«İstedadlı uşaqlar-2013» festivalının qalibləri mükafatlandırılmışlar

 

1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən  "İstedadlı uşaqlar-2013" festivalı keçirilmişdir.

Tədbir ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuşdur.

AzərTAc xəbər verir ki,  festivalda respublikanın bütün şəhər və rayonlarından 2012-2013-cü illər ərzində beynəlxalq, eləcə də ölkə səviyyəli yarış və tədbirlərdə ən yüksək nəticə qazanmış istedadlı uşaqlar iştirak etmişlər.

AQUPDK-nın sədri Hicran Hüseynova bayram münasibətilə uşaqları təbrik etmiş, onlara xoşbəxt həyat arzulamışdır. O, ölkədə uşaq hüquqlarının təmin edilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirildiyini, uşaqlarla bağlı  bir sıra mühüm sənədlərin qəbul olunduğunu  qeyd etmişdir. Bildirmişdir ki, Azərbaycanın dövlət uşaq siyasətinin banisi ulu öndər Heydər Əliyev olmuşdur. Ümummilli lider ölkədə uşaqların parlaq gələcəyi üçün məqsədyönlü tədbirlər həyata keçirmişdir. Bu gün isə dövlət uşaq siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

H.Hüseynova bildirmişdir ki, "İstedadlı uşaqlar-2013" festivalının  təşkilində əsas məqsəd diqqəti bir daha fiziki cəhətdən qüsurlu uşaqların problemlərinə  cəlb etməkdir.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli uşaq hüquqları sahəsində Azərbaycanda yaradılmış  qanunvericilik bazası barədə məlumat verərək bildirmişdir ki, hazırda  uşaqların asudə vaxtlarının təşkili ilə bağlı qanun layihəsi hazırlanır.

Tədbirdə Azərbaycan Uçaq Fondunun sədri İsmayıl İbrahimov, BMT-nin Uşaq Fondunun ölkəmizdəki nümayəndəsinin müşaviri Munir Məmmədzadə, Milli Məclisin deputatı Qənirə Paşayeva, Milli Məclis Aparatının şöbə müdiri Adilə Abasova çıxış edərək Uşaqları Beynəlxalq Müdafiə Gününün əhəmiyyətindən danışmışlar.

Qeyd olunmuşdur ki, bu bayramın təsis olunmasının əsas məqsədi daim diqqət və qayğıya ehtiyacı olan uşaqların beynəlxalq səviyyədə müdafiəsini daha da gücləndirmək, onların problemlərinin həllində səylərin birləşdirilməsidir.

Sonra müxtəlif sahələrdə öz istedadları ilə seçilən uşaqlar mükafatlandırılmışlar.

Festival çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların əl işləri və rəsmlərindən ibarət sərgi nümayiş olunmuş, uşaq yaradıcılıq qrupları tərəfindən  konsert proqramı təqdim edilmişdir.

Tədbirdə Milli Məclisin deputatı Qənirə Paşayevanın "Dünyanı dəyişən alimlər" kitabının təqdimatı keçirilmişdir.

 

Azərbaycan.-2013.- 2 iyun.- S.6.