Maliyyə Nazirliyində geniş tərkibli kollegiya iclası keçirilmişdir

 

İyulun 30-da Maliyyə Nazirliyində 2013-cü büdcə ilinin ilk altı ayının yekunlarına, 2014-cü il dövlət və icmal  büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin hazırlanması işlərinin gedişinə, o cümlədən qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclası açan maliyyə naziri Samir Şərifov cari ilin altı ayında Azərbaycan iqtisadiyyatının bir daha makroiqtisadi dayanıqlıq və yüksək artım potensialını nümayiş etdirdiyini, iqtisadiyyatımızın qeyri-neft sektorunun ötən dövr ərzində 10,9 faiz səviyyəsində artdığını, bu artımın bütövlükdə ölkə iqtisadiyyatı üzrə 5 faizlik artımı təmin etdiyini bildirmişdir.

Qeyd olunmuşdur ki, 2013-cü ilin ilk altı ayında bütün dövlət proqramlarının və layihələrin uğurla icrasına, investisiya proqramında elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və idman obyektlərini özündə birləşdirən sosial layihələrin, elektrik enerjisi və təbii qaz təchizatı, içməli sukanalizasiya sistemlərinin yaradılması, magistral yolların çəkilişi, kənd yollarının yenidən qurulması və yeni yolların inşası, meliorasiyairriqasiya tədbirlərinin genişləndirilməsi işlərinin ahəngdar maliyyələşdirilməsinə nail olunmuşdur. Sosial sahəyə ayrılan vəsaitlərin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən artımla icra edilmiş, əmanətlər üzrə fərdi birdəfəlik ödəmələrin həyata keçirilməsi, yararsız və qəzalı vəziyyətdə olan, müasir tələblərə cavab verməyən təhsil, səhiyyə, mədəniyyət ocaqlarının, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı sosial təyinatlı müəssisələrin bərpası, yenidən qurulması və onlar üçün yeni yaşayış evlərinin inşasına dövlət və icmal büdcələrdən vəsait ayrılmışdır.

Nazir bildirmişdir ki, ulu öndər tərəfindən müəyyənləşdirilmiş sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan iqtisadiyyatı şaxələndirilmiş, qeyri-neft sektorunun sürətli inkişafı təmin edilmiş,  regionların davamlı inkişafına, yeni istehsal müəssisələrinin açılmasına, işsizlik probleminin aradan qaldırılmasına, o cümlədən əhalinin sosial rifahının yaxşılaşdırılmasına nail olunmuşdur.

Qeyd olunmuşdur ki, son 10 ildə, yəni, 2003-2012-ci illərdə ölkə  üzrə ümumi daxili məhsulun nominal həcmi 7,6 dəfə artmış, ayrı-ayrı illərdə real artım 34,5 faizədək yüksəlmişdir. Bazar iqtisadiyyatı prinsiplərinə əməl edilməsi, iqtisadiyyatın liberallaşdırılması və qeyri-neft sektorunun inkişafının stimullaşdırılması nəticəsində ümumi daxili məhsulun strukturunda özəl sektorun xüsusi çəkisi 73,3 faizdən 83,5 faizə qalxmışdır. Ölkə iqtisadiyyatına bütün mənbələr hesabına 100 milyard ABŞ dolları məbləğində investisiya qoyulmuşdur. Son 10 ildə ölkənin icmal büdcəsinin xərcləri 13 dəfə, adambaşına düşən xərci isə 11,6 dəfə artmışdır. Dövlət büdcəsinin xərcləri 14,1 dəfə artaraq 1,2 milyard manatdan 17,4 milyard manata çatmış, xərclərin ümumi daxili məhsulda xüsusi çəkisi 32,3 faiz təşkil etməklə 15 faiz artmışdır. 10 ildə ölkə əhalisinin gəlirləri nominal ifadədə 29 milyard manatyaxud 6,1 dəfə artaraq 2012-ci ildə 34,7 milyard manat olmuşdur.

S.Şərifov vurğulamışdır ki, bütün bu uğurlar, büdcə və vergi siyasətinin təkmilləşdirilməsi hesabına dövlətin maliyyə resurslarının dövlət və icmal büdcə vəsaiti ilə idarə olunması istiqamətində aparılmış məqsədyönlü siyasətin növbəti illərdə də davam etdirilməsinə əminlik yaratmışdır.

"Büdcə sistemi haqqında" qanuna uyğun olaraq 2014-cü il və sonrakı üç il üçün dövlət və icmal büdcə layihələrinin tərtibi prosesinə başlanıldığını bildirən S.Şərifov diqqətə çatdırmışdır ki, növbəti və sonrakı illərin dövlət büdcəsində iqtisadiyyatın prioritet sahələrinin modernləşməsinə və şaxələnməsinə, investisiya mühitinin daha da yaxşılaşdırılmasına, vergirüsumlar hesabına büdcəyə daxilolmaların artırılmasına, habelə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında qarşıya qoyulan hədəflərə nail olunmasına diqqət yetiriləcəkdir.

Nazir bildirmişdir ki, növbəti ildə xərclərin əsas prioritetlərindən olan sosial siyasətin davam etdirilməsi, əhalinin rifahının və yaşayış səviyyəsinin, məcburi köçkünlərin şəraitinin yaxşılaşdırılması, dövlətin müdafiə qabiliyyətinin artırılması, ölkənin enerji potensialının gücləndirilməsi, içməli suqaz təchizatı, kanalizasiyameliorasiya sistemlərinin müasir tələblər səviyyəsində qurulması, kənd yollarının tikintisi, aqrar sektorun inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi, sosialinvestisiya proqramları üçün maliyyə təminatının yaradılması nəzərdə tutulur.

S.Şərifov nazirliyin aparatının aidiyyəti struktur bölmələrinə, dövlət xidmət və agentliklərinə 2014-cü il dövlət büdcəsinin və icmal büdcəsinin layihəsinin və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin tərtibi zamanı dövlət büdcəsinin real maliyyə imkanlarını nəzərə almaqla, xərclərin proqnozlaşdırılmasına mühafizəkar yanaşılması, büdcənin tərtibi prosesini vaxtında başa çatdırmaqla müvafiq büdcə layihələrini hazırlayıb aidiyyəti üzrə təqdim etmələri barədə tapşırıqlar vermişdir. Eyni zamanda, yerli maliyyə orqanlarına qanunvericiliyə uyğun olaraq 2013-cü il dövlət büdcəsinin icrası prosesinin stabil həyata keçirilməsi, vəsaitlərin daha da səmərəli istifadə olunması və ilkin nəzarətin artırılması, habelə 2014-cü il və sonrakı üç il üçün rayon və şəhərlərin yerli gəlir və xərcləri ilə bağlı büdcə layihələrinin bir daha təhlil edilib məlumatların təqdim olunmasına dair konkret tapşırıqlar verilmişdir.

Kollegiyada "Azərbaycan Respublikasının 2013-cü ilin ilk altı ayında dövlət büdcəsinin icrası haqqında" və "Azərbaycan Respublikasının 2014-cü il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal  büdcə göstəricilərinin hazırlanması işlərinin gedişi haqqında" məruzələr dinlənilmiş, müzakirələrdən sonra qeyd olunan məsələlərə dair müvafiq qərarlar qəbul edilmişdir.

İclasda həmçinin Maliyyə Nazirliyi sistemində uzun müddətli səmərəli fəaliyyətləri və peşəkarlıqlarına görə nazirliyin müvafiq əmrləri ilə "Azərbaycan Respublikası maliyyə nazirinin təşəkkürnaməsi"nə layiq görülmüş Maliyyə Nazirliyinin 5 nəfər əməkdaşı da təltif olunmuşdur.

 

Azərbaycan.-2013.- 31 iyul.- S.3.