İranda «İlham: Bir Prezidentin portreti» kitabı fars dilində nəşr edilmişdir

 

Azərbaycan Respublikasının Tehrandakı səfirliyi İranda "İlham: Bir Prezidentin portreti" kitabını fars dilində nəşr etdirmişdir.

Görkəmli tədqiqatçı Qril H.Vilson tərəfindən ingilis dilində qırx bölmə üzrə yazılmış kitab Azərbaycanın qədim tarixindən, XX əsrin əvvəllərində əldə etdiyi dövlət müstəqilliyinin fəaliyyəti süqutundan, sovetlər dövründəki ictimai-siyasi proseslərdən, keçmiş SSRİ-nin süqutu ərəfəsində təcavüzkar Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin nəticələrindən, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən çoxistiqamətli inkişafın göstəricilərindən bəhs edilir.

Xalqımızın tarixi dövlətçilik ənənələrindən bəhs edən müəllif yazır ki, Azərbaycanın geosiyasi mövqeyi zaman-zaman böyük güclərin bu bölgədəki maraqlarının toqquşmasına səbəb olmuşdur. Nəticədə Azərbaycan xalqının maddi-mədəni irsinə qarşı çoxistiqamətli təcavüz halları baş vermişdir. Qeyd edilir ki, tarixin bütün dövrlərində Azərbaycan xalqı müstəqil dövlət yaratmaq üçün bütün imkanlara malik olmuş, bu istiqamətdə dəyərli ənənələr yaratmışdır.

Kitabda XX əsrin əvvəllərində Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması süqutunun səbəbləri geniş təhlil edilmiş, sovet hakimiyyətinin ölkəmizə gətirdiyi bəlalara nəzər yetirilmişdir.

Müəllif yazır ki, Azərbaycan XX əsrin əvvəllərində qarşılaşdığı dövlətçilik böhranını həmin əsrin sonunda yenidən yaşamışdır. Hər iki halda Ermənistanın işğalçılıq siyasəti Azərbaycanın dövlətçiliyinə qarşı yönəlmiş təcavüz kimi tarixə düşmüşdür. 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycan xalqının tarixində xilaskarlıq obrazı yaratmışdır. Ümummilli lider təcavüzkar Ermənistanı atəşkəsə məcbur etmiş, həyata keçirdiyi uzaqgörən neft strategiyası ilə region ölkələrinin kompleks inkişafı üçün yeni bir şərait yaratmışdır. Bu siyasətin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi Azərbaycanın hərtərəfli inkişafını təmin etmişdir. Azərbaycan beynəlxalq aləmdəki mövqelərini möhkəmləndirmiş, bütün parametrləri ilə qüdrətlənmiş, xalqın rifahı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

Yüksək dizaynla keyfiyyətli poliqrafiyada 512 səhifədə çap edilmiş kitabda Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid, ulu öndər Heydər Əliyevin yarım əsrə yaxın dövrü əhatə edən siyasi fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən Prezident İlham Əliyevin siyasi fəaliyyətinə dair nadir fotolar yerləşdirilmişdir.

Kitabda qeyd olunan faktlar, göstərilən mənbələr, dəyərli fikir mülahizələr Azərbaycanın tarixi müasirliyini tədqiq edən farsdilli mütəxəssislər üçün əhəmiyyətli vəsaitdir.

 

 

Sabir ŞAHTAXTI,

AzərTAc-ın xüsusi müxbiri

Tehran

Azərbaycan.-2013.- 31 iyul.- S.1.