Arizona Senatı
Azərbaycanın suverenliyini
və ərazi bütövlüyünü dəstəkləyən
qətnamə qəbul etmişdir
ABŞ-ın Arizona ştatının ali qanunverici orqanı olan ştat Senatı mayın 30-da keçirilən plenar iclasında Azərbaycan-ABŞ strateji tərəfdaşlığının dəstəklənməsinə dair qətnamə qəbul etmişdir.
Senatorlar tərəfindən yekdilliklə qəbul edilən qətnamədə Qarabağın Azərbaycan ərazisi olduğu və Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin ABŞ və BMT tərəfindən tanındığı bildirilir. Həmçinin 95 il öncə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı və həmin respublikanın ABŞ da daxil olmaqla, bir sıra demokratik dövlətlərdən öncə qadınlara seçki hüququ verdiyi vurğulanır.
Qətnamədə daha sonra qeyd olunur ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan son 22 il ərzində öz suverenliyini və müstəqilliyini gücləndirmiş və bölgənin ən sürətlə inkişaf edən dövlətinə çevrilmişdir.
Ştat Senatı 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini ölkənin Yaxın Şərqdə sülh və təhlükəsizliyin qorunmasında artan rolunun və genişlənən imkanlarının bariz göstəricisi kimi dəyərləndirmişdir. Qətnamədə ABŞ ilə Azərbaycanın vahid dəyərlərə, ümumi maraqlara və baxışlara əsaslanan güclü strateji tərəfdaşlıq münasibətləri qurduqları vurğulanaraq bildirilir ki, Azərbaycan ABŞ-ın Xəzər dənizi kimi çox önəmli bir bölgədə güclü müttəfiqidir. Bundan əlavə, 11 sentyabr terror aktlarından sonra Azərbaycanın ABŞ-a hərtərəfli dəstək verdiyi, Əfqanıstana sülhməramlı qüvvələr göndərdiyi, hər iki ölkənin kütləvi qırğın silahlarının yayılmasına və terrorçuluğa qarşı mübarizə sahəsində uğurla əməkdaşlıq etdiyi qeyd olunur. Ölkəmizin ABŞ-ın və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilir. Qətnamədə habelə Azərbaycanın etnik və dini tolerantlıq ənənələrinə malik dünyəvi ölkə olduğu, ABŞ-ın Azərbaycan kimi müttəfiq dövlətlərlə münasibətləri bundan sonra da gücləndirməsinin zəruriliyi vurğulanır.
Qeyd
edək ki, bu, Arizonanın ali qanunvericilik orqanı tərəfindən
Azərbaycan barədə qəbul edilən ilk qətnamədir.
Qətnamənin qəbul olunmasını əks etdirən
videomaterialla bu linkdə tanış olmaq mümkündür: http://www.youtube.com/watch?v=GT9mxyBnSEY&feature=youtube
Azərbaycan.-2013.- 1 iyun.- S.3.