Misirdə «İRS» jurnalının ərəb
dilində nəşr olunan ikinci nömrəsində Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın muğam haqqında məqaləsi dərc
edilmişdir
Azərbaycan
Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyinin
və "İRS-Heritage" jurnalının redaksiya heyətinin
birgə təşəbbüsü ilə ərəb dilində
nəşr edilən "İRS" jurnalının 28 May -
Respublika Gününə həsr olunmuş ikinci nömrəsi
çapdan çıxmışdır.
Jurnalın
bu nömrəsində xalqımızın muğam mədəniyyətinə
olan qayğının və diqqətinin təcəssümü
olaraq Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın Qarabağ muğam məktəbi
haqqında müfəssəl məqaləsi ərəbdilli
oxucular tərəfindən xüsusi maraqla
qarşılanmışdır.
Məqalədə
Azərbaycan muğam sənətinin vacib tərkib hissəsi
kimi Qarabağ muğam məktəbinin özünəməxsus
üslubu və ənənələri haqqında ətraflı
məlumat öz əksini tapmışdır.
Nəfis
tərtibatda hazırlanmış jurnal ərəb
dünyasını Azərbaycan xalqının zəngin
tarixi-mədəni irsi, mədəniyyəti, incəsənəti,
ədəbiyyatı, turizm imkanları, İslam
sivilizasiyasının inkişafına verdiyi töhfələr,
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü
və torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən
işğalının acı nəticələri haqqında
hərtərəfli məlumatlandırmaq məqsədi
daşıyır.
Bundan
əlavə, jurnalda Firdovsiyyə Əhmədovanın Azərbaycan
Xalq Cümhuriyyətinin əsas nailiyyətləri, Sübhi Əhmədovun
Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi,
Aydın Balayevin Qarabağ münaqişəsinin tarixi kökləri,
Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevin
ölkəmizin siyasi-iqtisadi inkişaf modeli, eləcə də
qədim məscidlərimiz, təbiət abidələrimiz,
Nizami Gəncəvinin həyat və
yaradıcılığı və Azərbaycanda numizmatika mədəniyyəti
haqqında məqalələr dərc edilmişdir.
Bütün
ərəb dünyasında yayılacaq jurnalın mütəmadi
əsasda nəşr edilməsi nəzərdə
tutulmuşdur.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi
müxbiri
Qahirə
Azərbaycan.-2013.- 2 iyun.- S.2.