Azərbaycan Böyük Britaniya ilə əməkdaşlığın genişlənməsində maraqlıdır

 

Mayın 31-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan  Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, enerji komitəsinin üzvü Kristofer Pinçerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Ziyafət Əsgərov dünyanın ən qədim parlament ənənələrinə malik olan Böyük Britaniya parlamentinin nümayəndələrini Azərbaycanda görməkdən məmnunluğunu bildirib. Qeyd edib ki, Azərbaycan Avropa dövlətləri, xüsusi ilə Böyük Britaniya ilə əlaqələrin inkişafına və daha da genişlənməsinə xüsusi önəm verir: "İki ölkə arasındakı ticarət dövriyyəsi 1 milyard ABŞ dolları həcmindədir. Azərbaycanda 150-ə qədər Britaniya şirkəti fəaliyyət göstərir. Bunların arasında BP-nin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Bu şirkət Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ölkəmizə gəlmiş və rəsmi Bakının həyata keçirdiyi böyük neftqaz layihələrində mühüm rol oynamışdır. Bu gün Azərbaycan dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkələri sırasına daxildir. Cənubi Qafqaz bölgəsində istehsal olunan Ümumi Daxili Məhsulun 80 faizi Azərbaycanın payına düşür. Müstəqil xarici siyasət yeridən Azərbaycan Avropaya, ümumilikdə dünyaya inteqrasiya yolunu seçmişbu yolla uğurla irəliləməkdədir".

Milli Məclisin Sədrinin birinci müavini əlavə edib ki, inkişaf ilə yanaşı, ölkəmizin  Dağlıq Qarabağ problemivar: "Ermənistan Azərbaycana məxsus olan Dağlıq Qarabağı işğal edərək 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətində yaşamasına səbəb olmuşdur. BMT-nin, Avropa İttifaqının, Avropa Şurası Parlament Assambleyasının zəbt olunmuş Azərbaycan ərazilərinin dərhal azad edilməsi haqqında qətnamə qəbul etmələrinə baxmayaraq, Ermənistan açıq şəkildə beynəlxalq hüquq normalarına hörmətsizlik edirişğala məruz qoyduğu torpaqları azad etməkdən boyun qaçırır. Problemi mürəkkəbləşdirən hal ondan ibarətdir ki, dünya birliyi Ermənistana təzyiq göstərib ədalətin bərpasına çalışmır".

Səmimi görüşə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən  Kristofer Pinçer bildirib ki, səfərin əsas məqsədi Böyük Britaniya ilə Azərbaycan arasındakı iqtisadi, siyasi və mədəni əlaqələri genişləndirməkdən ibarətdir. Qarşılıqlı səfərlərin hər iki tərəf üçün faydalı olacağını deyən  K. Pinçer yaxın gələcəkdə Azərbaycan Milli Məclisinin nümayəndə heyətini Britaniya parlamentində görmək istəyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Elgün MƏNSİMOV

 

Azərbaycan.-2013.- 1 iyun.- S.3.