Təhsil naziri ayrı-ayrı şəhər və rayonlarda yaşayan vətəndaşları qəbul etmişdir

 

İyulun 29-da təhsil naziri Mikayıl Cabbarov Gəncə Dövlət Universitetində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Gəncə, Naftalan şəhərlərində və Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz rayonlarında yaşayan vətəndaşları qəbul etmişdir.

Təhsil Nazirliyindən AzərTAc-a bildirmişlər ki, müvafiq təhsil şöbələri müdirlərinin də iştirak etdikləri qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir. Müraciətlər əsasən bir təhsil müəssisəsindən digərinə köçürülmə, məktəb binalarının təmiri, təhsil haqqından azad olunma, xaricdə təhsil, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində yarımçıq qalmış təhsil və digər məsələlərlə əlaqədar olmuşdur.

Həmçinin yerli təhsili idarəetmə orqanları rəhbərlərinin fəaliyyəti barədə vətəndaşların şikayətləri ilə bağlı araşdırmalara başlanılmışdır.

Qəbulda 149 vətəndaşın müraciəti dinlənilmiş, əksər məsələlər yerində həllini tapmışdır. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar verilmişdir.

 

Azərbaycan.-2013.- 31 iyul.- S.3.