, məktəbdə verilən tapşırıqları hazırlayırdım. Həkim olmaq arzusunda idim. O vaxtı orta məktəbi əla qiymətlərlə qurtaranlar qəbul imtahanlarında iştirak etmədən birbaşa Tibb İnstitutuna qəbul olunurdular. Orta məktəbdə attestat qiymətlərim yazılanda məktəbin direktoru sinif rəhbərimi, nənəmlə məni yanına çağırıb dedi: "Xalq düşməni"nin qızına əlaçı attestatı verə bilmərəm, mən bilirəm, o, xalq düşməni deyil, amma çox xahiş edirəm... mən bunu bacara bilmirəm..."  "Xalq düşməni"nin qızı olduğuma görə heç sənədlərimi instituta daxil olmaq üçün də verə bilmədim. Sentyabrın sonlarında eşitdim ki, Azərbaycan Sənaye İnstitutunda, indiki Azərbaycan Neft Akademiyasında əlavə qəbul var. Qorxa-qorxa sənədlərimi aparıb ora verdim. Qəbul imtahanında Şeydayev familiyalı, imtahan götürən ortayaşlı müəllim familiyamı, adımı, atamın adını astadan oxuyub diqqətlə üzümə baxdı, məni dindirmədən, heç bir sual vermədən başını aşağı salıb imtahan vərəqəmə "5" yazdı... Mənə elə gəldi ki, o adam atamın başına gələnlərdən xəbərdar idi.

Mən də, qardaşım Çingiz də Azərbaycan Sənaye İnstitutunu bitirdik. 1946-  ildə anam  azadlığa buraxılanda mən ailə həyatı qurmuşdum. Anam Bakıya gəldi, bir neçə gün anasının, oğlunun və mənim yanımda gizlin qaldı. O zamanın qanunlarına görə, burada qala bilməzdi. Odur ki, Gəncəyə, Səltənət xalamın yanına getdi. Səltənət xalam o zaman orta məktəbdə müəllimə işləyirdi, sayılıb-seçilən pedaqoqlardan idi.

Fatmanisə xanım 1953-  ildə Stalin öləndən sonra ölkədə baş verən dəyişikliklər zamanı bildi ki, atam "xalq düşməni" adı ilə güllələnib, dəfn olunduğu yer isə məlum deyil. Anam ərinin günahsız olduğunu sübut etmək üçün  döymədiyi qapı qalmadı, dəfələrlə Moskvaya və respublika rəhbərliyinə ərizə yazdı. İstəyinə nail olandan sonra özünün də günahsız həbs edildiyi barədə lazımi təşkilatlara müraciətlər etdi.

Sunduz nənə onu da dedi ki, atam yoxa çıxan vaxtlarda "yaxın qohumlar gizlin də olsa, orda-burda maraqlanırdılar ki, görəsən Vəli Xuluflu haradadır? Evdə nənəmlə anamın söhbətlərindən eşitmişdim ki, NKVD-nin zirzəmisində təhlükəsizlik üzrə müstəntiq atama bir neçə adamın millətçi, əksinqilabçı olduğunu, onların kimlərlə əlaqə saxladığı haqqında ifadəni təsdiq etməyə məcbur edə bilməyib. Bu barədə Mircəfər Bağırova məlumat veriləndə o özü gəlib Vəli Xuluflunun yanına, qısa sorğu-sualdan sonra müstəntiqin  yazdıqlarına qol çəkməsini tələb edəndə də atam razılaşmayıb.

1938-ci il yanvarın 28-də həbs edilən və həmin il oktyabrın 13-də güllələnən Vəli Xuluflunun işinə 1956-cı il noyabın 17-də SSRİ Ali Məhkəməsi hərbi kollegiyası yenidən baxıb, fəaliyyətində cinayət tərkibi olmadığına görə ona bəraət verib.

Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra Vəli Xuluflu irsinə daha tez-tez müraciət edilir, xatirəsi əziz tutulur. Bakının ən yaraşıqlı küçələrindən birinə Vəli Xuluflunun adı verilib. Gəncədə adına küçə və park var, anadan olduğu Şəmkir rayonunda orta məktəb, Mədəniyyət evi və  bir küçə Vəli Xuluflunun adını daşıyır.               

Alimin həyat yoldaşı Xuluflu Fatmanisə Əli qızının da işinə Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasında  yenidən baxılıb. Kollegiyanın 15 fevral 1957-ci il tarıxli qərarı ilə əməlində cinayət tərkibi olmadığı üçün ona da bəraət verilib.

 

 

Rəhman SALMANLI,

Azərbaycan.-2013.- 31 iyul.- S.7.