Azərbaycan Ağsaqqallar
Şurasının üzvləri
Qəbələdə
bölgənin gəncləri ilə görüş
keçirmişlər
Azərbaycan Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Qəbələ şəhərində gənclərlə görüş keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsi önünə əklil və gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər.
Tədbirin əhəmiyyətindən danışan Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov bildirmişdir ki, ulu öndər Heydər Əliyev müstəqilliyimizin ilk illərində ölkə rəhbərliyinə qayıdışı ilə xalqımızı fəlakətdən xilas etmiş, onun həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanın dünyada nüfuzu artmışdır. Hazırda Prezident İlham Əliyev ümummilli liderin müdrik daxili və xarici siyasət kursunu layiqincə davam etdirir.
Diqqətə çatdırılmışdır ki, bütün ömrünü Azərbaycan xalqına həsr etmiş ulu öndər Heydər Əliyevin hər sözü, açdığı uğurlu yol bu gün gənclərimizin həyat amalına çevrilmişdir. Azərbaycan xalqının ağsaqqal sözünü daim uca tutmasından və onların ətrafında sıx birləşməsindən danışan natiq eyni zamanda, qeyd etmişdir ki, ağsaqqallar da gənclər üçün kamil örnək olmalıdırlar. Bu baxımdan keçirilən tədbir həm də nəsillərin görüşüdür.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov ölkəmizin inkişafında gənclərin və ağsaqqalların rolundan da geniş söhbət açmışdır. Bildirmişdir ki, ulu öndər Heydər Əliyevin bir ağsaqqal olaraq Azərbaycan üçün açdığı yol ən düzgün istiqamətdir. Bu yolu bəyənməyənlərin və irad tutanların əksəriyyəti kənar qüvvələrin maraqlarına xidmət edirlər və onların təsiri altına düşürlər. O, üzünü ağsaqqallara tutaraq demişdir ki, sizin rolunuz gəncləri düz yola istiqamətləndirməkdən ibarətdir.
Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev Azərbaycanda ağsaqqal institutunun min illərin sınağından uğurla çıxdığını və xalqın ən çətin anlarında uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırmışdır.
Görüşdə çıxış edən ağsaqqallar rayon şöbələrinin fəaliyyətində gənclərin vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirildiyini demişlər. Bildirilmişdir ki, gənclər və yeniyetmələrdə Vətənə məhəbbət hissinin aşılanması üçün vaxtaşırı ümumtəhsil məktəbləri, kolleclər və musiqi məktəblərində görüşlər keçirilir, ağsaqqalların örnək ola biləcək həyat yolu haqqında söhbətlər aparılır.
Qarşılıqlı fikir mübadiləsi şəraitində davam edən görüşdə ölkəmizdə yaşlı nəslə və gənclərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq bildirilmişdir.
Gənclər
ölkəmizdə aparılan uğurlu islahatlardan
danışmış, qarşıdakı prezident seçkilərində
dövlət başçısı İlham Əliyevin namizədliyini
yekdilliklə dəstəkləyəcəklərini
vurğulamışlar.
Azərbaycan.-2013.- 31 iyul.- S.3.