Gələcəyimiz olan
uşaqları qoruyaq
Uşaq əməyindən istifadənin qarşısını almaq hazırda dünya ölkələrini düşündürən ən başlıca məsələlərdəndir. Uşaqların vaxtından əvvəl fiziki əməyə cəlb olunması onların sağlamlığına və gələcək inkişafına böyük zərbə vurur. Onların qeyri-qanuni əməyə cəlb edilməsi isə bu zərəri daha da artırır. Bu problem hazırda bütün dünyada aktual olaraq qalmaqdadır.
Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, bütün dünyada 250 milyondan çox 5-14 yaşlarında olan uşaqlar işləməyə məcburdurlar. Ümumilikdə isə beynəlxalq aləmdə uşaqların durumu ilə tanış olarkən çox ağır mənzərə ortaya çıxır. Dünyada 18 yaşına çatmamış 2,2 milyard uşaq yaşayır ki, onun da 215 milyonu uşaq əməyi ilə məşğul olur. UNİCEF, "The Global Compact" və "Save the Children" təşkilatlarının birgə rəyinə görə, 51 milyon uşaq doğum zamanı qeydiyyata alınmır, 101 milyon uşaq ibtidai məktəbə getmir, 15 yaşına çatmamış 2 milyon uşaq isə İİV (İnsanın immun çatışmazlığı virusu) ilə yaşayır. Həmçinin, 1 milyard uşaq həyatda qalıb yaşamaq və inkişaf etmək üçün zəruri olan bir və ya daha çox xidmətdən məhrumdur.
Amma unutmamalıyıq ki, uşaqlar sürətli şəkildə baş verən fiziki və psixoloji inkişaf nəticəsində yaşamaq və inkişafla bağlı yetkin insanların sahib olduqlarından daha fərqli ehtiyaclara malikdirlər. Onlar xüsusilə zorakılıq, istismar və sui-istifadə hallarına qarşı daha çox həssasdırlar.
Hazırda
Azərbaycanın mövcud Konstitusiya, Əmək Məcəlləsi,
Ailə və Nikah Məcəlləsi, "Uşaq
hüquqları haqqında" qanunlarda azyaşlıların əmək
fəaliyyəti üçün
qadağalar və məhdudiyyətlər qoyulsa da,
onların istismarı və onlara qarşı
zorakılığın bütün növləri qadağan
olunsa da, bu sahədə olan bəzi boşluqlar hələ də
özünü göstərməkdədir. Çünki bu
gün əlində xırdavat şəhər küçələrində
alver edən, ayaqqabı təmizləyən, yollarda avtomobillərin
güzgüsünü silən uşaqlara rast gəlirik.
Bütün dünyada müşahidə olunan bu tendensiya təkcə
qanunvericiliyə deyil, cəmiyyətin, valideynlərin və bu
işlə məşğul olan QHT-lərin də üzərinə
korporativ məsuliyyət qoyur. Amma əvvəlki illərdən
fərqli olaraq bu gün Azərbaycanda uşaq əməyindən
istifadə bir sıra ölkələrlə müqayisədə
xeyli gücləndirilib.
Milli
Məclisin Sədr müavini Bahar Muradova mayın 22-də
Bakıda keçirilən "Uşaq hüquqları və
biznes prinsipləri" mövzusunda "dəyirmi masa"da
bu məsələyə toxunub. O qeyd edib ki, Azərbaycan elə
ölkələrdəndir ki, burada uşaq
hüquqlarının qorunması sahəsindəki vəziyyət
bir çox dövlətlərdən yaxşıdır:
"Amma bu o demək deyil ki, Azərbaycanda bu sahədə
problem yoxdur. Yenə də bizdə uşaq əməyindən
istifadə olunur, himayədən məhrum, sosial təminatları
aşağı olan uşaqlar var və bir sıra biznes
strukturlarında onlardan işçi kimi istifadə edirlər.
Əlbəttə ki, uşaqların hüquqlarını
qorumaq, onların təhlükəsizliyini, sağlam
qidalanmasını təmin etmək hər bir cəmiyyətin
qarşısında duran ən ümdə məsələlərdəndir.
Azərbaycan da bu sahədə beynəlxalq təcrübəni
öyrənərək, müstəqillik dövrü ərzində
böyük nailiyyətlər əldə etmişdir. Əgər
dövlət tətbiq etdiyi qanunları, proqramları vasitəsilə,
uşaq hüquqlarının reallaşması istiqamətindəki
konkret layihələri ilə bu işləri yerinə yetirirsə,
iş adamlarının, biznes qurumlarının,
sahibkarların və valideynlərin də qarşıda dayanan
hədəfləri ondan ibarət olmalıdır ki, dövlətin
və cəmiyyətin uşaq hüquqlarının qorunması
siyasətinə dəstək versinlər".
Uşaq
əməyindən istifadə qanunvericilikdə necə tənzimlənir?
Unutmaq lazım deyil ki, uşaq əməyi uşaqları öz uşaqlıq dövrlərində sahib olduqları potensial və ləyaqətdən məhrum edən iş olub, həm fiziki, həm də əqli inkişaf üçün çox zərərlidir. Uşaqların əməyə cəlb olunması xüsusən də onların məktəbə getməsini, təhsil almasını əngəlləyir. Lakin, "Azərbaycan Respublikası Uşaqların Hüquqları haqqında" qanunun 22 maddəsinə əsasən uşaqların təhsil hüququ dövlət tərəfindən təmin olunur. Bu qanun icbari ümumi orta təhsildən uşaqların yayındırılmasını qadağan edir. Həmçinin İnzibati Xətalar Məcəlləsində uşaqların təlim və tərbiyəsini lazımi qaydada yerinə yetirməyən valideynlərə xəbərdarlıq edilir və ya şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən qırx mislinədək miqdarda cərimə edilir. Əmək Məcəlləsində qeyd edilir ki, alkoqol və tütün məmulatlarının uşaqlara satılması, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, o cümlədən yeraltı tunellərdə, şaxtalarda və digər belə ağır işlərdə, habelə onların əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, eləcə də spirtli içkilərin, tütün məmulatlarının, narkotik vasitələrin və preparatların istehsalı, daşınması və saxlanılması işlərində uşaq əməyinin tətbiq edilməsi qadağandır.
Azərbaycan
Prezident İlham Əliyevin imzaladığı 13 yanvar
2004-cü il tarixli qərarla Uşaq əməyini pisləyən
1999-cu il Konvensiyasına da qoşulub. Konvensiyanın 3 maddəsində
qeyd edilən uşaq əməyinin formaları (köləliyin
bütün formaları və ya köləliyə oxşar təcrübə,
məsələn, uşaqların satılması və
uşaq alveri, borc və təhkimçilik
asılılığı, habelə məcburi və ya icbari əmək,
o cümlədən, uşaqlardan silahlı münaqişələrdə
istifadə edilməsi üçün onları məcburi və
ya icbari surətdə cəlb etmə, fahişəliklə məşğul
olmaq, pornoqrafik materialların istehsalı, yaxud pornoqrafik
tamaşalar üçün uşaqdan istifadə etmə, onu
cəlb etmə və ya təklif etmə, müvafiq beynəlxalq
müqavilələrdə müəyyən edildiyi kimi,
hüquqa zidd fəaliyyətlə məşğul olmaq
üçün, xüsusilə, narkotik maddələrin
istehsalı və satışı üçün uşaqdan
istifadə etmə, onu cəlb etmə və ya təklif etmə,
öz xarakterinə və ya yerinə yetirildiyi şəraitə
görə uşaqların sağlamlığına, təhlükəsizliyinə
və ya mənəviyyatına ziyan vura biləcək iş)
beynəlxalq səviyyədə qadağan olunub.
Dünya
ictimaiyyətinə səslənən ismarıclar...
"Biz
problemlərin yaranma səbəbi deyilik; biz həmin problemlərin
həll edilməsi üçün lazım olan resurslarıq.
Biz məsrəf deyilik; biz yatırılan sərmayələrik.
Biz sadəcə gənc insanlar deyilik; biz həm də bu
dünyanın insanları və vətəndaşlarıyıq".
Bu ismarıc BMT-nin 2012-ci ilin
mayında keçirilən uşaqlara həsr olunmuş
Xüsusi Sessiyasında dünya ictimaiyyətinə
ünvanlanıb. Başqa bir müraciətdə deyilir - Bizdən
istifadə etməyin, biz sizdən məsuliyyətli olmağınızı
istəyirik. Biz sizin məhsullarınızı alır və
xidmətlərinizdən yararlanırıq, amma biz də sizdən
bizim inkişafımıza sərmayə yatırmanızı
istəyirik. Bizə hədiyyələr verməyinizi istəmirik,
biz sizin bizlərə qarşı məsuliyyətli
olmağınızı istəyirik" (Peruda yaşayan gənc,
2010, "Save the Children" - E.M).
Uşaqların dilindən səsləndirilən bu müraciətlər onu göstərir ki, ailələrin, kiçik və xırda olmasından asılı olmayaraq, biznes strukturlarının uşaqlarla qarşılıqlı əlaqədə olması və onların həyatına birbaşa və ya dolayı yolla təsir etməsi qaçılmaz hal alır. Əgər biznes strukturları uşaq hüquqlarına qarşı hörmət və dəstəyi öz təməl strategiya və fəaliyyətlərinə daxil etsələr, sahib olduqları korporativ davamlılıq təşəbbüslərini gücləndirə və beləliklə də, öz biznes fəaliyyətlərinə mənfəət gətirə bilərlər. Bu cür təşəbbüslər onların etibarını artıra, fəaliyyət göstərmələri üçün onları sosial etimad ilə təmin edə bilər. Bununla yanaşı uşaqlara qarşı öhdəliyin olması işinə daha çox bağlı olan işçi qüvvəsini işə götürməyə və maddi təminatının yaxşılaşdırılmasına kömək edə bilər.
UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard bizimlə söhbətində bildirdi ki, uşaq hüquqları sahəsində biznes düzgün istiqamətə yönələrsə, uşaqların həyatına müsbət təsir göstərər. Uşaqların hüquqlarının tapdalanmasının gələcəkdə onların həyatına, bütövlükdə cəmiyyətə mənfi təsiri ola bilər. O qeyd edib ki, Azərbaycanda 18 yaşa qədər təqribən 3 milyona yaxın insan var. Bu rəqəmin ölkə üçün əhəmiyyətli olmasından danışan M.Herevard deyib ki, bu təbəqədən olan insanlar çox həssasdırlar və onların hüquqları daim diqqətdə olmalıdır: "Uşaqların gündəlik həyatında, gələcəyə köklənən strateji proqramların işlənib hazırlanmasında biznes strukturlarının rolu xüsusi əhəmiyyət kəsb edir. Uşaqlar biznesdə həm istehlakçılar, həm işçilərin ailə üzvləri, həm də gələcək işçilərə çevrilən gənclər kimi böyük əhəmiyyət kəsb edirlər. Biznesmenlər öz fəaliyyətlərini həyata keçirdiyi zaman uşaq hüquqlarına və uşaq həyatına necə təsir göstərdiklərini nəzərə almalıdırlar".
Onun
sözlərinə görə, beynəlxalq konvensiyalar hər
kəsin üzərinə məsuliyyət qoyur ki, uşaq
hüquqlarının təmin olunmasında iştirak etsin. Lakin
təəssüf ki, bir sıra hallarda insan hüquqları barədə
müzakirələr aparılan zaman uşaqların hüquqları
nəzərə alınmır. Bu da öz növbəsində
uşaqların diqqətdən kənar qalmasına səbəb
olur.
Qlobal
maliyyə böhranından daha çox uşaqlar əziyyət
çəkir
Milli Məclisin İqtisadi siyasət
komitəsinin sədri Ziyad Səmədzadənin sözlərinə
görə, Azərbaycan da uşaq hüquqları ilə
bağlı xeyli çətinliklərlə üzləşir:
"Azərbaycanda son 10 ildə həyata keçirilən
strateji planlamaların əsas məqsədlərindən biri
uşaqların müdafiəsi ilə bağlı tədbirlərin
təşkilidir. Bu sahədəki bəzi məsələlərin
öz həllini tapmasına baxmayaraq hələ də
uşaqların əməyindən qanunsuz istifadə olunur.
Dünyada bir çox biznes strukturları da uşaqların
hüquqlarını pozur və bunun da əsas səbəblərindən
biri sağlamlığı təbliğ etməyən reklam
roliklərinin mövcudluğudur. Avropada ümumi əhalinin
sayına görə, uşaqların payı 12-13 faiz,
yaşayış səviyyəsi aşağı olan ölkələrdə
isə bu göstərici 45-50 faiz təşkil edir. Hazırda əsas
müzakirə mövzusu investisiyanın kasıb ölkələrə
necə yönəldilməsidir. Dünyada baş verən
qlobal maliyyə böhranından daha çox uşaqlar əziyyət
çəkir, çünki dünyada baş verən
böhranın əsas səbəbini ictimai maraqların
toqquşması təşkil edir. Sovetlər dönəmində
isə ictimai maraqlar ifadəsi daha qabarıq şəkildə
mövcud idi. Bütün bu məsələlərin həllində
vətəndaş həmrəyliyi əsas amil
olmalıdır".
Uşaqların istismarına
qarşı mübarizə əməkdaşlıq şəklində
həyata keçirilməlidir
14
yaşa kimi olan uşaqlar yeniyetmə sayılır. Yeniyetmələr
əməyə cəlb ediləndə onlarda bir sıra
problemlər yaranır. Çünki bu vaxt uşaqlarda psixika,
bədən tam formalaşmamış olur. Hər bir əmək
prosesi də müəyyən ardıcıllıq,
nizam-intizam, iradə tələb edir. Uşaqlarda da daxili
nizam-intizam, iradə hələ tam
formalaşmadığından onlar işə cəlb
olunmamalıdırlar. Uşaqlar daha çox oynamağı
xoşlayırlar ki, orada sərbəstlik və
yaradıcılıq var. Hər hansı bir əməkdə
isə yaradıcılıq olmadığına görə
onlarda daxili sıxıntılar başlayır. Daxili
sıxıntılar da uşaqlarda müəyyən psixoloji
problemlər yaradır. Psixoloqlar isə hesab edirlər ki,
uşaqlar o zaman işləyə bilər ki, onlar bunu özləri
istəyirlər. Onları işləməyə məcbur
edirlərsə, bu, artıq məcburiyyətdir və qəbuledilməzdir.
Psixoloji sarsıntını verən də əməyin
özü yox, məhz məcburiyyətdir.
Uşaq istismarının fərdi şəkildə aradan qaldırılması mümkün deyil. Bu, sosial tədbirlər olduğundan dövlətin, vətəndaş cəmiyyətinin və ailələrin əməkdaşlıq şəklində fəaliyyət göstərməsi daha effektlidir. Həmçinin, uşaqların əməyini istismar edən və onları təhsildən yayındıran ailələrin sosial müdafiəsi gücləndirilməli, vətəndaş cəmiyyəti isə həmin ailələr ilə dövlətin yaratdığı sosial xidmətlər arasında əlaqələndirici funksiyanı yerinə yetirməlidir. Unutmamalıyıq ki, uşaqlar cənnət nemətlərindən biridir.
Elgün MƏNSİMOV
Azərbaycan.-2013.- 2 iyun.- S.6.