Xaosdan tərəqqiyə uğurlu
keçid: regionların sosial-iqtisadi yüksəlişi
"Azərbaycan"
qəzetinin Lerik Rayon İcra
Hakimiyyəti ilə birgə "dəyirmi
masa"sı
Azərbaycan xalqı növbəti əlamətdar tarix ərəfəsindədir. Bu günlərdə xalqımızın böyük oğlu Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının 20-ci ili tamam olacaq. 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya qayıdan ulu öndər Heydər Əliyevin iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilməsi Azərbaycanın siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. Həmin gündən etibarən Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirməyə başladı. Ümummilli liderin siyasi uzaqgörənliyi, əzmkarlığı, qətiyyəti nəticəsində tez bir zamanda ölkədəki xaos və anarxiyaya son qoyuldu, vətəndaş qarşıdurmasının qarşısı alındı, ən əsası, Azərbaycanın dövlət müstəqilliyinə olan bütün təhlükələr aradan qaldırıldı. Ona görə də 15 iyun təqvimə Milli Qurtuluş Günü kimi yazıldı.
"Azərbaycan" qəzeti bütün əlamətdar tarixlər kimi Milli Qurtuluş Gününün 20-ci ildönümündə də "dəyirmi masa"ların keçirilməsi layihəsini davam etdirir. İlk belə tədbir Lerik rayonunda baş tutdu.
"Dəyirmi masa"nı giriş sözü ilə açan "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov dedi:
- Ağır və keşməkeşli 1991-1993-cü illər, müstəqilliyimizin hələ kövrək olduğu dövrlər hamımızın yaxşı yadındadır. O dövrdə hakimiyyətdə olanların siyasi maymaqlığı, qətiyyətsizliyi və naşılığı nəticəsində bir tərəfdən ermənilər Azərbaycan torpaqlarını zəbt edir, digər tərəfdən isə daxildə separatçı qüvvələr fəallaşırdı. Surət Hüseynov qəti şəkildə bildirmişdi ki, Bakıya gələn kimi Əbülfəz Elçibəyi və onun yaxın adamlarını Azadlıq meydanında dar ağacından asacaq! Bu bəyanatdan qorxuya düşən AXC-Müsavat rejimi təmsilçilərinin hərəsi bir tərəfə qaçmışdı. Digərləri isə vəzifələrini "dondurmuşdular". Bütün bunlar o illərdə yenicə nail olduğumuz müstəqilliyimizin əldən getməsinə və Azərbaycan dövlətçiliyinin süqut etməsinə gətirib çıxaracaqdı.
Belə bir vəziyyətdən çıxış arayan Azərbaycan xalqı nicat yolunu yalnız və yalnız Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasında görürdü! Hər kəs yaxşı anlayırdı ki, ölkədəki hərc-mərcliyi, itaətsizliyi, anarxiyanı, siyasi çəkişmələri, Gəncədə başlanmış qardaş qırğınını, qanunsuz silahlı dəstələrin Bakıya yürüşünü yalnız bu böyük insan aradan qaldıra bilərdi. Odur ki, Naxçıvana - ulu öndərin ünvanına yüzlərlə məktub, teleqram göndərilirdi. Bu müraciətlər təkcə maddi-mənəvi iztirablara məruz qalan bir xalqın vəziyyətdən sadəcə çıxış yolu deyildi! Bu həm də Azərbaycan dövlətçiliyinin yaşaması, hələ kövrək olan müstəqilliyimizin qorunması üçün qəbul edilən tarixi ümumxalq qərarı idi. Ölkəyə rəhbərlik edənlər də, müxalifətdə olan qüvvələr də xilas olmaq üçün Heydər Əliyevin Bakıya gəlməsini arzulayırdılar. İflası ilə barışmalı olan AXC və Müsavat da vəziyyətdən çıxış yolunu Heydər Əliyevin Bakıya dəvət edilməsində görürdü.
1993-cü il iyunun 9-da Heydər Əliyev xüsusi təyyarə ilə Bakıya gəldi. Dövlətçiliyimizin müqəddəratının həll olunduğu belə bir məqamda dahi öndərin gəlişi respublika əhalisində böyük ümidlər yaratdı. Çünki ölkəni çətin vəziyyətdən ancaq Heydər Əliyev dühasının xilas edəcəyinə hamı qəlbən inanırdı! İnsanlar "Heydər baba, xalqı bu bəladan qurtar!" şüarı ilə ulu öndəri qarşılamaq üçün hava limanına toplanmışdılar. Ən əsası, ulu öndərin gəlişi ilə daxili və xarici düşmənlərin bütün planlarının iflası başladı. Bakıya gəldikdən sonra parlamentə sədr seçilmək barədə xahişləri qəbul etməyən Heydər Əliyev əvvəlcə Gəncədə yaranmış vəziyyətlə tanış olmaq üçün ora yola düşdü. Heydər Əliyev Gəncədə 709 saylı hərbi hissənin döyüş meydanına çevrilmiş ərazisinə baş çəkdi, şəhər sakinləri, hərbi qulluqçularla görüşüb söhbət etdi, öz ağsaqqal sözünü dedi. Ulu öndər həyatını təhlükəyə atsa da, missiyasını şərəflə yerinə yetirdi. Sonradan bu səfər zamanı onun fiziki məhvi barədə cəhdlərin törədiləcəyi faktları aşkarlandı. Hərçənd ki, qorxulu səfərə yola düşərkən ona qarşı qəsdlərin olacağını Heydər Əliyev də yaxşı bilirdi. Lakin xalqın güclü məhəbbəti qarşısında cinayətkarlar aciz qaldılar. Tarix göstərir ki, Heydər Əliyevin Gəncəyə səfəri ölkədə yaranmış vətəndaş qarşıdurmasının qarşısını aldı!
1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi parlamentdə təmsil olunan siyasi dairələrin məhz ulu öndərin xilaskarlıq missiyasına olan ümid və inamlarının göstəricisi idi. Heydər Əliyevin 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəlişi və 6 gün sonra Ali Sovetin Sədri seçilməsi ilə müasir tariximizdə yeni mərhələnin başlanğıcı qoyuldu! İyunun 15-i müstəqillik tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu qurtuluşla isə dövlətçiliyimizin gələcək mövcudluğunun təməl daşı qoyuldu. Heydər Əliyev dühasının xilaskarlıq missiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən, Xalq Cümhuriyyətinin acı taleyini yaşamaq aqibətindən qurtuldu. Heydər Əliyev şəxsiyyətinin miqyası, nəhəngliyi və əzəməti tarixin onun öhdəsinə qoyduğu taleyüklü məsələnin həllini təmin etmək qüdrətini nümayiş etdirdi və Azərbaycanın tarixində xilaskar lider adını daşımaq şərəfi məhz ona qismət oldu!
Heydər Əliyev iyunun 24-də Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Avqust ayında isə referendum yolu ilə Ə.Elçibəyə etimadsızlıq göstərildi. Bundan sonra Azərbaycan xalqı onu bəlalardan qurtaran xilaskarını - Heydər Əliyevi 1993-cü il oktyabrın 3-də görünməmiş siyasi fəallıq və ruh yüksəkliyi ilə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçdi. Beləliklə, ölkədəki siyasi hakimiyyət böhranı tam aradan qaldırıldı. Bu gün siyasi baxışlarından asılı olmayaraq mütləq əksəriyyət etiraf edir ki, respublikamızın müstəqilliyin ilk illərində üzləşdiyi problemlərin həlli məhz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bu fenomen şəxsiyyətin 1993-cü ildə yenə də xalqın çağırışına cavab verərək Azərbaycanın idarəçilik sükanı arxasına keçməsi, çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə mətinliklə sinə gərməsi xalqımızı vətəndaş müharibəsindən, ən əsası, müstəqilliyimizin itirilməsi təhlükəsindən qurtardı. Elə buna görə də Milli Məclisin 1997-ci il 27 iyun tarixli qərarı ilə 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günü elan edildi.
Azərbaycan yalnız Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirə bildi. Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi arxada qaldı, ölkəmiz dünya dövlətləri arasında özünə layiqli yer qazandı. Heydər Əliyevin qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında dönüş yarandı, beynəlxalq normalara uyğun sivil və hüquqi dövlət quruculuğu başlandı. Azərbaycanın Silahlı Qüvvələri formalaşdırıldı. Müstəqil dövlətimizin təsisatları yaradıldı, ölüm hökmü və senzura ləğv edildi, müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu, milli-mənəvi sərvətlərimizə, dilimizə, dinimizə, tarixi irsimizə qayğı dövlət siyasəti səviyyəsinə qaldırıldı, əlifba islahatı həyata keçirildi. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yeni neft strategiyası hazırlanıb həyata keçirildi. Bu strategiyanın bəhrəsini hazırda ölkənin hər bir vətəndaşı öz gündəlik həyatında hiss edir.
Azərbaycanın son 10 ildə keçdiyi böyük inkişaf yolu göstərir ki, Heydər Əliyev siyasəti, ideyaları yaşayır, müstəqil dövlətimizin yüksəlişinə xidmət edir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb, beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Bu gün regionun lideri və kosmos dövləti sayılan, BMT Təhlükəsizlik Şurasının üzvü olan Azərbaycan beynəlxalq əhəmiyyətli məsələlərdə də söz sahibidir.
Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas hədəflərdən biri regionların yüksəlişidir. Bu sahədə ilk dövlət proqramının təsdiq edildiyi 2004-cü ildən indiyədək Azərbaycanın bütün regionlarında sürətli inkişaf başlayıb. Bu mənada Lerik rayonundakı yüksəliş göstərir ki, Azərbaycanın ən ucqar rayonları da davamlı inkişaf edir. 1930-cu ildə yaradılmış Lerikin inkişafı əsasən ötən əsrin 70-ci illərindən, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi vaxtdan başlayıb. Həmin dövrdən iqtisadiyyatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında dönüş yaranıb. Yeni-yeni təsərrüfatlar yaradılıb, təhsilə, səhiyyəyə, mədəniyyətə diqqət artırılıb.
Tarixən Azərbaycanın bütün dağlıq rayonlarının qarşılaşdığı problemlər, demək olar ki, eyni olub. Təbii qazın olmaması, avtomobil yollarının günün tələblərinə cavab verməməsi, çay daşqınlarının yaşayış məskənlərinə vurduğu ziyanı minimuma endirmək məqsədilə bəndlərin olmaması və s. Bütün bunlar uzun illər dağ rayonlarının sakinlərini narahat edən əsas problemlər olub. Lakin Azərbaycan Prezidenti cənab İlham Əliyevin fəaliyyəti məhz bu cür problemlərin yoluna qoyulmasına dair faktlarla zəngindir. "Bizim əsas vəzifəmiz, əsas məqsədimiz ondan ibarətdir ki, Azərbaycanın hər bir bölgəsi inkişaf etsin. Hər bir bölgədə abadlıq-quruculuq işləri aparılsın, yollar çəkilsin, qaz xətləri çəkilsin, işıq çəkilsin ki, insanlar daha da yaxşı yaşasınlar" deyən Prezidentin iqtisadi konsepsiyasında dağlıq rayonların inkişaf etdirilməsi, uzun illərdən bəri yığılıb qalmış problemlərin həlli ayrıca istiqamət təşkil edir. Lerik rayonunun timsalında biz bunu aydın görürük.
Prezident İlham Əliyevin uğurlu inkişaf strategiyası Lerikdə də problemlərin birdəfəlik həllinə yol açıb. Dövlət başçısı indiyədək Lerikə 3 dəfə səfər edib. Bu səfərlərin hər biri bölgənin sosial, iqtisadi və mədəni həyatının inkişafında yeni mərhələnin başlanğıcını qoyub, canlanma yaradıb. Hər səfərdən sonra rayonun problemlərinin aradan qaldırılması istiqamətində konkret fəaliyyət proqramları həyata keçirilib. Lerik-Lənkəran avtomobil yolunun yenidən qurulması, rayona təbii qazın verilməsi, əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi məhz cənab Prezidentin təşəbbüsü ilə reallaşıb. 56 kilometrlik Lerik-Lənkəran avtomobil yolunun yenidən qurulmasına 50 milyon manat vəsait ayrılmışdı. Bunun özü rayona verilən dəyərin bariz nümunəsidir. Lerikə gedən yeganə yolun müasir standartlara uyğun yenidən qurulması leriklilərin də çoxdan gözlədikləri yol həsrətinə son qoyub.
Həm Lerikdəki, həm də bütövlükdə ölkəmizdəki bütün uğurlar 20 il əvvəldən, xalqımızın və Azərbaycan dövlətinin milli qurtuluşundan başlayır. Bugünkü "dəyirmi masa"nın da məqsədi Milli Qurtuluşdan başlanan inkişaf və yüksəlişə Lerik rayonunun timsalında nəzər yetirməkdir.
Çıxış üçün söz Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırova verilir.
Rövşən BAĞIROV:
- Tarixdən hamımıza bəllidir ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi XX əsrin böyük dövlət xadimi, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin adı xalqın simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilmiş, həyat və fəaliyyəti doğma xalqa və torpağa məhəbbət, sədaqət meyarı olmuşdur. Ümummilli lider Heydər Əliyev "Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim vətənimdir, mənim torpağımdır" fikirləri ilə həmişə xalqına, vətəninə necə bağlı olduğunu bəyan etmişdir.
Heydər Əliyevin keçdiyi həyat yoluna nəzər yetirdikdə xalqımızın dünəni, bugünü, sabahı aydın görünür. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası Azərbaycanın yeni tarixində məhz Heydər Əliyevin adı və şəxsiyyəti ilə bağlıdır. SSRİ dövlət təhlükəsizlik sistemində sıravi işçidən rəhbər vəzifəyə kimi yüksəlmiş ilk azərbaycanlı olan Heydər Əliyev sovet rejiminin ideoloji məsələlərə xüsusi həssaslıqla yanaşdığı vaxtlarda Azərbaycanın milli maraqları üçün mümkün olan bütün işləri gördü. Sovet rejiminin sərt qanunlarına baxmayaraq, Azərbaycanda böyük iqtisadi, elmi və ədəbi-mədəni inkişafa, müstəqil düşüncəyə yol açdı. Qısa zaman kəsiyində Azərbaycan İttifaq tərkibində o zaman üçün müasir iqtisadi potensiala malik respublikaya çevrildi. Heydər Əliyevin rəhbərliyi ilə XX əsrin 70-ci illərində elə bir tarixi bünövrə yaradıldı ki, onun möhkəm dayaqları üzərində gələcəkdə müstəqil Azərbaycanın qurulması, yeni tarixinin əsasının qoyulması labüd idi. Xalqımızın dahi oğlunun sovet dövründə Azərbaycan üçün gördüyü bütün işlər böyük gələcəyə hesablanmışdı və bu potensial müstəqillik illərində ölkəmizin başlıca dayaqlarını təşkil etdi.
Heydər Əliyevin yüksək idarəçilik bacarığı, işgüzarlığı və zəngin təcrübəsi qısa müddətdə elmi nailiyyətlərin istehsalatda tətbiqinə, təsərrüfatçılıqda irəliləyişə, sosial-iqtisadi tərəqqiyə imkan yaratmışdı. Məhz bunun nəticəsidir ki, 1970-1982-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuş, respublikada bütün sahələr üzrə nailiyyətlər əldə edilmişdi. Yeni şəhərlər salınmış, fabrik və zavodlar tikilib istifadəyə verilmiş, xalqın güzəranının yaxşılaşması üçün misli görünməmiş tədbirlər həyata keçirilmişdi. Ucqar dağ rayonu olan Lerikdə də o zaman onlarca çoxmənzilli yaşayış binaları, məktəblər, uşaq bağçaları, mədəniyyət və səhiyyə ocaqları, körpülər tikilib istifadəyə verilmişdi. Ümummilli liderin təşəbbüsü ilə Lerikdə üzümçülüyün, kənd təsərrüfatının inkişafına göstərilən diqqətlə əhalinin həyat səviyyəsinin, sosial-məişət şəraitinin yaxşılaşdırılmasına nail olunmuşdu. 3,5 min hektar üzüm bağlarından 14-15 min tondan çox məhsul əldə edilmişdi. Məhz üzümçülüyün inkişafı ilə burada insanların həyatında böyük dəyişikliklərin əsası qoyulmuşdu.
1969-1982-ci illər həm də Azərbaycan elminin, təhsilinin intibah dövrü kimi xatırlanır. Ulu öndərin şəxsi təşəbbüskarlığı, qətiyyəti və iradəsi nəticəsində həmin illərdə ucqar kəndlərdə belə yüzlərlə məktəb binası tikilib istifadəyə verilmişdi. Respublikada ali təhsil müəssisələrinin, burada təhsil alan tələbələrin sayı artırılmışdı. Böyük strateq keçmiş kommunizm ideologiyasının çərçivəsində belə Azərbaycanda milli təhsil sisteminin sıxışdırılmasına yol verməmişdi. Hər il 800-dən artıq azərbaycanlı oğlan və qızın SSRİ-nin digər şəhərlərinin nüfuzlu ali məktəblərinə göndərilməsinə nail olmuşdu. Bu gün Lerikdəki bir neçə idarədə həmin illərdə Heydər Əliyevin xeyir-duası ilə SSRİ-nin tanınmış institutlarında təhsil alan şəxslər çalışır.
Müstəqilliyimizin ilk illərində Azərbaycanda cərəyan edən xaotik proseslər təsdiq edirdi ki, yalnız möhkəm siyasi iradəsi olan bir rəhbər ölkəni bütün təhlükələrdən qurtarmaq, dövlət müstəqilliyini yaşatmaq kimi ağır bir missiyanın öhdəsindən gələ bilər. 1993-cü ildə AXC-Müsavat cütlüyünün dövlət idarəçiliyindəki kobud səhvləri nəticəsində sosial-iqtisadi gərginliyin pik həddinə çatdığı, ölkənin vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı, torpaqlarımızın itirildiyi, bir sözlə, Azərbaycanın dağılmaq və parçalanmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalqımızın ümummilli lider Heydər Əliyevə üz tutması təsadüfi deyildi. Çünki ölkədəki hərc-mərcliyi, itaətsizliyi, anarxiyanı, siyasi çəkişmələri, başlanmış qardaş qırğınını yalnız o böyük insan aradan qaldıra bilərdi.
1993-cü il iyunun 9-da Heydər Əliyevin Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə, ruh yüksəkliyi ilə qarşılandı. Bakıya gəldikdən sonra parlamentə sədr seçilmək barədə iqtidarın və deputatların xahişini qəbul etməyən Heydər Əliyev Gəncədə yaranmış vəziyyətlə yerində tanış olmaq üçün ora yola düşdü, döyüş meydanına çevrilmiş hərbi hissələrin ərazisini gəzdi, şəhər sakinləri, hərbi qulluqçularla görüşüb söhbət etdi. Heydər Əliyevin bu müdrik addımı xalqda böyük ruh yüksəkliyi yaratdı.
Heydər Əliyev 1993-cü il iyunun 15-də yekdilliklə Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Həmin gün parlamentin tarixi iclasında Heydər Əliyev çıxış edərək Ali Sovetin Sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özünün əsas vəzifələrindən biri hesab etdiyini bildirdi: "Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni öz üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı təmin olunmalıdır. Bu sahədə mən çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün sonrakı hissəsini harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm".
Heydər Əliyevin ölkənin ali qanunverici orqanına sədr seçilməsi sözün əsl mənasında siyasi qayıdış idi! Onun xilaskarlıq missiyası ilə gəlişi dövlətçilik tariximizin yeni, şanlı bir səhifəsinin başlanğıcı oldu!
Azərbaycanın işıqlı gələcəyinin təməli qoyulduğu 15 iyun haqlı olaraq əsl qurtuluş, xalqımızın fəlakətlərdən xilas olub qüdrətli bir dövlətin bünövrəsinin qoyulduğu gün kimi ən müasir tariximizə qızıl hərflərlə yazıldı. Milli Qurtuluş Gününü qədirbilən xalqımız hər zaman əziz və uca tutur, hər il böyük sevinc və fərəh hissi ilə qeyd edir. Bu müqəddəs günü tarixə yazan isə ümummilli lider Heydər Əliyevdir! Bu parlaq dühanın xilaskarlıq missiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən, Xalq Cümhuriyyətinin acı taleyini yaşamaq aqibətindən qurtuldu! Milli Qurtuluş yeni, yüksək intibaha açılan qapı kimi tariximizi şərəfləndirdi. Ulu öndərin müdrikliyi, uzaqgörənliyi, qətiyyəti və dövlətçilik istedadı sayəsində Azərbaycan tezliklə təlatümlərdən, sarsıntılardan uğurla çıxaraq gələcəyə inamla baxan bir dövlətə çevrildi.
Artıq o günlərdən 20 il ötür. Aradan keçən bu illər təkcə sözügedən qayıdışa bəslənən ümidlərin özünü doğrultması ilə yadda qalmadı, həm də Azərbaycanın bugünkü inkişafının etibarlı bünövrəsi qoyuldu. Heydər Əliyev tarixi qayıdışı ilə xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirdi. Eyni zamanda, Azərbaycanın indiki sürətli inkişafının strategiyası, bütün sahələrdə həyata keçirilən köklü islahatlar da öz başlanğıcını Milli Qurtuluşdan götürdü. 1993-cü ildən sonra cərəyan edən ictimai-siyasi, iqtisadi proseslər, bütün sahələrdə inkişafa doğru dönüş yaradılması həqiqətən də ölkəmizə milli mənafelərimizi əldə rəhbər tutan xarizmatik və qətiyyətli liderin, əsl siyasətçinin rəhbərlik etməsindən xəbər verirdi. O siyasətçidən ki, üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə baxmayaraq, Azərbaycanı parçalanmaqdan, vətəndaş müharibəsi təhlükəsindən qurtardı.
Heydər Əliyevin Prezident seçilməsi isə Azərbaycanda tamamilə yeni bir ictimai-siyasi münasibətlər sisteminin bərqərar edilməsinə, nəhayət, ümumxalq maraqlarının gerçəkləşməsinə xidmət edən proseslərin start götürməsinə səbəb oldu. Xalqın özünə inamını, sabaha nikbin baxışlarını bərpa etdi, dövlətçiliyimizin əsasını təmin edən ictimai-siyasi sabitliyin əsasını qoydu. Azərbaycan yalnız Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirə bildi. Ümummilli lider Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycan beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsindən sovuşdu, dünya dövlətləri arasında özünə layiqli yer qazandı, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında dönüş yarandı, sivil və hüquqi dövlət quruculuğunun əsası qoyuldu.
Ümummilli
liderin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi
çoxşaxəli siyasət bu gün onun layiqli varisi - Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
inamla davam etdirilir. Möhtərəm
Prezidentin siyasi xəttinin bir neçə aspektinə diqqət
yetirməklə onun Azərbaycan dövlətçiliyinin
inkişafına, ölkənin milli maraqlarının
müdafiəsinə və iqtisadiyyatın inkişaf etdirilməsinə
nə kimi töhfələr verdiyini görmək olar. İlk
növbədə Prezident İlham Əliyev ulu öndərin
başladığı yeni neft strategiyasını uğurla
davam etdirdi. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum
neft-qaz kəmərlərinin inşasının başa
çatdırılması ilə Azərbaycanın bölgədəki
lider mövqeyi daha da möhkəmləndirildi.
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsi
isə Azərbaycanın iri maliyyə tutumlu layihələrin
reallaşdırılmasına qadir olduğunu göstərir.
Bütün bunlar həm də Azərbaycanın iqtisadi
müstəqilliyini bütün dünyaya nümayiş
etdirir.
Prezident İlham Əliyevin əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaradıb, hər bir vətəndaşın həyatında irəliləyişlərə səbəb olub. Uğurlu siyasət, bütün sahələrdə qazanılan nailiyyətlər Azərbaycanın beynəlxalq imicini daha da gücləndirib. Təsadüfi deyil ki, yerləşdiyi regionda iqtisadi və siyasi cəhətdən aparıcı dövlət olan Azərbaycan bu gün BMT Təhlükəsizlik Şurasının üzvüdür və Şuraya sədrlik edərkən beynəlxalq əhəmiyyət daşıyan qərarların qəbuluna imza atmışdır. Bu gün dünyanın inkişaf etmiş ölkələrinin maliyyə böhranı ilə üzləşdiyi bir vaxtda Azərbaycan dinamik inkişaf edir, xarici dövlətlərdə iri layihələrin icrasına sərmayə qoyur.
Azərbaycanın bütün regionları sürətlə inkişaf edir, sosial problemlər həll edilir və insanların rifah halı durmadan yüksəlir. Regionların belə sürətli inkişafına gedən yolun əsas başlanğıcı, heç şübhəsiz ki, Prezident İlham Əliyevin 11 fevral 2004-cü il tarixli Fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" ilə qoyulub. Onun davamı olaraq, dövlət başçısının 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq olunan "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" isə əldə olunan nailiyyətlərin miqyasının daha da genişlənməsinə, bəzi parametrlər üzrə keyfiyyətcə yeni mərhələnin əsasının qoyulmasına gətirib çıxarıb. Burada xüsusi qeyd ediləsi ən vacib məqamlardan biri isə ondan ibarətdir ki, sözügedən proqramların icrası insanların kəndlərdən şəhərlərə axınının qarşısını almış, kənd təsərrüfatının, ümumilikdə isə qeyri-neft sektorunun, o cümlədən emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkişafının təmin olunmasına əvəzsiz töhfələr vermişdir.
Bunun bariz nümunələrini biz Lerikdə də aydın görürük. Respublikamızdakı uğurlu iqtisadi reformalar rayonumuzun sosial-iqtisadi inkişafına ciddi təsir göstərmişdir. Rayonumuzun siması tanınmaz dərəcədə dəyişmiş, bütün ərazilərdə quruculuq-abadlıq işləri böyük vüsət almışdır. İqtisadiyyatın bütün sahələrində uğurlara imza atılmışdır. Təkcə 2013-cü ilin birinci rübündə ümumi məhsul buraxılışı 3,8 faiz artaraq 8528,8 min, kənd təsərrüfatı məhsulları 0,6 faiz artaraq 3552,1 min, sənaye məhsulu 2,1 faiz artaraq 308,8 min manata çatmışdır. Əsas kapitala yönəldilmiş investisiyalar 353,2 min manat - keçən ilin müvafiq dövründən 33,6 faiz çox, tikinti-quraşdırma işlərinin həcmi 299,7 min manat - keçən ilin müvafiq dövründən 42,3 faiz çox olmuşdur.
Əmtəə dövriyyəsi və pullu xidmət gəlirlərinin artması ilə yanaşı əhalinin ticarət şəbəkələrindən aldığı istehlak malları və onlara göstərilən xidmətlərin çeşidi və həcmi də artmış, ilin əvvəlindən keçən vaxt ərzində əhaliyə 17217,6 min manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Ümumilikdə əmtəə dövriyyəsi 0,6 faiz və ya 100 min manat, pullu xidmətin həcmi isə 3,4 faiz və ya 192 min manat artmışdır.
Dövlət proqramının icrasına uyğun olaraq keçən vaxt ərzində rayonumuzda 3451, o cümlədən cari ildə 270 yeni iş yeri, ümumilikdə isə 2004-2013-cü illər ərzində 8197 yeni iş yeri açılmışdır. Açılmış iş yerlərinin 40 faizdən çoxu daimi iş yerləridir. Son illər rayonumuzda 35 yeni məktəb binası, onlarca inzibati idarə binası, Qarabağ əlilləri və şəhid ailələri üçün 16 mənzilli iki yaşayış binası, 10 nəfər Qarabağ əlili üçün fərdi yaşayış evi, evi qəza vəziyyətinə düşmüş 4 vətəndaş üçün yaşayış evi, 3 uşaq bağçası, 9 tibb məntəqəsi və digər sosial obyektlər, 10 turizm-istirahət bazası tikilib istifadəyə verilmişdir. Hazırda cənab Prezidentin qayğı və diqqəti ilə 15 kənddə yeni məktəb binası tikilir, Heydər Əliyevin qayğı və diqqəti ilə ötən əsrin 70-80-ci illərində layihə ilə tikilən iki ən ucqar kənd məktəbi isə əsaslı təmir edilir. Cənab Prezidentin tapşırığı ilə rayonun dayanıqlı elektrik enerjisi ilə təminatına nail olmaq üçün 17 meqavat gücündə modul elektrik stansiyası tikilir, Lerik şəhər əhalisinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni su xətti çəkilir, ilk dəfə olaraq şəhərdə kanalizasiya şəbəkəsi yaradılır. Bütün küçə və meydanlarda genişləndirmə, abadlıq və bərpa işləri aparılır. Cənab İlham Əliyevin sərəncamı ilə Lerik-Qosmailian-Kəlvəz yolu salınır. Dövlət proqramına uyğun olaraq 21 yaşayış məntəqəsinə mavi yanacağın verilməsi təmin edilmişdir. 30-a yaxın kənddə isə qazlaşdırma işləri həyata keçirilir.
Çıxışımın sonunda ulu öndər Heydər Əliyevin dostu, rayonumuzun hörmətli ağsaqqallı Xanış əmi ilə görüşündə səsləndirdiyi bir kəlamı xatırlatmaq istəyirəm: "Lerik Azərbaycanın ucqar dağ rayonudur... Orada gözəl insanlar, zəhmətkeş adamlar, qəhrəman insanlar yaşayır. Mən leriklilərlə əbədi dostam. Bu dostluq çox böyük sınaqlardan keçib". Bu dostluğa əbədi sadiq olan leriklilər də həmişə ulu öndəri ehtiramla yad edəcək və onun siyasi kursunu dəstəkləyəcəklər!
Bəxtiyar SADIQOV:
- Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vurub. Yeni tipli iqtisadiyyat digər şəhər və rayonlarımız kimi, Lerikin də yüksəlişində əsas amilə çevrilib. Bu gün Lerikdə turizm inkişaf edir, yeni istehsal və xidmət sahələri formalaşır. Bununla yanaşı, diqqəti çəkən məqamlardan biri iqtisadi sahədə keçmiş ənənələrin bərpa olunmasıdır. Belə meyli xüsusilə aqrar sektorda görmək mümkündür. Bu barədə danışmaq üçün söz Lerik rayonundakı Lələdulan kəndli fermer təsərrüfatının başçısı Ələkbər SALAYEVə verilir.
Ələkbər SALAYEV:
- Azərbaycan dövlətinin qurucusu olan ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gəlişi sözün əsl mənasında dövlətimizin möhkəmlənməsinə, Azərbaycanımızın bu gün dünya dövlətləri arasında xüsusi çəkiyə malik olmasına, respublikanın müstəqilliyinin qorunmasına və daha da inkişafına, vətəndaş müharibəsinin dayanmasına, dövlətin parçalanmasının qarşısının alınmasına, daxili və xarici siyasətimizin uğuruna, iqtisadiyyatımızın yüksələn xətt üzrə inkişafına təkan oldu. Azərbaycan tarix baxımından gənc dövlətlərdən biridir. Lakin gənc dövlət olmasına baxmayaraq, regionda, o cümlədən dünyada həyata keçirilən bütün regional və ümumdünya məsələlərində dövlətimizin sözü eşidilir, bizim dövlətimizin rəyi olmadan Cənubi Qafqazda heç bir beynəlxalq layihələr icra oluna bilmir!
Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğunda həyata keçirdiyi tarixi missiyanı Azərbaycan Respublikasının Prezidenti, Heydər Əliyev məktəbindən dərs almış möhtərəm İlham Əliyev uğurla davam etdirir. Respublikamızdakı dinamik inkişaf bütün regionlarda, o cümlədən rayonumuzda da hər gün hiss olunmaqdadır. Keçən qısa vaxt ərzində Lerikdə bütün sahələrdə - kənd təsərrüfatında, sənayedə, abadlıq-quruculuq işlərində, infrastrukturun qurulmasında, yeni sahələrin yaradılmasında, yeni məktəb, səhiyyə və mədəniyyət müəssisələrinin tikintisindəki nailiyyətlər, inkişaf rayon sakinlərinin bilavasitə iştirakı ilə həyata keçirilir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamlar insanların daha yaxşı yaşamasına, həyat səviyyələrinin yüksəlməsinə, rayonlar üzrə inkişafın elmi əsaslara uyğun qurulmasına zəmin yaradır. Rayonumuz əsasən kənd təsərrüfatı məhsullarının inkişafına uyğun ixtisaslaşmışdır. Aparılan torpaq islahatı kəndlini torpağın əsl sahibinə çevirmişdir. Artıq rayonumuzun əkinəyararlı torpaqlarında fermerlər tərəfindən dənli və digər bitkilərin əkilməsində uğurlar hiss edilməkdədir. Maldarlıqda yüksək artım əldə edilmişdir. Bu artım hər il insanların maddi-məişət şəraitinin daha da yaxşılaşmasında özünü göstərir.
Rayonumuzda arıçılığa böyük maraq var. Hazırda fermerlərimiz tərəfindən 8 minə yaxın arı ailəsi saxlanılır və istehsal olunan yüksək keyfiyyətli bal respublikamızda keçirilən kənd təsərrüfatı məhsullarının sərgi-satış yarmarkalarında çox həvəslə alınır.
Yeni iqtisadi islahatların həyata keçirilməsi, ölkə rəhbərinin sahibkarlara və sahibkarlıq subyektlərinə böyük dəstəyi və qayğısı rayonumuzda yeni sahələrin yaranmasına və inkişafına şərait yaratmışdır. Turizm yeni sahə kimi rayonumuzun iqtisadiyyatının əsasını təşkil edir. Lənkəran-Lerik yolu boyunca 10 turizm istirahət-əyləncə mərkəzi fəaliyyət göstərir. Turizm obyektlərində eyni vaxtda 600 nəfərdən yuxarı qonağın istirahət etməsi üçün hər cür şərait yaradılmışdır. Son illər Qosmalian və Bilnə kəndlərində yeni turizm istirahət-əyləncə mərkəzləri, Lerik şəhərində, ərazilərdə, magistral yol boyu ticarət, iaşə obyektləri tikilmişdir və bu sahədə iş davam etdirilir. "Cənub", "Qala", "Həyat", "Təbəssüm", "Xəyal" turizm-istirahət mərkəzlərində tikinti-quraşdırma işləri davam etdirilir, yeni kotteclərin, istirahət meydançalarının inşasında qızğın işlər aparılır. Rayonumuzu təkcə ölkəmizdə deyil, eyni zamanda sərhədlərimizdən kənarda da şöhrətləndirən "Relax" turizm istirahət mərkəzində son iki ildə "AKVA-park" istirahət meydançası, 400 yerlik yeni restoran, kotteclər, istirahət meydançaları tikilmişdir. Burada turistlərin istirahətinin daha rəngarəng keçməsi üçün qarşıdakı illərdə kanat yollarının tikintisi nəzərdə tutulmuşdur.
Yaradılmış bu şəraitin nəticəsidir ki, rayonda fəaliyyət göstərən turizm istirahət-əyləncə mərkəzlərinə gələn turistlərin sayı ilbəil artmaqdadır. Rusiya, Belarus, Türkiyə, Almaniya, İran və digər xarici dövlətlərdən gələn turistlər rayonumuzun füsunkar təbiətinə, tarixi abidələrinə heyran olduqlarını bildirmişlər.
Rayonumuzda sahibkarlığa göstərilən dövlət qayğısı bütün sahələr üzrə yeni müəssisələrin, obyektlərin, sahibkarlıq subyektlərinin fəaliyyət göstərməsi üçün hər cür şəraitin yaranmasına səbəb olmuşdur. Artıq rayonumuzda bir sıra sənaye müəssisələri fəaliyyətə başlamış, burada onlarla rayon sakini daimi işlə təmin olunmuşdur. ""Zərinqala", "Xansu", "Təbib", "Mondigah", "Likaqua" adlı süfrə suları istehsal edən su sexləri, Piran kəndində kərpic, qum, çınqıl istehsal edən zavod, Lerik şəhərində plastik qapı-pəncərə və mebel istehsal edən sex, Lerik şəhəri və Peştətük kəndlərindəki çörək sexləri rayonumuzun sənaye sahəsində qazandığı uğurlardan və inkişafdan xəbər verir. Piran kəndində yumurta, ət, quş istehsalı ilə məşğul olan broyler fabrikinin tikintisində son tamamlama işləri aparılır. Gündəlik istehsal norması 50 ton quş əti olacaq obyektdə hazırda 80-dən yuxarı lerikli işləyir. Müəssisə tam fəaliyyətə başlayandan sonra burada 150-dən yuxarı daimi iş yeri yaradılacaq. Daster kəndində fəaliyyət göstərən broyler sexində 12 nəfər daimi işlə təmin edilmişdir.
Rayonda son illər əmtəə və xidmət bazarında hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin fəaliyyəti getdikcə genişlənir, əhalinin alıcılıq tələbatının ödənilməsində onlar əsas rol oynayırlar.
Əhalinin həyat səviyyəsinin getdikcə yüksəlməsi pərakəndə əmtəə dövriyyəsinin strukturuna da öz təsirini göstərir. Rayon əhalisinin qeyri-ərzaq məhsullarına tələbatı son illər sürətlə artır. Bir neçə il bundan əvvəl ticarət fəaliyyətinə başlayan sahibkar və ya fiziki şəxs öncə fəaliyyətini ərzaq mallarının satışı ilə başlayırdısa, hal-hazırda bu sahədə ciddi dəyişiklik baş verir. Rayonda tikinti və inşaat materiallarının satış həcmi son zamanlar xeyli artmışdır. Ən başlıcası, yerli alıcı hər hansı bir əmtəəyə olan tələbatını ödəmək üçün əvvəlki illərdə olduğu kimi, qonşu rayonlara və mərkəzi şəhərlərə getmək məcburiyyətində deyildir. Son beş ildə ticarət obyektləri də öz simasını dəyişmişdir. Tikilən yeni obyektlər daha geniş, səliqə-sahmanlı və rahatdır.
Biz inanırıq ki, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bizə əmanət qoyduğu Azərbaycan Respublikası cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edəcək, regionlarımızın sosial-iqtisadi inkişafı dövlətimizin daha da möhkəmlənməsinə, xalqımızın maddi-məişət şəraitinin günbəgün yaxşılaşmasına, qüdrətimizin artmasına xidmət göstərəcəkdir.
Bəxtiyar SADIQOV:
- İqtisadi yüksəliş dövlət tərəfindən mühüm sosial layihələrin həyata keçirilməsi ilə müşayiət olunur. Müxtəlif sosial yardımlar, müavinətlər verilir, əhalinin məşğulluq probleminin, xüsusi kateqoriyadan olan vətəndaşların mənzillə təmini, gənclərin və ahılların problemlərinin həlli istiqamətində işlər görülür. Bunun nəticəsidir ki, ölkəmizdə son 9 ildə 1 milyon 200 mindən artıq yeni iş yeri açılıb, ünvanlı dövlət sosial yardımı uğurla həyata keçirilir. Lerik Veteranlar Şurasının sədri Hidayət BƏŞİROVun çıxışı bu barədədir.
Hidayət BƏŞİROV:
- Ümummilli lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanın inkişafının təməli keçən əsrin 70-ci illərindən qoyulmuşdur. 1969-cu ildə Azərbaycana rəhbər seçilən ulu öndər respublikanın inkişafına təkan verən, on illərə hesablanmış siyasət yeridərək ölkəmizin bütün sahələrdə yüksəlişinə nail olmuşdur. İstər iqtisadi sahədə, istər mədəniyyət və elm sahələrində aparılan ardıcıl və düşünülmüş siyasət nəticəsində qısa vaxt ərzində Azərbaycan Sovet İttifaqında liderliyə yüksəlmişdi. Məhz idarəetmədəki xüsusi nüfuzu və fenomenal qabiliyyəti sahəsindəki uğurları səbəbindən Heydər Əliyev SSRİ kimi böyük dövlətin rəhbərliyində təmsil olunmuşdu.
Azərbaycan Respublikası XX əsrdə ikinci dəfə dövlət müstəqilliyi qazandıqdan sonra onun yenidən itirilməsi təhlükəsi yarananda xalqın təkidli tələbi ilə Heydər Əliyev yenidən hakimiyyətə gəldi və dövlətin xırda xanlıqlara parçalanmasının, vətəndaş müharibəsinin qarşısını aldı. Xarici tərəfdaşların dövlətimizə olan inamını bərpa etdi, daxili stabilliyi qorudu, iqtisadiyyatımızın inkişafı üçün önəmli olan layihələrin qəbuluna, müqavilələrin bağlanmasına nail oldu. Yeni Konstitusiyamız qəbul edildi. Konstitusiyamızda hakimiyyətin xalqa məxsus olması qanunla təsbit edildi. İnsan faktorunun önəm daşıması, aparılan bütün islahatların, qəbul edilən bütün qanunların ancaq Azərbaycan vətəndaşlarının daha da yaxşı yaşamasına, maddi-məişət şəraitinin yaxşılaşmasına xidmət göstərəcəyi vurğulandı. Aparılan bütün islahatlar dövlətimizin dünya dövlətləri arasındakı imicinin daha da yüksəlməsinə səbəb oldu.
Dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin siyasi varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın daha da inkişaf etdirilməsi üçün səy və bacarığını əsirgəmir, respublikamızın bütün regionlarının inkişaf etdirilməsini nəzarətdə saxlayır, mütəmadi olaraq regionlara səfərlər edir, xalqla görüşür, regionların problemlərinin həlli istiqamətində mühüm fərman və sərəncamlar imzalayır. Ölkəmizin inkişafının bariz nümunəsi rayonumuzda daha çox hiss edilməkdədir. Yaxın keçmişimizdə Lerik ucqar dağ rayonu kimi, gözdən, könüldən uzaq bir ərazi kimi xatırlanırdı. İndi isə rayonumuzun bütün sahələrdəki inkişafı göz önündədir. Şəhərimiz abadlaşır, yeni park və xiyabanlar salınır, işıq sistemi yenilənir, yollara asfalt döşənir, inzibati binalar, məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri inşa edilir, infrastruktur yenidən qurulur. Rayonumuzun 20-dən yuxarı yaşayış məntəqəsinə qaz xətti çəkilmişdir. Şəhərimizin, o cümlədən kəndlərimizin içməli suya tələbatının ödənilməsi sahəsində isə layihələr həyata keçirilir. Kəndarası yollar əsaslı təmir edilir, asfalt döşənir.
Son illərdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşması ilə əlaqədar Lerik şəhərində iki 16 mənzilli yşayış evi, 10 nəfər Qarabağ müharibəsi əlili üçün fərdi yaşayış evi inşa edilərək istifadəyə verilmiş, Böyük Vətən və Qarabağ müharibələri əlilləri avtomobillərlə təmin edilmişdir.
Qarabağ müharibəsi əlilləri, şəhid və digər kateqoriyadan olan imkansız ailələrə dövlətin qayğısı daim hiss edilməkdədir. Bu kateqoriyadan olan insanlara bayramlarda ərzaq bağlamaları verilir, Ramazan, Novruz, Yeni il bayramlarında, habelə Böyük Vətən müharibəsində Qələbənin ildönümləri ilə bağlı "Nur" və "Elvin" şadlıq saraylarında bayram süfrələri açılır. Onların mənzil-məişət problemlərinin həllinə daim kömək göstərilir.
Cənab Prezidentin tapşırığı ilə rayon rəhbərliyi tərəfindən iki şəhid ailəsi üçün toy-ziyafət məclisləri təşkil edilmiş, yeni təməli qoyulan gənc ailələrə məişət əşyaları hədiyyə edilmişdir.
Lerikin sosial-iqtisadi problemlərinin həll olunması istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü işlər hər bir leriklinin ürəyincədir. Əvvəllər problemlər üzündən rayonu tərk edən leriklilər indi geriyə qayıdır, özlərinə yeni evlər tikir, həyat şəraitini yaxşılaşdırırlar.
2008-ci ildə Lerik qəsəbəsinə şəhər statusunun verilməsi rayon mərkəzinin inkişafını daha da sürətləndirmiş, kəndlərimizin abadlaşmasına, inkişaf etməsinə şərait yaratmışdır. Piran, Cəngəmiran, Çayrud və digər kəndlərdə aparılan quruculuq-abadlıq işləri, yeni infrastrukturların yaranması burada yaşayan əhalinin sosial-məişət şəraitinin yaxşılaşmasına təkan olmuşdur.
Rayonumuzda
müvəfəqiyyətlə başa çatdırılan
aqrar islahat əhalinin məşğulluğunun təmin
olunmasında böyük önəm daşıyır. Son
illərdə rayonda fəaliyyətə başlayan bir sıra
özəl obyektlərdə yüzlərlə rayon sakini daimi
işlə təmin olunmuşdur. Artıq regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun
8 mindən artıq yeni iş yeri yaradılmışdır.
Rayonda gənclərin kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün də lazımi şərait yaradılmışdır. Fiziki şəxs kimi fəaliyyətə başlamış gənclərə sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün respublika, o cümlədən rayonda fəaliyyət göstərən bank və kredit təşkilatlarından müvafiq kreditlər verilmişdir.
Rayon Ağsaqqallar Şurası, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Lerik rayon şöbəsi, rayon Veteranlar Şurası iş otaqları ilə təmin olunmuş, bu kateqoriyadan olan insanların problemlərinin həllinə diqqət daha da artırılmışdır. Rayonda "Ağsaqqallar evi" və "Gənclər evi"nin tikilməsi istiqamətində işlər davam etdirilir.
Əsası dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulmuş, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf rayonumuzun simasında aydın hiss olunur. Biz inanırıq ki, bu inkişaf daimi olacaq və hər birimizin daha yaxşı yaşamasına xidmət edəcəkdir.
Bəxtiyar SADIQOV:
- Milli Qurtuluş missiyasının əyani nəticəsi Lerikin dünəni ilə bugününün müqayisəsində real təsdiqini tapır. Dünənə qədər bir dağ rayonu olan Lerik indi Azərbaycanın yüksələn, ölkəmizin turizm şöhrətini dünyaya tanıdan bir diyardır. Ona görə də hər bir lerikli haqlı olaraq bu rayonun inkişafı və gözəlləşməsi ilə fəxr edir. Söz Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi, Lerik Peşə məktəbinin direktoru Hüseynbala ƏLİYEVə verilir.
Hüseynbala ƏLİYEV:
- Təkzibolunmaz həqiqətdir ki, bu gün sürətlə dünya birliyinə inteqrasiya olunan müstəqil Azərbaycan, onun çağdaş milli tarixinin son bir qərinəsi xalqımızın ümummilli lideri, dünyanın aparıcı siyasi xadimləri içərisində özünəməxsus yer tutan dahi Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi bir mərhələ bu gün haqlı olaraq Azərbaycan təhsilinin, elminin, mədəniyyətinin, bütövlükdə sosial-iqtisadi həyatın intibah dövrü kimi dəyərləndirilir.
Qeyd
edilən dövrdə Lerik rayonunda da iqtisadiyyatın, mədəniyyətin
və digər sahələrin tərəqqisində
mühüm nailiyyətlər əldə olunmuşdur. 1985-ci ildən başlayaraq keçmiş Sovetlər
birliyinin hər yerində olduğu kimi, respublikamızda, o
cümlədən Lerik rayonunda sosial-iqtisadi həyatın
bütün sahələrində geriləmə
başladı. Vaxtilə yaradılmış iqtisadi,
maddi-texniki potensial dağıdılmağa başladı.
1988-ci ildən 1993-cü ilin iyun ayınadək olan dövr
daha ağır tənəzzül dövrü idi. Vətənin və xalqın taleyi üçün
məsuliyyət hissindən məhrum olan vəzifəli şəxslər
və xalq hərəkatına qoşulmuş, onun rəhbər
orqanlarını ələ keçirmiş bəzi adamlar tərəfindən
dövlət mənafeləri prinsipsiz hakimiyyət mübarizəsinə
qurban verilirdi. 1970-1980-ci illərdə
qazanılmış nailiyyətlər itirilirdi.
Lerik rayonunda həmin müddət ərzində bütün təsərrüfatlar ziyanla işləyirdi. Dövlətə təhvil verilən ətin, südün, üzümün, tütünün və digər məhsulların pulu ödənilmirdi. Ssuda və yanacaq borcları sovxozları səmərəsiz qurumlara çevirmişdi. Kənd sakinləri illərlə əməkhaqqı ala bilmədiyindən təsərrüfatlarda işləmək mənasız olmuşdu. Baxımsızlıq nəticəsində ictimai təsərrüfatda mal-qaranın sayı 30 min başdan 10 min başa, davarların sayı isə 60 min başdan 30 min başa düşmüşdü. 3500 hektar üzümlük tamamilə məhv edilmiş, 2 üzüm emalı zavodunun əksər avadanlığı dağıdılmışdı.
Tərəvəzçilik, meyvəçilik, çayçılıq, arıçılıq təsərrüfatları öz fəaliyyətini dayandırmış, heyvandarlıq təsərrüfatlarını yoluxucu xəstəliklər bürümüşdü. Nadir Kuba zebusu yetişdirən damazlıq müəssisəsində bir baş belə sağlam heyvan qalmamışdı. Vaxtilə 2000 ton meyvə verən bağlar ya sıradan çıxmış, ya da fərdi tikintilərin altına salınmışdı. Rayonda elektrik, telekommunikasiya, tikinti, yol sahələri gücünün üçdə biri həcmində işləyirdi. Camaat aylarla əməkhaqqını və pensiyasını ala bilmirdi. Lerik şəhərində əhaliyə çörək talonla verilirdi.
Xatırladaq ki, həmin dövrdə Dağlıq Qarabağda gedən qanlı döyüşlər, Azərbaycanın informasiya blokadasına alınması, iqtisadiyyatın tənəzzülü ölkə həyatının bütün sahələrini bürüyən dərin hərbi, siyasi, iqtisadi və mənəvi böhrana gətirib çıxarmışdı.
Dövlət öz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. İdarəçilik təcrübəsi olmayan AXC-Müsavat cütlüyü cəmiyyəti idarəolunmaz vəziyyətə salmışdı. Hakimiyyət əleyhinə baş vermiş Gəncə qiyamı Lənkəranda separatçı qüvvələri fəallaşdırmışdı. Bədnam Ələkrəm Hümbətovun başçılığı ilə quldur dəstələrinin pozuculuq hərəkətləri nəticəsində bütün cənub regionunda, o cümlədən Lerikdə idarəçilik və hüquqmühafizə orqanlarının fəaliyyəti iflic vəziyyətə düşmüşdü.
1993-cü ilin iyun günlərində xalqın təkidli çağırışlarından sonra Azərbaycana rəhbərlik missiyasını yenidən öz üzərinə götürən böyük siyasətçi, təcrübəli dövlət xadimi Heydər Əliyevin idarəçilik məharəti nəticəsində ölkəmiz onu təhdid edən fəlakətlərdən xilas oldu, sabit sosial-iqtisadi, siyasi və mədəni inkişaf yoluna qədəm qoydu. Müstəqilliyimiz möhkəmləndirildi, bazar iqtisadiyyatı və demokratiyanın həyata keçirilməsi sahəsində nəhəng addımlar atıldı, ölkəmizin beynəlxalq nüfuzu yüksək səviyyəyə qaldırıldı.
Heydər Əliyev kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri ilə Azərbaycan dünya birliyində layiqli yerini tutmaqdadır. Son illər rayonumuza avtomobil yolunun, magistral qaz xəttinin çəkilişi, kəndlərin qazlaşdırılması, məktəblərin, uşaq bağçalarının, poçt binalarının, körpülərin tikintisi, hazırda şəhərin su-kanalizasiya sisteminin qurulması, Lerik-Kəlvəz yolunun çəkilişi, yeni modul tipli elektrik stansiyasının tikilməsi və digər quruculuq-abadlıq işləri ölkə rəhbərliyinin camaatımızın daha firavan yaşamasına göstərdiyi yüksək diqqət və qayğısının canlı təzahürüdür.
Bütün bunlara görə respublika Prezidentinə hədsiz minnətdarlığımızı bildirir, möhtərəm cənab İlham Əliyevi əmin edirik ki, fəaliyyətinin bütün məqamlarında biz leriklilər ona dəstək olacaq, ölkəmizin sosial-iqtisadi inkişafı yolunda bilik və bacarığımızı əsirgəməyəcəyik.
Bəxtiyar SADIQOV:
- 1993-cü ildən sonra qazandığımız hər bir uğurun təməlində Heydər Əliyev siyasəti dayanır. Məhz bu siyasət ötən 20 ildə Azərbaycanın sürətli inkişafını, qüdrətlənməsini, müstəqilliyimizin dönməzliyini təmin edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son illərdə qazandığı möhtəşəm nailiyyətlər də göstərir ki, məhz Heydər Əliyev kursu Azərbaycanın dövlətçilik qüdrətinin və davamlı inkişafının əsas təminatçısıdır. Söz Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının Qadınlar Şurasının sədri Arzu VƏLİMƏMMƏDOVAya verilir.
Arzu VƏLİMƏMMƏDOVA:
- Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət və müdrik dövlət xadimi kimi düşmüşdür. Danılmaz faktdır ki, müstəqil Azərbaycan dövlətçiliyinin təməlini qoymuş ümummilli lider Heydər Əliyev həm də müstəqillik ideologiyasının banisi və müəllifidir.
Ulu öndər Heydər Əliyev hələ Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtlarda lider təşəbbüskarlığı ilə müstəqilliyin qazanılması və təmin olunması prosesində yaxından iştirak etmişdir. Naxçıvanda ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin rəmzi olan üçrəngli bayrağın bərpası və Dövlət bayrağı kimi qəbul olunması onun adı ilə bağlıdır. Azərbaycan xalqı 18 oktyabr 1991-ci ildə öz müstəqilliyini rəsmən bərpa etsə də, ovaxtkı hakimiyyətin səriştəsizliyi Azərbaycanı parçalanmaq təhlükəsi və vətəndaş müharibəsi ilə üz-üzə qoydu. Hakimiyyət davası, cinayətkarlıq və terrorçuluq, Qarabağın əliyalın azərbaycanlı əhalisinin silahlı erməni ordusu qarşısında köməksizliyi, şəhər və kəndlərimizin yerlə yeksan edilməsi, milli strateji sərvətlərimizin talan olunması, tayfabazlıq o dövrdəki hakimiyyətlərin əsas əlamətləri idi.
Belə bir çətin dönəmdə - 1993-cü ildə ulu öndər Heydər Əliyev öz yeni tarixi missiyasına başladı. Sanki tale özü Azərbaycanı yenidən dirçəltmək, onun müstəqilliyini və suverenliyini qorumaq kimi çətin və şərəfli vəzifəni məhz Heydər Əliyevin qadir əllərinə tapşırdı.
İndiki qlobal inkişaf zəminində dünyanın gender balansı böyük əhəmiyyət daşıyır. İnkişaf etmiş ölkələrdə gender stereotiplərinə kreativ yanaşma zamanın tələbidir. Bu da çoxəsrlik ənənələrə malik, Şərqlə Qərbin arasında körpü rolu oynayan Azərbaycan üçün prioritet xarakter kəsb edir. Ölkəmiz genderlə bağlı yeniliklərə ilk imza atan dövlətlərlə bir sıradadır. Ona görə ki, digər sahələrdə olduğu kimi, gender problemində də bizim əlimizdən tutan bir böyük siyasi irs və siyasi məktəb var. Bu dahi Heydər Əliyev irsi, Heydər Əliyev məktəbidir.
Heydər
Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin
birinci mərhələsinə nəzər salsaq, görərik
ki, əslində sosial-siyasi məsələlərin və
gender problemlərinin həllinin əsası elə o vaxtdan
qoyulmuşdur. Hələ Birləşmiş
Millətlər Təşkilatı, Avropa Şurası
qadın problemlərini, gender məsələlərini istənilən
səviyyədə müzakirə edərək müəyyən
nəticəyə gələ bilmədiyi halda, ulu öndərin
müdrik siyasi uzaqgörənliyi Azərbaycanda bu məsələlərin
mütərəqqi həllinə təkan vermişdi. Bu nə
ilə xarakterizə edilirdi? Heydər Əliyev əvvəl
qadınların cəmiyyətdə sosial statusunu təhsil, səhiyyə,
dövlət idarəçiliyi və digər sahələrdəki
təmsilçiliyində görürdü. Elə bir sahə
yox idi ki, orada qadınların iştirakı olmasın. Bu da
qadın hərəkatında bir inkişafa səbəb oldu,
eyni zamanda onlar üçün bir stimul rolu oynadı.
Qadınlar cəmiyyətin aparıcı qüvvəsidir və onlar öz müstəqil qurumlarını yaratmaqla, sosial, mənəvi, ictimai hadisələrin iştirakçısı olmaqla həlledici funksiya daşıyırlar. Ulu öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra imzaladığı fərman və sərəncamlar, o cümlədən "Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında", "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin gücləndirilməsi haqqında", yenə həmin ildə "Qaçqın və məcburi köçkün qadınların münasib işlə təmin edilməsi haqqında" Dövlət Proqramı və digər rəsmi sənədlərdə qadınların hüquqlarının müdafiəsi təmin olundu.
Ulu öndərin bu siyasəti Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. 2006-cı il fevralın 6-da dövlət başçısının imzaladığı fərmanla Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması əslində qadın məsələlərinə kompleks yanaşmanın nəticəsi idi. Bu o deməkdir ki, ailə, qadın və uşaq problemləri dövlət siyasətinin prioritet istiqamətlərinin əsasını təşkil edir. İndi qadınlar həyatımızın aparıcı qüvvəsinə çevrilib. Dövlət qadın siyasətinin bariz nümunəsi kimi qadınların rəhbər vəzifələrə irəli çəkilməsini, parlamentdə qadın deputatların sayının artmasını, bələdiyyə seçkilərində və qeyri-hökumət təşkilatlarında qadınların artan sürətlə təmsilçiliyini xüsusi qeyd etmək lazımdır.
Prezident İlham Əliyevin fərmanı ilə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun qəbulu qadın məsələlərinin hər zaman dövlət başçısının diqqət mərkəzində olduğunun təzahürüdür. Həmçinin Ailə Məcəlləsində qızların nikah yaşının 17-dən 18-ə qaldırılması ilə bağlı dəyişiklik də dediklərimizi bir daha təsdiq edir. Bu qanunlara və məcəlləyə dəyişikliklər edilməsində ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban xanım Əliyevanın xüsusi dəstəyi olub. Mehriban xanım Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir. Həm ölkəmizin daxilində, həm də ölkə hüdudlarından kənarlarda bir sıra beynəlxalq təşkilatlar tərəfindən yüksək mükafatlara və orden-medallara layiq görülməsi onun öz xalqına, dövlətinə sədaqəti, yerinə yetirdiyi şərəfli missiyanın göstəricisidir.
Biz leriklilər cənab İlham Əliyevi yenidən Azərbaycanın Prezidenti kürsüsündə görmək arzusundayıq. Qarşıdan gələn prezident seçkilərində biz məhz cənab İlham Əliyevə yekdilliklə səs verəcəyik.
"Dəyirmi masa"da çıxış edən Milli Məclisin Lerik rayonundan seçilmiş deputatı İqbal MƏMMƏDOVun sözlərinə görə, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu saxlamaq və möhkəmləndirmək ondan da çətindir.
- Bu baxımdan xalqımız özünün əsl müstəqilliyinə yalnız 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra qovuşdu. Əgər Heydər Əliyev kimi dahi şəxsiyyət olmasaydı, hansı faciələrlə üzləşəcəyimizi təsəvvür etmək çətin deyil. 1993-cü ilin iyunundan başlayaraq Azərbaycan xalqı və dövləti Heydər Əliyevin sayəsində bütün bəla və təhlükələrdən birdəfəlik qurtuldu.
Milli Qurtuluşdan başlanan yüksəliş qısa zamanda bütün sahələrdə özünü göstərdi. Ulu öndərin başladığı dövlət quruculuğu prosesi ölkənin iqtisadi və sosial həyatında da yaxından hiss olundu. Bu sahədə həyata keçirilən islahatlar iqtisadi tənəzzülə son qoymaqla yeni tipli iqtisadiyyata keçidin təməlini qoydu. Azərbaycanda yeni iqtisadi və bazar münasibətləri formalaşdı, sahibkarlıq fəaliyyəti üçün əlverişli mühit yarandı.
Son 10 ildə Prezident İlham Əliyevin ulu öndərin müəllifi olduğu inkişaf siyasətini uğurla həyata keçirməsi və həm də bu siyasəti dövrün çağırışlarından irəli gələrək zənginləşdirməsi iqtisadi sferada qarşıda dayanan hədəflərə çatmağımıza imkan verib. Bu dövrdə Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vurub, iqtisadi və sosial yüksəlişə yol açan müasir infrastruktur formalaşıb. Prezidentin inkişaf siyasətində diqqəti çəkən məqamlardan biri Azərbaycanın bölgələri üçün iqtisadi baxımdan xarakterik və cəlbedici olan sahələrin inkişafıdır. Bununla bir tərəfdən vaxtilə mövcud olmuş ənənəvi istehsal sferaları dirçəldilir, eyni zamanda yeni xidmət və istehsal sahələri yaradılır.
Azərbaycanın ən gözəl və səfalı guşələrindən olan Lerikin keçdiyi inkişaf yollarına baxsaq, bu deyilənləri aydın görərik. Xüsusilə və fəxr hissi ilə qeyd etmək istəyirəm ki, Lerikin inkişafı ölkəmizdə Milli Qutuluşdan sonra başlanan yüksəlişin əyani nümunəsi və hətta simvoludur.
Ümumiyyətlə, dağlıq rayonların özünəməxsus cəhətləri onlara yanaşmada xüsusi diqqət və qayğı tələb edir. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün isə ilk növbədə infrastruktur gücləndirilməlidir. Bu mənada diqqət yetirsək görərik ki, Prezident İlham Əliyevin indiyədək Lerikə etdiyi üç səfərin hər birində rayonun infrastrukturu ilə bağlı məsələlər prioritet təşkil edib. Bu səfərlər Lerikə təbii qazın verilməsi, Lənkəran-Lerik avtomobil yolunun açılışı və rayonumuz üçün əlamətdar olan digər hadisələrlə yadda qalıb. İlk dəfə 2005-ci ilin sentyabrında Lerikə gələn cənab İlham Əliyev tamamilə yenidən qurulan Lənkəran-Lerik avtomobil yolunun açılışında iştirak edib. Lerikə gedən yeganə yolun müasir standartlara uyğun yenidən qurulması leriklilərin də çoxdan gözlədikləri yol həsrətinə son qoyub.
Lerikdə hələ sovet dövründə təbii qaz yox idi. Çünki rayonun təbii şəraiti qaz kəmərlərinin çəkilişini çətinləşdirirdi. Ona görə bu məsələ dəfələrlə gündəliyə gətirilsə də, reallaşmamışdı. Təbii qazın olmaması bir çox problemlərə, ən əsası, meşələrin qırılmasına gətirib çıxarırdı. Lakin budur, dövlətimizin iqtisadi imkanlarının yüksəlməsi ən ucqar dağlıq rayonlardan biri olan Lerikə ən qısa zamanda magistral qaz kəmərinin çəkilməsinə imkan verdi. Məhz ölkəmizin hər bir bölgəsinin yüksəlişinə həssaslıqla və diqqətlə yanaşan Prezident İlham Əliyevin göstərişinə əsasən qaz xəttinin çəkilişi qısa vaxt ərzində reallığa çevrildi. Cəmi bir il ərzində Lerikin qaz problemi yoluna qoyuldu. Beləliklə, rayonumuzun sakinlərinin xəyal edə bildiyi bir hadisə gerçəkliyə çevrildi, təbii qaz həmişəlik məişətimizə daxil oldu.
Bu gün Lerik sürətli inkişaf yolundadır. Prezident İlham Əliyevin diqqətini və qayğısını yaxından hiss edən, ölkəmizdəki inkişafdan bəhrələnən hər bir lerikli öz sahəsində vətəndaş əzmi ilə çalışır, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edir. Odur ki, Heydər Əliyev yoluna sadiq bütün leriklilər ötən seçkilərdə olduğu kimi, qarşıdan gələn prezident seçkilərində də bu yolun ən layiqli davamçısı olan cənab İlham Əliyevə səs verəcəklər.
Bəxtiyar SADIQOV:
- Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq, onun ideyaları gələcək yollarımıza daim işıq salacaq. Bu gün Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi, bu siyasi kursun daha da zənginləşdirilməsi nəticəsində Azərbaycan bütün sahələrdə yüksək sürətlə inkişaf edir, dünya dövlətləri arasında öz yerini möhkəmləndirir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, doğma vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər ulu öndərin qoyduğu yolun davamı kimi qiymətləndirilməlidir. Bu yüksəliş isə Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir!
Cəmiyyətin
alternativsiz seçiminə çevrilmiş Heydər
Əliyev siyasi kursunu qətiyyətlə davam etdirən,
atdığı hər addımda Azərbaycan dövlətçiliyinin
möhkəmlənməsinə və milli maraqların
müdafiəsinə yönələn bir siyasi kursun
daşıyıcısı olduğunu təsdiqləyən cənab
İlham Əliyevin bu ilin payızında keçiriləcək
növbəti prezident seçkisində də xalqın, o
cümlədən leriklilərin etimadını qazanacağı
şübhəsizdir!
Azərbaycan.-2013.- 1 iyun.- S.6-7.