Parlament 2013-cü il yaz
sessiyasını başa vurdu
Milli Məclisin
iclasında
Mayın
31-də Milli Məclisin 2013-cü il yaz sessiyasının
sonuncu plenar iclası keçirildi. İlk olaraq
"F.S.Abdullayevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
hakimi təyin edilməsi haqqında" məsələ
müzakirəyə təqdim edildi. Milli Məclisin Sədri
Oqtay Əsədovin bu barədə məlumatından sonra məsələ
səsə qoyuldu və təsdiq edildi. Çıxış
edən Fərhad Abdullayev ona göstərilən etimada görə
Prezident İlham Əliyevə təşəkkürünü
bildirdi. Eyni zamanda, onu dəstəklədiklərinə görə
deputatlara minnətdarlıq edən Fərhad Abdullayev dedi ki,
yaxın günlərdə Konstitusiya Məhkəməsinin
yaranmasının 15 ili tamam olacaq: "Bu dövr ərzində Konstitusiya Məhkəməsi
ölkə qanunvericiliyinin və hüququn inkişafına, eləcə
də hüquq mədəniyyətinin yüksəldilməsinə
öz töhfələrini verib. Bundan sonra da öz fəaliyyətimizdə
Azərbaycan Konstitusiyasının dəyərlərinin
qorunmasını rəhbər tutacağıq". Fərhad
Abdullayev daha sonra öz fəaliyyətində qanunların
aliliyini qoruyacağına, məhkəməyə daxil olan məsələlərə
qərəzsiz və ədalətli baxılacağına and
içdi.
Sonra
"Azərbaycan Respublikasının 2012-ci il dövlət
büdcəsinin icrası haqqında" Azərbaycan
Respublikası Qanununun layihəsi və dövlət büdcəsinin
icrasına dair illik hesabat müzakirəyə
çıxarıldı. Milli Məclisin İqtisadi siyasət
komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki,
"Azərbaycan Respublikasının 2012-ci il dövlət
büdcəsinin icrası haqqında" qanun layihəsi
İqtisadi siyasət komitəsinin iclasında ətraflı
müzakirə edilmiş, çox dəyərli fikirlər səsləndirilmişdir.
Ziyad Səmədzadə bildirdi ki, 2012-ci il Azərbaycan
dövləti və xalqı üçün yaddaqalan dövr
olmuşdur. Dünyada iqtisadi böhranın davam etməsinə
baxmayaraq, 2012-ci ildə Azərbaycan yüksək inkişaf
nümayiş etdirmiş, iqtisadi göstəricilərini xeyli
yaxşılaşdırmış, ölkənin maliyyə
imkanları daha da güclənmişdir. Bütün bunlar
maliyyə sabitliyinin təmin edilməsinə, büdcə gəlirlərinin
vaxtında səfərbər olunmasına və onların təyinatı
üzrə xərclənməsinə imkan vermişdir. 2012-ci ilin dövlət büdcəsinin
əsas göstəriciləri, məqsəd və vəzifələri
uğurla icra olunmuşdur. Azərbaycan hökuməti dövlət
büdcəsinin icrasını müvəffəqiyyətlə
yerinə yetirmişdir.
Daha sonra
çıxış edən maliyyə naziri Samir Şərifov
2012-ci il dövlət və icmal büdcələrinin əsas
göstəriciləri barədə məlumat verdi. Hesabata əsasən,
2012-ci ildə dövlət büdcəsinin gəlirləri 17
milyard 38 milyon manat proqnoza qarşı 17 milyard 281,5 milyon manat
icra olunmuşdur. Bu da proqnozun 101,4 faiz yerinə yetirilməsi
deməkdir. Ümumi daxili məhsulda (ÜDM) dövlət
büdcəsi gəlirlərinin xüsusi çəkisi 32 faiz
təşkil etmişdir ki, bu da 2011-ci illə müqayisədə
1,9 faiz çoxdur.
2012-ci il
dövlət büdcəsinin xərcləri 17 milyard 672 milyon
manat proqnoza qarşı 17 milyard 416,5 milyon manat və ya 98,6
faiz icra edilmişdir. Bu, 2011-ci illə müqayisədə 2
milyard 19 milyon manat çoxdur. ÜDM-də dövlət
büdcəsi xərclərinin xüsusi çəkisi 32,3
faiz təşkil etmişdir. Strukturuna görə 2012-ci il
dövlət büdcəsi xərclərinin 9 milyard 278,2 milyon
manatı və ya 53,3 faizi cari xərclərə yönəlmişdir
ki, bu da 2011-ci illə müqayisədə 2 milyard 162,8 milyon
manat və ya 30,4 faiz çoxdur.
Əsaslı
xərclərə dövlət büdcəsi xərclərinin
7 milyard 925,9 milyon manatı və yaxud 45,5 faizi yönəldilmişdir.
Dövlət borcuna və öhdəliklərinə xidmətlə
bağlı xərclərə 212,4 milyon manat vəsait yönəldilmişdir.
Hesabat
ilində iqtisadi təsnifata uyğun olaraq dövlət
büdcəsi xərclərinin 27,2 faizi və ya 4 milyard 740,1
milyon manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə
yönəldilmişdir. Bu, 2011-ci illə müqayisədə
400 milyon manat və ya 9,2 faiz çoxdur.
2012-ci ildə
cari və əsaslı xərclər də nəzərə
alınmaqla dövlət büdcəsindən müdafiə xərclərinə
2 milyard 898,5 milyon manat vəsait yönəldilmişdir ki, bu
da 2011-ci illə müqayisədə 235,1 milyon manat və 8,8
faiz çoxdur.
2012-ci
ilin dövlət büdcəsində 134,9 milyon manat məbləğində
büdcə kəsiri olmuşdur. Dövlət büdcəsinin
kəsiri ÜDM-in 0,3 faizi həcmində olmuşdur ki, bu da
proqnozla nəzərdə tutulduğundan 1,1 faiz azdır.
Hesabata əsasən,
2012-ci il icmal büdcənin gəlirləri 21 milyard 846,6 milyon
manat proqnoza qarşı 22 milyard 338,4 milyon manat və ya 102,3
faiz icra olunmuşdur. Hesabat dövründə icmal büdcənin
xərcləri 20 milyard 908,8 milyon manat proqnoza qarşı 20
milyard 72,7 milyon manat icra olunmuşdur. Bu, 2011-ci illə
müqayisədə 14,4 faiz çoxdur.
İclasda
Hesablama Palatasının "Azərbaycan Respublikasının
2012-ci il dövlət büdcəsinin icrası
haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi və
dövlət büdcəsinin icrasına dair illik hesabatla
bağlı rəyi də dinlənildi. Hesablama
Palatasının sədri Heydər Əsədov dövlət
büdcəsinin icrası ilə bağlı rəyi diqqətə
çatdırdıqdan sonra "Azərbaycan
Respublikasının 2012-ci il dövlət büdcəsinin
icrası haqqında" qanun layihəsi və dövlət
büdcəsinin icrasına dair illik hesabat səsə qoyularaq
təsdiq edildi.
Daha sonra
"Azərbaycan Respublikası ilə Hindistan Respublikası
arasında cinayət işləri üzrə
qarşılıqlı hüquqi yardım haqqında"
müqavilənin təsdiq edilməsi barədə, "Azərbaycan
Respublikası ilə Hindistan Respublikası arasında mülki
və ticarət işləri üzrə hüquqi və məhkəmə
yardımı haqqında" Müqavilənin təsdiq edilməsi
barədə və "Azərbaycan
Respublikası ilə Hindistan Respublikası arasında təslimetmə
haqqında" Müqavilənin təsdiq edilməsi barədə
qanun layihələri təsdiq olundu.
Deputatlar
"İcra haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə" "Əmək
pensiyaları haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə",
"Milli arxiv fondu haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə",
"Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində
dəyişikliklər edilməsi haqqında", "Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında", "Sosial
müavinətlər haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə" və
"Ölkədən getmək, ölkəyə gəlmək
və pasportlar haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"
qanun layihələrinə müsbət münasibət
bildirdilər. Qeyd edək ki, bu dəyişikliklər Azərbaycan
Respublikasının keçmiş Prezidenti və onun ailə
üzvləri ilə bağlı məsələləri
özündə ehtiva edir.
İclasda
"Azərbaycan Respublikasının Mülki Məcəlləsində
dəyişikliklər edilməsi haqqında", "Azərbaycan
Respublikasının Torpaq Məcəlləsində dəyişiklik
edilməsi haqqında", "Ərazi quruluşu və
inzibati ərazi bölgüsü haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə",
"Daşınmaz əmlakın dövlət reyestri
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" və
"Avtomobil yolları haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə" qanun layihələri müzakirəyə təqdim
edildi. Bildirildi ki, bu qanunlara təklif olunan dəyişikliklər
daşınmaz əmlakların ünvan reyestri ilə
bağlı, o cümlədən avtomobil yolları barədə
məlumatların ünvan reyestrinə daxil edilməsinə
dair məsələləri əhatə edir. Qısa
müzakirələrdən sonra qanun layihələri təsdiq
olundu.
Sonra
iclasda "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində
dəyişikliklər edilməsi haqqında", "Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında", "Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsində
dəyişikliklər edilməsi haqqında" qanun layihələri
qısa müzakirələrdən sonra təsdiq olundu.
İclasda
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi haqqında" başqa bir
qanun layihəsi də müzakirə edildi və təsdiq
olundu. Bu dəyişikliklərə əsasən, ev
heyvanlarının saxlanılması qaydalarının
pozulmasına görə inzibati cəzalar həm sərtləşdirilir,
həm də yeni cəzalar müəyyənləşdirilir.
Dəyişikliklərə əsasən, it, pişik və digər
ev heyvanlarının saxlanılması qaydalarının
pozulmasına, yəni ev heyvanlarının qadağan
edilmiş yerlərdə saxlanılmasına,
qidalandırılmasına, gəzdirilməsinə və ya
yetişdirilməsinə, ev
heyvanlarının satılması, bağışlanması və
nəqliyyat vasitələri ilə aparılması şərtlərinin
pozulmasına, baytarlıq xidməti ilə
razılaşdırılmadan ev heyvanlarının
yarışlarının keçirilməsinə, it və
pişiklərin müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi saydan artıq saxlanılmasına, ev
heyvanlarının baytarlıq uçotuna alınmadan
saxlanılmasına və digər bu kimi hallara görə 200
manat miqdarında cərimə nəzərdə tutulur.
Bu xətaların
il ərzində təkrar törədilməsinə görə
300 manat, bu xətalar nəticəsində zərərçəkən
şəxsin sağlamlığına yüngül bədən
xəsarətlərinin yetirilməsinə və maddi zərər
vurulmasına görə 1000 manat miqdarında cərimə nəzərdə
tutulur.
İclasda
"Azərbaycan Respublikasının Cəlilabad rayonunun
inzibati ərazi bölgüsündə qismən dəyişikliklər
edilməsi haqqında" qanun layihəsi də qısa
müzakirədən sonra təsdiq olundu.
Milli Məclisin
iclasında son olaraq "Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişiklik
edilməsi haqqında" qanun layihəsi müzakirəyə
çıxarıldı. Dəyişikliyə əsasən, Məcəlləyə
38-7-ci maddənin əlavə edilməsi təklif olunurdu. Bu
maddədə qeyd olunur ki, müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilmiş tibbi
əsaslar olmadan qeysəriyyə kəsiyi əməliyyatının
aparılmasına görə vəzifəli şəxslər
beş min manatdan yeddi min manatadək miqdarda, hüquqi şəxslər
on min manatdan on beş min manatadək miqdarda cərimə
edilir. Qanun layihəsi təsdiq olundu.
Milli Məclisin
Sədri Oqtay Əsədov Milli Məclisin 2013-cü il yaz
sessiyasını bağlı elan etdi. Azərbaycan Respublikasının
Dövlət himni səsləndirildi.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-2013.- 1 iyun.- S.2.