Mərkəzi Seçki Komissiyasında aşağı seçki

 komissiyalarının üzvləri üçün kurslar davam edir

 

Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün təşkil edilmiş seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar iyulun 30-da davam etmişdir.

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov kursda "Seçki (referendum) prosesində aşkarlıq institutları və KİV-nin rolu" mövzusunda mühazirə ilə çıxış etmişdir. Bildirmişdir ki, 2013-cü il Azərbaycan tarixində bir sıra ümumxalq əhəmiyyətli hadisələrlə müşayiət olunur. Bunlardan ən başlıcası cari ildə keçiriləcək prezident seçkiləridir. Ümumiyyətlə, "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul edildikdən sonra seçki prosesi dövlət idarəçilik sisteminin, Azərbaycan cəmiyyətinin və xalqının həyatında mühüm rol oynamışdır. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə Konstitusiya islahatları həyata keçirilmişdir. Xalqın hakimiyyətin mənbəyi olduğu 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuşdur.

Şəffaf və ədalətli seçkilərin hər bir ölkədə demokratik cəmiyyətin formalaşması prosesini təşkil etdiyini bildirən Əli Həsənov demişdir ki, Azərbaycan Konstitusiyasına əsasən, hakimiyyətin mənbəyi xalqdır. Seçicinin ifadə etdiyi mövqe, onun iradəsinin nəticəsi olaraq verdiyi səs sonda hakimiyyəti formalaşdırır və dövləti idarə etmək üçün ona mandat verir. Bu, xalqın iradəsinin həyata keçirilməsi, reallaşması deməkdir.

Prezident Administrasiyasının şöbə müdiri vurğulamışdır ki, Azərbaycan ötən əsrin sonlarında, dövlət müstəqilliyini əldə etdikdən sonra öz siyasi sistemini müəyyən etmişdir. Siyasi sistemləri xarakterizə edən elementlərdən biri də dövlətdir. Dövlət cəmiyyətdə ictimai münasibətləri qanunlar vasitəsilə tənzimləyən sistemdir. Dövlətlər iki cür olur: demokratikqeyri-demokratik, açıq və qapalı. Hər ölkənin özünəməxsus dövlət idarəçilik sistemi vardır. Hər hansı bir dövlətdə olan sistemin başqa bir dövlətə transfer edilməsi heç də məqbul deyildir.

Məsələn, ABŞ-da mövcud olan dövlət idarəçilik sistemini Misirə tətbiq etmək heç vaxt gözlənilən nəticəni verməz. Yaxud da ki, Yaponiyadakı demokratik dövlət idarəçilik sistemini Tunisə transfer etmək məqbul sayıla bilməz.

Bir sıra dövlətlərin, beynəlxalq təşkilatların dövlət idarəçilik sistemlərini dəyərləndirən şöbə müdiri bildirmişdir ki, burada əksər hallarda subyektiv məqamlar üzə çıxır. O demişdir: "Konkret olaraq Azərbaycan ilə bağlı dəyərləndirmələrdə də belə subyektiv məqamlar ortaya çıxır. Bilirik ki, bu dəyərləndirmələr hansısa şəxsi maraqlardan qaynaqlanır. Bununla bağlı biz daim öz mövqeyimizi, etirazımızı bildiririk".

Sonuncu parlament seçkilərinin nəticələrinə toxunan Əli Həsənov bildirmişdir ki, Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını 72, Vətəndaş Həmrəyliyi Partiyasını 3, Ana Vətən Partiyasını 2, Ədalət, Sosial Rifah, Vətəndaş Birliyi, Demokratik İslahatlar, Ümid, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyalarının hərəsini bir deputat təmsil edir. Parlamentdəki bitərəflərin sayı isə 42 nəfərdir. O demişdir ki, demokratik cəmiyyətlərdə siyasi partiyalar dövlət həyatının, idarəçiliyinin əsasını təşkil edir. Biz Azərbaycan dövlətini azad cəmiyyət olmadan təsəvvür edə bilmərik. Qeyri-dövlət təşkilatlarının idarəçilik sisteminə cəlb olunması bu günün məsələsi deyildir. Hələ sovet dövründə ictimai qurumlar - Bəstəkarlar İttifaqı, Yazıçılar Birliyi, Rəssamlar İttifaqı və sair ictimai təşkilatlar var idi. Onlar bu gün də vardır və fəaliyyət göstərirlər. Amma bu gün həmin ictimai qurumların, qeyri-hökumət təşkilatlarının funksiyası dəyişmişdir. Bu qurumlar hazırda sərbəst şəkildə vətəndaş təşəbbüslərini ortaya qoyurlar.

Azərbaycan hökumətinin QHT-lərə yaratdığı imkanlardan danışan Əli Həsənov bildirmişdir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası dövlət büdcəsindən ayrılan vəsait hesabına qeyri-hökumət təşkilatlarının layihə və proqramlarını maliyyələşdirir.

Şöbə müdiri Azərbaycanda digər xalqların - talışların, ləzgilərin, kürdlərin, avarların və sair etnik qrupların ictimai təşkilatlarının fəaliyyət göstərdiyini vurğulamışdır. Qeyd etmişdir ki, Azərbaycanda müxtəlif dini dünyagörüşlərini əks etdirən ictimai təşkilatlar sərbəst şəkildə fəaliyyət göstərirlər. Bir sözlə, dövlət qurumları və siyasi partiyalarla yanaşı, ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları da dövlət həyatında iştirak edirlər. Onlar da demokratik cəmiyyətin əsasını təşkil edirlər.

Ölkəmizdə mətbuatın fəaliyyətinə toxunan Prezident Administrasiyasının şöbə müdiri demişdir ki, media tərəfsiz olmalıdır. Heç bir demokratik cəmiyyəti mətbuatsız, siyasi plüralizmsiz təsəvvür etmək mümkün deyildir. Lakin mətbuat tərəfsiz mövqeyini təkcə seçkilərdə deyil, həmişə ortaya qoymalıdır. Mətbuat insanların seçimininümumi dünyagörüşünün formalaşmasına təsir göstərir, hakimiyyətin, iqtidara opponentlik edənlərin də fəaliyyətinə qiymət verməyə zəmin yaradır.

Şöbə müdirinin sözlərinə görə, artıq Azərbaycanda tam azad mətbuat formalaşmışdır. Bu günədək medianın inkişafı üçün dövlət tərəfindən davamlı olaraq bir sıra tədbirlər həyata keçirilmişdir. Müxtəlif illərdə sərəncamlar imzalanmış, medianın maddi-texniki bazasının güclənməsinə, jurnalistlərin sosial problemlərinin həllinə dəstək göstərilmişdir. Görülmüş işlər həddən artıq çoxdur və dünyanın heç bir yerində belə hala rast gəlmək mümkün deyildir. Milli Mətbuat Günündə 156 jurnalistə evlərin verilməsi bunun bariz nümunəsidir.

Professor Əli Həsənov diqqətə çatdırmışdır ki, Azərbaycan hakimiyyətinin mətbuatdan gizlədəcəyi, çəkinəcəyi heçyoxdur. Azərbaycan bu gün dünyanın demokratik, azad dövlətlərindən biridir. Azad media da Azərbaycanın demokratik inkişafını şərtləndirən əsas amillərdəndir. Vaxtilə jurnalistlərə təzyiqlər göstərilirdi, onlar döyülür, maşının yük yerinə basılaraq aparılırdılar. Hətta indi prezidentliyə namizəd olmaq istəyənlərdən biri deyir ki, hakimiyyətə gələcəyi təqdirdə onun haqqında yazan jurnalistlərin ağzından vuracaqdır. Lakin bu günədək Azərbaycan Prezidentinin dilindən bir dəfə də olsun jurnalistləri təhqir edəcək söz çıxmamışdır.

Sonra ədliyyə nazirinin müavini Azər Cəfərov "Seçki prosesində ədliyyə orqanlarının rolu və fəaliyyət istiqamətləri (VVAQ orqanları, notariuslar, Hüquqi Aktların Dövlət Reyestri, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri)" mövzusunda mühazirə ilə çıxış etmişdir. Nazir müavini bildirmişdir ki, seçki günü cəzaçəkmə müəssisələrində məhbusların səsvermə prosesini izləmək, işıqlandırmaq üçün kütləvi informasiya vasitələrinə hər cür şərait yaradılacaqdır.

Məhkəmə-hüquq sistemində aparılan islahatlar barədə danışan Azər Cəfərov diqqətə çatdırmışdır ki, son illər Azərbaycanda məhkəmə hakimlərinin sayı dəfələrlə artırılmışdır. O demişdir: "Amma bunun özü də hələlik aşağı göstəricidir. Çünki Avropa ölkələri ilə müqayisədə Azərbaycanda hakimlərin sayı 6 dəfə azdır".

Nazir müavini qeyd etmişdir ki, 1995-ci ildən başlayaraq  saxlanılan, təqsirləndirilən və cəza çəkən məhbuslar səsvermə hüquqlarından istifadə edirlər. Onların səsverməsinin təmin edilməsi ilə bağlı müvafiq addımlar atılır. Ədliyyə Nazirliyi, Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyaları bu istiqamətdə qarşılıqlı fəaliyyət göstərirlər. Seçki günü cəzaçəkmə müəssisələrində təkcə məhbuslar deyil, eyni zamanda, həmin qurumlarda xidmət aparan növbətçi əməkdaşlar və hərbi qulluqçular da səsvermədə iştirak edəcəklər.

Azər Cəfərov vurğulamışdır ki, 2008-ci ildə keçirilən prezident seçkilərində səsvermə hüququ olan məhbuslardan 17 min 700 nəfərdən 99,3 faizi öz hüququndan istifadə edərək, bu seçkidə iştirak etmişdir. Həmin məhbusların - seçicilərin 93 faizi də məhz Prezident İlham Əliyevə səs vermişdir. 2010-cu ildə keçirilən parlament seçkilərində isə 16 min 603 məhbus seçicidən 99 faizi öz hüququndan yararlanaraq səsvermədə iştirak etmişdir.

Daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov "Seçki prosesində Daxili İşlər Nazirliyi orqanlarının rolu və fəaliyyət istiqamətləri" mövzusunda mühazirə ilə çıxış etmişdir.

Oruc Zalov bildirmişdir ki, Daxili İşlər Nazirliyinin (DİN) və digər hüquq-mühafizə orqanlarının səmərəli işlərinin nəticəsində ölkəmizdə sabitlik mövcuddur. Aparılan profilaktik tədbirlər nəticəsində cinayət hadisələrinin qarşısı baş verməmişdən əvvəl alınır. Azərbaycan nəinki bölgədə, keçmiş SSRİ-də, hətta onu əhatə edən coğrafiyada ən sabit ölkədir. Respublikamızda orta hesabla 100 min nəfərə cəmi 232 cinayət hadisəsi baş verir ki, bu da çox aşağı göstəricidir.

Qarşıdan gələn prezident seçkilərində daxili işlər orqanlarının  qarşısında duran vəzifələrdən danışan Oruc Zalov bildirmişdir ki, polisin, digər hüquq-mühafizə orqanlarının üzərinə düşən əsas vəzifələrdən biri də ölkədə mövcud olan sabitliyi qoruyub saxlamaq və təmin etməkdir. DİN seçicilərin səsvermə hüququnun reallaşdırılması üçün onların hər birinin şəxsiyyət vəsiqəsi ilə təmin olunması məsələsini ciddi nəzarətdə saxlayır. Səsvermə gününə 2-3 gün qalmış adı seçicilər siyahısında olan, lakin şəxsiyyət vəsiqəsi olmayan seçicilər sözügedən sənədlə təmin ediləcəklər.

Nazir müavini diqqətə çatdırmışdır ki, seçkilərə 2-3 gün qalmış bülletenlər seçki komissiyalarına paylanacaqdır. Bu prosesə hər hansı müdaxilənin baş verməməsi, təhlükəsizliyin tam təmin olunması istiqamətində də DİN seçki komissiyaları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərəcəkdir.

Seçki kampaniyası çərçivəsində qanunsuz aksiyaların qarşısının müvafiq qaydada alınacağını deyən Oruc Zalov qeyd etmişdir ki, siyasi partiya və namizədlər yerli icra orqanları tərəfindən onlara ayrılan yerlərdə tam sərbəst şəkildə mitinq keçirə, seçicilərlə görüşə bilərlər. Seçkilərin şəffaflığına zərər verəcək istənilən qanun pozuntusunun qarşısının alınacağını vurğulayan nazir müavini bildirmişdir ki, buna cəhd göstərən şəxslər zərərsizləşdiriləcəkdir.

Kurs çərçivəsində "Yerli və beynəlxalq müşahidənin bəzi xüsusiyyətləri" mövzusunda seminar keçirilmişdir. Seminarda MSK katibliyinin əməkdaşları Rəşid Yusifbəyli, Ramin Nurəliyev, Şahin Əsədli, Faiq Bəşirov mövzu ilə bağlı çıxış etmişlər.

Dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların əhəmiyyətindən danışan natiqlər bildirmişlər ki, bu cür tədbirlər seçki sahəsində maarifləndirmə işinin gücləndirilməsində, dairə seçki komissiyalarının sədrlərinin peşəkar hazırlığının artırılmasında mühüm rola malikdir.

MSK katibliyinin əməkdaşları dairə seçki komissiyalarının sədrlərini maraqlandıran sualları cavablandırmış və tövsiyələrini bildirmişlər.

Kurslar avqustun 4-dək davam edəcəkdir.

 

Azərbaycan.-2013.- 31 iyul.- S.1,2.