Nizami Gəncəvi Beynəlxalq
Mükafatı İordaniya
Kraliçasına təqdim edilmişdir
İordaniya Kraliçası ülyahəzrət Nura Nizami Gəncəvi Beynəlxalq Mükafatı təqdim edilmişdir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən AzərTAc-a bildirmişlər ki, o, bu münasibətlə Vaşinqtonda qəbul təşkil etmişdir.
Kraliça ülyahəzrət Nur Azərbaycan Respublikası Prezidentinin himayəsi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfindən Bakıda təşkil olunmuş Birinci Cənubi Qafqaz Forumunda iştirak etməsindən son dərəcə məmnun qaldığını demişdir. Bakıda qədim memarlığın qorunmasının və müasir tikililərdə də keçmişin əks olunmasının onu valeh etdiyini söyləmişdir.
Ülyahəzrət Nur Nizami Gəncəvinin qeyri-adi şair olduğunu, əsərlərinin bu gün də aktuallığını itirmədiyini nəzərə çatdırmışdır. N.Gəncəvi yaradıcılığının təkcə Azərbaycan deyil, bütün dünya ədəbi fikir tarixi ilə bütövləşdiyini qeyd edən Kraliça, dahi şairin irsinin mədəniyyətlərarası anlaşmaya böyük töhfələr verdiyini bildirmişdir. Kraliça demişdir: "Nizami Gəncəvinin hamımız üçün əhəmiyyətli olan mədəniyyətlərarası anlaşma, sülh şəraitində yaşamaq, gender bərabərliyi, insanların eyni hüquqlara malik olmasını təbliğ etməsi bəşəriyyətin inkişafında əvəzsiz iz buraxmışdır".
Kraliça diqqətə çatdırmışdır ki, Mərkəzin təşəbbüsü ilə müsəlman dünyasının ən nüfuzlu elm və mədəniyyət siması sayılan, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin idarə heyətinin həmsədri İsmail Seragəldinin Nizami Gəncəviyə həsr etdiyi "The Poetry of the Magnificent Sage" kitabını və DVD-ni görmək çox sevindirici və təqdirəlayiq hadisədir. Bu, daha böyük kütlənin Nizamini anlamasına kömək edəcəkdir.
Nizami Gəncəvi Beynəlxalq Mükafatını almaqdan çox təsirləndiyini bildirən ülyahəzrət Nur Mərkəzin fəxri üzvü kimi bundan sonra da qurumun inkişaf etdirilməsi üçün Qəyyumlar Şurasının digər üzvləri ilə birgə bütün dəstəyindən və təcrübəsindən istifadə edəcəyini vurğulamışdır.
Yaranmasından qısa müddət keçməsinə baxmayaraq, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dahi Azərbaycan şairinin böyük xəzinəsinin qorunaraq təbliğ olunmasına yeni nəfəs vermişdir.
Azərbaycan
Respublikası Prezidentinin himayəsi və dəstəyi Nizami
Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinin
uğurla davam etməsinə və mədəniyyətimizə
olan qayğıdır. Mərkəz Şərq və Qərb
dünyası arasında ehtiyac duyulan əhəmiyyətli körpü
rolunu oynayaraq dinlər
və mədəniyyətlərarası dialoqa
böyük töhfə verməkdədir.
Azərbaycan.-2013.- 31 iyul.- S.8.