Binəqədi rayonunun gəncləri prezident seçkilərində dövlət

 başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər

 

İyulun 30-da Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı ilə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında "Binəqədi gənclərinin ictimai fəallığı" mövzusunda konfrans keçirilmişdir.

Konfransda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, rayondan olan fəal gənclərlə yanaşı, ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərmiş rayonun orta məktəb məzunları, xaricdə təhsil alan tələbələr iştirak etmişlər.

Rayon icra hakimiyyətinin ictimai-siyasihumanitar məsələlər şöbəsindən bildirmişlər ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasının qarşısındakı abidəsi önünə gül dəstələri qoymuş, əziz xatirəsini ehtiramla yad etmişlər.

Konfransı açan Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə tədbirin əhəmiyyətindən danışmış, onun məqsəd və məramı barədə məlumat vermişdir.

Tədbir ictimai fəallığı və təhsildəki nailiyyətləri ilə seçilən rayon gənclərinin çıxışı ilə davam etmişdir.

"Təkan Tələbə-Gənclər" İctimai Birliyinin sədri Leyla Kərimova "Azərbaycanda gənclər siyasəti və gənclərin ictimai fəallığı", dövlət xətti ilə Rumıniyada təhsil alan tələbə Cavid Qarayev "Azərbaycanda insan kapitalının inkişafı və gənclər", gənc psixoloq Fuad Bayramov "Azərbaycançılıq ideologiyası və gənclər" mövzularında çıxışlar etmişlər. Qəbul imtahanlarında 1-ci qrup üzrə ən yüksək nəticə göstərərək 695 bal toplamış Sevinc Qafarlı ilk dəfə səs verəcək gənc kimi təhsilə dövlət qayğısından danışmışdır. O, bu qayğının gənclərin yeni-yeni uğurlar qazanması üçün stimul yaratdığını vurğulamışdır.

Çıxışlardan sonra gənc fəal Rəvanə Abdullayeva Binəqədi gəncləri adından qarşıdan gələn prezident seçkilərində Azərbaycanda sabitlik və inkişafın qarantı olan, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanatı səsləndirmişdir.

Bəyanatda son 10 ildə ölkəmizdə bütün sahələrdə tarixi irəliləyişlərin qazanıldığı vurğulanmış, gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında tərbiyə olunmasına əsaslanan Azərbaycan dövlətinin gənclər siyasətinin dünyanın müxtəlif çağırışlarına cavab verə biləcək müasir, intellektual, vətənpərvər, sağlam gəncliyin formalaşmasına, onların hərtərəfli inkişafına yönəldiyi qeyd edilmişdir. Bu siyasətin reallaşması istiqamətində  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gənclər siyasəti sahəsində müxtəlif qanunvericilik aktlarının, dövlət proqramlarının hazırlandığı, qəbul edildiyi, həyata keçirildiyi bildirilmişdir. Diqqətə çatdırılmışdır ki, Azərbaycanda fəal gənclər siyasəti həyata keçirilir, ölkəmizdə gənc nəslin nümayəndələrinə geniş meydan verilir, gənclərimizin inkişafı üçün hərtərəfli şərait yaradılır. Azərbaycan gənci təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da ən qabaqcıl təhsil müəssisələrində oxumaq imkanı əldə etmişdir.

Qeyd olunmuşdur ki, gənclərin elmi, intellektual və yaradıcılıq potensialının inkişaf etdirilməsinə dəstək verilməsi, onların təşəbbüslərinin dəstəklənməsi istiqamətində aparılan siyasət Binəqədi rayon gəncləri tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan gənclərinin tam əksəriyyəti kimi, Binəqədi gəncliyi də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti müdafiə edir. Bütün bu səbəblərdən Binəqədi rayon gəncləri olaraq biz, 2013-cü ilin oktyabrında ölkəmizdə keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəyimizi fəxrlə bəyan edirik.

Konfransın yekununda qonaqlar çıxış edərək gənclərin fəaliyyəti ilə bağlı fikirlərini bildirmişlər.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışında Binəqədi gənclərinin fəallığını yüksək qiymətləndirmişdir.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov gənclərin ictimai fəallığının xüsusi əhəmiyyət daşıdığını bildirərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirmişdir. X.İsgəndərov gənclərin fəallığını, onlara bütün sahələrdə yer verilməsini Prezident İlham Əliyevin daim diqqətdə saxladığını vurğulayaraq dövlət başçısının görüşlərdə bununla bağlı tapşırıq və tövsiyələr verdiyini diqqətə çatdırmışdır.

Konfransa yekun vuran Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov tədbirin təşkilini yüksək qiymətləndirmiş, belə toplantının rayonlar arasında ilk dəfə Binəqədidə keçirildiyini bildirmişdir. Şöbə müdiri gənclər tərəfindən belə təşəbbüslərin digər rayonlarda da gerçəkləşəcəyinə ümidvar olduğunu vurğulamışdır.

 

Azərbaycan.-2013.- 31 iyul.- S.2.